Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • od fəs. 10 s. 105—115
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
  • Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Başlıqlar
  • Oxşar material
  • YIĞINCAQDA TƏBLİĞÇİ KİMİ XİDMƏT ETMƏK
  • TƏLƏBAT OLAN YERLƏRDƏ XİDMƏT
  • BAŞQA DİLDƏ TƏBLİĞ
  • ÖNCÜL XİDMƏTİ
  • XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİLƏR
  • RAYON NƏZARƏTÇİLƏRİ
  • TEOKRATİK MƏKTƏBLƏR
  • BEYTEL XİDMƏTİ
  • TEOKRATİK TİKİNTİDƏ XİDMƏT
  • HANSI RUHANİ MƏQSƏDLƏRİNİZ VAR?
  • Tammüddətli xidmətçiləri yaddan çıxarmayın
    Gözətçi qülləsi 2014
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Teokratik məktəblər — Yehovanın məhəbbətinin sübutudur
    Gözətçi qülləsi 2012
  • Padşahlığın xidmətçilərinin aldığı təlim
    Allahın Padşahlığı hökmranlıq edir!
Allahın iradəsini yerinə yetirən təşkilat!
od fəs. 10 s. 105—115

FƏSİL 10

Xidmətinizi necə genişləndirə bilərsiniz?

ŞAGİRDLƏRİNİ Padşahlığı təbliğ etməyə göndərməyin vaxtı yetişəndə İsa onlara demişdi: «Məhsul bol, biçinçi isə azdır». Görüləsi çox iş var idi, ona görə də İsa sözünə belə əlavə etmişdi: «Biçin Sahibinə yalvarın ki, məhsulu yığmağa biçinçi göndərsin» (Mət. 9:37, 38). İsa şagirdlərinə bu işi necə yerinə yetirməyi başa saldı. Onun növbəti sözlərindən bu işin çox təcili olduğu görünürdü: «Siz İsrail şəhərlərinin hamısını gəzib qurtarmamış insan Oğlu gələcək» (Mət. 10:23).

2 Bu gün də təbliğdə görüləsi iş çoxdur. Padşahlıq haqqında xoş xəbər son gəlməzdən qabaq təbliğ olunmalıdır və vaxt gözləmir (Mark 13:10). Təbliğ sahəmiz dünya olduğu üçün biz də İsanın şagirdlərinin qarşılaşdığı vəziyyətlə üzləşirik, amma daha geniş miqyasda. Sayı milyardlarla olan bəşəriyyətlə müqayisədə biz çox azıq, amma əminik ki, Yehova bizi köməksiz qoyan deyil. Padşahlıq haqqında xoş xəbər bütün dünyada təbliğ olunacaq və Yehovanın təyin etdiyi vaxt yetişəndə son gələcək. Bəs xidmətimizi tam icra etmək üçün Allahın işini həyatımızda birinci yerə qoyacağıq? Bunun üçün qarşımıza hansı məqsədləri qoya bilərik?

3 «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev», — deməklə İsa Yehovanın həsr olunmuş xidmətçilərindən nə gözlədiyini göstərmişdi (Mark 12:30). Biz Yehovaya bütün varlığımızla xidmət etməliyik. Yəni Yehovaya xidmətdə var gücümüzlə çalışmaqla Ona nə qədər sədaqətli olduğumuzu və həyatımızı Ona ürəkdən həsr etdiyimizi göstərməliyik (2 Tim. 2:15). Hər birimiz bacarığına və şəraitinə görə xidmətini genişləndirə bilər. Gəlin görək xidmətimizi necə genişləndirə və qarşımıza hansı teokratik məqsədlər qoya bilərik.

YIĞINCAQDA TƏBLİĞÇİ KİMİ XİDMƏT ETMƏK

4 Həqiqəti qəbul edən hər kəs xoş xəbəri təbliğ etmək şərəfinə layiq görülür. Bu, İsa Məsihin şagirdlərinə tapşırdığı əsas işdir (Mət. 24:14; 28:19, 20). İsanın şagirdi olan insanlar, adətən, xoş xəbəri eşidən kimi başqaları ilə bölüşməyə başlayırlar. Andreas, Filip, Kornili və başqaları da belə etmişdilər (Yəh. 1:40, 41, 43—45; Həv. 10:1, 2, 24; 16:14, 15, 25—34). Bəs bu o deməkdirmi ki, insan vəftiz olmamış da xoş xəbəri başqaları ilə bölüşə bilər? Bəli! İnsan yığıncaqda vəftiz olmamış təbliğçi olan kimi ev-ev təbliğ etməyə başlaya bilər. Həmçinin bacarığı daxilində və şəraiti yol verdiyi qədər təbliğ xidmətinin digər növlərində də iştirak edə bilər.

5 Sözsüz ki, vəftiz olandan sonra təbliğçi başqalarına xoş xəbəri çatdırmaq üçün əlindən gələni edir. Təbliğ etmək şərəfinə həm kişilər, həm də qadınlar layiq görülüblər. Hər birimiz Allahın işini irəli aparmaq üçün, hətta cüzi də olsa, nə isə edə bilərik. Xidmətini genişləndirən hər kəs əsl xoşbəxtlik dadacaq!

TƏLƏBAT OLAN YERLƏRDƏ XİDMƏT

6 Bəlkə də, sizin yığıncağın ərazisi tez-tez işlənir və insanlara yaxşı şahidlik verilir. Bu səbəbdən, ola bilsin, siz xidmətinizi genişləndirib tələbat olan əraziyə köçmək istəyirsiniz (Həv. 16:9). Ola bilsin, bir ağsaqqal və ya yığıncaq xidmətçisi kimi hansısa yığıncaqda sizin köməyinizə ehtiyac var. Rayon nəzarətçisi rayonunuzdakı başqa yığıncağa kömək etməklə bağlı sizə məsləhət verə bilər. Əgər ölkənin başqa ərazisində xidmət etmək istəyirsinizsə, lazımi məlumatı filialdan ala bilərsiniz.

7 Bəlkə, başqa ölkədə xidmət etmək istəyirsiniz? Belə isə, əvvəlcə yaxşı-yaxşı götür-qoy edin. Məsləhət görərdik ki, bu məsələni yığıncağınızın ağsaqqalları ilə müzakirə edəsiniz. Köçmək qərarınız sizə və sizinlə birgə köçən insanlara təsir edəcək (Luka 14:28). Əgər uzun müddət qalmaq fikriniz yoxdursa, yaxşı olardı ki, öz ölkənizdə qalıb xidmət edəsiniz.

8 Bəzi ölkələrdə nəzarətçi kimi xidmət edən qardaşlar həqiqətdə nisbətən yenidirlər. Yerli qardaşlar təvazökarlıq göstərib onların yığıncağına köçən təcrübəli ağsaqqallara rəhbərliyi üzərlərinə götürməyə imkan verirlər. Sizin bir ağsaqqal kimi belə ölkəyə köçmək fikriniz varsa, yadda saxlayın ki, məqsədiniz yerli qardaşların əvəzinə xidmət etmək yox, onlarla birgə xidmət etmək olmalıdır. Onları yığıncaqda məsuliyyətlərə can atmağa və üzərlərinə məsuliyyət götürməyə təşviq edin (1 Tim. 3:1). Hansısa iş sizin ölkədəki kimi görülməyəndə səbirli olun. Qardaşlara kömək etmək üçün bir ağsaqqal kimi əldə etdiyiniz təcrübəni bölüşün. İşdir, birdən öz ölkənizə qayıtmalı olsanız, onda yerli ağsaqqalların yığıncağın qayğısına qalmaq üçün təcrübəsi daha çox olacaq.

9 Yığıncağınızın xidmət komitəsi filiala sizin haqqınızda rəy məktubu göndərəndən sonra filial köməyə ehtiyacı olan yığıncaqların adını göndərəcək. Ağsaqqal, yığıncaq xidmətçisi, öncül və ya təbliğçi olmağınızdan asılı olmayaraq, bu məktubu göndərmək mütləqdir. Yığıncağın xidmət komitəsi rəy məktubunu sizin müraciətinizlə birgə birbaşa xidmət etmək istədiyiniz ölkənin filialına göndərəcək.

BAŞQA DİLDƏ TƏBLİĞ

10 Xidməti genişləndirmək üçün başqa dil öyrənmək olar, məsələn, jest dilini. Əgər başqa dildə təbliğ etmək məqsədiniz varsa, bu haqda ağsaqqallarla və rayon nəzarətçisi ilə danışmaq olar. Onlar sizə məsləhət verə və dəstək ola bilərlər. Filialın rəhbərliyi altında bəzi teokratik rayonlarda dil kursları təşkil olunur ki, təbliğçilər və öncüllər başqa dildə təbliğ etməyi öyrənsinlər.

ÖNCÜL XİDMƏTİ

11 Bütün təbliğçilər köməkçi öncül, öncül, xüsusi öncül xidmətində, eləcə də tamvaxtlı xidmətin digər növlərində iştirak etmək istəyənlər üçün tələbləri bilməlidirlər. Öncül olmaq istəyən təbliğçi vəftiz olunmuş nümunəvi məsihi olmalıdır və şəraiti ona müəyyən miqdar saat təbliğ etməyə yol verməlidir. Öncülləri və köməkçi öncülləri yığıncağın xidmət komitəsi, xüsusi öncülləri isə filial təyin edir.

12 Şəraitdən asılı olaraq, bir ay, bir neçə ay və ya qeyri-müəyyən müddət köməkçi öncül kimi xidmət etmək olar. Bir çox təbliğçilər xüsusi vaxtlarda, məsələn, İsa Məsihin ölümünün ildönümündə və ya rayon nəzarətçisinin ziyarət etdiyi ay köməkçi öncül kimi xidmət edirlər. Bəziləri məzuniyyət zamanı, vəftiz olunmuş məktəblilər isə tətil vaxtı köməkçi öncül xidməti götürürlər. Təbliğçilər hər ilin mart və aprel aylarında, eləcə də rayon nəzarətçisi yığıncağı ziyarət edən ay azaldılmış saat norması ilə köməkçi öncül kimi xidmət edirlər. Şəraitinizdən asılı olmayaraq, yüksək əxlaq normalarına müvafiq yaşayırsınızsa, pis vərdişləriniz yoxdursa, tələb olunan saat normasını verə biləcəksinizsə, bir və ya bir neçə ay köməkçi öncül kimi xidmət edə biləcəksinizsə, ağsaqqallar məmnuniyyətlə sizin xahişinizi nəzərdən keçirəcəklər.

13 Öncül kimi xidmət etmək üçün illik saat normasını vermək tələb olunur. Öncüllər yığıncaqla əməkdaşlıq etməlidirlər. Çalışqan öncüllər yığıncaq üçün əsl hədiyyədir, onlar başqalarını təbliğ xidmətinə, hətta öncül xidmətinə həvəsləndirirlər. Vəftiz olandan, ən azı, altı ay sonra öncül xidməti götürmək olar. Bunun üçün nümunəvi təbliğçi olmaq mütləqdir.

14 Xüsusi öncüllər, adətən, yaxşı və səmərəli xidmət edən öncüllərin sırasından seçilir. Filial onları hara təyin etsə, ora getməyə hazır olmalıdırlar. Onlar çox vaxt ucqar ərazilərə təyin olunurlar ki, orada həqiqəti axtaran insanları tapıb yeni yığıncaqlar təşkil etsinlər. Bəzən xüsusi öncüllər sahələrini işləməkdə köməyə ehtiyacı olan yığıncaqlara təyin olunurlar. Bəzən də xüsusi öncül kimi xidmət edən ağsaqqallar kömək üçün kiçik yığıncaqlara təyin edilirlər, hətta həmin yığıncaqlarda təbliğ sahəsində köməyə ehtiyac olmasa belə. Zəruri ehtiyaclarını ödəmək üçün xüsusi öncüllər kiçik məbləğdə vəsait alırlar. Bəzən xüsusi öncüllər müvəqqəti təyin olunurlar.

XÜSUSİ TƏYİNATLI MÜJDƏÇİLƏR

15 Rəhbərlik Şurasının Xidmət komitəsi sahədə xidmət etmək üçün xüsusi təyinatlı müjdəçilər təyin edir. Sonra isə yerli filialın komitəsi onları əhalinin sıx məskunlaşdığı ərazilərə göndərir. Onların əməyi sayəsində təbliğ işi və yığıncağın fəaliyyəti sabit olur. Əksər hallarda xüsusi təyinatlı müjdəçilər Padşahlıq Müjdəçiləri Məktəbində təlim alırlar. Onlara yaşamaq üçün yer və zəruri ehtiyaclarını ödəmək üçün vəsait ayrılır.

RAYON NƏZARƏTÇİLƏRİ

16 Rəhbərlik Şurası təlim keçmiş və rayon nəzarətçisinin köməkçisi kimi xidmət edərək təcrübə toplamış qardaşları rayon nəzarətçisi təyin edir. Bu qardaşlar təbliğ işini və bacı-qardaşları çox sevirlər. Onlar bir öncül kimi zəhmətkeşdirlər, məharətli natiq və müəllimdirlər, Müqəddəs Kitabı dərindən mütaliə edirlər. Onlar ruhun bəhrəsini gözəl şəkildə təzahür etdirirlər, tarazlı, sağlamdüşüncəli və dərrakəli insanlardırlar. Qardaş evlidirsə, onun öncül olan həyat yoldaşı davranışında və insanlara münasibətində nümunəvi olmalıdır, həmçinin yaxşı təbliğ etməyi bacarmalıdır. O, itaətkar məsihi qadın kimi, öz rolunu başa düşməli, ərinin əvəzinə danışmamalı və söhbəti ələ alan insan olmamalıdır. Rayon nəzarətçilərinin və həyat yoldaşlarının cədvəli dolğun olduğu üçün bu xidmət növündə iştirak etmək istəyənlərin sağlamlığı yaxşı olmalıdır. Öncüllər rayon xidməti üçün blank doldurmurlar. Onlar bu haqda istəklərini rayon nəzarətçisinə bildirə bilərlər; o, onlara lazımi məsləhəti verəcək.

TEOKRATİK MƏKTƏBLƏR

17 Padşahlıq Müjdəçiləri Məktəbi. Az işlənən əraziləri işləmək və yığıncaqlara ruhani cəhətdən dəstək olmaq üçün Padşahlıq müjdəçilərinə böyük tələbat var. Buna görə də subay qardaşlar, subay bacılar və ər-arvadlar Padşahlıq Müjdəçiləri Məktəbində təlim almaq üçün ərizə verə bilərlər. Məktəbi bitirdikdən sonra məzunlar öncül kimi öz ölkələrinə, tələbat olan ərazilərdə xidmət etməyə göndərilirlər. Hazırlıq ruhu göstərənlər isə ya öz ölkələrinə, ya da xarici ölkəyə başqa təyinat alırlar. Bəziləri müvəqqəti, ya da daimi olaraq xüsusi öncül təyin olunurlar. Bu məktəbi keçmək istəyən öncüllər məktəbdə oxumaq üçün tələbləri regional toplantıda bu məqsədlə təşkil olunmuş görüşdə öyrənə bilərlər.

18 Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad. Bu məktəbdə subay qardaşlar, subay bacılar və ər-arvadlar oxuya bilər. Onlar ingilis dilini bilən tamvaxtlı xidmətçilərin sırasından seçilir. Bu bacı-qardaşlardan sahənin və filialın işlərini dəstəkləmək və irəli aparmaq gözlənilir. Məktəbə dəvət almazdan əvvəl həyatlarından görünməlidir ki, onlar bacı-qardaşlara ürəkdən kömək edirlər; başqalarına mehribancasına ruhani və teokratik qayda-qanunları öyrədir və bu qayda-qanunlara tabe olmağa kömək edirlər. Gələcək tələbələrə məktəbdə oxumaq üçün blankı yerli filialın komitəsi verir. Məktəbin məzunları öz ölkələrinə və ya xarici ölkəyə, sahəyə və ya filiala təyin olunurlar.

BEYTEL XİDMƏTİ

19 Beyteldə xidmət etmək böyük şərəfdir. «Beytel» sözünün mənası «Allahın evi» deməkdir. Beytel teokratik fəaliyyətin mərkəzi olduğu üçün bu ad yerinə düşür. Beyteldə xidmət edən bacı-qardaşlar çox vacib işlə məşğul olurlar, onlar Müqəddəs Kitaba əsaslanan ədəbiyyatları hazırlayır, tərcümə edir və yığıncaqlara göndərirlər. Rəhbərlik Şurası onların işini yüksək qiymətləndirir, çünki onların əməyi sayəsində bütün dünyada yığıncaqlar rəhbərlik və göstərişlər alır. Tərcüməçi olan beytellilərin əksəriyyəti insanların onların tərcümə etdikləri dildə danışdığı ərazidə yaşayır və xidmət edirlər. Bunun sayəsində tərcüməçilər insanların adi həyatda necə danışdıqlarını eşidirlər. Onlar tərcümə etdikləri ədəbiyyatları oxucuların başa düşüb-düşmədiyini şəxsən görürlər.

20 Beyteldə görülən işlərin əksəriyyəti fiziki işdir. Buna görə də Beytelə əsasən özünü Allaha həsr etmiş, vəftiz olmuş, gənc, sağlam və fiziki cəhətdən güclü qardaşları dəvət edirlər. Əgər sizin ərazidəki filialda tələbat varsa və siz Beyteldə xidmət etmək istəyirsinizsə, tələblər barədə yığıncağınızın ağsaqqallarından məlumat ala bilərsiniz.

TEOKRATİK TİKİNTİDƏ XİDMƏT

21 Süleymanın inşa etdiyi məbədin tikintisi kimi, teokratik tikililərin inşası da müqəddəs xidmətin bir növüdür (1 Pad. 8:13—18). Əksər bacı-qardaşlar böyük həvəslə könüllü olaraq vaxtlarını və qüvvələrini bu işə sərf edirlər.

22 Bəs siz bu işdə kömək edə bilərsiniz? Əgər vəftiz olmusunuzsa və tikinti işlərində iştirak etmək istəyirsinizsə, ərazinizdə tikinti-inşaat işlərinə nəzarət edən qardaşlar köməyinizi məmnuniyyətlə qəbul edəcək və lazım gəlsə, bacarmadığınız işləri öyrədəcəklər. Tikintidə kömək etmək istədiyinizi yığıncağın ağsaqqallarına bildirin. Nəzərinizə çatdıraq ki, hətta bəzi vəftiz olmuş təbliğçilər başqa ölkələrdə tikinti-inşaat işlərində könüllü kimi xidmət etmək şərəfinə layiq görülmüşlər.

