Fəsil 29
Əsil məhəbbəti necə müəyyən etməli?
Aşağıdakı suallara cavab ver:
1. Məhəbbət nədir? ․․․․․
2. Eşq nədir? ․․․․․
3. Onlar arasındakı fərq nədədir? ․․․․․
YƏQİN Kİ, bu suallara cavab vermək sənin üçün elə də çətin olmadı. Özünə aid olmadıqda insan eşq və məhəbbət arasındakı fərqi çox asanlıqla izah edə bilər.
Ancaq xəyallarındakı qız və ya oğlanla qarşılaşdığın zaman hər şey bir anda dəyişə bilər. Bir könüldən min könülə vurulursan və artıq gözünə heç nə görünmür. Səncə, bunun məhəbbət, yoxsa eşq olduğunu necə bilmək olar? İlk növbədə, gəl əks cinslə bağlı fikirlərinin son bir neçə ildə necə dəyişdiyinə baxaq. Misal üçün, aşağıdakı suallara cavab ver:
● Beş yaşın olanda oğlanlar (qızlar) haqqında nə fikirləşirdin?
● Onlar barədə indi nə fikirləşirsən?
Ehtimal ki, cavabların cinsi yetişkənlik dövründə əks cinsə qarşı münasibətinin dəyişdiyini göstərir. 12 yaşlı Brayn deyir: «Birdən mənə çatdı ki, sən demə, qızlar çox gözəl imiş». 16 yaşlı Elayn bir neçə il əvvəl bəzi şeylərin necə dəyişdiyini bölüşərək deyir: «Rəfiqələrimin hamısı oğlanlardan danışmağa başlamışdılar, artıq mən də istənilən oğlana aşiq olmağa hazır idim».
Artıq əks cins sənin diqqətini cəlb etdiyindən ona qarşı yaranan güclü hisslərinin öhdəsindən necə gələ bilərsən? Keçirdiyin hisslərə məhəl qoymamağın onları daha da alovlandıra bilər. Amma yaxşı olardı ki, bu fürsətdən istifadə edərək simpatiya, eşq və məhəbbətin nə olduğunu öyrənəsən. Romantikanın bu üç sahəsi arasındakı fərqi başa düşməyin səni yersiz ürəkağrısından qoruyacaq və eyni zamanda əsil məhəbbəti tapmağına kömək edəcək.
SİMPATİYA → Gördüklərin
«Dostlarımla bütün günü ancaq qızlardan danışırıq. Söhbəti dəyişib başqa şeylərdən danışmağa çalışırıq, amma elə ki, yanımızdan gözəl bir qız keçir, nə danışdığımız da yadımızdan çıxır!» (Aleks).
«Oğlanın gözlərimin içinə baxıb gülümsəməsi, özündən əmin halda yeriməsi dərhal diqqətimi cəlb edir» (Laura).
Gözəl və ya yaraşıqlı bir insanın diqqətini cəlb etməsi normaldır. Amma xarici görünüş aldadıcı ola bilər. Müqəddəs Kitabda deyilir: «Bir gözəl qadının xoş rəftarı olmazsa, burnuna qızıl halqa taxılmış donuza bənzər» (Süleymanın məsəlləri 11:22). Sözsüz ki, bu, oğlanlara da aiddir.
EŞQ → Hiss etdiklərin
«12 yaşım olanda bir oğlana dəlicəsinə vurulmuşdum. Bir müddətdən sonra ona nəyə görə aşiq olduğumu anladım. Sadəcə həmin dövrdə bütün rəfiqələrimin fikri-zikri oğlanlarda idi — o da sadəcə bir oğlan idi. Vəssalam!» (Elina).
«Dəfələrlə aşiq olmuşam, ancaq çox vaxt mən xarici görünüşə diqqət yetirirdim. Qızla daha yaxından tanış olduqdan sonra bir-birimizə uyğun gəlmədiyimizi anlayırdım» (Mark).
Eşqlə məhəbbət oxşardır. Hər ikisində də romantik hisslər olmasına baxmayaraq, onların kökündə duran şeylər fərqlidir. Eşq xarici görünüşə vurğunluq olduğu üçün səthi bir hissdir. Aşiq olan insan qarşısındakının zəifliklərini görmür, güclü cəhətlərini isə şişirdir. Elə buna görə də eşqin təməli qumdan tikilmiş qala kimi davamsızdır. Fiona adlı bir qız deyir: «Adətən, bu, çox çəkmir. Çünki sən bu gün birinə vurulursan, bir aydan sonra isə başqasına».
MƏHƏBBƏT → Bildiklərin
«Mənim fikrimcə, insan kimisə, həqiqətən, sevəndə ondan nəyə görə xoşu gəldiyini bilir. Bu, xudbin yox, yaxşı niyyətdən irəli gəlməlidir» (David).
«Əsil məhəbbət zaman ötdükcə artır. Əvvəlcə yaxşı dost olursan. Sonra anlayırsan ki, get-gedə ondan daha çox xoşun gəlir və bir-birinizə qarşı olan hissləriniz möhkəmlənir» (Asya).
Məhəbbət qarşısındakı insanın güclü və zəif cəhətlərini görür. Müqəddəs Kitaba əsasən, məhəbbət sadəcə bir hiss deyil. Allahın Kəlamında deyilir ki, məhəbbət «səbirli və xeyirxahdır», «hər şeyə qatlaşır, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyə dözür,.. heç vaxt tükənmir» (1 Korinflilərə 13:4, 7, 8). Bu cür məhəbbət sadəlövhlüyə və cahilliyə yox, biliyə əsaslanır.
Əsil məhəbbət nümunəsi
Müqəddəs Kitabda adları çəkilən Yaqubla Rəhilənin hekayəsi əsil məhəbbətin parlaq nümunəsidir. Onlar ilk dəfə bir-birilərini Rəhilə atasının sürülərini quyu başına su içməyə gətirəndə görmüşdülər. Yaqub onu görən kimi vurulmuşdu. Çünki Rəhilə «çox gözəl və qamətli idi» (Yaradılış 29:17).
Ancaq yadındadırsa, əsil məhəbbət üçün xarici görünüş önəmli deyil. Yaqubun da diqqətini Rəhilənin yalnız gözəlliyi cəlb etməmişdi. Müqəddəs Kitabda Yaqubun Rəhilədən sadəcə xoşu gəldiyi yox, qısa bir müddətdə ona vurulduğu deyilir (Yaradılış 29:18).
Bəs bu, ötəri bir hiss idi? Xeyr, sonrakı hadisələr Yaqubun Rəhiləni, həqiqətən də, sevdiyini sübut etdi. Onların məhəbbət hekayəsi hələ təzə başlayırdı. Rəhilənin atası Yaqubu yeddi il gözlətdikdən sonra qızını ona verdi. Beləcə, Yaqubun sevgisi güclü sınağa məruz qaldı. Əgər Yaqub ona sadəcə aşiq olsaydı, bu qədər gözləməzdi. Yalnız əsil sevgi zamanın sınağına tab gətirə bilər. Bəs sonra nə baş verdi? Müqəddəs Kitabda deyilir: «Yaqub Rəhiləyə görə yeddi il xidmət etdi. Onu sevdiyi üçün bu müddət gözünə bir neçə gün kimi göründü» (Yaradılış 29:20).
Yaqubla Rəhilənin nümunəsindən nə öyrənmək olar? Əsil məhəbbət zamanın sınağından keçməlidir. Üstəlik, onun üçün xarici görünüş əsas deyil. Ola bilsin, gələcəkdə ailə quracağın insan ilk baxışdan sənin üçün bir o qədər də cəlbedici görünməsin. Misal üçün, Barbara bir gənclə tanış olmuşdu, bu gənc ilk dəfədən onun diqqətini elə də cəlb etməmişdi. O deyir: «Amma onu yaxından tanıyandan sonra hər şey dəyişdi. Fikir verdim ki, Stiven özündən qabaq başqalarını düşünür və onların qeydinə qalır. Belə xüsusiyyətlərə malik olan insanın yaxşı həyat yoldaşı olacağını bilirdim. Onu yaxından tanıdıqca sevməyə başladım». Bu gün onlar xoşbəxt bir ailəyə sahibdirlər.
Əgər artıq evlənmək məqsədi ilə görüşmək yaşına çatmısansa, əsil məhəbbəti necə tapa bilərsən? Bu sahədə ürəyinin səsinə yox, Müqəddəs Kitab əsasında öyrədilmiş ağılına qulaq as. Yalnız xarici görünüşə diqqət yetirmə. Dərin kök salması üçün münasibətlərinizə vaxt ver. Unutma ki, eşq qısa bir vaxtda bitib tükənir. Əsil məhəbbət isə zaman keçdikcə daha da möhkəmlənir və «kamil birliyin bağı»na çevrilir (Koloslulara 3:14).
Əgər əsil məhəbbəti simpatiyadan (gördüklərin) və eşqdən (hiss etdiklərin) ayırd etməyi bacarsan, əmin ol ki, onu tapacaqsan. Bunu etməkdə növbəti üç səhifə sənə kömək edəcək.
ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 1-Cİ VƏ 3-CÜ FƏSLİNDƏN OXU
Fərz edək ki, əsil məhəbbəti tapmısan. Bəs ailə qurmağa hazır olduğunu necə bilə bilərsən?
AÇAR AYƏ
“Sevgini ümman sular söndürə bilməz, onu çağlayan çaylar batıra bilməz” Nəğmələr nəğməsi 8:7
MƏSLƏHƏT
Bəyəndiyin insanı nə dərəcədə yaxşı tanıyıb-tanımadığını yoxlamaq üçün 2-ci cildin 39-cu (qızlar üçün) və ya 40-cı (oğlanlar üçün) səhifələrindəki suallara cavab ver.
BİLİRSƏN... ?
Asanlıqla romantik münasibətlərə başlayan və son qoyan gənclər, müəyyən mənada, özlərini gələcəkdə evlənib-boşanmağa «hazırlamış olurlar».
HƏRƏKƏT PLANI!
Ürəyimdə kiməsə qarşı yaranan hissin əsil sevgi, yaxud sadəcə vurğunluq olduğunu bilmək üçün mən... ․․․․․
Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․
NECƏ DÜŞÜNÜRSƏN?
● Nəyə görə Allah kişi ilə qadını elə yaradıb ki, onlar bir-birlərinə qarşı güclü hisslər duyurlar?
● Nəyə görə yeniyetməlik illərində yaranan «məhəbbət» ötəridir?
[207–ci səhifədəki yazı]
“Məhəbbət çətinliklərə sinə gərir, eşq isə vəziyyət dəyişdikdə və ya problemlər yarandıqda tükənir. Qəlbində əsil məhəbbəti inkişaf etdirmək üçün çoxlu vaxt tələb olunur” Daniella
[209–cu səhifədəki çərçivə]
Çərçivə
Sən necə davranardın?
Kənan ilə Ülviyyə üç ay idi ki, görüşürdülər. Ülviyyəyə elə gəlirdi ki, onsuz bir gün də yaşaya bilməz. Kənan isə Ülviyyəyə həddindən artıq qayğı və diqqət göstərir, hətta necə geyinməli, kiminlə oturub-durmalı olduğunu belə deyirdi. Onunla şahzadə kimi davranırdı, ta ki, keçən həftə onu başqa oğlanla söhbət edərkən «tutana» qədər. Həmin an o, özündən çıxıb, Ülviyyəyə bir şillə vurdu.
Kənan: «Ülviyyə bilməlidir ki, mən onu itirməkdən necə qorxuram. Başqa bir oğlanın sevdiyim qızı əlimdən ala biləcəyi fikri məni dəli edir! Ülviyyəyə əl qaldırdığım üçün özümü çox pis hiss edirəm. Amma onun gözucu da olsa, kiməsə baxmağına tab gətirə bilmərəm. Üstəlik, üzr istədim!»
Ülviyyə: «Valideynlərim deyir ki, Kənan məni idarə etməyə çalışır, əslində isə o, çox əxlaqlı oğlandır. Heç bir dəfə də olsun məni əxlaqsız hərəkətə təhrik etməyib. O, məni vuranda — valideynlərimin bundan xəbəri yoxdur — həqiqətən də, başqa oğlanla danışırdım. Kənan qısqancdır və bəzən bu, mənim xoşuma gəlir. Hər nə isə, artıq üzr istəyib və söz verib ki, bir də belə şey olmayacaq».
Sənin fikrin: Kənanla Ülviyyənin münasibətlərindəki təhlükələri görürsənmi? Elə isə onları yaz. ․․․․․
Ülviyyə nə etməlidir? ․․․․․
Sən olsan, nə edərdin? ․․․․․
[210–cu səhifədəki çərçivə]
Çərçivə
Sən necə davranardın?
Elşənlə Aysel iki aydır ki, görüşürlər. Elşən onun mübahisə etməyə nə qədər meyilli olduğunu artıq bilir. Aysel həmişə valideynlərilə dilləşir və çox vaxt qalib gələn o olur. O, bu məsələdə artıq çox «məharətlidir», valideynləri boğaza yığılıb təslim olmayınca əl çəkmir. Aysel Elşənin yanında özünü öyərək «valideynlərinin ipinin onun əlində» olduğunu deyir.
Elşən: «Aysel nə fikirləşirsə, onu da deyir. O, heç kimi, hətta valideynlərini belə saymır. Onun atası adamın lap əsəbləri ilə oynayır. Elə buna görə də, onunla danışarkən Ayselin özündən çıxması təbiidir. Axı o, təkcə dava-dalaş salmır. İstədiyinə nail olmaq üçün ağlaya da bilər, qaşqabağını sallaya da, hətta yeri gələndə şirin dilə tuta da bilər».
Aysel: «Qarşımdakının kim olmasından asılı olmayaraq, onun haqqında nə fikirləşdiyimi birbaşa üzünə deyirəm. Heç kimdən çəkinmirəm. Elşən də bunu bilir. Valideynlərimlə necə davrandığımı görüb».
Sənin fikrin: Elşənlə Ayselin münasibətindəki təhlükələri görürsənmi? Elə isə onları yaz. ․․․․․
Elşən nə etməlidir? ․․․․․
Sən olsan, nə edərdin? ․․․․․
[211–ci səhifədəki çərçivə]
Çərçivə
Sevgi, yoxsa eşq?
Aşağıda bəzi gənclərin fikirləri gətirilib. Uyğun gələn sözü işarələ.
1. «Eşqin/Sevginin gözü kordur və bu, onun üçün xoşdur. O, həqiqətin gözünə düz baxmaq istəmir» (Cavid).
2. «Bəyəndiyim qızın yanında özümü başqa cür aparıramsa, bu eşqdir/sevgidir» (Tomas).
3. «İnsanın hansısa xasiyyəti səni qıcıqlandıra bilər. Ancaq əgər aşiqsənsə/sevirsənsə, yenə də onunla birlikdə olmaq istəyir və problemi həll etməyə çalışırsan» (Ruslan).
4. «Aşiq olanda/Sevəndə yalnız oxşar cəhətlərinizi görürsən» (Könül).
5. «Aşiq olanda/Sevəndə necə insan olduğunu gizlətməyə çalışmırsan» (Ellada).
6. «İnsan aşiq olanda/sevəndə məqsədi yalnız istədiyini əldə etmək olur. Hərdən sadəcə başqalarına sənin də oğlan dostun olduğunu göstərmək istəyirsən» (Aygün).
7. «Eşq/Sevgi səhvləri və çatışmayan cəhətləri görür və onlarla barışır» (Elmira).
8. «Aşiq olanda/Sevəndə səbəbini izah edə bilmirsən. Bircə onu bilirsən ki, xoşun gəlir» (David).
9. «Aşiq olanda/Sevəndə qarşındakı insan sənin üçün qüsursuz olur» (Çinarə).
10. «Aşiq olanda/Sevəndə başqa qızlara baxmırsan, çünki yalnız ona sadiq qalmaq istəyirsən» (Daniel).
Cavablar: Eşq: 1, 2, 4, 6, 8, 9. Sevgi: 3, 5, 7, 10.
[206 və 207–ci səhifələrdəki şəkil]
Eşq qumdan tikilmiş qala kimi davamsızdır — dalğa gəlir, bir anda yuyub aparır