Əlavələr
Məsihi valideynlərə ismarıc
Valideynlər, sözsüz ki, siz əziz övladınızın Yehovanı sevməsini və özünü Ona həsr etməsini istəyirsiniz. Uşağınıza vəftizə hazır olmağa necə kömək edə bilərsiniz? Onların vəftizə hazır olduğunu necə müəyyən etmək olar?
İsa davamçılarına tapşırmışdı: «Bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin» (Mət. 28:19). Bu ayəyə əsasən, əsas tələb insanın şagird olmasıdır, yəni vəftiz olmaq istəyən insanın Məsihin təlimlərini başa düşüb qəbul etməsi azdır, o həmçinin Məsihin izləri ilə getməlidir. Bunu hətta nisbətən balaca uşaqlar da bacarar.
Uşaqlarınız üçün yaxşı nümunə olun və Yehovanın təlimlərini onlara aşılayın (Qan. 6:6—9). Bunun üçün «Əbədi xoşbəxt həyat!» kitabının köməyi ilə onlara Müqəddəs Kitab həqiqətlərini öyrədin, onlarda Müqəddəs Kitab prinsipləri üzərində düşünmək və onlara uyğun yaşamaq qabiliyyəti yetişdirin. Uşaqlarınıza kömək edin ki, əqidələrini özləri sərbəst şəkildə müdafiə etməyi bacarsınlar (1 But. 3:15). Sizdən öyrəndikləri, sizin ruhlandırıcı sözləriniz, Müqəddəs Kitabın mütaliəsindən, ailəvi ibadətdən, ibadət görüşlərindən, yaxşı dostlardan aldıqları biliklər və eşitdikləri xoş sözlər uşaqlarınıza vəftiz olunmağa və ondan sonra da inkişaf etməyə kömək edəcək. Övladlarınıza ruhani məqsədlərə can atmağa həmişə kömək edin.
Məsəllər 20:11 ayəsində yazılıb: «Hətta uşaq da əməllərindən tanınır, oturuşu-duruşu təmizmi, dürüstmü bəlli olur». Oğlan və ya qız olmasından asılı olmayaraq, uşağın hansı hərəkətlərinə əsasən onun İsa Məsihin şagirdi olduğunu və vəftizə hazır olduğunu müəyyən etmək olar?
Vəftiz olmaq istəyən uşaq valideynlərinə qulaq asmalıdır (Həv. 5:29; Kol. 3:20). Müqəddəs Kitabda 12 yaşlı İsa haqqında deyilir ki, o, valideynlərinin sözündən çıxmırdı (Luka 2:51). Təbii ki, siz uşaqlarınızdan kamillik gözləməməlisiniz. Amma əgər uşaq vəftiz olmaq istəyirsə, o, İsanın nümunəsini izləməli və valideynlərinə qulaq asan bir uşaq kimi tanınmalıdır.
O həmçinin Müqəddəs Kitab həqiqətlərini öyrənməyə həvəsli olmalıdır (Luka 2:46). Bəs uşağınız ibadət görüşlərinə gedir, orada fəal iştirak edir? (Zəb. 122:1). Hər gün həvəslə Müqəddəs Kitabı oxuyur və mütaliə edir? (Mət. 4:4).
Vəftiz olmağa can atan uşaq Padşahlığı həyatında hər şeydən üstün tutur (Mət. 6:33). O, imanını başqaları ilə bölüşmək məsuliyyəti daşıdığını başa düşür. Xidmətin müxtəlif növlərində iştirak edir, müəllimlərinə və məktəb yoldaşlarına Yehovanın Şahidi olduğunu deməyə utanmır. Məsihi həyatı və ibadəti görüşündə aldığı tapşırıqlara məsuliyyətlə yanaşır.
O, əxlaqi cəhətdən təmiz qalmaq üçün pis dostlardan uzaq durur (Məs. 13:20; 1 Kor. 15:33). Bu, onun musiqi, film, televiziya proqramları, videooyunlar seçimindən və İnternetdən istifadə etməyindən görünür.
Əksər uşaqlar valideynlərinin əziyyətini yerə vurmayıb, həqiqəti mənimsəyib və gənc yaşlarında vəftiz olunublar. Vəftiz uşaqlarınızın Yehova ilə münasibətlərində əlamətdar məqamdır. Qoy Yehova sizə uşaqlarınıza bu məqsədə çatmaq üçün göstərdiyiniz cəhdlərə xeyir-dua versin.
Vəftiz olunmamış təbliğçilərə ismarıc
Yığıncaqla birgə vəftiz olunmamış təbliğçi kimi xidmət etmək şərəfdir. Ruhani cəhətdən irəli getdiyiniz üçün sizi tərifləyirik. Siz Müqəddəs Kitabı öyrənməklə Allahı tanımısınız, Onun vədlərinə iman gətirmisiniz (Yəh. 17:3; İbr. 11:6).
Yəqin, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməzdən əvvəl sizin hansısa dinlə əlaqəniz olub, ya da ümumiyyətlə heç bir dinə aidiyyətiniz olmayıb. Ola bilsin, Müqəddəs Kitaba zidd gedən işlərlə məşğul olmusunuz. Amma indi siz imanınızı əməldə göstərirsiniz — tövbə etmisiniz, yəni əməllərinizə görə peşman olmusunuz; yolunuzdan dönmüsünüz, yəni pis əməllərdən əl çəkmisiniz və Allahın yolunu tutmusunuz (Həv. 3:19).
Yaxud da, ola bilsin, Müqəddəs Yazıları körpəlikdən bilirsiniz. Buna görə də məsihilərə yaraşmayan davranışdan və ciddi günahlardan uzaq olmusunuz (2 Tim. 3:15). Siz həmyaşıdların təzyiqinə qarşı durmağı və Yehovanın gözündə pis işlərə təhrik edən digər tələlərdən uzaq gəzməyi öyrənmisiniz. Siz pak ibadətin tərəfini tutmaqla və etiqadınızı təbliğ etməklə Allaha imanınızı göstərmisiniz. Xidmətdə müəyyən təcrübə toplamısınız və Yehovaya vəftiz olunmamış təbliğçi kimi xidmət etmək qərarına gəlmisiniz.
Yehovanı sonradan tanımağınızdan və ya Onun yollarını uşaqlıqdan öyrənməyinizdən asılı olmayaraq, ola bilsin, siz ruhani inkişaf yolunda növbəti iki addımı atmağa — həyatınızı Yehovaya həsr etməyə və vəftiz olunmağa hazırlaşırsınız. Siz duada Yehovaya əbədiyyən sadiq qalmaq qərarında olduğunuzu bildirərək həyatınızı Ona həsr edə bilərsiniz (Mət. 16:24). Sonra həsrolunmanızın simvolu olaraq suda vəftiz olunmaq lazımdır (Mət. 28:19, 20). Həyatınızı Yehovaya həsr etməklə və vəftiz olunmaqla Onun xidmətçisi olacaqsınız. Bizə necə də böyük şərəf nəsib olub!
Müqəddəs Kitabdan öyrəndiyiniz kimi, ola bilsin, sınaqlarla üzləşəcəksiniz. Yadınızdadırsa, vəftiz olunandan dərhal sonra «Allahın ruhu İsanı çöllüyə apardı ki, İblis onu imtahana çəksin» (Mət. 4:1). İsanın şagirdi kimi vəftiz olunandan sonra da sizi sınaqlar gözləyir (Yəh. 15:20). Sınaqlar müxtəlif ola bilər. Ailə üzvləriniz sizə qarşı çıxa bilər (Mət. 10:36). Ola bilsin, məktəb yoldaşlarınız, iş yoldaşlarınız və ya keçmiş dost-tanışlarınız sizi lağa qoyacaqlar. İsanın Mark 10:29, 30 ayələrində yazılmış sözlərini həmişə yadınızda saxlayın: «Əmin olun, mənim yolumda və müjdə uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyub gələn mütləq bu dövrdə təqiblərlə yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcəkdə isə əbədi həyat alacaq». Odur ki, bundan sonra da Yehovaya yaxın olmağa və Onun salehlik normalarına uyğun yaşamağa can atın.
Vəftiz olunmaq istəyinizi ağsaqqallar şurasının koordinatoruna bildirin. Bu mövzudan sonra gələn sualların əsasında ağsaqqallar sizinlə müzakirə aparacaq və sizin vəftizə yararlı olub-olmadığınızı müəyyən edəcəklər. Bu sualları əvvəlcədən mütaliə vaxtı özünüz araşdıra bilərsiniz.
Müzakirəyə hazırlaşanda gətirilən ayələri oxuyub üzərində düşünün. İstəsəniz, kitabda və ya başqa yerdə qeydlər apara bilərsiniz. Müzakirə vaxtı bu qeydlərdən istifadə etmək və kitabı açıq saxlamaq olar. Əgər hansısa sualı başa düşmək çətindirsə, sizə Müqəddəs Kitabı öyrədən adamdan və ya ağsaqqallardan kömək istəyə bilərsiniz.
Müzakirə vaxtı suallara uzun-uzadı və mürəkkəb cavab verməyə ehtiyac yoxdur. Sadə, konkret şəkildə və öz sözlərinizlə cavab vermək düzgün olar. Yaxşı olardı ki, sualların çoxuna cavab verəndə təsdiq olaraq Müqəddəs Kitabdan bir-iki ayə gətirəsiniz.
Əgər Müqəddəs Kitabın əsas təlimləri barədə kifayət qədər biliyiniz yoxdursa, ağsaqqallar tədbir görəcək ki, Müqəddəs Kitabdan aldığınız dəqiq bilikləri öz sözlərinizlə ifadə edə bilməyiniz və başqa vaxt vəftiz olunmağınız üçün sizə kömək göstərilsin.
[Ağsaqqalların nəzərinə: vəftiz olunmaq istəyənlərlə müzakirəyə dair rəhbərlik 208—212 səhifələrdə yerləşir.]