Əxlaqi cəhətdən təmiz qala bilərsiniz
“Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir” (1 YƏHYA 5:3).
1. Bu gün insanların davranışlarında hansı ziddiyyət müşahidə olunur?
HƏLƏ çox illər qabaq, Malaki peyğəmbər Allahdan ilham alaraq, Allaha xidmət edən insanlarla etməyənlərin davranışları arasında nəzərə çarpacaq şəkildə fərqin olacağı bir zamanın gələcəyini qabaqcadan söyləmişdi. Peyğəmbər yazırdı: “O zaman dönəcəksiniz və salehlə günahkar arasında və Allaha qulluq edənlə ona qulluq etməyən arasında ayırd edəcəksiniz” (Malaki 3:18). Bu peyğəmbərlik bu gün yerinə yetir. Əxlaq təmizliyi də daxil olmaqla, Allahın əmrlərini yerinə yetirmək həyatda müdrik və doğru hərəkətdir. Lakin bunu etmək hər zaman asan olmur. İsa əbəs yerə demirdi ki, xilas olmaq üçün məsihçilər bütün qüvvələrini sərf etməlidirlər (Luka 13:23, 24).
2. Kənardan olan hansı tə’sirlərə görə ismətli qalmaq çətindir?
2 Əxlaqi cəhətdən ismətli qalmaq nəyə görə çətindir? Hər şeydən əvvəl, kənardan olan müxtəlif tə’sirlərə görə. Əyləncə sənayesi mənfi nəticələri nəzərə almadan, qeyri-qanuni cinsi əlaqələri məftunedici, zövqverən və yetkinliyə şəhadət edən bir şey kimi təqdim edir (Efeslilərə 4:17—19). Çox vaxt, nikahda olmayan insanlar arasındakı cinsi əlaqələr nümayiş etdirilir. Əksər hallarda filmlərdə və teleşoularda göstərilən cinsi əlaqələrdə, bir-biri ilə sıx əlaqəsi olmayan və bir-biri qarşısında cavabdehlik hiss etməyən insanlar iştirak edirlər. Bir qayda olaraq, mehribanlıq və qarşılıqlı hörmət çatışmır. Bir çoxları belə səhnələri uşaqlıqdan müşahidə edirlər. Bundan əlavə, bugünkü əxlaq azadlığı ruhunda davranmağa ətrafdakılar vadar edirlər, belə davranmayanlara isə bə’zən gülür və onları təhqir edirlər (1 Peter 4:4).
3. Dünyada bir çox insanlar hansı səbəblərdən əxlaqsızlıqla məşğul olurlar?
3 Əxlaqi cəhətdən təmiz qalmağa insanın təbiəti də mane olur. Yeqova insanları cinsi meyllə yaratmışdır və bu meyl güclü ola bilər. Arzular çox vaxt düşündüklərimizlə bağlı olur, əxlaqsızlıq isə Yeqovanın fikirləri ilə uyğun gəlməyən düşüncə ilə əlaqəlidir (Yaqub 1:14, 15). “Britaniya tibb jurnalı”nda dərc olunan, bu yaxınlarda keçirilmiş bir sorğuya əsasən ilk dəfə cinsi əlaqədə olanların çoxu bu addımı maraqdan irəli gələrək atmışlar. Başqaları, həmyaşıdlarından çoxunun cinsi əlaqə cəhətdən fəal olduqlarını zənn edərək, özləri də bakirlik vəziyyətindən çıxmaq istəmişlər. Digərləri isə, hisslərə qapıldıqlarını və ya “həmin an bir balaca sərxoş” olduqlarını söyləyirlər. Əgər Allaha məqbul olmaq istəyiriksə biz başqa cür düşünməliyik. Əxlaqi təmizliyi qorumaq üçün bizə hansı düşüncə kömək edər?
Möhkəm əminlik lazımdır
4. Əxlaqi cəhətdən nöqsansız qalmaq üçün biz nə etməliyik?
4 Əxlaqi cəhətdən təmiz həyat tərzi sürmək üçün, sə’y göstərməyin gərək olduğunu dərk etməliyik. Bu, həvari Pavelin Romadakı məsihçilərə, “Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk” edin deyə yazdığı çağırışı ilə uyğun gəlir (Romalılara 12:2). Əxlaqi nöqsansızlığın dəyərini dərk etmək, Allahın Kəlamında əxlaqsızlığın mühakimə olunduğunu yalnız bilməyi deyil, bu əxlaqsızlığın mühakimə olunmasının səbəblərini və ondan qaçınmağın gətirdiyi faydaları anlamağı da özünə daxil edir. Səbəblərdən bə’ziləri əvvəlki məqalədə müzakirə edilib.
5. Məsihçilərin əxlaqi cəhətdən təmiz qalmalarına əsas səbəb nədir?
5 Lakin məsihçilər cinsi əxlaqsızlıqdan ona görə çəkinirlər ki, bu onların Allahla olan münasibətlərinə tə’sir edir. Öyrəndiyimiz kimi, bizim üçün nəyin daha yaxşı olduğunu O, bilir. Allaha olan məhəbbətimiz pisliyə nifrət etməkdə bizə kömək edəcəkdir (Məzmur 97:10). “Hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə” Allahdan gəlir (Yaqub 1:17). O, bizi sevir. Biz Allaha itaət edərək, Onu sevdiyimizi və bizim üçün etdiklərini qiymətləndirdiyimizi göstəririk (1 Yəhya 5:3). Ədalətli əmrlərini pozaraq, Yeqovanı kədərləndirmək və incitmək istəmirik (Məzmur 78:41). Ona edilən müqəddəs və doğru ibadətə ləkə gətirəcək tərzdə hərəkət etməkdən çəkinirik (2 Peter 2:2; Titusa 2:5). Əxlaqi cəhətdən təmiz qalaraq, Həqq-təalanı sevindiririk (Süleymanın məsəlləri 27:11).
6. Əxlaq normalarımız haqqında ətrafdakılara bildirməyimiz nəyə görə faydalıdır?
6 Əxlaqi cəhətdən nöqsansız qalmağa qərar verdikdən sonra, bu barədə başqalarına da bildirməliyik: bu, müdafiəmiz üçün növbəti addımdır. Qoy insanlar bilsinlər ki, siz Yeqovanın xidmətçilərisiniz və Onun yüksək normalarına riayət etməyə tam əzmlisiniz. Söhbət sizin həyatınızdan, bədəninizdən və seçiminizdən gedir. Bundan nə asılıdır? Səmavi Atanızla olan qiymətli münasibətləriniz. Buna görə aydın göstərin ki, nöqsansızlığınızı qorumaq niyyətindəsiniz. Allahın prinsiplərinə riayət edərək, Onu təmsil etməyimizdən fəxr duya bilərik (Məzmur 64:10). Əxlaq məsələlərinə olan münasibətinizi başqaları ilə müzakirə etməyə heç zaman utanmayın. Bu barədə açıq danışmaq sizi möhkəmlədər, qoruyar və başqalarını sizin nümunənizə riayət etməyə təşviq edər (1 Timoteyə 4:12).
7. Əxlaqi cəhətdən nöqsansız qalmaq qərarımızı necə qoruyub saxlaya bilərik?
7 Yüksək əxlaq normalarına riayət etməyə qərar verdikdən və bu haqda mövqeyimizi başqalarına bildirdikdən sonra, müvafiq tərzdə davranmağımız üçün tədbirlər görməliyik. Bunun üçün, məsələn, dostlar seçərkən ehtiyatlı olmaq vacibdir. Müqəddəs Kitabda deyilir: “Müdriklərlə yeriyən adam müdrik olar”. Sizin əxlaq dəyərlərinizi qiymətləndirən şəxslərlə dostluq edin: belə dostluqlar sizə güc verəcəkdir. Bu ayədə həmçinin deyilir: “Fəqət ağılsızların dostu zərər görər” (Süleymanın məsəlləri 13:20). Qərarınızı zəiflədə biləcək insanlardan bacardıqca kənar gəzin (1 Korinflilərə 15:33).
8. a) Nəyə görə ağlımızı faydalı fikirlərlə qidalandırmalıyıq? b) Nədən qaçınmalıyıq?
8 Bundan əlavə, ağlımızı doğru, ciddi, ədalətli, pak, sevgiyə layiq olan, haqqında yaxşı söylənilən, fəzilət və tə’rifə layiq şeylərlə qidalandırmalıyıq (Filipililərə 4:8). Bunu, baxdığımız və oxuduğumuz şeylərə, həmçinin dinlədiyimiz musiqiyə ehtiyatla yanaşaraq edirik. Əxlaqsız ədəbiyyatın pozucu tə’sir göstərmədiyini söyləmək, əxlaqi ədəbiyyatın bizə müsbət tə’siri olmadığını iddia etməyə bərabərdir. Yaddan çıxarmayın ki, qeyri-kamil insanlar əxlaqsızlığa asanlıqla yuvarlana bilərlər. Şəhvani hisslər oyadan kitablar, jurnallar, filmlər və musiqi düzgün olmayan arzulara sövq edir, bu da öz növbəsində günaha gətirib çıxara bilər. Əxlaqi təmizliyi qorumaq üçün, ağlımızı Allaha məqbul hikmətlə doldurmalıyıq (Yaqub 3:17).
Əxlaqsızlığa aparan addımlar
9-11. Süleymanın izah etdiyi kimi, hansı addımlar gənc adamı tədricən əxlaqsızlığa yönəltdi?
9 Əxlaqsızlığa aparan addımları çox vaxt dəqiq ayırd etmək olar. Atılan hər yeni addım, geriyə yolu çətinləşdirir. Görün Süleymanın məsəlləri 7:6—23 ayələrdə bu necə təsvir olunur. Süleyman “anlayışı [“ürəyi”, YD] əskik” və ya pis məqsədi olan “bir gənci” müşahidə edir. Gənc “alaqaranlıqda, günün axşamında... o qadının [fahişənin] küçəsinə yaxın döngədən keçirdi və onun evinə aparan yolla yeriyirdi”. Bu onun birinci səhvi idi. Alaqaranlıqda “ürəyi” onu hər-hansı bir küçəyə deyil, onun bildiyi kimi, məhz fahişə ilə qarşılaşacağı küçəyə aparırdı.
10 Sonra oxuyuruq: “Budur onu bir qadın qarşıladı, fahişə paltarında, hiyləgər ürəkli”. Gənc onu gördü. Gənc dönüb evinə gedə bilərdi, lakin bunu indi etmək daha çətindir, xüsusən də əxlaqi cəhətdən zəif olduğuna görə. Qadın onu tutub öpür. Gənc, öpüşə razı olub, qadının yoldan çıxaran sözlərinə qulaq asır: “Əmin-amanlıq qurbanları borclu idim və nəzirlərimi bu gün ödədim”. Əmin-amanlıq qurbanlarına ət, un, yağ və şərab daxil idi (Levililər 19:5, 6; 22:21; Saylar 15:8—10). Yəqin ki, qadın ruhani cəhətdən zəif olmadığına və eyni zamanda evində çoxlu ləziz yemək və içkinin olduğuna işarə edirdi. Qadın onu dilə tutur: “Gəl, sabaha qədər eşqdən məst olaq; sevgidən zövq alaq”.
11 Nəticəni təsəvvür etmək heç də çətin deyil. “Dodaqlarının yaltaqlanması ilə onu cəlb etdi”. Gənc “boğazlanmağa gedən öküz kimi” və “cələyə atılan quş kimi” qadının evinə gedir. Axırda Süleyman düşünməyə vadar edən sözlər deyir: “[Quş cələnin] öz canı üçün olduğunu bilmir”. “Allah, əxlaqsızları və zinakarları məhkum” etdiyi üçün, onun canı, yə’ni həyatı cələyə düşmüşdü (İbranilərə 13:4). Həm kişilər, həm də qadınlar üçün nə qədər tə’siredici dərsdir! Allahın xoşuna gəlməyən yola aparan ilk addımlardan qaçmalıyıq.
12. a) “Ürəyi əksik” ifadəsi altında nə nəzərdə tutulur? b) Əxlaqi cəhətdən möhkəmliyi necə inkişaf etdirə bilərik?
12 Diqqət yetirin ki, haqqında bəhs edilən gəncin “ürəyi əksik” idi. Bu ifadə göstərir ki, onun düşüncələri, arzuları, ürəyinin niyyətləri, duyğuları və həyatdakı məqsədləri Allahın bəyəndikləri ilə uyğun gəlmirdi. Onun əxlaqca zəifliyi faciəli nəticələrə gətirib çıxartdı. Bu “axır günlərdə” əxlaqi cəhətdən möhkəmliyi inkişaf etdirmək üçün sə’y göstərmək lazımdır (2 Timoteyə 3:1). Allah bu işdə bizə kömək təqdim edir. O, doğru yolda yeriməyimiz və bizimlə eyni məqsədə can atan insanlarla ünsiyyətdə olmağımıza qüvvə verən məsihçi yığıncaqlarının keçirilməsinin qayğısına qalıb (İbranilərə 10:24, 25). Yığıncaqda bizim qayğımıza qalan və bizə haq yollarını öyrədən ağsaqqallar var (Efeslilərə 4:11, 12). Bizə rəhbərlik təqdim edən Allahın Kəlamı, Müqəddəs Kitabımız var (2 Timoteyə 3:16). Bundan əlavə, Allahın ruhunun köməyini əldə etmək üçün hər zaman dua edə bilərik (Matta 26:41).
Davudun günahlarından ibrət götürmək
13, 14. Davud padşah necə ağır günah işlətdi?
13 Bədbəxtçilikdən, hətta Allahın tanınmış xidmətçiləri də cinsi əxlaqsızlığa cəlb olunmuşlar. Belə şəxslərdən biri, Yeqovaya onillər boyu sədaqətlə xidmət edən Davud padşah idi. Şübhəsiz ki, o, Yeqovanı çox sevirdi. Lakin o, bir dəfə günah yoluna qədəm qoydu. Süleymanın təsvir etdiyi gənc kimi, Davud, günaha səbəb olan və sonra onun günahını ağırlaşdıran addımları atdı.
14 O zaman Davud orta yaşlı, təxminən 50 yaşı olan bir adam idi. Sarayının damından gözəl Bat-şebanı çimərkən gördü. Kim olduğunu araşdırıb öyrəndi. Davud müəyyənləşdirdi ki, qadının əri Uriya, Ammonilərin şəhəri olan Rabbanın mühasirəsində iştirak edir. Davud qadını sarayına gətirtdi və onunla cinsi əlaqədə oldu. Sonra vəziyyət gərginləşdi: Bat-şeba Davuddan hamilə qaldığını öyrəndi. Davud, gecəni arvadı ilə keçirəcəyinə ümid edib Uriyanı döyüşdən geri çağırtdırdı. Beləliklə təəssürat yaratmaq olardı ki, Bat-şebanın uşağının atası Uriyadır. Amma Uriya evə getmədi. Çarəsiz qalan Davud günahlarını gizlətmək üçün, qoşun başçısına yazdığı məktubu əlinə verərək Uriyanı geriyə Rabbaya göndərdi; məktubda tapşırmışdı ki, Uriya öldürülsün deyə onu öndə qoysunlar. Beləliklə Uriya həyatını itirdi, Davud isə Bat-şebanın hamiləliyi hamıya mə’lum olmazdan əvvəl onunla evləndi (2 Samuel 11:1—27).
15. a) Davud günahında necə ifşa olundu? b) Davud Natanın bacarıqlı məzəmmətinə necə yanaşdı?
15 Düşünmək olardı ki, Davud günahını gizlədə bildi. Bir neçə ay keçdi. Bir oğlan uşağı dünyaya gəldi. Əgər 32-ci məzmurda Davud bu hadisə barədə danışırsa, onda mə’lumdur ki, vicdanı onu narahat edirdi (Məzmur 32:3—5). Ancaq günahı Allahdan gizlətmək olmazdı. Müqəddəs Kitab deyir: “Davudun etdiyi şey RƏBBİN önündə pis idi” (2 Samuel 11:27). Yeqova, Davuda işlətdiyi günahı göstərsin deyə peyğəmbər Natanı göndərdi və o, bunu ustalıqla etdi. Davud həmən an günahını e’tiraf etdi və günahının bağışlanması üçün Yeqovaya yalvardı. Səmimi peşmançılığı Allahla barışmasına kömək etdi (2 Samuel 12:1—13). Davud məzəmmət olunduğu üçün incimədi. Əksinə, Məzmur 141:5-ci ayəsində yazılan bu düşüncəni əks etdirdi: “Saleh məni vursun, mərhəmətdir; və məni ifşa etsin, baş yağıdır; başım onu rədd etməsin”.
16. Süleyman günah işlətməyə aid hansı xəbərdarlıq və öyüdü söylədi?
16 Davudla Bat-şebanın ikinci oğlu Süleyman, ehtimal ki, atasının həyatında baş vermiş bu kədərli hadisə üzərində düşünmüşdü. O, sonralar yazırdı: “Qəbahətlərini gizlədən müvəffəqiyyətli olmaz; fəqət onları e’tiraf edib tərk edən, mərhəmət tapar” (Süleymanın məsəlləri 28:13). Əgər ciddi günaha yol vermişiksə, Allahın ilhamı altında yazılmış həm xəbərdarlıq, həm də məsləhət olan bu öyüdə riayət etməliyik. Günahımızı Yeqovaya e’tiraf etməli və kömək üçün yığıncağın ağsaqqallarına müraciət etməliyik. Ağsaqqalların vacib məs’uliyyətlərindən biri, günah işlədənlərə kömək etməkdir (Yaqub 5:14, 15).
Günahın nəticələrinə qatlaşmaq
17. Yeqova, günahları bağışlasa da, bizi nədən qorumur?
17 Yeqova Davudu bağışladı. Nəyə görə? Ona görə ki, Davud nöqsansızlığını qoruyan, insanlarla mərhəmətlə davranan adam idi və günahına görə həqiqətən peşmançılıq çəkirdi. Buna baxmayaraq, Davud səhv hərəkətinin faciəli nəticəsindən qaça bilmədi (2 Samuel 12:9—14). Eyni şey bu gün də baş verir. Yeqova tövbə edənlərə pislik etməsə də, onları səhv hərəkətlərinin təbii nəticələrindən də qorumur (Qalatiyalılara 6:7). Cinsi əxlaqsızlıq, hər şeydən əlavə boşanmaya, arzuolunmaz hamiləliyə, cinsi yolla ötürülən xəstəliklərə, e’tibarın və hörmətin itirilməsinə səbəb ola bilər.
18. a) Pavel Korinf yığıncağına, cinsi əxlaq normalarını ciddi tərzdə pozan insanla necə davranmağı tapşırdı? b) Yeqova günahkarlara qarşı məhəbbət və mərhəməti necə əks etdirir?
18 Əgər ciddi günah işlətmişiksə, günahlarımızın nəticələrinə dözərək, asanlıqla ümidsizliyə qapıla bilərik. Lakin heç bir şey bizi tövbə etməkdən və Allahla barışmaqdan saxlamamalıdır. Birinci əsrdə Pavel korinflilərə yazırdı ki, qohumlar arasında cinsi əlaqədə olan insanları yığıncaqdan kənar etsinlər (1 Korinflilərə 5:1, 13). Pavel yığıncağa tapşırır ki, həmən insan peşman olduqdan sonra, “onu bağışlayıb, təsəlli” versinlər (2 Korinflilərə 2:5—8). İlhamlanmış bu öyüddən, Yeqovanın tövbə edən günahkara qarşı necə məhəbbət və mərhəmətlə yanaşdığını görürük. Günahkarın tövbə etməsinə göydə mələklər də sevinir (Luka 15:10).
19. İşlənmiş günaha görə çəkilən peşmançılıq hansı faydanı verə bilər?
19 Büdrədiyimiz üçün kədərlənsək də, etdiyimiz hərəkətə görə peşmançılıq çəkmək “qorun”mağa, yenidən “fəsada üz çevirmə”məyə kömək edər (Eyub 36:21). Bəli, günahımızın acı nəticələri, təkrar səhv işlətməkdən bizi saxlamalıdır. Bundan əlavə, qeyd etmək maraqlı olardı ki, Davud qüsurlu davranışından əldə etdiyi acı ibrət dərsini başqalarına öyüd vermək üçün istifadə etdi. O dedi: “Qanununu pozanlara sənin yollarını öyrədərəm; və günahkarlar sənə dönərlər” (Məzmur 51:13).
Yeqovaya xidmət özü ilə xoşbəxtlik gətirir
20. Allahın ədalətli tələblərinə riayət etmək hansı faydanı gətirir?
20 İsa, “Allahın sözünü dinləyib ona əməl edənlər bəxtiyardır”, dedi (Luka 11:28). Allahın ədalətli tələblərinə itaət etmək, indi və sonsuz gələcəkdə xoşbəxtlik gətirəcəkdir. Əgər əxlaqi təmizliyi indiyə qədər qorumuşuqsa, Yeqovanın bizə kömək etmək üçün təqdim etdiklərindən istifadə edərək, gəlin bu vəziyyətimizi saxlamağa davam edək. Əgər əxlaqsızlıq etmişiksə, Yeqovanın səmimi qəlbdən tövbə edənləri bağışlamağa hazır olduğunu bilərək təsəlli tapaq və işlətdiyimiz günahı bir daha təkrarlamamağa qərarlı olaq (İşaya 55:7).
21. Həvari Peterin hansı nəsihəti əxlaqi cəhətdən təmiz qalmağımıza kömək edər?
21 Tezliklə bu ədalətsiz dünya, özünün əxlaqsız nöqteyi-nəzərləri və məşğuliyyətləri ilə bərabər aradan qaldırılacaq. Biz isə, əxlaqi nöqsansızlığımızı qoruyaraq indi və əbədiyyən fayda əldə edəcəyik. Həvari Peter yazırdı: “Buna görə, ey sevimlilər, bu işləri gözləyərək, çalışın ki, Onun hüzurunda nöqsansız, ləkəsiz və sülh içində tapılasınız... bunları qabaqcadan bilərək ehtiyat edin ki, pozğun adamların xatası ilə yoldan azdırılmayasınız və sabit vəziyyətinizdən ayrılmayasınız” (2 Peter 3:14, 17).
İzah edə bilərsinizmi?
• Nəyə görə əxlaqi cəhətdən təmiz qalmaq çətin ola bilər?
• Yüksək əxlaq normalarına riayət etmək əzmini hansı üsullarla möhkəmlətmək olar?
• Süleymanın, haqqında danışdığı gəncin səhvlərindən hansı ibrət dərslərini əldə edə bilərik?
• Davudun nümunəsi tövbə etməyə dair bizə nə öyrədir?
[25-ci səhifədəki şəkil]
Əxlaqi məsələlərə olan münasibətimizi başqalarına izah etsək, bu bizə müdafiə kimi xidmət edər.
[28 və 29-cu səhifələrdəki şəkillər]
Davud səmimi qəlbdən tövbə etdiyi üçün Yeqova onu bağışladı.