Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • be d. 11 s. 118—s. 120 abz. 5
  • Mülayimlik və hisslərin ifadə edilməsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mülayimlik və hisslərin ifadə edilməsi
  • Teokratik Xidmət Məktəbində təlim alırıq
  • Oxşar material
  • Mülayimlik və şəfqət
    Özünü oxumağa və təlim verməyə həsr et
  • Bir-birimizin dərdinə şərik olaq
    Gözətçi qülləsi 2019
  • Emosiyaları necə idarə etmək olar?
    Gənclərin sualları
  • Təbiilik
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Teokratik Xidmət Məktəbində təlim alırıq
be d. 11 s. 118—s. 120 abz. 5

DƏRS 11

Mülayimlik və hisslərin ifadə edilməsi

Nə etməlisən?

Danışarkən hisslərini ifadə et və çalış ki, hisslərin danışdıqlarına uyğun gəlsin.

Nə üçün vacibdir?

Dinləyicilərin ürəyinə yol tapmaq istəyiriksə, mülayimlik və hisslərin ifadə edilməsi vacib şərtdir.

HİSSLƏR insan həyatının ayrılmaz hissəsidir. İnsan hisslərini ifadə edəndə ürəyindəkiləri, daxili varlığını, vəziyyətə və insanlara necə münasibət bəslədiyini göstərir. Həyatlarındakı acı təcrübənin, bəzi hallarda isə mentalitetin təsiri nəticəsində çoxları öz hisslərini gizlədir. Lakin Yehova bizi özümüzdə müsbət keyfiyyətlər tərbiyə etməyə və sonra onları münasib şəkildə ifadə etməyə təşviq edir (Rom. 12:10; 1 Salon. 2:7, 8).

Danışarkən işlətdiyimiz sözlər hisslərimizi düzgün şəkildə ifadə edə bilər. Lakin sözləri münasib hisslərlə demədikdə bizi dinləyənlər səmimiyyətimizə şübhə edə bilərlər. Digər tərəfdən, sözləri münasib hisslərlə deyəriksə, nitqimiz gözəl, dolğun olar və bizi dinləyənlərin ürəyinə yol tapa bilər.

Mülayimlik. Hansısa insanlar haqqında düşünəndə çox vaxt ürəyimizdə xoş duyğular oyanır. Buna bənzər tərzdə, Yehovanın gözəl keyfiyyətləri haqqında danışanda və Onun xeyirxahlığına görə minnətdarlığımızı ifadə edəndə səsimiz mülayim olmalıdır (Yeşaya 63:7-9). Həmçinin insanlarla da mülayim danışmalıyıq.

Bir dəfə cüzama tutulmuş bir nəfər İsaya yaxınlaşıb, ondan şəfa dilədi. İsanın: «İstəyirəm, saf ol!» — deyərkən səsinin tonunu təsəvvür et (Mark 1:40, 41). Həmçinin belə bir səhnəni gözünün önündə canlandır: 12 ildir qanaxmadan əziyyət çəkən qadın sakitcə arxadan İsaya yaxınlaşıb paltarının ətəyinə toxunur. Bunun nəzərdən qaçmadığını görəndə qadın titrəyərək irəli çıxıb İsanın ayaqlarına döşənir, hamının qarşısında nə üçün onun paltarına toxunduğunu və necə şəfa tapdığını açıb danışır. İsa ona deyir: «Qızım, imanın səni xilas etdi. Sülh ilə get» (Luka 8:42b-48). İsanın bu sözləri hansı tərzdə dediyi haqda bir düşün. Bu iki hadisədə İsanın göstərdiyi şəfqət indi də ürəyimizi riqqətə gətirir.

İsa kimi, bizim də insanlara ürəyimiz yananda və onlara kömək etmək istəyəndə bu, onlarla necə danışmağımızda özünü büruzə verir. Danışarkən səsimizdəki bu mülayimlik süni deyil, ürəkdən gəlir. Bu, insanların necə hay verəcəyinə böyük təsir göstərə bilər. Xidmət zamanı, xüsusilə də mülahizə yürüdərkən, ruhlandırarkən, təşviq edərkən, kiminsə dərdinə şərik olarkən dediyimiz sözlərin çoxunu mülayimliklə söyləmək lazımdır.

Əgər ürəyində insanlara qarşı xoş hisslər varsa, qoy bu üzündə də görünsün. Mülayimlik göstərsən, dinləyicilər, gecənin ayazında ocağa can atan kimi, sənə can atacaqlar. Əgər üzündə mülayimlik hiss olunmasa, dinləyicilər onların qayğısına səmimi-qəlbdən qaldığına şübhə ilə yanaşarlar. Mülayimliyi maska kimi taxmaq mümkün deyil, o, səmimi olmalıdır.