23 Tikinti-inşaat işlərində müxtəlif cür iştirak etmək olar. Müəyyən bacarığı olan nümunəvi vəftiz olmuş təbliğçilər öz ərazilərində Yerli layihə-inşaat şöbəsinin könüllüləri qismində xidmət edə bilərlər. Nisbətən uzaq ərazidə müəyyən vaxt ərzində tikinti işlərində iştirak etmək istəyənləri filial iki həftədən üç aya qədər müddətə inşaat könüllüsü təyin edir. Uzun müddətə təyin olunanlar inşaat xidmətçiləri adlanır. Xarici ölkəyə göndərilən inşaat xidmətçiləri xarici inşaat xidmətçisi kimi təyin olunur. İnşaat xidmətçilərindən və inşaat könüllülərindən isə inşaat qrupu təşkil olunur. Onlar layihələrə rəhbərlik edirlər. Onlara yerli layihə-inşaat şöbəsinin və tikinti işlərinə cəlb olunan yığıncaqların könüllüləri kömək edir. İnşaat qrupları tikinti-inşaat işlərini aid olduqları filialın ərazisində aparırlar.

HANSI RUHANİ MƏQSƏDLƏRİNİZ VAR?

24 Əgər həyatınızı Yehovaya həsr etmisinizsə, deməli, siz əbədiyyən Ona xidmət etmək istəyirsiniz. Bəs sizin hansı ruhani məqsədləriniz var? Qarşınıza ruhani məqsədlər qoysanız, qüvvənizi və digər bacarıqlarınızı boş yerə sərf etməyəcəksiniz (1 Kor. 9:26). Belə məqsədlər sizə ruhani cəhətdən böyüməyə və diqqəti daha vacib şeylərə cəmləyərək xidmətinizi genişləndirməyə kömək edəcək (Filip. 1:10; 1 Tim. 4:15, 16).

25 Həvari Bulus Allaha xidmət etməkdə bizə gözəl nümunə qoyub (1 Kor. 11:1). Bulus Yehovaya fədakarcasına xidmət edirdi. O başa düşürdü ki, Yehova onun qarşısında çoxlu imkanlar açıb. Həvari Korinfdəki qardaşlara yazmışdı: «Qarşımda böyük fəaliyyət qapısı açılıb». Eyni şeyi bizim haqqımızda da demək olar. Yehovaya yığıncaqla birgə xidmət etmək üçün çoxlu imkanımız var, xüsusilə də xoş xəbərin təbliğ işində iştirak etməklə bunu edə bilərik. Həvari Bulus kimi, biz də «böyük fəaliyyət qapısı»ndan keçəndə çoxlu əleyhdarlarla qarşılaşırıq (1 Kor. 16:9). Bulus həmişə özünü cilovlamağa çalışırdı. Görün o nə demişdi: «Bədənimə cəfa verib onu kölə kimi özümə tabe etdirirəm» (1 Kor. 9:24—27). Bizdə də Bulusun əhval-ruhiyyəsi varmı?

Qarşınıza ruhani məqsədlər qoysanız, qüvvənizi və digər bacarıqlarınızı boş yerə sərf etməyəcəksiniz

26 Hər kəs öz şəraitini nəzərə alaraq qarşısına teokratik məqsədlər qoya bilər. Bir çoxları uşaq vaxtından qarşılarına ruhani məqsədlər qoyduqları üçün indi tamvaxtlı xidmətdə iştirak edirlər. Vaxtilə valideynləri, uşaq olsalar da, onları bu məqsədə can atmağa təşviq edib. Nəticədə, onlar Yehovaya xidmətdə zəngin həyat yaşayırlar və buna görə peşman deyillər (Məs. 10:22). Qarşınıza başqa gözəl məqsədlər də qoya bilərsiniz, məsələn, hər həftə təbliğ xidmətinə çıxın, Müqəddəs Kitab dərsləri başlayın, ya da ibadət görüşlərinə hazırlaşmaq üçün daha çox vaxt ayırın. Əsas odur ki, mətin olasınız və xidməti tam şəkildə icra edəsiniz. Beləcə, biz Yehovanın adını ucaldacaq və ali məqsədimizə, Yehovaya əbədiyyən xidmət etmək məqsədinə çatacağıq (Luka 13:24; 1 Tim. 4:7b, 8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş