Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ia fəs. 19 s. 162—171
  • O, yaxşı ər, yaxşı ata idi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, yaxşı ər, yaxşı ata idi
  • İman örnəkləri
  • Başlıqlar
  • Oxşar material
  • Yusif ailəsini qoruyur
  • Yusif ailəsinin qayğısına qalır
  • «Ürəyimizi yedik»
  • Yusif Allahın tapşırığını yerinə yetirdi
  • Qardaşları Yusifi sevmirlər
    Müqəddəs Kitab hekayələri
  • Yusifin qardaşları kimi, səndə də heç paxıllıq yaranıbmı?
    Gözətçi qülləsi 2009
  • Yehova Yusifi darda qoymur
    Müqəddəs Kitab dünyasına səyahət
  • Bir qulun hekayəsi
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İman örnəkləri
ia fəs. 19 s. 162—171
Yusif

ON DOQQUZUNCU FƏSİL

O, yaxşı ər, yaxşı ata idi

1, 2. a) Yusiflə Məryəmin həyatında hansı dəyişikliklər baş verir? b) Yusif arvadına hansı bəd xəbəri söyləməli olmuşdu?

YUSİF gecənin zülmət qaranlığında ulağın belinə bir yük də qoyub onu sığallayır. Sonra ətrafına baxır. Qarşıda onları gözləyən uzun səfəri düşünür. Onlar Beytləhmdən Misirə getməlidirlər. Oranın əhalisi, dili, adətləri onlara yaddır. O fikirləşir: «Görəsən, bütün bunlara necə öyrəşəcəyik?»

2 Bəd xəbəri sevimli arvadı Məryəmə demək Yusif üçün heç də asan olmamışdı. Amma o, cəsarətini toplayıb hər şeyi ona danışmışdı. Bir mələyin yuxuda ona Allahdan bu xəbəri gətirdiyini demişdi: Hirod padşah onların körpə balasını öldürmək istəyir. Buna görə də onlar dərhal Beytləhmdən çıxmalı idilər. (Mətta 2:13, 14 ayələrini oxu.) Bu xəbər Məryəmi sarsıtmışdı. Axı nəyə görə onun heç kimə ziyanı olmayan, məsum körpəsini öldürmək istəyirlər?! Məryəm də, Yusif də bunu heç cür ağlına sığışdıra bilmir. Bununla belə, Yehova Allaha etibar edib yola hazırlaşırlar.

3. Yusifgilin Beytləhmi necə tərk etdiyini təsvir edin. (Həmçinin şəklə bax.)

3 Hirodun məkrli niyyətindən bixəbər olan Beytləhm sakinləri yuxuda ikən Yusiflə Məryəm körpə İsanı götürüb buradan sakitcə qaçırlar. Onlar cənuba üz tuturlar. Yavaş-yavaş dan yeri sökülür. Ola bilsin, Yusif gələcəyi fikirləşib narahat olur. Görəsən, adi dülgər ailəsini güclü düşmənlərdən necə qoruyacaq? Ailəsini dolandıra biləcək? Yehova Allahın verdiyi çətin tapşırığın öhdəsindən gələ biləcək? Körpəni böyüdüb boya-başa çatdıra biləcək? Bəli, qarşıda Yusifi böyük çətinliklər gözləyir. Gəlin baxaq o, bütün bunların öhdəsindən necə gəlir və görək bu gün hamımız, ələlxüsus atalar nəyə görə Yusifin imanını örnək almalıdırlar.

Yusif ailəsini qoruyur

4, 5. a) Yusifin həyatını nə dəyişmişdi? b) Mələk Yusifi necə ürəkləndirdi?

4 Təxminən bir il əvvəl Yusif Nasirə şəhərində yaşayanda onun həyatını tamamilə dəyişən bir hadisə baş vermişdi. Yusif Əlinin qızı Məryəmlə nişanlı idi. O bilirdi ki, Məryəm ismətli qızdır, Yehova Allahı çox sevir. Lakin bir gün xəbər tutdu ki, nişanlısı hamilədir. Qızı biabır etməmək üçün onu gizlincə boşamaq qərarına gəldia. Sonra mələk yuxuda ona görünüb Məryəmin müqəddəs ruh vasitəsilə hamilə qaldığını dedi. Həmçinin dünyaya gələcək uşağın xalqını günahlardan xilas edəcəyini söylədi. Mələk Yusifi əmin edib dedi: «Arvadın Məryəmi evinə gətirməyə qorxma» (Mət. 1:18—21).

5 Yusif mömin və itaətkar insan kimi mələyin buyruğuna əməl etdi. O, çox vacib tapşırığı qəbul etdi, Allah üçün ən əziz olan varlığı böyütməyi və onun qayğısına qalmağı boynuna götürdü. Sonralar isə Sezarın fərmanına tabe olub hamilə arvadı ilə Beytləhmə qeydiyyatdan keçməyə yollandı. Elə orada uşaq dünyaya göz açdı.

6—8. a) Hansı hadisələr Yusifgilin həyatını dəyişdi? b) Haradan bilirik ki, ulduzu münəccimlərə Şeytan göstərmişdi? (Həmçinin haşiyəyə bax.)

6 Yusif ailəsi ilə birgə Yerusəlimdən təxminən 10 kilometr aralıda yerləşən Beytləhmdə qaldı, Nasirəyə qayıtmadı. Onlar tez bir zamanda sadə bir ev tapdılar. Kasıbçılığa baxmayaraq, Yusif arvad-uşağını dolandırmaq, onları qorumaq üçün əlindən gələni edirdi. İsa bir az böyüyəndən sonra, təxminən bir yaşı olanda onların həyatını dəyişən bir hadisə baş verdi.

7 Bir neçə münəccim Şərqdən, ehtimal ki, uzaq Babil ölkəsindən Beytləhmə gəldi. Onlar yəhudilərin gələcək hökmdarının sorağında bir ulduzun izi ilə gəlib Yusifgilə çıxdılar və körpəyə böyük ehtiram göstərdilər.

8 Bilmirik münəccimlərin bundan xəbəri var idi, ya yox, amma onlar balaca İsanın həyatını təhlükəyə atdılar. Münəccimlərə görünən ulduz onları əvvəlcə Beytləhmə yox, Yerusəlimə aparmışdıb. Yerusəlimdə onlar padşah Hiroda demişdilər ki, yəhudilərin gələcək hökmdarını axtarırlar. Bu xəbəri eşidən Hirod padşah paxıllıqdan od tutub yanmışdı.

9—11. a) Yehova Allah Hiroddan və Şeytandan güclü olduğunu necə göstərdi? b) Apokrifik əfsanələrdə Misir səfəri barədə nə deyilir, amma əslində necə olub?

9 Münəccimlər Yusifgilə gəlib çatanda və uşaqla anasını görəndə gətirdikləri bəxşişləri — qızılı, kündürü və mürrü onlara verdilər. Əvəzində isə heç nə istəmədilər. Yəqin gözlənilmədən belə bahalı hədiyyələr almaq Yusiflə Məryəmi çaşbaş qoymuşdu. Münəccimlər geri qayıdıb uşağın yerini padşah Hiroda demək istəyirdilər. Lakin Yehova Allah işə qarışdı. O, yuxuda münəccimlərə dedi ki, evlərinə başqa yolla getsinlər. Bəli, Yehova Allah Hiroddan və Şeytandan güclü olduğunu göstərdi. (Mətta 2:1—12 ayələrini oxu.)

10 Münəccimlər gedəndən bir az sonra Yehova Allahın mələyi Yusifi xəbərdar edib dedi: «Dur, uşağı və anasını götür, Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir» (Mət. 2:13). Fəslin əvvəlində qeyd olunduğu kimi, Yusif dərhal buyruğa əməl edir. O, uşağının təhlükəsizliyini hər şeydən üstün tutduğu üçün ailəsini götürüb Misirə yola düşür. Münəccimlərin gətirdiyi bəxşişlər sayəsində Yusif Misirdə ailəsini dolandıra biləcək.

Gecəyarısı Yusiflə Məryəm yola çıxmağa hazırlaşır. Yusif balaca İsanı qucağına alır

Yusif oğlunu qorumaq üçün qəti və fədakar addım atır

11 Apokrifik əfsanələrdə Misirə səfər reallıqdan uzaq, həddən artıq gözəl təsvir edilir. Orada deyilir ki, guya balaca İsa möcüzə ilə bu uzun yolu qısaldıb, quldurları qovub, hətta xurma ağacına əmr edib ki, əyilsin və anası meyvəsindən dərsinc. Əslində isə bu yad ölkəyə səfər uzun və ağır olub.

Yusif ailəsinə görə rahat həyatını qoyub getməyə hazır idi

12. Valideynlər Yusifdən nədə örnək alırlar?

12 Valideynlər Yusifdən çox şey öyrənə bilərlər. Yusif ailəsini təhlükədən qorumaq üçün işini, rahat həyatını qoyub getməyə hazır idi. O, arvad-uşağına Yehova Allahın əmanəti kimi baxırdı. Bu gün də valideynlər övladlarını təhlükəli bir dünyada böyüdürlər. Şeytan dünyası gəncləri pozur, hətta həyatlarını məhv edir. Yusif kimi övladını təhlükədən qorumaq üçün əlindən gələni edən, qətiyyətli valideynləri görəndə adamın ürəyi açılır.

Yusif ailəsinin qayğısına qalır

13, 14. Nəyə görə Yusiflə Məryəm Nasirəyə qayıdır?

13 Yusifgil Misirdə çox qalmırlar. Çünki bir müddət sonra mələk ona Hirodun öldüyünü deyir. Yusif də arvad-uşağını götürüb vətəninə qayıdır. Qədimdə peyğəmbərlik olunmuşdu ki, Yehova Allah Öz Öğlunu Misirdən çağıracaq (Mət. 2:15). Yusifin Misirdən çıxması ilə bu peyğəmbərlik yerinə yetir. Bəs indi o, ailəsi ilə harada yaşayacaq?

14 Yusif çox ehtiyatlı insandır. O, Hirodun xələfi Arxelaydan ehtiyat edir. Çünki o da Hirod kimi zalımın, qaniçənin biridir. Odur ki, Yusif Allahın göstərişi ilə ailəsini Yerusəlimdən və oradakı təhlükədən uzağa, şimala, Cəlilənin Nasirə şəhərinə, doğma yurduna aparır. Onlar orada məskən salıb yaşayırlar. (Mətta 2:19—23 ayələrini oxu.)

15, 16. Yusifin peşəsi nə idi və o, hansı alətlərdən istifadə edirdi?

15 Onlar sadə həyat sürürdülər. Amma həyatları elə də asan deyildi. Müqəddəs Kitabda yazılıb ki, Yusif dülgər idi. O dövrdə dülgərin işinə çox şey daxil idi. O, ağacı kəsir, daşıyıb aparır, qurudurdu. Sonra hazır materialdan ev tikir, qayıq, kiçik körpü, araba, təkər, boyunduruq və kənd təsərrüfatı alətləri düzəldirdi (Mət. 13:55). Dülgər işi əziyyətli iş idi. Qədimdə dülgər ya evinin qabağında, ya da evinə bitişik emalatxanada işləyirdi.

16 Yusif müxtəlif alətlərlə işləyirdi. Ola bilsin, bəziləri ona atasından qalmışdı. O, şaquldan, tarazdan, baltadan, mişardan, dəmir və taxta çəkicdən, iskənədən, burğudan, rəndədən istifadə edirdi. Bahalı olsa da, yəqin bir az mismar da işlədirdi.

17, 18. a) İsa atası Yusifdən nə öyrənmişdi? b) Nəyə görə Yusif çox işləməli olurdu?

17 Gəlin bu səhnəni təsəvvür edək: balaca İsa atasının işləməyinə baxır. Atasının hər hərəkətini diqqətlə izləyir, onun enli çiyinlərinə, əzələli qollarına, bacarıqlı əllərinə, ağıllı gözlərinə baxıb fəxr edir. Yəqin Yusif oğluna balacalıqdan asan işləri öyrədirdi. Misal üçün qaxac edilmiş balıq dərisi ilə kələ-kötür taxtanı hamarlamağı, həmçinin əncir, palıd, zeytun kimi ağaclardan istifadə etməyi ona başa salırdı.

Yusif İsaya dülgərlik sənətini öyrədir

Yusif oğluna dülgərlik sənətini öyrədir

18 İsa həmçinin görürdü ki, ağac kəsib doğrayan bu güclü qolların sahibi həm də gözəl ailə başçısıdır, onu, anasını, bacı-qardaşlarını sevir, onların qayğısına qalır. Bəli, Yusifin ailəsi get-gedə böyüyürdü. İsadan başqa onun ən azı altı uşağı vardı (Mət. 13:55, 56). Yusif bu boyda külfəti dolandırmaq üçün çox işləməli idi.

Yusif başa düşürdü ki, ailəsinin ruhani tələbatını ödəmək hər şeydən vacibdir

19. Yusif ailəsinin ruhani tələbatını necə ödəyirdi?

19 Amma Yusif başa düşürdü ki, ailəsinin ruhani tələbatını ödəmək hər şeydən vacibdir. Buna görə də o, vaxt ayırıb uşaqlarına Yehova Allah barədə öyrədir, Allahın qanunlarını onlara aşılayırdı. Yusiflə Məryəm övladlarını müntəzəm sinaqoqa aparırdı. Orada Tövrat ucadan oxunur və izah olunurdu. Ola bilsin, oradan çıxandan sonra İsada çoxlu suallar yaranırdı, Yusif də bacardığı qədər onun suallarına cavab verirdi. Yusif həmçinin ailəsini 120 kilometr aralıda yerləşən Yerusəlimə, dini bayramlara aparırdı. Hər il Pasxanı qeyd etmək üçün Yerusəlimə gedib-gəlmək haradasa iki həftə çəkirdi.

Yusiflə Məryəm ailəliklə məbəddə ibadət etmək üçün Yerusəlimə gedir

Yusif hər il ailəsi ilə Yerusəlimə, məbəddə ibadət etməyə gedirdi

20. Məsihi atalar Yusifdən örnək alaraq nə edirlər?

20 Bu gün də məsihi atalar belə davranırlar. Onlar uşaqlarının maddi tələbatlarını təmin etməyi vacib saysalar da, ruhani tələbatlarını təmin etməyi bundan da vacib sayırlar. Onlar övladlarına Yehova Allah barədə öyrətmək üçün əllərindən gələni edirlər, həm ailəvi ibadət keçirirlər, həm də onları ibadət görüşlərinə və konqreslərə aparırlar. Yusif kimi, onlar da başa düşürlər ki, uşaqlarına verə biləcəkləri ən dəyərli şey budur.

«Ürəyimizi yedik»

21. a) Pasxa bayramında Yusifin ailəsi nə edir? b) Yusiflə Məryəm İsanın itdiyini nə vaxt bilirlər?

21 İsanın on iki yaşı olanda Yusif adəti üzrə ailəsini götürüb Yerusəlimə, Pasxa bayramını qeyd etməyə gedir. Onlarla birgə bayrama neçə-neçə böyük ailə də yollanır. Onlar yamyaşıl ərazilərdən keçirlər. Yaşıllığın az olduğu, Yerusəlimin yerləşdiyi yüksəkliyə yaxınlaşdıqca çoxları əzbər bildiyi «Şəhərə qalxarkən» adlanan məzmurları oxuyurlar (Zəb. 120—134). Adətən, bu bayram vaxtı şəhərdə yüz minlərlə insan olur. Bayram qurtarandan sonra hamı kimi, Yusifgil də evinə qayıdır. Başı qarışıq olan Yusiflə Məryəm elə bilir ki, İsa camaatın, yəqin ki, qohumların arasındadır. Düz bir gün yol gedəndən sonra onlar baxıb görürlər ki, İsa yoxdur (Luka 2:41—44).

22, 23. Yusiflə Məryəm İsanın itdiyini biləndə nə edir və onu tapanda Məryəm nə deyir?

22 Onlar təlaş içində Yerusəlimə qayıdıb hər yanı axtarırlar. İndi onlara boş və yad görünən bu şəhərin küçələrini dolaşıb: «İsa, İsa», — deyə səslənirlər. Görəsən, bu uşaq haradadır? Üç gün onu axtarırlar, amma tapa bilmirlər. Bəlkə də, Yusif Yehova Allahın əmanətini qoruya bilmədiyi üçün özünü qınayır. Axırda onlar məbədə gedirlər. Məbəddə İsanı axtara-axtara gəlib Qanun bilicilərinin, din müəllimlərinin oturduğu böyük otağa çıxırlar. İsanı onların arasında oturan görürlər. Onların ürəyi yerinə gəlir (Luka 2:45, 46).

