Teokratik yolla tə’yin edilmiş nəzarətçilər və xidməti köməkçilər
“Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir” (HƏVARİLƏRİN İŞLƏRİ 20:28).
1, 2. İşaya 60:22-ci ayəsi necə yerinə yetir?
SONUN vaxtında qeyri-adi şeylərin baş verəcəyini Yeqova çox illər qabaqcadan bildirmişdi. O, İşaya peyğəmbərin vasitəsilə demişdi: “Kiçiyi min kişi və zəifi qüvvətli bir millət olacaq; Mən, RƏB, vaxt gəlincə bunu tezləndirəcəyəm” (İşaya 60:22).
2 Bu peyğəmbərliyin bizim günlərdə yerinə yetməsinə dəlillər varmı? Bəli, həqiqətən də var! 1870-ci illərdə Allehanda (Pensilvaniya, ABŞ) Yeqovanın xalqının bir yığıncağı təşkil olundu. Bu kiçik qrupdan, bütün dünyada on minlərlə çiçəklənən yığıncaq böyüdü. Padşahlığın milyonlarla müjdəçiləri, yə’ni qüvvətli bir millət, bu gün dünyanın 235 ölkəsində, 91 000-dən artıq yığıncaqlara məxsusdurlar. Şübhəsiz, bu onu göstərir ki, artıq çox yaxında olacaq “böyük məşəqqət”in başlanmasından qabaq, Yeqova özünün həqiqi ibadətçilərinin yığımını sür’ətləndirir (Matta 24:21; Vəhy 7:9—14).
3. “Ata, Oğul və Müqəddəs Ruh naminə” vəftiz olunmaq nə deməkdir?
3 Milyonlarla bu insanlar özlərini Yeqovaya həsr etdikdən sonra, İsanın buyurduğu kimi, “Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz” olundular (Matta 28:19). “Ata... naminə” vəftiz olunmaq o deməkdir ki, özünü Yeqovaya həsr etmiş şəxs, Onu səmavi Atası və Həyat Verəni kimi qəbul edir, həmçinin Onun hökmranlığına tabe olur. “Oğul... naminə” vəftiz olunaraq, onlar göstərirlər ki, İsa Məsihi Xilaskarları, Rəhbərləri və Padşahları kimi qəbul edirlər. Onlar eyni zamanda, həyatlarına rəhbərlik etməkdə Allahın müqəddəs ruhunun, yə’ni fəal qüvvəsinin də rolunu qəbul edirlər. Buna görə də demək olar ki, onlar “Müqəddəs Ruh naminə” də vəftiz olunurlar.
4. Kim isə məsihçi xidmətçisi vəzifəsinə hansı yolla tə’yin olunur?
4 Vəftiz olunarkən, yeni şagirdlər Yeqova Allahın xidmətçiləri tə’yin edilirlər. Onları kim tə’yin edir? 2 Korinflilərə 3:5-ci ayəsində yazılan sözlər, əsas e’tibarı ilə onlara tətbiq ediləndir: “Bizim [xidmətçilər olmaq] qabiliyyətimiz Allahdandır”. Bu cür tə’yinatı Yeqova Allahın özündən almaqdan daha böyük şərəf arzulamaq olmaz! Vəftiz olunduqdan sonra, Allahın ruhunun rəhbərliyini qəbul edir və Onun Kəlamına əsasən yaşayarlarsa, “müjdə”nin xidmətçiləri kimi ruhən böyüməkdə davam edərlər (Matta 24:14; Həvarilərin işləri 9:31).
Demokratik deyil, Teokratik tə’yinat
5. Məsihçi nəzarətçiləri və xidməti köməkçilər demokratik yollamı seçilirlər? İzah edin.
5 Allahın fəal xidmətçilərinin sayları artdıqca, onların ruhani ehtiyaclarının tə’min edilməsi üçün, qabiliyyətli nəzarətçilərin yetkin rəhbərliyi və xidməti köməkçilərin təcrübəli yardımı tələb olunur (Filipililərə 1:1). Ruhən yetkin olan bu insanlar necə tə’yin olunurlar? Onlar Xristian aləmində olduğu kimi tə’yin olunmurlar. Misal üçün, Yeqovanın Şahidləri arasında nəzarətçilər demokratik yolla, yə’ni yığıncaqda səs çoxluğu qazanaraq seçilmirlər. Onlar teokratik yolla tə’yin olunurlar. Bu nə deməkdir?
6. a) Həqiqi teokratiya nədir? b) Nəyə görə demək olar ki, nəzarətçilər və xidməti köməkçilər teokratik yolla tə’yin olunurlar?
