«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
MAY
*** w98 1/5 s. 30 ***
Əyyub kamilliyinə görə mükafat aldı
Yehova ilk növbədə Əlifəzi, Bildadı və Söfəri məzəmmət etdi. Yaşca digrlərindən böyük olan Əlifəzə müraciət edərək dedi: «Sənə və sənin iki yoldaşına bərk qəzəblənmişəm. Çünki siz qulum Əyyubdan fərqli olaraq, Mənim barəmdə həqiqəti danışmadınız. İndi yeddi buğa, yeddi qoç götürüb qulum Əyyubun yanına gedin və özünüzdən ötrü yandırma qurbanı təqdim edin. Qulum Əyyub da sizdən ötrü dua edəcək. Mən onun xahişini qəbul edəcəyəm və axmaqlıq etdiyinizə görə, qulum Əyyubdan fərqli olaraq, Mənim barəmdə həqiqəti danışmadığınıza görə sizə cəza verməyəcəyəm». (Əyy. 42:7, 8) Bir düşünün bu nə demək idi!
Yehova Əlifəzdən, Bildaddan və Söfərdən çoxlu qurban gətirmələrini tələb etdi. Çox güman, Yehova istəyirdi ki, onlar günahlarının ağırlığını başa düşsünlər. Onlar “Allah qulluqçularına etibar etmir”, Əyyubun sadiq qalıb qalmamasının Allah üçün heç bir əhəmiyyəti yoxdur, kimi yanlış fikirlər söyləmişdirlər. Fərqi yoxdur onlar bunu qəsdən, yaxud bilmədən demişdilər, amma fakt fakt olaraq qalırdı, bu sözlərlə onlar Allaha qarşı küfr söyləmişdilər. Əlifəz hətta demişdi ki, Allahın gözündə Əyyub adi güvədən heç nə ilə fərqlənmir! (Əyy. 4:18, 19; 22:2, 3) Buna görə Yehova onlara dedi: “Siz Mənim barəmdə həqiqəti danışmadınız”!
Amma bu hələ işin yarısı idi. Əlifəz, Bildad və Söfər həm də Əyyubun özünə qarşı günah iş tutdular. Onlar iddia edirdilər ki, Əyyub öz günahlarının cəzasını çəkir. Bu əsassız ittihamlarda mərhəmətdən, şəfqətdən əsər-əlamət yox idi. Bu sözlər onsuz da dərdən üzülmüş Əyyuba ağır zərbə oldu və o dilə gəldi: “Nə vaxtadək məni təngə gətirəcəksiniz, sözlərinizlə məni əzəcəksiniz?” (Əyy. 10:1; 19:2) Təsəvvür edin bu üç kişi necə xəcalət çəkə-çəkə Əyyubun yanına gəlib öz günahlarına görə qurban təqdim etməli idilər!
Amma Əyyub onların alçaldığını görəndə sevinməli deyildi. Yehova dedi ki, o, təqsirkarlara görə dua etsin. Əyyub deyildiyi kimi etdi və buna görə mükafatını aldı. İlk öncə Yehova onu ağır xəstəlikdən sağaltdı. Sonra Əyyubun bacı-qardaşları, köhnə yoldaşları ona təsəlli verməyə gəldilər, “hər biri Əyyuba bir parça gümüş və qızıl üzük bəxş etdi.” Bundan əlavə, Əyyubun “on dörd min qoyunu, altı min dəvəsi, min cüt mal-qarası və min dişi eşşəyi oldu”. Arvadı da onunla barışdı. Bir müddətdən sonra Allah Əyyuba övlad payı verdi: onun yeddi oğlu və üç qızı oldu. O, uzun ömür sürüb dörd nəslə qədər nəvə-nəticə gördü. (Əyy. 42:10-17).
*** w98 1/5 s. 31 ***
Əyyub kamilliyinə görə mükafat aldı
Yehova Əyyubu sağaltmazdan qabaq dedi ki, ona qarşı günah işləyənlərdən ötrü dua etsin. Bu, bizim üçün necə də gözəl nümunədir! Yehova deyir ki, öz günahlarımızın bağışlanmasını istəyiriksə, gərək əvvəlcə bizə qarşı günah eləyənləri bağışlayaq. (Mət. 6:12; Efes. 4:32) Əfv üçün əsas olsa da, biz insanı bağışlamaq istəmiriksə, nə üzlə Yehovanın bizə mərhəmət göstərəcəyini gözləyə bilərik? (Mət. 18:21-35).
*** w94 15/11 s. 20, abz. 19, 20 ***
Əyyubun mükafatı ümid mənbəyidir
19 Əyyub dərd-sərini bir yana qoyub fikrini Allaha xidmətə cəmləyən kimi, Yehova vəziyyəti dəyişdi. Əyyub üç yoldaşı üçün dua edəndən sonra Allah “ona əvvəlki firavanlığını qaytardı”, “var-dövlətini əvvəlkindən ikiqat artırdı”. Yehova Əyyubu Şeytanın verdiyi əzablı xəstəlikdən möcüzə ilə sağaltmaqla Şeytandan güclü olduğunu göstərdi. Allah həm də cin qoşunlarının qarşısına sədd qoydu ki, Əyyuba hücum etməsinlər və sadiq Əyyubu mələklərinin müdafiəsi ilə əhatə etdi. (Əyy. 42:10; Zəb. 34:7).
20 Əyyubun bütün bacı-qardaşları, keçmiş dostları yanına gəlib süfrəsində əyləşdilər. Onlar Əyyubun dərdinə şərik oldular, Yehovanın izni ilə onun başına gəlmiş bəlalardan ötrü ona təsəlli verdilər. Onlardan hər biri Əyyuba pul və qızıl üzük bağışladı. Yehova Əyyubun son illərini əvvəlkindən daha xeyir-bərəkətli etdi, onun 14,000 qoyunu, 6,000 dəvəsi, 1,000 cüt mal-qarası və 1,000 dişi eşşəyi oldu. Əyyubun yenə də yeddi oğlu və üç qızı doğuldu. Onun qızları —Yəmiməyə, Qəziyəyə və Qərənhəffiqə bütün o yerlərdə gözəllikdə tay olacaq başqa qız yox idi, Əyyub da onlara qardaşları ilə bərabər miras verdi. (Əyy. 42:11-15). Bundan sonra Əyyub 140 il yaşadı və dörd nəslə qədər nəvə-nəticə gördü. Müqəddəs Yazılarda deyilir: “Əyyub uzun ömür sürdü və həyatdan doymuş halda vəfat etdi” (Əyy. 42:16, 17) Çəkdiyi bütün əziyyətlərdən sonra bu qədər uzun ömür yaşaması Yehova Allahın bir möcüzəsi idi.
*** it-1 s. 507, 508 ***
İp, qaytan
Müqəddəs Kitabda sap, qaytan, kəndir və müxtəlif cür ip mənasını verən bir neçə ibrani sözü və bir yunan sözü istifadə olunmuşdur. Ən çox ibrani sözü xevel istifadə olunmuşdur. Xevel həm hərfi, həm də məcazi mənada ip və ya kəndir mənasında istifadə edilə bilər. (2İş 17:13; Vz 12:6; Hş 11:4, haşiyə) Bu söz həmçinin ölçü “ipi” mənasını da daşıya bilər (2İş 8:2), buna görə də bəzən topoqrafik termin kimi istifadə edilərək ölçülmüş ərazini, “torpaq” payını bildirir, (Yş 17:5, 14; 19:9) və ya “bölgə” kimi tərcümə edilir (Qn 3:4, 13, 14).
Müqəddəs Kitabda ip mənasında işlədilən yeganə yunan sözü sxoynion sözüdür. O, qamışdan, qarğıdan düzəldilən ip və ya kəndir mənasını verir. Haqqlı olaraq qəzəblənən İsa Məsih, “kəndirdən bir qamçı düzəldib” məbəddə mal-qara, qoyun satanları məbəddən qovdu. Görünür, İsa qamçıdan insanları vurmaq üçün yox, heyvanları qovmaq üçün istifadə edirdi. (Yh 2:13-17).
Qədimdə istifadə olunan bəzi iplər və qaytanlar kətandan, digərləri çətənə liflərindən, rami liflərindən (gicitkənkimilər fəsiləsinə aid Asiyada bitən bir bitki, elmi adı: qar bemeriyas) və xurma ağacı liflərindən düzəldilirdi. Xurma ağacının qabığındakı liflərdən düzəldilmiş möhkəm, qalın kəndir Əzyun-Qəbər şəhərində aşkar edilmişdir. Görünür, müxtəlif növ qamış və qarğıdan da geniş istifadə edilirdi, məsələn, misirlilər dəri zolları burub möhkəm iplər düzəldirdilər. Rami liflərindən olduqca möhkəm iplər alınırdı, onlardan çox vaxt balıqçı torları düzəldilirdi.
İplər və qaytanlar çox vaxt geyimdə də istifadə edilirdi. Məsələn, görünür Yəhuda öz möhür üzüyünü qaytana (ibr., patil [Yr 38:18, 25]) keçirib üstündə gəzdirirdi. “Xalis qızıldan ipə bənzər burma zəncir” düzəldilib İsrailin baş kahininin geydiyi sinəbəndin küncünə bərkidilmiş iki halqadan keçirirdlər (Çx 39:15-18). Fars padşahı Ahaşveroşun sarayı “kətan, xalis pambıq” və zərif qaytanları olan mavi rəngli qumaş pərdələrlə bəzədilmişdi (Əs 1:6).
Çadırları “iplərlə” (İbr., mehtar) bərkidirdilər. (Əş 54:2; Çx 39:40) Araba “ipləri” (İbr., avot [Əş 5:18]) və “yay” ipləri (İbr., yetarim [Zb 11:2]) olurdu. Kəndirlə həmçinin əsirlərin əl-qolunu bağlayırdılar (Hk 15:13-15; Hz 3:25). Kəndirlərdən gəmiçilikdə istifadə edirdilər (Əş 33:23). Rəhaba deyilmişdi ki, al rəngli ipdən [İbr., xut] düzəldilmiş “kəndiri [İbr. tiqvahʹ]” pəncərədən assın ki, Ərihanın dağıdılması zamanı özü ilə ailəsi tələf olmasın. (Yş 2:17-21).
Məcazi mənada istifadəsi. Vaiz demişdi: “Üçqat ip tez qırılmaz.” (Vz 4:12) Üç teldən ibarət ipi açıb hər telini asanlıqla qırmaq olar. Ancaq onlar bir-birinə hörüldüyü üçün, alınan “üçqat ipi” sındırmaq asan iş deyil. Eynilə də, Allahın xidmətçiləri həmfikir olduqda və eyni məqsədə can atdıqda, onlar daha böyük ruhani gücə malik olacaqlar. Məhz belə güc müqavimətlərə, təqiblərə tab gətirməyə kömək edir. Vaiz həm də cavanlıq çağlarında, “gümüş ip qırılmamış” Ulu Yaradanı unutmamağa sövq edirdi (Vz 12:1, 6). “Gümüş ip” dedikdə, çox güman ki, onurğa sütünu nəzərdə tutulur, onun sınması ağır fəsadlara gətirib çıxarır, bəzi hallarda hətta ölümlə də nəticələnir.
Davud ölümlə üz-üzə gəldiyi vaxt keçirdiyi hissləri Zəburda “ölüm ipləri mənə dolanmışdı” sözləri ilə təsvir etmişdi, son mənzilə getməyinə az qaldığını sanaraq “Məzarın ipləri mənə sarılmışdı” deyə yazmışdı. Görünür, Davud ölümün ip kimi ona dolanıb sanki onu Məzara çəkdiyini hiss edirdi. (Zb 18:4, 5).
Əşiya peyğəmbər demişdi: “Cinayətini yalan ipləri ilə dartanların, günahını arabatək çəkənlərin vay halına!” Görünür, peyğəmbər nasalehlərin günaha və yalana bağlılığını heyvanların iplərlə arabalara qoşulub onları dartması ilə müqayisə etmişdir. (Əş 5:18).
Məbluğ edilmiş aramilər tabeçilik və rəzillik rəmzi olaraq, “çul geyinib, boyunlarına kəndir salıb” İsrail padşahı Əhəbin hüzuruna gəldilər ki, o, aram padşahı II Bənhədada rəhm etsin. Çox güman ki, onlar başlarına, yaxud boyunlarına ip bağlamışdılar. (1Pd 20:31-34).
Qədimdə israillilərə tabe olmaq istəməyən bütpərəst hakimlər və xalqlar Allaha və Onun məsh edilmişinə qarşı birləşdikləri kimi, peyğəmbərlikdə deyilir ki, dünyanın padşahları və əsilzadələri bir nəfər kimi “Yehovaya və Onun məsh etdiyinə” qarşı birləşib belə deyəcəklər: “Onların buxovlarını qoparaq, iplərini üzərimizdən sıyırıb ataq’. Rəhbərlər və xalqlar Yehova Allahın və Onun məsh etdiyinin onların üzərinə qoyduqları hər bir məhdudiyyətə qarşı çıxacaqlar. Bununla belə, onların cəhdləri boşa çıxacaq. (Zb 2:1-9).
Çadır ipləri qırılsa, çadır yıxılır. Bu səhnə xarabalığı, viranəliyi təsvir edir. (Ər 10:20) Ancaq digər bir peyğəmbərin yazılarında bunun əksi, Yehova Allahın iltifatı və bərpa dövrü növbəti sözlərlə təsvir edilir: “Siona, bayramlar keçirdiyiniz şəhərə bir bax! Görəcəksən, Yerusəlim dinclik məkanıdır, Sökülməz bir çadır kimidir. Mıxları çıxarılmaz, iplərindən biri də qırılmaz.” (Əş 33:20).
*** it-2 s. 386 ***
İbrani Yazılarında Məsih.
Dənyal 9:25, 26 ayələrində işlənmiş maşiax sözü yalnız və yalnız gələcək Məsihə şamil edilirdi. Bununla belə, İbrani Yazılarında digər ayələr də var ki, həm sırf ona, həm də digər şəxslərə aid edilir. Misal üçün, Zəbur 2:2 ayəsindəki sözlər, görünür, əvvəlcə Davud Padşaha aid işlənmişdir. O vaxt filişt padşahları onu taxtdan salmağa cəhd göstərmişlər. Sonra isə bu peyğəmbərlik Məsihə tətbiq edildi. Bu barədə Həvarilərin işləri 4:25-27 ayələrində danışılır və Zəburdan olan bu ayə Məsihə şamil edilir. Bundan başqa, “məsh edilmiş” adlanan bir çox adam İsa Məsihi və onun gələcəkdə görəcəyi işi təcəssüm etdirirdi; belələrinin arasında Davudun, İsrailin baş kahinlərinin və Musanın adını çəkmək olar.
*** w04 1/8 s. 5 ***
Allahın hökuməti realdır
İtaətsiz, boyun əyməyən xalqların dəmir əsa ilə əzilməsi Armagedonda baş verəcək. Müqəddəs Yazıların son bölməsi olan Vəhy kitabında bu hadisə “Qadir Allahın böyük günündə olacaq müharibə” adlanır. “yer üzünün padşahları“ bu müharibəyə toplanır (Vəhy 16:14, 16) Cinlərin təsiri altına düşmüş dünya xalqları Qadir Allaha qarşı vuruşmaq məqsədilə əlbir olub birləşəcəklər.
İnsanların Allahın hakimiyyətinə qarşı vuruşmaq üçün birləşəcəyi vaxt sürətlə yaxınlaşır. Di gəl bu “birlikdən” onlara bir xeyir dəyməyəcək. Əksinə, onların bu hərəkəti bütün bəşər üçün çoxdan gözlənilən sülhün tezliklə bərqərar olunacağına işarə edəcək. Bu nə deməkdir? Son müharibədə, Allahın Padşahlığı “bütün bu padşahlıqları əzib yox edəcək, özü isə əbədi duracaq” (Dən. 2:44). İnsanların yaratdıqları təşkilatlar yox, məhz Allahın Padşahlığı, bəşəriyyətə çoxdan gözlədiyi sülhü bəxş edəcək.
*** w89 15/9 s. 26, 27 ***
Kimlər Allahın dostu ola bilərlər?
Əgər biz Allahla dost olmaq istəyiriksə, biz yalan danışmamalı, istədiyimizə nail olmaq üçün şirin dilimizə salıb danışmamalıyıq, ikiüzlülük etməməliyik (Zəb. 12:2) Biz yalniz dildə yalan danışmamaqla kifayətlənməməliyik, ürəkdə də dürüst olmalıyıq. Bizim riyasız imana sahib olduğumuz görünməlidir. (1 Tim. 1:5) Bəzi adamlar açıq-aşkar yalan danışır və ya ad-sanını batırmamaq üçün həqiqəti axıra kimi demirlər. Digərləri məktəb imtahanlarında köçürürlər, başqaları az vergi ödəməkçün gəlirini saxtalaşdırır. Bu cür hərəkətlər insanın doğruluğa, düzgünlüyə qarşı məhəbbətinin çatışmadığını göstərir. Ancaq dürüstlük, düz işlər Allahın dostlarının ürəyincədir (Mət. 15:18-20) Onlar yalançı, hiyləgər deyillər. (Məs. 3:32; 6:16-19).
*** w89 15/10 s. 12, abz. 10, 11 ***
Dedi-qodudan uzaq gəzin!
10 Zəbur 15:1 ayəsində Allaha sitayiş edənlərə istinadən belə deyilir: “ Ey Yehova, çadırında kim mehman olar? Müqəddəs dağında kim yaşayar?” Davud peyğəmbər belə insan haqda demişdi ki, onun “dilindən böhtan çıxmaz, başqasına pislik etməz, dostuna qara yaxmaz” (Zəb. 15:3) Burada “böhtan” kimi tərcümə edilmiş ibrani sözü “ayaq tutub gəzmək”, başqa sözlə “yayılmaq” mənasını verir. İsraillilərə əmr edilmişdir: “Qapı-qapı gəzib camaatı şərləməyin” (Lav. 19:16). Camaatı “şərləyən” insanı Allah çadırına dəvət etmir, belə insan Allahın dostu ola bilməz.
11 Allahın dostları heç kəsə pislik etmirlər, Allaha sadiq qalan yoldaşları haqda deyilən şaiyələrə, böhtanlara inanmırlar. Dindaşlarımız haqda yanlış məlumat yaysaq, biz də pis adamlara tay oluruq. Biz gərək bacı-qardaşlarımız haqda ancaq yaxşı şeylər danışaq. Biz istəmərik ki, vəfalı bacı-qardaşlar haqda nalayiq sözlər danışaraq onların qanını qaraldaq.
*** w89 15/9 s. 27 ***
Kimlər Allahın dostu ola bilər?
Allahın çadırında qonaq olmaq üçün biz heç kimə şər atmamalıyıq (Zəb. 15:3) Burada “böhtan” kimi tərcümə edilmiş ibrani sözü “ayaq tutub gəzmək” və ya “yayılmaq” mənasını verir. İsraillilərə əmr edilmişdir: “Qapı-qapı gəzib camaatı şərləməyin. Heç kimin qəsdinə durmayın. Mən Yehovayam” (Lav. 19:16; 1 Tim. 5:13) Əgər biz kiməsə böhtan atırıqsa, kiminsə təmiz adına qara yaxırıqsa, Allahın dostu ola bilmərik.
Davud demişdi: “Qonşusuna xəlvətdən böhtan atanı susduraram” (Zəb. 101:5). Biz də böhtançılara qulaq asmasaq, onları susdurmuş oluruq. Həm də gəlin bir şeyi qulağımızdan sırğa kimi asaq: insanın üzünə demək istəmədiyin şeyi heç vaxt dalınca danışma. Dilimizə yüyən taxsaq, yaxşıdır, amma hərəkətlərimizə də fikir verməyi yaddan çıxarmamalıyıq!
*** it-2 s. 779, 780 ***
Biabırçılıq
Əsaslı və ya əsassız rüsvayçılıq, üzüqaralıq, bədnamlıq. Bu fikir orijinalda, əsasən, ibrani dilində də xerpah, yunan dilində oneydismos (və oneydos) isimləri ilə ifadə olunur. Yalnız rüsvayçılıq, rüsvay olmaq kimi yox, kontekstdən asılı olaraq, “təhqir”, “təhqir etmək” “üzünü ağ etmək” kimi ifadələrlə də tərcümə olunur — Müqayisə edin Yr 30:23; Zb 69:9; Lk 1:25; Rm 15:3.
İnsan müxtəlif səbəblər üzündən və müxtəlif şəraitdə rüsvay ola bilərdi. Qanun əhdi qüvvədə olan vaxt, israilli kişi üçün sünnətsiz olmaq bir rüsvayçılıq, üzüqaralıq idi. (Müq.edin. Hk 14:3.) Bu səbəbdən, səhrada dolaşdıqları müddətdə doğulmuş bütün kişilər İordan çayını keçib sünnət edildikdən sonra Yehova demişdi: “Bu gün Misirin rüsvayçılığını sizin üstünüzdən götürdüm” (Yş 5:2-9). Tarixi faktlar göstərir ki, misirlilər də sünnət olunurdu, beləcə, misirlilər, sünnət olunmadıqlarına görə artıq israilli kişilərə tənə edə bilməzdilər (Ər 9:25, 26; bax SÜNNƏT.) Digər tərəfdən, sünnət Yehova ilə İbrahim övladları arasında bağlanmış “əhdin nişanəsi” idi (Yr 17:9-11). Beləcə, səhrada böyüyüb boya-başa çatmış nəslin sünnət edilməsi (yaşlı nəsil səhrada ölmüşdü), Allahın xalqla kəsdiyi əhdi bir növ yenidən təsdiqləyirdi. Allah həmçinin 40 illik səyahətdən sonra xalqına iltifat göstərirdi; O, xalqını Vəd olunmuş diyara gətirib çıxartdı və sözsüz ki, bu diyarı fəth etməkdə onlara kömək edəcəkdi. Misirlilər israillilərə tənə edir, onları lağa qoyurdular, onlar elə bilirdilər ki, Yehova xalqını Vəd edilmiş diyara gətirib çıxara bilməyək. Amma Yehova xalqını Vəd etdiyi diyara gətirib çıxarmaqla misirlilərin tənələrinin əsassız olduğunu sübut etdi (misirliləri susdurdu). Yeni əhdin hökmü altında olan yəhudilər, yaxud digər xalqlardan olan məsihilər sünnət edilmədiklərinə görə rüsvayçılığa məruz qalmırdılar. (Rm 2:25-29; 3:28-30; 4:9-12; 1Kr 7:18, 19).
İbrani qadının evdə qalıb ərə getməməsi, dul qalması (Əş 4:1; 54:4), həmçinin sonsuz olması (Yr 30:23; Lk 1:25) rüsvayçılıq hesab edilirdi. Allahın İbrahimin övladlarını “dəniz sahilindəki qum dənələri qədər“ çoxaldacağı vədi sözsüz ki, bu hisslərin yaranmasında müəyyən rol oynayırdı (Yr 22:15-18; müqayisə edin 24:59, 60) Həvari Bulus isə əksinə, kişilərin də, qadınların da Allaha yayınmadan xidmət etmək üçün subay qalmasını alqışlayırdı. Həvari dul qadınlar haqda demişdi ki, “zənnimcə, [dul] qadın olduğu kimi qalsa, daha xoşbəxt olar”. (1Kr 7:25-28, 32-40; müq.edin. Mt 19:10-12).
Bütpərəstlik, zina, oğurluq, əxlaqsızlıq və onun bütün növləri, Allaha qarşı hər cür sədaqətsizlik kimi, həmişə rüsvayçılıq hesab edilmişdir. (2İş 13:13; Ms 6:32, 33; Rm 1:18-32; 2:17-24).
Allahın rəğbətini qazanmaq istəyənlər başqaları haqda hörmətsiz danışmamalıdırlar. Məzmurçu Allahın çadırında qonaq olanlar haqda yazırdı ki, belə adamlar “başqasına pislik etməz, dostuna qara yaxmaz”. Başqa sözlə, o, yaxını haqda yalan, böhtan xarakterli məlumat yaymır (Zb 15:1, 3) Fağır adama badalaq gələn, yaxud onu lağa qoyan əslində Allahı təhqir edir (Məs 14:31; 17:5). Bu, Allahın xidmətçilərini böhtan atəşinə tutanlara da aiddir (Zb 74:18-23) Əvvəl-axır bu cür böhtanlar onları yayanlar üçün yaxşı qurtarmayacaq. (Sf 2:8-10).
Yehova xalqının üzünü ağ edir. İsrail xalqı Allahın qanunlarını pozanda, bütpərəstliklə məşğul olanda Yehova Allahı təhqir edirdi, çünki elə çıxırdı ki, Yehovaya ibadətlə ətraf xalqların öz allahlarına etdiyi ibadət arasında heç bir fərq yoxdur, onlar pak ibadəti murdar ibadətə tay tuturdular (Əş 65:7) Sədaqətsizliklərinə görə Allah yol verdi ki, onların başı bəlalar çəksin, başqa xalqlar arasında üzüqara olsunlar (Hz 5:14, 15) Başqa xalqlar İsrailin başına gələnlərin Allahın hökmü olduğunu dərk etmirdilər və beləcə düşünürdülər ki, İsrailin Allahı xalqını xilas etməyə acizdir. Bu isə Yehovanın adını bədnam edirdi. Xalq tövbə edəndə Yehova onları bağışlayır və Öz adına dəymiş ləkəni təmizləyirdi. (Hz 36:15, 20, 21, 30-36).
*** w89 15/9 s. 29, 30 ***
Kimlər Allahın dostu ola bilər?
Yuşə öyrənəndə ki, gibyonlular onunla əhd bağlayanda hiyləyə əl atıblar, yenə də əhdi ləğv etmədi (Yuşə 9:16-19) Biz də, həm kişilər, həm qadınlar, həm gənclər həmişə sözümüzün üstündə durmalıyıq. Qoyun elə olmasın ki, söz verək və sonra bizim üçün daha sərfəli vəziyyət yarandıqda verdiyimiz sözə əməl etməyək. İsa demişdi: “Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun.” (Mət. 5:37) Bu prinsip Yehova ilə münasibətlərə xüsusilə aiddir. Özünü Yehovaya hərs etmiş hər bir xidmətçi əzmli olmalıdır ki, Ona verdiyi sözə, əbədiyyən Allaha sədaqətlə xidmət edəcəyinə əməl etsin. Sözümüzün ağası olmazdan başqa, 15-ci məzmurda Davud peyğəmbər bizi həmçinin maddi məsələlərdə də diqqətli olmağa səsləyir (Zəb. 15:5).
“Sələmlə pul verməz”
İşgüzar məqsədlərlə borc verilmiş pulu sələmlə geri almaq olar. Bu, günah deyil. Ancaq burada Davud ehtiyac içində olanlara “pul verməkdən” danışırdı. Tövratda deyilirdi: “Yanınızda yaşayan, xalqımdan olan kasıba borc pul verəndə, sələmçi kimi davranmayın, ondan sələm almayın.” (Çıx. 22:25; Lav. 25:35, 36) Nəhəmya kasıbların sələmçilərin əlindən zinhara gəldiyini görən kimi bu istismara son qoydu. (Nəh. 5:1-13).
“Sələm” sözü ibrani dilində “dişləmək” mənasını verən sözdən əmələ gəlib. Xəsis sələmçilər bir növ kasıbları və onların var-yoxunu udub-aşırırdılar. Yehova istəyir ki, biz kasıblara kömək əlimizi uzadaq, onlardan heç nə gözləməyək. İsa da bunu deyirdi: “Qonaqlıq verəndə evinə... kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur. Salehlər diriləndə əvəzini alacaqsan” (Luka 14:12-14) Allahın dostu olmaq istəyən adam heç vaxt insanın kasıblığından sui-istifadə etməz və məzmurçunun daha sonra yazdıqlarına uyğun hərəkət edər.
“Günahsızın əleyhinə rüşvət almaz”
Rüşvət alıb-vermək insanın əxlaqını pozur. Allah israillilərə əmr etmişdi: “Rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər, dürüst adamın fikrini dəyişdirər” (Qan. 16:19) “Günahsıza” zərər vurmaq üçün, məsələn, rüşvət alıb məhkəmədə şahidlərin ifadələrini dəyişmək günahdır. Yəhuda İskəryut rüşvət alıb günahsız İsanı satmaqla necə də alçaq iş tutmuşdu! (Mət. 26:14-16).
Bizə elə gələ bilər ki, bu məsələnin bizə heç bir aidiyyəti yoxdur (bu məsələdə tamamilə qüsursuzuq). Bəs heç elə olubmu ki, vəziyyətdən canımızı qurtarmaq üçün “hörmət etmək” qərarına gələk? İşmuil peyğəmbər heç vaxt “rüşvət alıb [pis] əmələ” göz yummamışdı (1 İşm. 12:3, 4) Allahın dostu olmaq, Onun çadırında qonaq olmaq istəyiriksə, hamımız bu cür davranmalıyıq.
“Bu cür adam əsla sarsılmaz”
Saleh insanın gözəl sifətlərini və əməllərini sadaladıqdan sonra məzmurçu 15-ci məzmura bu sözlərlə yekun vurur: “Bu cür adam əsla sarsılmaz”. Bu sözlər insanı öz dini üzərində düşünməyə vadar edir. Əgər bu, həqiqi dindirsə, onda gərək o, bizə (1) kamillik yolu ilə getməyi və düzgün əməllər görməyi, (2) ürəkdə belə həqiqəti danışmağı, (3) böhtan atmamağı (4) pislikdən çəkinməyi öyrətsin. Allahın məqbul saydığı din qoymayacaq ki, biz (5) sadiq yoldaşlarımız haqda yayılan yalanlara qulaq asaraq, onlara qara yaxılmasında iştirak edək, (6) Allahın gözündə mənfur olan insanlarla yaxınlıq edək. Həqiqi din bizi sövq edəcək ki, (7) Yehovadan qorxanlara hörmət edək, (8) verdiyimiz sözü yerinə yetirək, (9) kasıblara əl tutaq və əvəzində heç nə gözləməyək, (10) günahsız insana qarşı rüşvət almayaq.
Davud demir ki, bu sözləri oxuyan, eşidən, deyən və hətta onlara inanan insan “əsla sarsılmaz”. Bu yalnız bu cür yaşayan insana aiddir. Əməlsiz iman ölüdür, Allah bu cür imandan xoşlanmır (Yaq. 2:26) 15-ci Məzmurda sadalanan yaxşı işləri görən adam əsla sarsılmayacaq, çünki Yehova Allahın Özü onu qoruyub ona dayaq olacaq. (Zəb. 55:22).
Əlbəttə, 15-ci məzmurda sadalanan yaxşı əməllər pak ibadət üçün yeganə tələblər deyil. İsa Məsih davamçılarına öyrədirdi ki, Allaha düzgün ibadət etmək üçün “ruha və həqiqətə uyğun” ibadət etmək lazımdır (Yəh. 4:23, 24) Sən də bu gün bir çoxları kimi, Allaha düzgün ibadət edə bilərsən. Yehovanın Şahidləri ilə oturub dursan və Müqəddəs Kitabı öyrənsən, Yerin cənnətə çevriləcəyinə olan imanın daha da artacaq. Bax orada sən əbədiyyən Allahın qonağı və dostu olacaqsan.