23 İsa burada müəllimlərə diqqətlə qulaq asır, onlara suallar verirdi. Onlar bu uşağın zəkasına və verdiyi cavablara heyran qalmışdılar. Yusiflə Məryəm çaşıb qalıblar. Həmin an Yusifin nə etdiyi barədə Müqəddəs Kitabda heç nə yazılmayıb. Amma Məryəmin sözlərindən hər ikisinin keçirdiyi hisslər aydın görünür. O deyir: «Oğlum, sən niyə belə elədin? Atanla mən səni çox axtardıq, səni tapana qədər ürəyimizi yedik» (Luka 2:47, 48).

24. Müqəddəs Kitab valideyn olmağın çətin olduğunu necə göstərir?

24 Bu əhvalat valideyn olmağın nə qədər çətin olduğunu göstərir. Hətta kamil uşağın valideyni olmaq belə, çətindir. Bu pis dünyada uşaq böyüdən valideynlər isə daha çox narahatçılıq keçirirlər. Amma Yehova Allah onların keçirdiyi hissləri yaxşı başa düşür. Bunu bilmək onlara rahatlıq gətirir.

25, 26. a) İsa valideynlərinə necə cavab verir? b) Yusif İsanın sözlərini xatırladıqca hansı hissləri keçirirdi?

25 İsa məbəddə, özünü səmavi Atası Yehova Allaha çox yaxın hiss etdiyi yerdə idi, onun üçün dünyada ikinci belə yer yox idi. O, burada Yehova Allah barədə eşitdiyi hər kəlməni zehninə həkk edirdi. İsa mülayim səslə valideynlərinə cavab verir: «Məni niyə axtarırdınız? Məgər bilmirdiniz ki, mən Atamın evində olmalıyam?» (Luka 2:49).

26 Sözsüz ki, Yusif hər dəfə bu sözləri xatırlayanda iftixar duyurdu. Axı o, əlindən gələni etmişdi ki, İsa Yehova Allaha məhz bu cür yanaşsın. Artıq bu yaşında İsa Yusifin timsalında mehriban, məhəbbətli atanın necə olduğunu başa düşürdü.

27. Ataların üzərinə hansı məsuliyyət düşür və onlar nədə Yusifdən örnək almalıdırlar?

27 Əziz atalar, sizin üzərinizə böyük məsuliyyət düşür. Siz uşaqlarınıza mehriban, qayğıkeş atanın nə demək olduğunu öz nümunənizlə başa salmalısınız. Əgər sizin ögey uşağınız varsa və ya övladlığa uşaq götürmüsünüzsə, Yusifdən örnək alaraq ona fərd kimi yanaşın, onu əziz tutun. Ona səmavi Atası Yehova Allaha yaxınlaşmağa kömək edin. (Efeslilərə 6:4 ayəsini oxu.)

Yusif Allahın tapşırığını yerinə yetirdi

28, 29. a) Luka 2:51, 52 ayələrindən Yusif haqqında nə öyrənirik? b) İsanın hikmətli olmasında Yusifin hansı əməyi olub?

28 Müqəddəs Kitabda Yusifin həyatının qalan hissəsi barədə məlumat çox az olsa da, onlara diqqət yetirməyə dəyər. Müqəddəs Kitabda yazılıb ki, İsa «bundan sonra da valideynlərinin sözündən çıxmadı». Həmçinin orada deyilir: «İsa böyüyür, hikmətlə dolur, Allahın və insanların hüsn-rəğbətini qazanırdı». (Luka 2:51, 52 ayələrini oxu.) Bu ayələrdən Yusif haqqında çox şey öyrənirik. Kamil uşağın Yusifə ata kimi hörmət etməsi və ona tabe olması göstərir ki, Yusif bir ailə başçısı kimi öz vəzifəsini yerinə yetirməyə davam edirdi.

29 İsanın hikmətli olmasında, sözsüz ki, Yusifin böyük əməyi olmuşdu. O vaxtlar yəhudilərdə qədim bir məsəl var idi və bu məsəli indi də eşitmək olar. Məsəldə deyilir ki, yalnız vaxtı çox olan adam hikmətli ola bilər. Dülgər, əkinçi və dəmirçi kimi adamlar haqda isə deyilir: «Onlar pisi yaxşıdan ayırmağı bacarmazlar, kimisə mühakimə edə bilməzlər, məsəl danışılan yerdə olmazlar». İsa böyüyəndə bu məsəlin yalan olduğunu sübut etdi. Balaca İsa tez-tez atasından, adi dülgərdən Yehova Allahın gözündə nəyin yaxşı, nəyin pis olduğunu eşidirdi.

30. Ailə başçıları daha nədə Yusifdən örnək almalıdırlar?

30 İsanın böyüyüb boya-başa çatmasında da Yusifin əməyi çox olub. O, İsaya yaxşı baxmışdı, buna görə də İsa böyüyüb güclü, sağlam adam olmuşdu. Üstəlik, Yusif İsaya öz peşəsini, dülgərliyi öyrətmişdi. İsanı yalnız dülgərin oğlu kimi tanımırdılar, onun özünü də «dülgər» adlandırırdılar (Mark 6:3). Bəli, Yusifin əməyi boşa çıxmamışdı. Bu gün də ailə başçıları Yusifdən örnək alıb övladlarının əlinə sənət verməlidirlər ki, özlərini dolandıra bilsinlər.

31. a) Yusifin vəfatı ilə bağlı nə bilirik? (Həmçinin çərçivəyə bax.) b) Yusif bizə hansı nümunəni qoyub?

31 İncildə İsanın təxminən otuz yaşında vəftiz olduğu yazılıb. Həmin vaxtdan etibarən daha Yusifin adı çəkilmir. Bir sıra sübutlar göstərir ki, İsa Məsih xidmətə başlayanda Məryəm dul idi. («Yusif nə vaxt vəfat edib?» adlı çərçivəyə bax.) Yusif ailəsini qorumaqla, onun qayğısına qalmaqla və Allahın tapşırığını yerinə yetirməklə bütün atalara gözəl nümunə qoyub. Hər bir ata, hər bir ailə başçısı, ümumiyyətlə, hamımız Yusifin imanından örnək almalıyıq.

Yusif nə vaxt vəfat edib?

İsa Məsihin on iki yaşı olanda Yusif hələ sağ idi. O vaxt İsraildə gənclərin çoxu bu yaşda atalarının sənətini öyrənirdilər və on beş yaşında artıq usta köməkçisi olurdular. Ehtimal ki, Yusif ən azı İsaya dülgərlik sənətini öyrədənədək yaşayıb. Bəs İsa Məsih otuz yaşında xidmətə başlayanda Yusif sağ idi? Ehtimal ki, yox. Müqəddəs Kitabda həmin vaxt İsa Məsihin anasının, bacı-qardaşının adı çəkilir. Yusifinsə adı çəkilmir. Həmçinin İsa Məsihə Yusifin yox, «Məryəmin oğlu» deyilir (Mark 6:3). Üstəlik, Müqəddəs Kitabda Məryəmin sərbəst hərəkət etdiyi, sərbəst qərar verdiyi yazılıb (Yəh. 2:1—5). O dövrdə əri sağ olan qadın özbaşına qərar verə bilməzdi. Habelə, İsa Məsih son nəfəsini verərkən anasını həvari Yəhyaya tapşırmışdı (Yəh. 19:26, 27). Əgər Yusif sağ olsaydı, buna ehtiyac olmazdı. Bütün bunlardan belə nəticəyə gəlirik ki, Yusif İsa Məsihin gənc yaşlarında vəfat edib. Şübhəsiz, evin böyük oğlu olduğu üçün İsa Məsih vəftiz olanadək dülgər işləyib ailəsini dolandırırdı.

a O dövrdə nişanlı oğlanla qıza evli kimi baxırdılar.

b Ulduzun görünməsi nə astronomik hadisə idi, nə də Allahdan idi. Aydındır ki, Şeytan öz mənfur niyyətini həyata keçirmək, yəni İsanı öldürmək üçün fövqəltəbii şəkildə münəccimlərə ulduz göstərmişdi.

c Müqəddəs Kitabda deyilir ki, İsa Məsih ilk dəfə vəftiz olandan sonra möcüzə göstərib (Yəh. 2:1—11).

TƏKRAR ÜÇÜN SUALLAR

  • Yusif ailəsini qorumaq üçün nə etdi?

  • Yusif ailəsinin qayğısına necə qalırdı?

  • Yusifin Allahın tapşırığını yerinə yetirdiyini haradan bilirik?

  • Hansı sahələrdə Yusifdən örnək ala bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş