Fəsil 2
Nəyə görə həmişə mübahisə edirik?
Bu fəslin əvvəlində təsvir olunan hadisədə Jalə mübahisəyə gətirib çıxaran üç hərəkətə yol verir. Deyə bilərsən, hansı? Cavablarını aşağıda yaz, sonra da onları 20-ci səhifədəki çərçivədə verilən cavablarla müqayisə et.
․․․․․
Həftənin üçüncü günü, axşamdır. 17 yaşlı Jalə ev işlərini görüb qurtarır. Axır ki, dincələ bilər! O, televizoru açır və sevimli kreslosuna əyləşir.
O andaca anası qapının ağzını kəsdirir, üzündən narazı olduğu görünür. «Jalə! Mən sənə nə demişdim? Boş-boşuna televizorun qabağında nə oturmusan? Bəs bacına dərslərində kim kömək edəcək? Heç vaxt sənə deyilən işi görmürsən!»
«Yenə başladı», — deyə Jalə dodağının altında deyinir, ancaq anası onun nə dediyini eşidir.
O, qabağa əyilərək: «Nə dedin?! Bir də təkrar elə görüm!»
«Heç nə, nə deyə bilərəm?» — Jalə ufuldayaraq gözlərini süzdürür.
Anası özündən çıxır: «Mənimlə bu tonda danışma!»
«Özün danışanda yaxşıdır?» — deyə cavab qaytarır.
Beləliklə, istirahət qurtardı... növbəti mübahisə başlandı.
BU SƏHNƏ sənə tanışdır? Valideynlərinlə aranda tez-tez mübahisə düşür? Əgər belədirsə, onda ən çox nəyin üstündə mübahisə etdiyiniz barədə bir anlıq düşün. Aşağıdakı kvadratlardan birinə ✔ işarəsini qoy, yaxud da «Digər» yazılan sətirdə öz cavabını yaz.
□ Davranış
□ Ev işləri
□ Geyim
□ Evə gəlmək saatı
□ Əyləncə
□ Dostlar
□ Əks cins
□ Digər ․․․․․
Nəyin üstündə mübahisə etməyinizdən asılı olmayaraq, bu həm sənə, həm də valideynlərinə pis təsir edir. Əlbəttə, sən dişini dişinə sıxaraq özünü valideynlərinin hər dediyi ilə razılaşırmış kimi göstərə bilərsən. Bəs Allahın səndən istədiyi budur? Düzdür, Müqəddəs Kitabda: «Atana və anana hörmət et», — deyilir (Efeslilərə 6:2, 3). Ancaq eyni zamanda da səni dərrakə və zehnini inkişaf etdirməyə təşviq edir (Süleymanın məsəlləri 1:1—4; Romalılara 12:1). Buna görə də, sənin şəxsi fikirlərinin formalaşması və onlardan bəzilərinin valideynlərinin fikirləri ilə üst-üstə düşməməsi təbiidir. Lakin valideynlərlə uşaqların, hətta sözləri tutuşmasa belə, Müqəddəs Kitab prinsiplərini tətbiq etməklə sakit söhbət etmələri mümkündür (Koloslulara 3:13).
Söhbətin dava-dalaşa çevrilməməsi üçün sən öz fikrini necə ifadə edə bilərsən? «Problem onlardadır, axı bütün günü məni gözümçıxdıya salan onlardır!» — demək asandır. Ancaq bir anlığa düşün: sən başqalarının və ya valideynlərinin xasiyyətini dəyişə bilərsən? Əslində, dəyişə biləcəyin yeganə insan sən özünsən. Əgər gərginliyi azaltmaq üçün əlindən gələni etsən, çox güman ki, valideynlərin özlərinə hakim olacaq və diqqətlə sənə qulaq asacaqlar.
Beləliklə, gəl görək, valideynlərinlə arandakı mübahisələrə son qoymaq üçün sən nə edə bilərsən? Aşağıdakı məsləhətləri tətbiq etməyin sayəsində danışıq tərzini düzəltdiyini görən valideynlərin təəccüblənəcək; bu, sənin özünə də xoş gələcək.