*** it-1 s. 1211 ***
Kamillik (eyibsizlik)
Eyibsiz insan Allaha tam sədaqətlidir. O, saleh normalara yalnız ona sərf edən vəziyyətlərdə əməl etmir, istənilən vəziyyətdə və hər vaxt bu normlara uyğun hərəkət edir. Məzmurçu demişdi ki, Allah “ürəyində həqiqəti danışan” eyibsiz adamdan xoşlanır və həm də əlavə etmişdi ki, belə adam “zərərinə olsa belə, əhdindən dönməz”, yəni, verdiyi vədin sonradan ona əl vermədiyi üzə çıxsa belə, sözünə sadiq qalacaq. (Zb 15:1-5; müqayisə et Rm 1:31; 1Tm 1:10.) Eyibsizlik insanın sədaqəti sınağa çəkilən vaxt, düz yoldan dönməsi üçün ona təzyiqlər edilən vaxt xüsusən nəzərə çarpır. İnsan gülüş hədəfinə çevrilsə də, (Əy 12:4; müqayisə et Ər 20:7) acı sözlərə, təhqirlərə məruz qalsa da, (Zb 64:3, 4), ona nifrət etsələr də, amansızcasına təqib etsələr də (Ms 29:10; Am 5:10), o, xəstələnsə də, acınacaqlı vəziyyətə düşsə də, Əyyub kimi, nə olursa olsun “kamilliyindən dönməməlidir”. (Əy 2:3).
*** w05 15/5 s. 32 ***
Hansı bünövrə üzərində tikirsiniz?
Əşiya peyğəmbər yazıb ki, Yehova Allah “yerin təməlini qurub.” (Əşy. 51:13) Bu bünövrə yerin hərəkətini nizamlayan, planetimizi yerində saxlayan dəyişilməz qanunlardan ibarətdir (Zəb. 104:5) Allahın Kəlamında həm də insan cəmiyyətinin “təməli” barədə danışılır. Bu təmələ ədalət, qanun, qayda daxildir. Təməl “yıxılanda” yaxud sarsılanda cəmiyyətdə haqsızlıq, rüşvətxorluq, zorakılıq, nizamsızlıq hökm sürür. (Zəb. 11:2-6; Məs. 29:4).
*** w02 15/9 s. ***
“Məni yaxşı suvarılan sakit yerlərə aparır”
İsrail torpağının isti iqlimində qoyunlar hər gün suvarılmalı idilər. Buna görə də çobanın əsas işlərindən biri də sürünü suvarmaq idi. Bəzən çobanlar quyulardan su çıxarıb axura tökürdülər və heyvanlar axurdan içirdilər (Yar. 29:1-3) Xüsusən də yağış mövsümündə bulaq və çaylar su ilə dolduğundan onların kənarı heyvanlar üçün sakit, səfalı otlaq yerinə çevrilirdi (Zəb. 23:2).
Yaxşı çoban bilir harada bol sulu yaxşı otlaqlar var. Əgər o, ər-ətrafa yaxşı bələddirsə, onda sürüyçün qorxu yoxdur. Davud peyğəmbər uzun illər ərzində Yəhudanın dərə-təpələrində qoyun-quzu otarmışdı və Allahın Öz xalqına yol göstərməsini, bələdçilik etməsini çobanın qoyunları yaxşı, bol sulu otlaqlara aparması ilə müqayisə edirdi. Bir tərcüməyə əsasən Davud belə demişdi: “O, məni sakit sular kənarına aparır”. (Zəb. 23:1-3).
*** w09 1/6 s. 5 ***
Müqəddəs Kitab bu günümüz üçün aktualdır
Müqəddəs Kitabda Allahın belə bir vədi yer alıb: “Səni öyrədəcəyəm, doğru yola yönəldəcəyəm, Sənə nəsihət verəcəyəm, gözüm üstündə olacaq” (Zəb. 32:8) Fikir verin, Allah bizə təkcə məsləhət verməklə kifayətlənmir, O bizi öyrədir, yaxud bizə anlayış, dərrakə verir ki, biz vəziyyətə səthi, üstdən baxmayaq, məsələnin məğzini görüb anlaya bilək. Qarşımıza dəyərli məqsədlər qoymaq üçün bizə də anlayış gərəkdir, belə olduqda həyatımızı mənasız şeylərə sərf etməyəcəyik.