Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w01 1/7 s. 14—19
  • Bəxtiyar Allahla birlikdə sevinin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bəxtiyar Allahla birlikdə sevinin
  • Gözətçi qülləsi 2001
  • Başlıqlar
  • Oxşar material
  • Onlar sevinclərini heç zaman itirmirdilər
  • Xidmətə olan müsbət düşüncə tərzini qoruyun
  • Həmimanlılar sizə dayaq olacaqlar
  • Yığıncağınıza nəzər salın
  • Sevinc — ilahi xüsusiyyət
    Gözətçi qülləsi 2018
  • «Saleh insanın sevinci Yehova olacaq»
    Gözətçi qülləsi 2018
  • Verin və bundan sevinc əldə edin!
    Gözətçi qülləsi 2001
  • Allaha var qüvvətinlə və sevinclə xidmət et
    Gözətçi qülləsi 2009
Gözətçi qülləsi 2001
w01 1/7 s. 14—19

Bəxtiyar Allahla birlikdə sevinin

“Nəhayət, qardaşlar, sevinin... məhəbbət və sülh Allahı sizinlə olacaqdır” (2 KORİNFLİLƏRƏ 13:11, İ—93).

1, 2. a) Nəyə görə çox insanlar həyatda sevinc tapmırlar? b) Sevinc nədir və biz onu necə inkişaf etdirə bilərik?

BU ÇƏTİN zəmanədə çox insanlar sevinmək üçün səbəb görmürlər. Onlara və ya sevdikləri kəsə bir bədbəxtlik üz verəndə, özlərini qədimdə yaşayan Eyub kimi hiss edə bilərlər. Eyub deyirdi: “İnsan ki, qadından doğulub, günləri qısadır və sıxıntıya doyar” (Eyub 14:1). Məsihçilər, bugünkü “çətin anlara” xas olan sıxıntı və gərginlikdən mühafizə olunmayıblar, buna görə də təəccüblü deyil ki, Yeqovanın sadiq xidmətçiləri bə’zən ruhdan düşürlər (2 Timoteyə 3:1).

2 Bununla birlikdə, hətta sınağa mə’ruz qalsalar belə məsihçilər sevinə bilərlər (Həvarilərin işləri 5:40, 41). Bunun necə mümkün olduğunu anlamaq üçün, gəlin əvvəlcə sevincin nə olduğuna diqqət yetirək. Sevinc — “yaxşı bir şeyin əldə edilməsi və ya gözlənilməsi ilə əlaqədar yaranan hissdir”a. Deməli, Allahın yeni dünyasında alacağımız xeyir-dualarla bərabər, hal hazırda malik olduğumuz şeylər haqqında düşünməklə sevinə bilərik.

3. Hər bir kəsin hansı mə’nada sevinməyə səbəbi ola bilər?

3 Hər bir kəs müəyyən xeyir-dualara malikdir və bunlara görə minnətdar olmaq lazımdır. Tutaq ki, ailənin başçısı iş yerini itirib. Təbiidir ki, ailəsini tə’min etməli olduğu üçün o, narahatçılıq hissi keçirir. Bununla belə, əgər onun möhkəm sağlamlığı varsa, bunun üçün də minnətdar ola bilər. Əgər bir iş taparsa, vicdanla çalışa bilər. Başqa bir misal: fərz edək ki, məsihçi qadın üzücü xəstəlikdən əzab çəkir. Buna baxmayaraq, ləyaqətlə tab gətirməkdə və cəsarətini itirməməkdə ona kömək edən sevən dostlarının və ailə üzvlərinin göstərdikləri qayğıya görə minnətdar ola bilər. Ümumiyyətlə bütün məsihçilər, şəraitlərindən asılı olmayaraq, “bəxtiyar Allah” olan Yeqovanı və “bəxtiyar və tək Hökmdar” İsa Məsihi tanıdıqları üçün sevinə bilərlər (1 Timoteyə 1:11, YD; 6:15, YD). Bəli, Yeqova Allah və İsa Məsih olduqca bəxtiyardırlar. Yer üzündəki şərait Özünün ilk niyyətinə tam müvafiq olmasa da, Yeqova və Oğlu sevinclərini qoruyub saxlayırlar. Onların nümunəsi, sevincimizi necə qoruyub saxlamaqda bizə çox şey öyrədə bilər.

Onlar sevinclərini heç zaman itirmirdilər

4, 5. a) İlk insanlar üsyan qaldıranda Yeqova necə davrandı? b) Yeqova insanlara qarşı müsbət düşüncə tərzini necə qoruyub saxladı?

4 Ədən bağında Adəmlə Həvvanın çox gözəl səhhətləri və mükəmməl zəkaları vardı. Onlar səmərəli işə və bu işi yerinə yetirmək üçün çox yaxşı şəraitlərə malik idilər. Ən başlıcası isə, onlar Yeqova ilə hər vaxt ünsiyyətdə ola bilirdilər. Allahın niyyəti o idi ki, onlar xoşbəxt gələcəkdən həzz alsınlar. Ancaq bütün bu gözəl bəxşişlər bizim ulu valideynlərimizə azlıq etdi; onlar “yaxşılığı və pisliyi bilmə ağacının” qadağan olunan meyvəsini mənimsədilər. Bu itaətsizlik, Adəm və Həvvanın nəsilləri olan bizlərin indi yaşadığı bədbəxtliklərin başlanğıcı oldu (Təkvin 2:15—17; 3:6; Romalılara 5:12).

5 Lakin Yeqova, Adəm və Həvvanın nankorluğunun Onu sevincdən məhrum etməsinə yol vermədi. Yeqova, ilk insan cütünün nəslindən heç olmasa bə’zilərinin ürəyi onları Ona xidmət etməyə təşviq edəcəyinə əmin idi. O, buna o dərəcədə əmin idi ki, hələ Adəmlə Həvvanın ilk övladı dünyaya göz açmamış, onların itaətkar nəsillərinin günahlarını yumaq niyyətini e’lan etdi! (Təkvin 1:31; 3:15). Sonrakı əsrlər ərzində insanların əksəriyyəti ulu valideynlərimizin yolunu davam etdirdilər, ancaq Yeqova geniş yayılmış itaətsizliyə görə bəşər ailəsindən üz döndərmədi. Əksinə, diqqətini Onun “ürəyini sevindirənlərə”, yə’ni məhəbbətlə hərəkətə gətirilərək, var qüvvəsi ilə Onu məmnun etməyə sə’y göstərən şəxslərə yönəltdi (Süleymanın məsəlləri 27:11; İbranilərə 6:10).

6, 7. Sevincini qoruyub saxlamaqda İsaya nə kömək etdi?

6 Bəs İsa sevincini necə qoruyub saxlayırdı? Göydə qüdrətli ruhani varlıq olan İsa, insanların yer üzündə fəaliyyətlərini sərbəst tərzdə müşahidə edə bilirdi. Onların qeyri-kamilliyi aşkar olduğuna baxmayaraq, İsa yenə də onları sevirdi (Süleymanın məsəlləri 8:31). Sonralar, yer üzünə gəlib insanlar “arasında sakin” olarkən, İsanın onlara qarşı olan münasibəti dəyişmədi (Yəhya 1:14). Bəs Allahın kamil Oğluna günahkar insanlara münasibətində müsbət düşüncə tərzini qoruyub saxlamağa kömək edən nə idi?

7 İlk növbədə İsa nə özündən, nə də başqalarından artıq şey gözləmirdi. O bilirdi ki, insanların hamısı Allaha iman etməyəcək (Matta 10:32—39). Buna görə də İsa, Padşahlıq haqqındakı müjdəni, səmimi qəlbli bir insan qəbul edəndə sevinirdi. Şagirdlərinin davranış və düşüncələri bə’zən məmnunedici olmasa da, İsa bilirdi ki, onlar Allahın iradəsini ürəkdən yerinə yetirmək istəyirlər və elə buna görə onları sevirdi (Luka 9:46; 22:24, 28—32, 60—62). Maraqlıdır: səmavi Atasına etdiyi duasında, İsa şagirdlərinin həmin vaxta qədər getdikləri düzgün yolu qısaca belə təsvir etdi: “Sənin sözünə riayət etdilər” (Yəhya 17:6).