Mülayimlik səsində də özünü büruzə verməlidir. Əgər səsin kobud və qalındırsa, danışarkən mülayimlik ifadə etmək çətin ola bilər. Ancaq cəhd göstərsən, bir müddətdən sonra bunu bacaracaqsan. Sırf texniki baxımdan bir şeyi yadda saxla ki, qısa, qırıq-qırıq səslər nitqi kobudlaşdırır. Saitləri bir az uzun tələffüz etməyi öyrən. Bu, nitqinə mülayimlik qatmağa kömək edəcək.

Ancaq ən vacibi fikrini hara cəmləməyindir. Əgər fikrin müraciət etdiyin insanlardadırsa və onlar üçün faydalı olan məlumatı çatdırmağı ürəkdən arzulayırsansa, bu, sənin danışıq tərzində öz əksini tapacaq.

Canlı nitq insanı hərəkətə təşviq etsə də, zərif hisslər də böyük rol oynayır. İnsanların ağlına təsir etmək həmişə kifayət etmir, biz həm də onların ürəyinə yol tapmalıyıq.

Digər hisslərin ifadə edilməsi. Gərgin vəziyyətə düşən insan həyəcan, qorxu və məyusluq kimi hisslər keçirir. Ancaq bizim həyatımızda başlıca yeri tutmalı olan hiss sevinc olmalıdır və insanlarla söhbət edərkən onu çəkinmədən təzahür etdirməliyik. Bəzi hissləri isə cilovlamaq lazımdır. Onlar məsihçiyə yaraşmır (Efes. 4:31, 32; Filip. 4:4). İstənilən hissi sözlərlə, səsin tonu ilə, gücü ilə, üz ifadələri və jestlərlə ifadə etmək olar.

Müqəddəs Kitabda insan xislətinə xas olan bütün hisslər haqqında danışılır. Bəzi hallarda onların sadəcə adı çəkilir, digər hallarda isə, onları hər hansı hadisədən və ya sitat gətirilən sözlərdən müəyyən etmək olar. Belə hissələri ucadan oxuyarkən həmin hisslər səsində əks olunsa, bu həm sənə, həm də səni dinləyənlərə daha böyük təsir bağışlayacaq. Bunun üçün özünü barəsində oxuduğun adamların yerində təsəvvür etmək lazımdır. Amma məruzəni tamaşaya çevirmək olmaz, buna görə də ehtiyatlı ol ki, həddindən artıq canfəşanlıq etməyəsən. Çalış oxuduğun parçaları dinləyicilərin təsəvvüründə canlandırasan.

Mövzuya uyğun hisslər. Şövq kimi, mülayimliyi və digər hissləri də əsas etibarilə mövzudan asılı olaraq ifadə etmək lazımdır.

Matta 11:28-30 ayələrini aç və orada deyilənlərə diqqət yetir. Sonra fəriseyləri və din alimlərini mühakimə edərkən İsanın dediyi sözləri Matta 23-cü fəsildən oxu. Ola bilməz ki, İsa bu cür töhmətləndirici kəskin sözləri quru və süst şəkildə desin.

Səncə, Yəhudanın öz qardaşı Binyamin üçün yalvarması təsvir olunan Yaradılış 44-cü fəsli hansı hisslərlə oxumaq lazımdır? 13-cü ayədə ifadə olunan hisslərə, 16-cı ayədə Yəhudanın baş verən bədbəxtliyə görə nələr keçirdiyinə və Yaradılış 45:1 ayəsində göstərildiyi kimi, Yusifin keçirdiyi hisslərə diqqət yetir.

Beləliklə, yaxşı oxumaq və ya danışmaq üçün təkcə sözlərə və fikirlərə yox, həm də onların hansı hisslərlə deyilməli olduğuna diqqət yetirmək lazımdır.

NECƏ İFADƏ ETMƏK OLAR?

  • İstifadə edəcəyin sözlərin üzərində həddindən artıq düşünməkdənsə, fikrini dinləyicilərinə kömək etmək istəyinə cəmlə.

  • Həm səsinin tonu, həm də üzünün ifadəsi materiala uyğun hissləri əks etdirməlidir.

  • İfadəli danışan adamları diqqətlə müşahidə edərək onlardan öyrən.

ÇALIŞMA: Müqəddəs Yazılardan növbəti parçaları münasib hisslərlə ucadan oxu: Matta 20:29-34; Luka 15:11-32.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş