DƏRS 74
İsa Məsih təyin olunur
Yəhya peyğəmbər təbliğ edir: «Məndən daha güclüsü gəlir». İsa 30 yaşı olanda Cəlilədən İordan çayına gəlir. Yəhya peyğəmbər həmin çayda insanları vəftiz edir. İsa Yəhya peyğəmbərə deyir ki, onu vəftiz etsin. Ancaq Yəhya peyğəmbər ona cavab verir: «Mən səni vəftiz etməməliyəm, sən məni vəftiz etməlisən». İsa Yəhya peyğəmbərə cavab verir: «Yehova istəyir ki, sən məni vəftiz edəsən». Bundan sonra onlar İordan çayına girirlər. Yəhya peyğəmbər İsanı tamamilə suya batırır.
İsa sudan çıxanda Yehovaya dua edir. Həmin an göylər açılır və Allahın ruhu göyərçin şəklində aşağı enir. Sonra Yehova göydən deyir: «Sən mənim sevimli Oğlumsan; səndən çox razıyam».
Yehovanın ruhunun İsanın üzərinə enməsi ilə o, Məsih olur. Artıq o, Yehovanın onunla bağlı niyyətini yerinə yetirməyə başlaya bilər.
Vəftiz olunduqdan dərhal sonra İsa Məsih səhraya gedib, 40 gün orada qalır. O, geri qayıdanda Yəhyanın yanına gedir. İsa onun yanına çatanda Yəhya deyir: «Budur insanların günahını yuyan Allahın Quzusu». Yəhya bu sözü deyərək camaata İsanın Məsih olduğunu bildirir. Bilirsən İsa Məsih səhrada olanda nə baş verir? Gəl öyrənək.
«Göydən bir səs gəldi: “Sən Mənim sevimli Oğlumsan. Səndən çox razıyam”» (Mark 1:11)