Fəsil 22
İki mədəniyyət arasında qalmışam: nə edim?
Atan və ya anan mühacirdir?
□ Bəli □ Xeyr
Məktəbdə və ailənizdə dil və mədəniyyət fərqlidir?
□ Bəli □ Xeyr
«Mən italyan ailəsində dünyaya gəlmişəm. İtalyanlar temperamentli xalqdır. Hal-hazırda İngiltərədə yaşayırıq. Burada isə insanlar çox təmkinli və nəzakətlidir. İki odun arasında qalmışam: mən ingilislər üçün italyan, italyanlar üçün isə ingilisəm» Cuzeppe, İngiltərə
«Müəllim danışanda onun üzünə baxmağı tələb edir. Atam isə danışanda gözünün içinə baxmağı tərbiyəsizlik hesab edir. İki mədəniyyət arasında qalmışam» Patrik, Əlcəzairdən Fransaya köçmüş mühacir ailəsində dünyaya göz açıb
VALİDEYNLƏRİN başqa ölkəyə köçəndə bir çox çətinliklərlə üzləşdilər. Birdən-birə onlar fərqli dili, mədəniyyəti və geyim tərzi olan insanların əhatəsinə düşdülər. Onlar dərhal özlərinə diqqət cəlb etməyə başladılar. Və nəticədə, ola bilsin, onlar hörmətsizlik və ayrı-seçkilik hədəfinə çevrildilər.
Bu səninlə də baş veribmi? Aşağıda gənclərin üzləşdikləri bəzi çətinliklər sadalanır. Sənin üçün ən çətin olanın yanında ✔ işarəsini qoy.
□ Ələsalma. Nur balaca olanda ailəsi İordaniyadan Şimali Amerikaya köçüb. O deyir: «Fərqli geyindiyimizə görə insanlar bizə gülürdülər. Biz isə amerikalıların zarafatlarını başa düşmürdük».
□ Çaşqınlıq. Nadya adlı gənc qız deyir: «Mən Almaniyada anadan olmuşam. Ancaq valideynlərim italyan olduqlarından alman dilində aksentlə danışırdım, buna görə də məktəbdə uşaqlar məni “başdan xarab əcnəbi” adlandırırdı. İtaliyaya gedəndə isə hamı deyirdi ki, mən alman aksenti ilə danışıram. Buna görə də, kim olduğumu heç özüm də bilmirəm. Hara getsəm, hər yerdə yadam».
□ Ailədə mədəniyyət fərqi. Ailəsi ilə İngiltərəyə köçəndə Annanın səkkiz yaşı vardı. O deyir: «Qardaşımla mənə Londona alışmaq çox asan oldu. Valideynlərim üçün isə bu, əsil sınaq idi. Axı onlar uzun illər ərzində Portuqaliyanın Madeyra adlı balaca bir adasında yaşamışdılar».
Ailəsi Kambocadan Avstraliyaya köçəndə Venin üç yaşı var idi. O deyir: «Valideynlərim üçün yeni mədəniyyətə və mühitə alışmaq çox çətin idi. Çox vaxt atamın düşüncə tərzini başa düşmədiyim üçün o əsəbiləşirdi».
□ Ailədə dil fərqi. Səkkiz yaşı olanda İyen valideynləri ilə Ekvadordan Nyu-Yorka köçdülər. Birləşmiş Ştatlarda altı il yaşadıqdan sonra bu gənc öz hisslərini bölüşür: «İndi mən daha çox ingiliscə danışıram, nəinki ispanca. Ətrafımda hamı — müəllimlərim, dostlarım, hətta qardaşım belə ingiliscə danışır. Demək olar ki, artıq mən ingilis dilində düşünürəm və ingilis dili doğma dilimi yavaş-yavaş sıxışdırıb aradan çıxarır».
Avstraliyada Kamboca ailəsində doğulan Li deyir: «Valideynlərimlə danışanda nə hiss etdiyimi onlara ətraflı izah etmək istəyirəm, ancaq çox vaxt onların dilində kifayət qədər söz tapa bilmirəm».
Yuxarıda adı çəkilən Nur deyir: «Atam məcbur edirdi ki, evdə ərəb dilində danışaq, ancaq biz istəmirdik. Ərəb dilini öyrənmək bizim üçün işgəncə idi. Bütün dostlarımız ingiliscə danışırdılar, televizorda ancaq ingilis proqramlarına baxırdıq. Ərəb dili nəyimizə gərək idi?!»
Nə etmək olar?
Yuxarıda gətirilən şərhlərdən göründüyü kimi, bu cür narahatçılıq keçirən tək sən deyilsən. Sənə elə gələ bilər ki, bu çətinliklərin öhdəsindən gəlmək əvəzinə, ailənin adət-ənənələrindən və mədəniyyətindən imtina etmək və yeni şəraitə uyğunlaşmaq daha asandır. Ancaq, çox ehtimal ki, belə etməklə sən valideynlərinin xətrinə dəyəcək, özün də məyus olacaqsan. Ən yaxşısı çətinliyin öhdəsindən gəlməyi öyrən və vəziyyətdən yararlanmağa çalış. Aşağıda bəzi məsləhətlər verilir.
İstehzalara necə yanaşmalı? Hər nə edirsən et, heç vaxt hamını razı sala bilməyəcəksən. Başqalarını ələ salmağı xoşlayanlar həmişə səbəb tapacaqlar. Müqəddəs Kitabda deyilir: «Dostlar var, bir-birini didməyə hazırdır» (Süleymanın məsəlləri 18:24, Yeni Dünya tərcüməsi). Buna görə də onların sənə olan münasibətini dəyişmək üçün gücünü boş yerə sərf etmə. Müdrik Süleyman padşah demişdir: «Rişxəndçi iradı sevməz» (Süleymanın məsəlləri 15:12). Sənin ünvanına söylənilən təhqir sözləri hər hansı nöqsanın olduğundan yox, səni təhqir edənlərin nadanlığından xəbər verir.
Çaşqınlığın öhdəsindən necə gəlmək olar? İnsanın ailə və mədəniyyət baxımından hər hansı qrupa aid olmaq istəməsi təbiidir. Ancaq insana mənsub olduğu ailəyə və ya mədəniyyətə görə qiymət vermək yanlışdır. Ola bilər, insanlar sənə bu cür qiymət versinlər, ancaq Allah belə etmir. «Allahımız ayrı-seçkilik etməyən Allahdır, — deyə sadiq xidmətçi Peter yazır, — hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35). Yehova Allahı sevindirmək üçün əlindən gələni etsən, O, səni Öz ailəsinin bir üzvü kimi qəbul edəcək (Yeşaya 43:10; Mark 10:29, 30). Bundan yaxşı nə ola bilər?
Ailədə mədəniyyət fərqini necə aradan qaldırmaq olar? Hər bir ailədə valideyn və uşaq arasında fikir ayrılığı olur. Ancaq, ola bilsin, sizin ailədə vəziyyət daha gərgindir: valideynlərin onların adət-ənənələrinə uyğun yaşamağını istəyir, sən isə yeni vətəninin mədəniyyətinə uyğunlaşmaq istəyirsən. Amma valideynlərinlə arandakı ziddiyyətə son qoymaq istəyirsənsə, onda «atana və anana hörmət et» əmrinə tabe olmalısan (Efeslilərə 6:2, 3).
Ailənizin adət-ənənələrinə qarşı çıxmaq əvəzinə, çalış, valideynlərinin həmin adət-ənənələrə nəyə görə hörmətlə yanaşdıqlarını başa düşəsən (Süleymanın məsəlləri 2:10, 11). Özünə növbəti sualları ver: «Bu adət-ənənələr Müqəddəs Kitaba ziddirmi? Əgər zidd deyilsə, onlarda konkret olaraq nə xoşuma gəlmir? Bunu valideynlərimə hörmətcil tərzdə necə izah edə bilərəm?» (Həvarilərin işləri 5:29). Əlbəttə, əgər valideynlərinin dilində sərbəst danışırsansa, onlara hörmət etmək, nöqteyi-nəzərlərini başa düşmək və öz hisslərini ifadə etmək daha asandır.
Ailədə dil fərqini necə aradan qaldırmaq olar? Bəzi valideynlər fikir vermişlər ki, evdə yalnız öz ana dillərində danışanda uşaqlar iki dilə yiyələnirlər. Bəlkə, siz də belə etməyi sınayasınız. Həmçinin valideynlərindən xahiş edə bilərsən ki, onlar sənə doğma dilində oxumağı və yazmağı öyrətsinlər. Almaniyada böyüyüb boya-başa çatan Stelios adlı bir yunan gənc deyir: «Valideynlərim hər gün mənimlə Müqəddəs Kitab ayəsini müzakirə edirdilər. Onlar ayəni ucadan oxuyurdular, mən isə yazırdım. İndi mən həm almanca, həm də yunanca yazıb-oxuya bilirəm».
Bunun daha hansı faydası var? Yuxarıda sözləri gətirilən Cuzeppe deyir: «Valideynlərimin dilini öyrənməkdə məqsədim onlarla aramda emosional, ən vacibi isə ruhani bağ yaratmaq idi. Onların dilini öyrənməyin sayəsində valideynlərimin hisslərini başa düşməyə başladım. Onlar da, öz növbəsində, məni başa düşürlər».
Maneə, yoxsa körpü?
Sən öz mədəniyyətinə necə yanaşacaqsan? Səni başqalarından ayıran bir maneə kimi, yoxsa onlara yaxınlaşmağa kömək edən bir körpü kimi? Bir çox məsihçi gənclər dərk edirlər ki, mədəniyyətlərarası uçurumu aradan qaldırmaq üçün daha bir vacib səbəb var. Onlar Allahın Padşahlığı haqqında xoş xəbəri başqa mühacirlərə də danışmaq istəyirlər (Matta 24:14; 28:19, 20). Beş yaşı olanda Londona köçən Saloman deyir: «Müqəddəs Kitabı iki dildə başa sala bilmək əladır! Mən öz ana dilimi, demək olar ki, tamamilə unutmuşdum, ancaq portuqal yığıncağına keçəndən sonra həm ingilis, həm də portuqal dilində səlis danışıram».
Fəslin əvvəlində sözləri gətirilən Nur təbliğdə ərəb dilində danışanlara tələbat olduğunu anladı. O deyir: «İndi mən kurslara gedirəm ki, bildiklərimi yenidən yadıma salım. Düşüncə tərzim artıq dəyişib: indi mən ərəb dilini öyrənmək istəyirəm və hər bir düzəlişi qəbul etməyə hazıram».
Beləliklə, əgər iki mədəniyyətlə tanışsansa, iki və ya daha çox dil bilirsənsə, bu, sənin önündə geniş imkanlar açır. Sən insanların hisslərini başa düşə və Allah haqqında suallara cavab verə bilərsən (Süleymanın məsəlləri 15:23). İngiltərədə hindli ailəsində dünyaya göz açan Priti deyir: «Hər iki mədəniyyəti yaxşı başa düşdüyümə görə xidmətdə özümü daha əmin hiss edirəm. Mən bu insanların düşüncə tərzini və nəyə inandıqlarını anlayıram».
Bəlkə, öz vəziyyətinə problem kimi yox, müsbət bir hal kimi baxasan? Yadda saxla ki, kimliyindən və ya haralı olmağından asılı olmayaraq, Yehova Allah səni sevir. Bu fəsildə xatırlanan gənclərdən özünə nümunə götürə bilərsən? Əldə etdiyin bilikləri və təcrübəni doğma dilində danışan insanlara sevən və ayrı-seçkilik etməyən Yehova Allahımız barədə öyrənməyə kömək etmək üçün istifadə et. Bunun sayəsində əsil xoşbəxtliyi dadacaqsan! (Həvarilərin işləri 20:35).
AÇAR AYƏ
“Allahımız ayrı-seçkilik etməyən Allahdır” Həvarilərin işləri 10:34
MƏSLƏHƏT
Əgər həmyaşıdların milli mənsubiyyətinə görə səni ələ salırlarsa, əhəmiyyət vermə. Çalış, yumor hissini itirmə. Onlar bunu görüb, səni lağa qoymaqdan əl çəkəcəklər.
BİLİRSƏN... ?
İki dil bilmək iş tapmaq şansını artırır.
HƏRƏKƏT PLANI!
Doğma dilimi daha yaxşı başa düşmək üçün mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Mənsub olduğun mədəniyyəti bilməyin özünü daha yaxşı başa düşməyə necə kömək edə bilər?
● Digər gənclərlə müqayisədə sənin iki mədəniyyətlə tanış olmağının hansı üstünlükləri var?
[160–cı səhifədəki yazı]
“Başqalarına kömək etməkdən çox xoşum gəlir. Mən Müqəddəs Kitab həqiqətlərini rus, fransız və moldavan dilində danışan insanlarla bölüşürəm” Oleq
[161–ci səhifədəki şəkil]
Mənsub olduğun mədəniyyətə səni başqaları ilə birləşdirən bir körpü kimi bax