Məhəbbətlə inkişaf edin
“Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev” (MATTA 22:37).
1. a) Məsihçilər hansı xüsusiyyətləri inkişaf etdirirlər? b) Məsihçiyə xas olan hansı xüsusiyyət bütün başqa xüsusiyyətlərdən vacibdir və nəyə görə?
ALLAHA səmərəli tərzdə xidmət etmək üçün məsihçi çoxlu xüsusiyyətlər inkişaf etdirməlidir. Süleymanın məsəlləri kitabında biliyin, düşüncənin və müdrikliyin vacibliyi qeyd olunur (Süleymanın məsəlləri 2:1—10). Həvari Pavel, möhkəm imanın və sarsılmaz ümidin vacibliyindən danışırdı (Romalılara 1:16, 17; Koloslulara 1:5; İbranilərə 10:39). Səbir və özünə hakim olmaq da son dərəcə vacibdir (Həvarilərin işləri 24:25; İbranilərə 10:36). Lakin elə xüsusiyyət var ki, onsuz bütün başqa xüsusiyyətlər öz dəyərini ya qismən, ya da ki, tamamilə itirir. Bu xüsusiyyət - məhəbbətdir (1 Korinflilərə 13:1—3, 13).
2. Məhəbbətin nə qədər vacib olduğunu İsa necə göstərdi və bunula əlaqədar hansı suallar yaranır?
2 “Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” deməklə, İsa məhəbbətin nə qədər vacib olduğunu göstərdi (Yəhya 13:35). Əgər məhəbbət - xüsusilə də məsihçi qardaşlarımıza münasibətdə - məsihçinin fərqləndirici cəhətidirsə, onda biz özümüzə bu kimi sualları verə bilərik: məhəbbət nədir? İsanın sözlərinə görə nə üçün məhz məhəbbət, onun şagirdlərini fərqləndirir? Biz məhəbbəti necə inkişaf etdirə bilərik? Biz kimləri sevməliyik? Gəlin bu sualları nəzərdən keçirək.
Məhəbbət nədir?
3. Məhəbbəti necə təsvir etmək olar və nəyə görə məhəbbət necə ağlı, eləcə də ürəyi hərəkətə gətirir?
3 Məhəbbət, “kimə və ya nəyə isə dərin bağlılıq hissi” kimi təsvir edilir. Bu, bə’zən böyük fədakarlıqla başqalarının xeyrinə davranmağa təşviq edən xüsusiyyətdir. Müqəddəs Kitabda haqqında bəhs edilən məhəbbət necə ağılı, eləcə də ürəyi hərəkətə gətirir. Məhəbbətin ağıl və ya düşüncəni hərəkətə gətirdiyini ona görə təsdiq etmək olar ki, sevən insan gözüaçıq olur: o özündə və sevdiyi adamlarda necə çatışmazlıqları, eləcə də cəlbedici xüsusiyyətləri görür. Düşüncə həm də başqa səbəbdən hərəkətə gətirilir: məsihçi, bə’zən iradəsinə zidd olaraq kimi isə sevməli olur, çünki o, Müqəddəs Kitabdan bilir ki, bunu Allah belə istəyir (Matta 5:44; 1 Korinflilərə 16:14). Lakin məhəbbət əsasən ürəkdən gəlir. Müqəddəs Kitabın bizə bəyan etdiyi kimi, həqiqi məhəbbət heç zaman sırf fikri cəhətdən ifadə olunmur. Məhəbbət həqiqi səmimiliklə və möhkəm mə’nəvi bağlılıqla sıx əlaqəlidir (1 Peter 1:22).
4. Məhəbbət hansı mə’nada qüvvətli birlik bağıdır?
4 Xudbin təbiətli insanlar nadir hallarda həqiqətən sevməyə qadirdirlər, çünki sevən insan başqalarının mənfəətini şəxsi mənfəətindən üstün tutmağa hazırdır (Filipililərə 2:2—4). İsanın “vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” sözləri, bir işi məhəbbətlə görərkən xüsusilə ədalətlidir (Həvarilərin işləri 20:35). Məhəbbət ən qüvvətli birlik bağıdır (Koloslulara 3:14). Əksər hallarda məhəbbət dostluqla müşayiət olunur, ancaq məhəbbət bağları dostluq bağlarından daha qüvvətlidir. Ərlə arvad arasındakı romantik münasibətləri məhəbbət adlandırırlar; lakin Müqəddəs Kitabın özümüzdə yetişdirməyə təşviq etdiyi məhəbbət, fiziki cazibədarlıqdan daha uzunömürlüdür. İki nəfər bir-birini ürəkdən sevirsə, qocalıq nasazlığı və ya onlardan birinin şikəst olması ucbatından fiziki yaxınlıq mümkün olmayanda da, onlar ayrılmırlar.
Məhəbbət ən vacib xüsusiyyətdir
5. Nəyə görə məhəbbət, məsihçi üçün vacib olan xüsusiyyətdir?
5 Nəyə görə məhəbbət, məsihçi üçün vacib olan xüsusiyyətdir? Birincisi, ona görə ki, İsa davamçılarına bir-birlərini sevməyi tapşırdı. O dedi: “Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, Mənim dostlarımsınız. Bir-birinizi sevəsiniz deyə bu şeyləri sizə əmr edirəm” (Yəhya 15:14, 17). İkincisi, ona görə ki, Yeqova məhəbbətin təcəssümüdür, onun ibadətçiləri isə Onu təqlid etməlidirlər (1 Yəhya 4:16; Efeslilərə 5:1). Müqəddəs Kitaba əsasən Yeqovanı və İsa Məsihi tanımaq əbədi həyata malik olmaq deməkdir. Allaha bənzəməyə sə’y göstərməriksə, Onu tanıdığımızı e’tiraf edə bilərikmi? Həvari Yəhya deyir: “Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir” (1 Yəhya 4:8).
6. Məhəbbət tarazlığa necə kömək edir?
6 Üçüncüsü isə, məhəbbət növbəti səbəbə görə vacibdir: o bizə tarazlığı qoruyub saxlamağa və hər şeyi ən yaxşı niyyətlərlə etməyə kömək edir. Misal üçün, Allahın Kəlamından daima bilik əldə etmək, məsihçi üçün vacibdir. Onun üçün bu bilik qida kimidir. Bu bilik ona yetkin olmağa və Allahın iradəsinə uyğun davranmağa kömək edir (Məzmur 119:105; Matta 4:4; 2 Timoteyə 3:15, 16). Lakin Pavel xəbərdarlıq edirdi: “Bilik insanı lovğalandırır, məhəbbət isə ruhən inkişaf etdirir” (1 Korinflilərə 8:1). Öz-özlüyündə dəqiq bilikdə pis heç bir şey yoxdur. Problem bizim özümüzdə, qeyri-kamilliyimizdədir (Təkvin 8:21). Əgər məhəbbətin tarazlaşdırıcı tə’siri yoxdursa, bilik insanı lovğa edər və o, özünü başqalarından üstün hesab edə bilər. Əgər bizi hərəkətə gətirən ilk növbədə məhəbbətdirsə, bu baş verməyəcəkdir. “Məhəbbət lovğalanmaz, qürrələnməz” (1 Korinflilərə 13:4). Məhəbbətlə hərəkətə gətirilən məsihçi heç zaman - hətta dərin bilik əldə etsə belə, lovğalanmaz. Məhəbbət onu, təvazökarlığı qoruyub saxlamağa təşviq edir və özünə ad qazanmaq arzusunun inkişaf etməsinə yol vermir (Məzmur 138:6; Yaqub 4:6).
7, 8. Diqqətimizi ən yaxşı şeylərə cəlb etməkdə məhəbbət bizə necə kömək edir?
7 Pavel Filip şəhərindəki məsihçilərə yazırdı: “Və dua edirəm ki, məhəbbətiniz bilikdə və hər cür idrakda getdikcə daha çox artsın ki, ən yaxşı şeyləri dərk edə biləsiniz” (Filipililərə 1:9, 10, İ—93). Məsihçi məhəbbəti, ən yaxşı şeyləri dərk etmək tapşırığına riayət etməyə bizə kömək edəcəkdir. Misal üçün, Pavelin Timoteyə yazdığı sözlərə baxaq: “cəmiyyətdə nəzarətçi olmağa həvəs göstərən, xeyirli bir iş arzu edir” (1 Timoteyə 3:1). 2000-ci xidmət ili ərzində, bütün dünyada yığıncaqların sayı 1 502 ədəd artmış və onların ümumi sayı 91 487 olmuşdur. Deməli, daha çox ağsaqqal tələb olunur və bu xidmətə can atanlar tə’rifə layiqdirlər.
8 Ancaq əlavə imtiyazlara can atan qardaşlar, nəzarətçilərin nə üçün lazım olduğunu xatırlayaraq, tarazlığı qoruya biləcəklər. Burada nə məs’uliyyətli vəzifə, nə də böyük nüfuz vacibdir. Yeqovanı sevindirən ağsaqqallar, Ona və qardaşlara məhəbbət hissi ilə hərəkət edirlər. Onlar görkəmli vəzifə və ya nüfuz axtarmırlar. Həvari Peter yığıncağın ağsaqqallarını düzgün düşüncə tərzini qoruyub saxlamağa təşviq edərək, “təvazökarlığın” vacibliyini qeyd etdi. Yığıncağın bütün üzvlərinə isə belə bir öyüd verdi: “Allahın güclü əlinin himayəsi altında təvazökar olun” (1 Peter 5:1—6). Yaxşı olardı ki, əlavə imtiyazlar almağa sə’y göstərənlərin hər biri, bütün dünyada zəhmətkeş, həlim və buna görə də yığıncaqlar üçün xeyir-dua olan çoxsaylı ağsaqqalların nümunələrinə diqqət yetirsinlər (İbranilərə 13:7).
Yaxşı niyyətlər, sınaqlara tab gətirməkdə bizə kömək edir
9. Nəyə görə məsihçilər həmişə ağıllarında, Yeqovanın və’d etdiyi xeyir-duaları tuturlar?
9 Məhəbbətlə hərəkətə gətirilmək başqa bir səbəbdən də vacibdir. Məhəbbətdən irəli gələrək Allaha sədaqətini qoruyanlara, Müqəddəs Kitab indi bol xeyir-dualar və gələcəkdə isə təsəvvüredilməz möcüzəvi xeyir-dualar və’d edir (1 Timoteyə 4:8). Bu və’dlərə ürəkdən inanan və Yeqovanın “Onu axtaranlara mükafat” verəcəyinə əmin olan məsihçiyə, imanını möhkəm qoruyub saxlamaq asandır (İbranilərə 11:6). Bizlərdən çoxu Allahın və’dlərinin yerinə yetəcəyi vaxtı səbirsizliklə gözləyir və həvari Yəhyanın sözlərini təkrar edir: “Amin. Gəl, ya Rəbb İsa!” (Vəhy 22:20). Bəli, əgər sadiqliyi qoruyub saxlayarıqsa, gələcəkdə alacağımız xeyir-dualar üzərində düşünməyimiz, çətinliklərə tab gətirmək üçün bizi möhkəmləndirər. “Qarşısına qoyulan sevinc”, sarsılmaz qalmaqda İsaya da kömək etmişdir (İbranilərə 12:1, 2).
10, 11. Məhəbbətlə hərəkətə gətirilməyimiz, sınaqlara tab gətirməkdə bizə necə kömək edir?
10 Əgər bizi Yeqovaya xidmət etməyə ilk növbədə yeni dünyada yaşamaq istəyi təşviq edirsə, onda necə? Belə halda, çətin anlar gələndə və ya hadisələr gözləmədiyimiz vaxtda baş verərsə, biz asanlıqla səbrimizi itirər və ya ümidsizliyə qapıla bilərik. Bu zaman bizim üçün Allahdan “uzaqlaşmaq” təhlükəsi yaranar (İbranilərə 2:1; 3:12). Pavel, onu tərk edən Dimas adlı keçmiş yoldaşı barədə danışırdı. Dimas Paveli nə üçün tərk etdi? Çünki o, “indiki dövrü sevdi” (2 Timoteyə 4:10). Bu, tamahkar məqsədlərlə xidmət edən hər bir kəslə baş verə bilər. Onları, bu dünya tərəfindən təklif olunan bir anlıq imkanlar cəlb edə bilər və qarşılarında, gələcək xeyir-dualar üçün fədakarlıq etmək hazırlığını itirmək təhlükəsi yaranar.
11 Gələcək xeyir-duaları əldə etmək istəyi və ya sınaqlardan azad olunmaq ümidi təbii və məntiqidir, lakin məhəbbət, həyatımızda birinci yerdə olacaq şeyi qiymətləndirməyə kömək edir. Bizim istədiyimiz deyil, Yeqovanın iradəsi vacibdir (Luka 22:41, 42). Bəli, məhəbbət inkişaf etdirir. Məhəbbət sayəsində, Allahın hər bir xeyir-duasından razı qalıb, Onun və’d etdiyi hər şeyi öz vaxtında, hətta artıqlaması ilə alacağımıza əmin olub səbirlə gözləyə bilərik (Məzmur 145:16; 2 Korinflilərə 12:8, 9). Bundan əlavə məhəbbət bizə, ən təmiz niyyətlərlə xidmət etməyə kömək edir, çünki “məhəbbət... öz mənfəətini axtarmaz” (1 Korinflilərə 13:4, 5).
Məsihçilər kimləri sevməlidirlər?
12. İsanın sözlərinə görə, biz kimi sevməliyik?
12 İsa, Musanın qanunundan iki fikir söyləyərək sevməyə dair ümumi prinsip verdi. “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev” və “qonşunu özün kimi sev” (Matta 22:37—39).
13. Gözə görünməsə də, Yeqovanı sevməyi necə öyrənmək olar?
13 İsanın sözlərindən mə’lum olur ki, biz ilk növbədə Yeqovanı sevməliyik. Lakin biz, Yeqovaya münasibətdə tam formalaşmış məhəbbətlə doğulmuruq. Bu məhəbbəti inkişaf etdirmək lazımdır. Allah haqqında ilk dəfə eşidəndə, bizi Onun şəxsiyyəti cəlb etdi. Vaxt keçdikcə, Onun insanlar üçün yer üzünü necə hazırladığını öyrəndik (Təkvin 2:5—23). Onun insanlarla necə davrandığını gördük: günah dünyaya daxil olanda, O, bizi rədd etmədi, xilasımız üçün tədbirlər gördü (Təkvin 3:1—5, 15). Sadiq insanlarla xeyirxahlıqla davranırdı və nəticədə, günahlarımızın bağışlanması üçün yeganə Oğlunu qurban verdi (Yəhya 3:16, 36). Yeqova haqqında biliklərimiz, bununla yanaşı minnətdarlıq hissimiz də artdı (İşaya 25:1). Davud padşah, Yeqovanı, Onun qayğıkeşliyinə görə sevirdi (Məzmur 116:1—9). Yeqova bu gün bizə də qayğı göstərir: O, bizə yol göstərir, bizi qüvvətləndirir və ruhlandırır. Onun haqqında daha çox öyrəndikcə məhəbbətimiz daha da artır (Məzmur 31:23; Tsefanya 3:17; Romalılara 8:28).
Məhəbbəti necə əks etdirə bilərik?
14. Yeqovanı həqiqətən sevdiyimizi necə göstərmək olar?
14 Bütün dünyada, Allahı tanıdıqlarını iddia edən insanlar az deyil, ancaq onların hərəkətləri bunun əksini göstərir. Yeqovanı həqiqətən sevdiyimizi necə müəyyən etmək olar? Duada, Ona hisslərimizi söyləyə bilərik. Bundan əlavə, məhəbbətimizi əməllərimizlə də sübut edə bilərik. Həvari Yəhya dedi: “Kim Onun sözünə riayət edirsə, Allahın məhəbbəti onda həqiqətən kamil olmuşdur. Bu yolla bilirik ki, Ondayıq” (1 Yəhya 2:5; 5:3). Bunlarla yanaşı, Allahın Kəlamı bizə bir yerə yığılmağı, həmçinin təmiz, yüksək əxlaqlı həyat sürməyi buyurur. Biz ikiüzlülük etmirik, həqiqəti söyləyir və düşüncəmizi təmiz saxlayırıq (2 Korinflilərə 7:1; Efeslilərə 4:15; 1 Timoteyə 1:5; İbranilərə 10:23—25). Maddi ehtiyacı olanlara kömək etməklə məhəbbət göstəririk (1 Yəhya 3:17, 18). Biz, Yeqova haqqında bildiklərimizi başqalarından gizlətmirik. Buna görə də, Padşahlıq haqqındakı xoş xəbərin dünya üzrə təbliğində iştirak edirik (Matta 24:14; Romalılara 10:10). Belə məsələlərdə Allahın Kəlamına itaətkarlığımız, Yeqovanı həqiqətən sevdiyimizə şəhadət edir.
15, 16. Yeqovaya məhəbbət, ötən il ərzində çox insanların həyatına necə tə’sir göstərmişdir?
15 Yeqovaya olan məhəbbət müdrik qərarlar qəbul etməyə kömək edir. Allaha məhəbbət, keçən il 288 907 insanı, həyatlarını Ona həsr etməyə və qərarlarını suda vəftiz olunaraq bəyan etməyə təşviq etmişdir (Matta 28:19, 20). Onların həsr olunmaları dərin mə’na kəsb edirdi. Bu, onların həyatlarında dönüş nöqtəsi oldu. Məsələn, Qazmend, Albaniyanın tanınmış basketbolçularından biri idi. O, bir neçə il həyat yoldaşı ilə birlikdə Müqəddəs Kitabı öyrənirdi və maneələrə baxmayaraq, onlar təbliğçi oldular. Qazmend keçən il, 2000-ci xidmət ilində Albaniyada vəftiz olunan 366 nəfərdən biri oldu. Qəzetdə, onun haqqında yazılan məqalədə deyilirdi: “O, həyatın mə’nasını tapıb, bunun sayəsində o və onun doğmaları, heç zaman olmadığı kimi xoşbəxt yaşayırlar. İndi onun üçün vacib olan, həyatdan nə qədər əldə edə biləcəyi yox, başqalarının rifahı üçün nə qədər edə bilməsidir”.
16 Quam adasında yaşayan, neft e’malı kompaniyasında işləyən yeni vəftiz olunmuş bir bacıya cəlbedici iş təklif etdilər. Bu bacı uzun illərdir ki, vəzifə pillələri ilə yüksəlirdi və bu dəfə ona vitse-prezident vəzifəsini təklif etdilər. O, həmin kompaniyanın tarixində ilk qadın vitse-prezident ola bilərdi. Amma bacı həyatını Yeqovaya həsr etmişdi. Buna görə də, hər şeyi əri ilə müzakirə edib vəzifədən imtina etdi və gələcəkdə tammüddətli xidmətçi - pioner olmaq ümidi ilə yarım günlük işə razılaşdı. Yeqovaya məhəbbət, kommersiya maraqları güdmək əvəzinə, onda pioner kimi xidmət etmək həvəsi oyatdı. Bütün dünyada isə Allaha məhəbbət 805 205 insanı 2000-ci xidmət ilində pioner xidmətinin müxtəlif növlərində fəaliyyət göstərməyə təşviq etmişdir. Bu pionerlər necə də məhəbbət və iman göstərmişlər!
İsanı sevməyə təşviq olunuruq
17. Biz, İsada məhəbbətin hansı gözəl nümunəsini görürük?
17 İsa, məhəbbətli davranışa ən gözəl nümunədir. O, yer üzünə gələnə qədər, öz Atasını və insanları çox sevirdi. Müdrikliyi təcəssüm edən İsa, Süleymanın məsəlləri kitabında deyir: [“Mahir köməkçi”, YD] olaraq Onun [Yeqovanın] yanında idim və hər gün onun sevinci idim, hər vaxt onun önündə sevinirdim, məskun olan dünyasında sevinirdim və sevincim adam oğulları ilə idi” (Süleymanın məsəlləri 8:30, 31). Məhəbbət İsanı göylər həyatını tərk etməyə və yer üzündə köməksiz bir körpə kimi doğulmağa təşviq etdi. O, həlimlərlə və yoxsullarla səbirlə, mərhəmətlə davranırdı və Yeqovanın düşmənlərinin əlindən əziyyət çəkirdi. Axırda, bütün bəşəriyyət uğrunda əzab dirəyi üzərində öldü (Yəhya 3:35; 14:30, 31; 15:12, 13; Filipililərə 2:5—11). Düzgün niyyətləri necə də gözəl əks etdirən nümunədir!
18. a) Biz İsaya məhəbbəti necə inkişaf etdiririk? b) İsanı sevdiyimizi necə göstəririk?
18 Səmimi qəlbli insanlar İncildən İsanın həyatı haqqında oxuyanda və Allaha sadiqliyinin onlara gətirdiyi xeyir-dualar haqqında düşünəndə bu insanların İsaya olan məhəbbətləri artır. Bu gün biz, Peterin: “Siz İsa Məsihi görmədiyiniz halda, Onu sevirsiniz” - sözləri ilə müraciət etdiyi insanlara bənzəyirik (1 Peter 1:8). İsaya məhəbbətimizi, ona iman edərək və onun fədakarlığını əks etdirərək göstəririk (1 Peter 2:21—25; 1 Korinflilərə 11:1; 1 Saloniklilərə 1:6). 2000-ci il, aprelin 19-da, İsanın ölümünün Xatirə Axşamına toplaşan 14 872 086 adama, onun nəyə görə sevilməyə layiq olduğu xatırlandı. Bu az say deyil! İsanın qurbanlığı sayəsində bu qədər insanın xilas əldə etmək istədiyini bilmək necə də fərəhləndirir! Bəli, Yeqovanın və İsa Məsihin bizə, eləcə də bizim onlara olan məhəbbətimiz bizi inkişaf etdirir.
19. Növbəti məqalədə hansı suallar müzakirə olunacaq?
19 İsa dedi ki, biz Yeqovanı bütün ürəyimiz, canımız, düşüncəmiz və qüvvəmizlə sevməliyik. Lakin İsa onu da dedi ki, biz qonşumuzu özümüz kimi sevməliyik (Mark 12:29—31). Bizim qonşularımız kimlərdir? Və qonşularımıza olan məhəbbətimiz tarazlığı və düzgün niyyətləri qoruyub saxlamaqda bizə necə kömək edir? Bu suallr növbəti məqalədə müzakirə olunacaq.
Siz xatırlayırsınızmı?
• Nəyə görə məhəbbət ən vacib xüsusiyyətdir?
• Yeqovanı sevməyi biz necə öyrənə bilərik?
• Davranışımız Yeqovanı sevdiyimizi necə sübut edir?
• İsanı sevdiyimizi necə göstəririk?
[20 və 21-ci səhifələrdəki şəkillər]
İztirablardan azad olunmağı səbirlə gözləməkdə məhəbbət bizə kömək edir.
[22-ci səhifədəki şəkil]
İsanın böyük fədakarlığı bizi, onu sevməyə təşviq edir.