6 Sadə dillə desək, həqiqi teokratiya - Allahın rəhbərliyidir. Yeqovanın Şahidləri Allahın rəhbərliyinə könüllü surətdə tabe olurlar və Onun iradəsini birlikdə yerinə yetirirlər (Məzmur 143:10; Matta 6:9, 10). Məsihçi nəzarətçiləri, yə’ni ağsaqqallar, eyni zamanda xidməti köməkçilər teokratik yolla tə’yin edilirlər, çünki bu məs’uliyyətli qardaşların tə’yinatı Allahın Müqəddəs Kitabdakı sərəncamı əsasında həyata keçirilir. Yeqova, “baş olaraq” görünən təşkilatının necə hərəkət edəcəyinə qərar vermək ixtiyarına sahibdir (1 Tarixlər 29:11; Məzmur 97:9).
7. Yeqovanın Şahidlərinin rəhbərlik işi hansı üsulla keçirilir?
7 Xristian aləminin bir çox dini qruplarından fərqli olaraq, Yeqovanın Şahidləri dini quruluşu özləri tə’yin etmirlər. Bu səmimi qəlbli məsihçilər, Yeqovanın normalarına bağlı qalmağa sə’y göstərirlər. Onların nəzarətçiləri, kilsə icmaları birləşmələrində, presviterian və iyerarxiya mövcud olan başqa kilsələrdə olduğu kimi tə’yin olunmurlar. Bu dünya tə’yin etmə prosesinə qarışsa da, Yeqovanın xidmətçiləri tə’yin etmə məsələsində güzəştə getmirlər. Onlar, birinci əsrdə həvarilərin əks etdirdikləri mövqeyi qoruyurlar: “İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir” (Həvarilərin işləri 5:29). Bəli, Şahidlər hər şeydə Allaha tabe olurlar (Yaqub 4:7; İbranilərə 12:9). Allahın razılığına, teokratik qaydaya riayət edərək nail oluruq.
8. Demokratik və teokratik üsullar arasındakı fərq nədədir?
8 Dahi Teokrat olan Yeqovanın xidmətçiləri kimi, teokratik və demokratik üsulların arasındakı fərqi yadda saxlamalıyıq. Demokratik üsul, hər hansı bir vəzifəyə bərabər səviyyəli namizədlərin nümayəndəliyini tələb edir. Əksər hallarda namizədlər seçkiqabağı kampaniyalar keçirir və çox səs qazananlar postu qəbul edirlər. Teokratik tə’yinat zamanı belə üsullar tətbiq edilmir. Teokratik tə’yinatlar, insanlar və ya hüquq orqanları tərəfindən həyata keçirilmir. Göründüyü kimi, İsa və Yeqova tərəfindən “qeyri-yəhudilərə həvari” tə’yin olunduğunu nəzərədə tutaraq, Pavel Qalatiyadan olan məsihçilərə - “nə insanlar tərəfindən, nə də insan vasitəsilə, ancaq İsa Məsih və Onu ölülərdən dirildən Ata Allah vasitəsilə” tə’yin olunduğunu söylədi (Romalılara 11:13; Qalatiyalılara 1:1).
Müqəddəs ruh vasitəsilə tə’yin edilmişlər
9. Məsihçi nəzarətçilərinin tə’yinatı ilə əlaqədar Həvarilərin işləri 20:28-ci ayəsində nə deyilir?
9 Pavel, Efesdə yaşayan nəzarətçilərə xatırlatdı ki, Allah onları müqəddəs ruh vasitəsilə tə’yin edib. O dedi: “Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdəsiniz” (Həvarilərin işləri 20:28). Bu məsihçi nəzarətçiləri, Allahın sürüsünün çobanları vəzifəsini yerinə yetirərək, müqəddəs ruhun rəhbərliyinə tabe olmağa davam etməli idilər. Yığıncaqda məs’uliyyətli vəzifə tutan şəxs, artıq Allahın normalarına cavab vermirsə, bir qədər vaxtdan sonra müqəddəs ruhun tə’siri sayəsində, ona həvalə edilən vəzifədən kənar edilir.
10. Nəyə görə təsdiq etmək olar ki, müqəddəs ruh teokratik tə’yinatda bu qədər vacib rol oynayır?
10 Müqəddəs ruhun bu qədər vacib rol oynadığını nəyə görə iddia etmək olar? İlk növbədə ona görə ki, ruhani rəhbərliyi icra edən kəslər üçün olan Müqəddəs Kitabın tələbləri müqəddəs ruhla ilhamlanıb. Pavelin Timoteyə və Titusa yazdığı məktublarında, nəzarətçilərin və xidməti köməkçilərin riayət etmələri vacib olan normalar yazılıb. Ümumi götürdükdə, 16 tələb göstərilir. Misal üçün, nəzarətçilər nöqsansız, vərdişlərinə ciddi yanaşan, sağlam düşüncəli, hazırlıqlı, qonaqpərvər, öyrətməyə qabiliyyətli və nümunəvi ailə başçıları olmalıdırlar. Spirtli içkilər qəbul edərkən tarazlığı gözləməli, pulpərəst olmamalı və özünə hakim olmağı bacarmalıdırlar. Xidməti köməkçi olmaq istəyənlər üçün də yüksək normalar tə’yin olunmuşdur (1 Timoteyə 3:1—10, 12, 13; Titusa 1:5—9).
11. Yığıncaqda məs’uliyyətli vəzifəyə sə’y göstərən kəslərin riayət etmələri gərək olan bə’zi tələblər hansılardır?
11 Bu tələblər nəzərə alınarsa, Yeqovaya ibadətdə rəhbərliyi öz üzərinə götürənlər, məsihçi davranışında nümunəvi olmalıdırlar. Görünməlidir ki, yığıncaqda məs’uliyyətli vəzifəyə can atan qardaşlar müqəddəs ruhun tə’sirinə itaət edirlər (2 Timoteyə 1:14). Aydın olmalıdır ki, Allahın ruhu bu insanlarda “məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq” kimi səmərələr hasil edir (Qalatiyalılara 5:22, 23). Bu səmərələr, onların iman qardaşları ilə və başqa insanlarla davranışlarında əks olunacaq. Şübhəsiz ki, ruhun bu və ya digər səmərələri kimdə isə daha yaxşı əks olunarkən, başqaları da nəzarətçilər üçün tələblərə münasib cavab verə bilərlər. Lakin nəzarətçi və ya xidməti köməkçi tə’yinatına ümid edən hər bir kəs, bütün həyat tərzi ilə göstərməlidir ki, o, Allahın Kəlamının tələblərini yerinə yetirən ruhən yetkin bir insandır.
12. Kimləri müqəddəs ruh vasitəsilə tə’yin olunmuş hesab etmək olar?
12 Pavel başqalarını onu təqlid etməyə təşviq edəndə, bunu sərbəst şəkildə edirdi, çünki özü İsa Məsihi təqlid edirdi. İsa isə “bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək” (1 Peter 2:21; 1 Korinflilərə 11:1). Buna görə də demək olar ki, Müqəddəs Yazıların tələblərinə cavab verən kəslər, nəzarətçilər və xidməti köməkçilər vəzifəsinə müqəddəs ruhun vasitəsilə tə’yin olunurlar.
13. Kimi isə yığıncağın xidmətçisi vəzifəsinə tövsiyə edən qardaşlara müqəddəs ruh necə kömək edir?
13 Nəzarətçilərin tə’yin olunmasına müqəddəs ruhun necə tə’sir etməsini göstərən başqa bir amil də vardır. İsa dedi ki, “Səmavi Atanız Ondan diləyənlərə... Müqəddəs Ruhu” verəcəkdir (Luka 11:13). Buna görə də, yığıncağın ağsaqqalları kimi isə məs’uliyyətli vəzifəyə təqdim edəndə, Allahın müqəddəs ruhunun onlara rəhbərlik verməsi üçün dua edirlər. Onlar öz təqdim etdikləri şəxslərin namizədliyini ilhamlanmış Müqəddəs Yazılarda deyilənlərə əsaslandırırlar, müqəddəs ruh isə, namizəd görülən insanın Müqəddəs Kitabın tələblərinə münasib olub olmadığını müəyyənləşdirməkdə onlara kömək edir. Kimi isə vəzifəyə tövsiyə edən şəxslər yol verməli deyillər ki, insanın xarici görünüşü, təhsili və ya təbii qabiliyyətləri onların qərarına tə’sir göstərsin. Onlar ilk növbədə o insanın ruhaniliyinə və yığıncaq üzvlərinin ruhani məsləhət üçün ona hazırlıqla müraciət edib etməmələrinə diqqət yetirirlər.
14. Həvarilərin işləri 6:1—3 ayələrdən nə öyrənirik?
14 Qardaşları ağsaqqallar və xidməti köməkçilər vəzifəsinə, səyyah nəzarətçilərlə birlikdə ağsaqqallar şurası namizəd görür, tə’yinat isə, birinci əsrdə tə’sis edilmiş nümunə əsasında həyata keçirilir. Bir dəfə vacib bir işin yerinə yetirilməsi üçün, ruhani nöqteyi-nəzərdən qabiliyyəti olan insanlar lazım oldu. Rəhbərlik şurası növbəti göstərişləri verdi: “Aranızdan haqlarında yaxşı şəhadət olunan, Müqəddəs Ruh və hikmətlə dolu yeddi nəfər seçin ki, onları bu iş üçün tə’yin edək” (Həvarilərin işləri 6:1—3). Namizədləri hadisə yerində olanlar seçsələr də, tə’yinat Yerusəlimdə olan məs’ul qardaşlar tərəfindən edilirdi. Həmin nümunəyə bu gün də riayət olunur.
15. Qardaşların tə’yin olunmasında Rəhbərlik şurası hansı rolu oynayır?
15 Filialların Komitə üzvlərinin hamısı, birbaşa Rəhbərlik şurası tərəfindən tə’yin olunurlar. Bu qədər ağır vəzifələri kimə həvalə etməyi qərara alarkən, Rəhbərlik şurası İsanın dediyi sözləri nəzərə alır: “Kimə çox verilmişsə, ondan çox tələb olunacaqdır; və kimə çox əmanət edilmişsə, ondan daha çox istəniləcəkdir” (Luka 12:48). Yalnız filialların Komitə üzvləri deyil, həmçinin Beyt-el ağsaqqaları və səyyah nəzarətçilər də Rəhbərlik şurası tərəfindən tə’yin olunurlar. Lakin bir sıra digər vəzifələri icra etməyi Rəhbərlik şurası məs’ul qardaşlara həvalə edir. Müqəddəs Kitabda bunun üçün də nümunə vardır.
“Sənə tapşırdığım kimi, bütün şəhərlərdə... ağsaqqallar tə’yin et”
16. Pavel Titusu Kritdə nəyə görə saxladı və bugünkü teokratik tə’yinatlarla əlaqədar bu nəyi göstərir?
16 Pavel həmkarı olan Titusa yazırdı: “Mən səni ona görə Kritdə qoydum ki, natamam işləri ə’la görüb qurtarasan və sənə tapşırdığım kimi, bütün şəhərlərdə cəmiyyət ağsaqqalları tə’yin edəsən” (Titusa 1:5). Sonra Pavel lazım olan xüsusiyyətlərin siyahısını sadaladı. Titus, yığıncaqda məs’uliyyətli vəzifələrə namizəd olan şəxslərdə həmin xüsusiyyətləri görməli idi. Buna görə də, bu gün Rəhbərlik şurası filiallarda xidmət edən qabiliyyətli qardaşları tə’yin edir ki, onlar da öz növbəsində şuranın adından ağsaqqalları və xidməti köməkçiləri tə’yin etsinlər. Rəhbərlik şurası həmişə qayğı göstərir ki, onun nümayəndələri, əsasında tə’yinatlar edilən Müqəddəs Kitabın göstərişlərini dəqiq başa düşüb, yerinə yetirsinlər. Beləliklə, bütün dünya üzrə Yeqovanın Şahidlərinin yığıncaqlarında qabiliyyətli insanlar Rəhbərlik şurası tərəfindən tə’yin olunurlar.
17. Filialda nəzarətçilər və xidməti köməkçilər barəsindəki məsləhətlərlə əlaqədar necə davranırlar?
17 Nəzarətçilər və xidməti köməkçilər barəsindəki tövsiyələr Gözətçi Qülləsi Cəmiyyətinin filialına göndərilir və orada təcrübəli qardaşlar Allahın ruhunun rəhbərliyinə güvənərək tə’yinatları icra edirlər. Bu qardaşlar onlara tapşırılmış işin vacibliyini xatırlayaraq, başqalarının günahında iştirak etməmək üçün, heç kimin üzərinə tələsik əl qoymurlar (1 Timoteyə 5:22).
18, 19. a) Bə’zi tə’yinatlar haqqında necə xəbər verilir? b) Namizədlik və tə’yin olunma prosesi necə keçirilir?
18 Bə’zi hallarda tə’yinatlar rəsmi məktublarla bildirilir. Belə məktubda yığıncaqda bir neçə qardaşın tə’yinat alması barədə xəbər verilə bilər.
19 Teokratik tə’yinatlar Yeqova Allah tərəfindən verilir; Oğlu, həmçinin Allahın yer üzündəki kanalı olan “sadiq və ağıllı qul” və onun Rəhbərlik şurası tərəfindən icra olunur (Matta 24:45—47). Namizədlik və tə’yin olunma prosesi bütünlüklə müqəddəs ruhun rəhbərliyi altında keçir. Bunu ona görə təsdiq etmək olar ki, gərəkli tələblər müqəddəs ruhla ilhamlanmış Müqəddəs Kitabda qeyd olunmuşdur, tə’yin edilənlər isə həmin ruhun səmərələrini əks etdirirlər. Buna görə də, bu tə’yinatları müqəddəs ruh tərəfindən icra edilən kimi qəbul etmək lazımdır. Birinci əsrdə nəzarətçilər və xidməti köməkçilər teokratik yolla tə’yin olunurdular, onlar bu gün də həmin yolla tə’yin olunurlar.
Yeqovanın rəhbərliyi üçün minnətdarıq
20. Biz nəyə görə Davudun, Məzmur 133:1-ci ayəsində yazılmış hisslərinə şərik oluruq?
20 Bu gün, ruhani çiçəklənmə vaxtında və səmavi Padşahlıq haqqındakı təbliğ fəaliyyətinin genişləndiyi bir vaxtda, nəzarətçilərin və xidməti köməkçilərin Yeqova tərəfindən tə’yin olunduqları üçün çox minnətdarıq. Çünki biz, Yeqovanın Şahidləri, Allahın yüksək əxlaq normalarına, Müqəddəs Kitabın vasitəsilə müəyyən edilmiş qaydaların sayəsində riayət edə bilirik. Bundan əlavə, məsihçi ruhu və bu qardaşların fədakar zəhməti, Yeqovanın xidmətçilərinin arasında sülhün və birliyin hökm sürməsinə çox kömək edir. Biz, məzmurçu Davudun dediklərini təkrar etməyə təşviq oluruq: “Budur, qardaşların bir yerdə yaşaması nə yaxşıdır və nə xoşdur!” (Məzmur 133:1).
21. İşaya 60:17 ayəsi bu gün necə həyata keçir?
21 Biz Yeqovanın, Kəlamı və müqəddəs ruhu vasitəsilə həyata keçirdiyi rəhbərliyə görə çox minnətdarıq. Bəli, İşaya 60:17-də yazılmış sözlərdə həqiqətən də dərin mə’na vardır: “Tunc yerinə qızıl gətirəcəyəm və dəmir yerinə gümüş və ağac yerinə tunc və daş yerinə dəmir gətirəcəyəm. Və mə’murlarını sülh edəcəyəm, nəzarətçilərini də ədalət”. Yeqovanın Şahidləri arasında teokratik üsullar tədricən daha geniş şəkildə tətbiq olunur və bunun sayəsində Allahın yer üzündə olan cəmiyyəti, yuxarıda təsvir edilən xeyir-duaları əldə edir.
22. Biz nəyə görə minnətdarlıq hissi keçiririk və nə etməyə qərarlı olmalıyıq?
22 Bizdə qəbul olunmuş teokratik qaydanı, həmçinin teokratik yolla tə’yin olunmuş nəzarətçilərin və xidməti köməkçilərin ağır, lakin məmnunluq gətirən zəhmətlərini dərindən qiymətləndiririk. Bizə ruhani zənginlik verən və bizi bol-bol xeyir-dualandıran, sevən səmavi Atamızı ürəkdən izzətləndiririk (Süleymanın məsəlləri 10:22). Buna görə də, gəlin Yeqovanın təşkilatı ilə ayaq-ayağa yerimək üçün qərarlı olaq! Ən əsası isə, gəlin Yeqovanın adına izzət, hörmət və şərəf gətirərək, Ona birlikdə xidmət etməyi davam etdirək!
Siz necə cavab verərdiniz?
• Nəyə görə demək olar ki, nəzarətçilər və xidməti köməkçilər demokratik deyil, teokratik yolla seçilirlər?
• Məs’ul məsihçi qardaşlar müqəddəs ruhla necə tə’yin olunurlar?
• Nəzarətçilərin və xidməti köməkçilərin tə’yin olunmasında Rəhbərlik şurasının hansı rolu var?
• Teokratik tə’yinatlarla əlaqədar nəyə görə Yeqovaya minnətdar olmalıyıq?
[10-cu səhifədəki şəkillər]
Ağsaqqallar və xidməti köməkçilər teokratik yolla tə’yin olunurlar.