● Əvvəlcə fikirləş, sonra danış. Əgər valideynlərinin sənin hər hərəkətinə ilişdiyini düşünürsənsə, ağlına gələn ilk fikri dilinə gətirməyə tələsmə. Tutalım ki, anan deyir: «Qabları niyə yumamısan? Heç vaxt sənə deyilən işi görmürsən!» Bu zaman düşünmədən: «Axı nə istəyirsən məndən?!» — deyə bilərsən. Ancaq dərrakəni işə salsan, ananın əslində nə demək istədiyini anlayacaqsan. Unutma ki, «həmişə» və «hər zaman» sözləri, adətən, hərfi mənada işlədilmir, onların arxasında müəyyən hisslər durur.
Ola bilər ki, bütün ev işləri ananın üzərinə düşdüyü üçün artıq o, təngə gəlib. Bəlkə də, sadəcə sənin ona kömək etməyə hazır olduğunu eşitmək istəyir. Amma: «Nə istəyirsən məndən?!» — sözləri sadəcə mübahisəni qızışdıracaq. Niyə də ananın ürəyini sakitləşdirməyə çalışmayasan? Misal üçün, belə deyə bilərsən: «Anacan, narahat olma, bu saat bütün qabları yuyaram». Amma ehtiyatlı ol ki, danışıq tonun ananı ələ salırmış kimi çıxmasın. Anlayış göstər. Çox ehtimal ki, bu zaman anan sakitləşəcək və əsil problemin nədə olduğunu deyəcəka.
Atanın və ya ananın hansı sözlərinin səni kobud cavab verməyə vadar edə biləcəyini qeyd et.
․․․․․
İndi isə onların sözlərinin arxasında duran hissləri nəzərə alaraq necə cavab verə biləcəyini düşün.
․․․․․
● Hörmətcil tərzdə danış. Mişel anası ilə danışıq tərzinin nə qədər əhəmiyyətli olduğunu öz təcrübəsindən öyrəndi. O deyir: «Nə haqda söhbət etməyimizdən asılı olmayaraq, anamın heç vaxt mənim danışıq tonumdan xoşu gəlmirdi». Əgər səndə də vəziyyət belədirsə, onda sakit və yavaş danışmağı öyrən, gözlərini süzdürmək kimi narazılıq bildirən hərəkətlərdən qaçın (Süleymanın məsəlləri 30:17). Əgər hiss edirsən ki, artıq özünə hakim ola bilmirsən, ürəyində qısaca Allaha dua et (Nehemya 2:4). Əlbəttə, sən bunu valideynlərin səndən əl çəksin deyə yox, özünü ələ ala bilmək və odun üstünə yağ tökməmək üçün edəcəksən (Yaqub 1:26).
Aşağıda hansı söz və hərəkətlərdən qaçınmalı olduğunu yaz.
İşlətdiyin sözlər:
․․․․․
Mimika və hərəkətlərin:
․․․․․
● Qulaq as. Müqəddəs Kitabda deyilir: «Çox sözlərlə günahı azaltmaq olmaz, dilini saxlayan ağıllıdır» (Süleymanın məsəlləri 10:19). Odur ki, ata-ananın danışmasına imkan ver, özün də diqqətlə onlara qulaq as. Sözlərini kəsərək özünə bəraət qazandırmağa çalışma. Sadəcə qulaq as. Onlar sözlərini qurtarandan sonra sənin öz fikirlərini deməyə və suallar verməyə kifayət qədər imkanın olacaq. Yox, əgər iki ayağını bir başmağa dirəyib nəyi isə sübut etməyə çalışsan, heç nə əldə edə bilməyəcəksən, sadəcə vəziyyəti gərginləşdirəcəksən. Deməyə sözün çox olsa da, belə anda «susmağın... vaxtı»dır (Vaiz 3:7).
● Üzr istəməyə hazır ol. Aranızda söz-söhbətə səbəb olan hər hərəkətinə görə üzr istəməyin yerində olardı (Romalılara 14:19). Ümumiyyətlə, problem yarandığı üçün özünü çox pis hiss etdiyini deyə bilərsən. Əgər bunu üz-üzə demək sənə çətindirsə, onda hisslərini bir vərəqə yaz. Sonra mübahisəyə gətirib çıxaran hərəkətini dəyişməyə çalışaraq valideynlərinin gözlədiyindən də ikiqat artığını et (Matta 5:41). Məsələn, əgər ev işlərini görmədiyin üçün narazılıq yaranıbsa, tapşırılan işi yerinə yetirərək niyə də valideynlərini sevindirməyəsən? Həmin işi görməkdən xoşun gəlməsə də, bilirsən ki, onu etməsən valideynlərin əsəbiləşəcək. Yaxşı olmazdımı ki, vəziyyət bu yerə gəlib çıxmamış deyiləni edəsən? (Matta 21:28—31). Vəziyyəti yumşaltmaq üçün öhdənə düşən məsuliyyətləri yerinə yetirməyin sənə gətirəcəyi xeyir barədə düşün.
Bir çox xoşbəxt ailələrdə də anlaşılmazlıqlar olur, lakin onlar problemi qışqır-bağır salmadan həll etməyin üsulunu bilirlər. Bu fəsildə təqdim olunan məsləhətləri tətbiq etsən, valideynlərinlə dil tapmağı və hətta ən çətin məsələləri belə mübahisə etmədən müzakirə etməyi bacaracaqsan.
Əgər valideynlərinin sənə daha çox sərbəstlik verməli olduqlarını düşünürsənsə, bunun üçün nə edə bilərsən?
[Haşiyə]
a Daha çox məlumat üçün bu kitabın 2-ci cildinin 21-ci fəslinə bax.
AÇAR AYƏ
“Saleh insan cavab verməzdən əvvəl qəlbində düşünər” Süleymanın məsəlləri 15:28
MƏSLƏHƏT
Valideynlərin səninlə danışanda musiqini söndür, əlindəki kitab və ya jurnalı kənara qoy, başını qaldırıb onların üzünə bax.
BİLİRSƏN... ?
Münaqişəni həll etmək və ya onun qarşısını almaq bacarığı sənin öz həyatını asanlaşdıracaq. Müqəddəs Kitabda deyilir ki, «insanın sadiqliyi ona xeyir gətirər» (Süleymanın məsəlləri 11:17).
HƏRƏKƏT PLANI!
Bu fəsildə verilən məsləhətlərdən ən çox üzərində işləməli olduğum: ․․․․․
Mən bu məsləhəti tətbiq etməyə qərar vermişəm (tarixi göstər): ․․․․․
Bu mövzü ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə yaşıdların mübahisə etməyi özlərinə hünər sayırlar?
● Nəyə görə Yehova Allah mübahisə etməyi sevən insanlara səfeh kimi baxır? (Süleymanın məsəlləri 20:3).
● Valideynlərinlə arandakı gərginliyi azaltmağa çalışsan, bunun sənə hansı xeyri olacaq?
[18–ci səhifədəki yazı]
«Hərdən anamın məni bağrına basaraq “bağışla” deməsi xoşuma gəlir. Bununla da aramızda olub-keçənləri unuduruq. Mən də üzr istəməyə çalışıram. Adətən, qürurumu sındırıb ürəkdən “bağışla” deməyin çox xeyri olur, baxmayaraq ki, bu, mənim üçün elə də asan deyil» Loren
[20–ci səhifədəki çərçivə]
Cavablar
1. Kinayə ilə deyilən sözlər («Yenə başladı») ananı daha da özündən çıxardı.
2. Jalənin üz ifadəsi (gözlərini süzdürür) vəziyyəti daha da gərginləşdirdi.
3. Cavab qaytarmaq («Özün danışanda yaxşıdır?») çox vaxt vəziyyəti alovlandırır.
[19–cu səhifədəki şəkil]
Valideynlərlə mübahisə etmək qaçış lentində qaçmağa bənzəyir — sən çoxlu enerji sərf edirsən, ancaq yerindən tərpənmirsən