8. Sevinci qoruyub saxlamaqda Yeqovanı və İsanı necə təqlid edə bilərik?

8 Şübhəsiz ki, Yeqova Allahın və İsa Məsihin verdikləri nümunə üzərində dərindən düşünmək hamımız üçün faydalı olardı. Hər şey ümid bəslədiyimiz kimi baş verməyəndə həddindən artıq narahat olmamaqla, Yeqovanı daha çox təqlid edə bilmərikmi? İndiki şəraitlərə müsbət düşüncə tərzini qorumaqla və nə özümüzdən, nə də başqalarından həddindən artıq şey gözləməməklə İsanın izləri ilə daha dəqiq yeriyə bilmərikmi? Gəlin görək bu prinsiplərdən bə’zilərini, sə’y göstərən bütün məsihçilərin qəlbinə əziz olan sahədə — təbliğ xidmətində necə tətbiq etmək olar.

Xidmətə olan müsbət düşüncə tərzini qoruyun

9. Yeremya yenidən sevincə necə nail oldu və onun nümunəsi bizə necə kömək edər?

9 Yeqova istəyir ki, biz Ona sevinclə xidmət edək. Sevincimiz, əldə etdiyimiz nəticələrdən asılı olmalı deyil (Luka 10:17, 20). Peyğəmbər Yeremya illər uzunu səmərəsiz ərazidə təbliğ etmişdi. O, diqqətini insanların mənfi münasibətinə mərkəzləşdirəndə sevincini itirirdi (Yeremya 20:8). Ancaq müjdənin öz gözəlliyi barədə düşündükdə isə, o, yenidən sevinməyə başlayırdı. Yeremya Yeqovaya dedi: “Sözlərin tapıldı və onları yedim; və sözlərin mənə şadyanalıq və ürəyimə sevinc oldu; çünki sənin isminlə çağırılıram, ey... RƏB!” (Yeremya 15:16). Bəli, Yeremya Allahın kəlamını təbliğ etmək imtiyazı üçün sevinirdi. Biz də sevinə bilərik.

10. Hətta təbliğ etdiyimiz ərazidə insanlar hal hazırda maraq göstərmirlərsə də, xidmətdə sevincimizi necə qoruyub saxlaya bilərik?

10 Hətta insanların əksəriyyəti xoş xəbərə hay verməsə də, təbliğ xidmətindən sevinc duymağa bizim hər bir səbəbimiz var. Əgər xatırlasaq, Yeqova şübhə etmirdi ki, bə’zi insanlar Ona xidmət etməyə təşviq olunacaqlar. Yeqova kimi, biz də ümidimizi itirməməliyik ki, heç olmazsa bə’ziləri axırda mübahisəli sualın mə’nasını anlayacaq və Padşahlıq haqqındakı müjdəni qəbul edəcəklər. Unutmamalıyıq ki, insanların vəziyyəti dəyişir. Hətta açıqdan açığa özündən razı olan insanı da gözlənilməz itki və ya bədbəxtlik, həyatın mə’nası haqda ciddi düşünməyə məcbur edə bilər. Belə adam öz “ruhani tələbatını dərk edən” zaman siz onun yanında olacaqsınızmı? (Matta 5:3, YD). Axı təbliğ etdiyiniz əraziyə növbəti dəfə gələndə, kimin isə xoş xəbəri dinləməyə hazır olması istisna deyil!

11, 12. Bir şəhərdə nə baş verdi və bundan biz nəyə öyrənə bilərik?

11 Sahəmizdə yaşayan sakinlərin tərkibi dəyişə də bilər. Bir nümunəyə diqqət yetirək. Kiçik bir şəhərdə bir-birlərilə dostluq edən çoxlu gənc ailələr yaşayırdı. Yeqovanın Şahidləri hər qapıda eyni sözləri eşidirdilər: “Bu bizi maraqlandırmır!” Əgər onlardan biri Padşahlıq haqqındakı müjdəyə maraq göstərirdisə də, qonşuları dərhal onu Şahidlərlə növbəti dəfə görüşmək fikrindən daşındırırdılar. Əlbəttə ki, orada təbliğ etmək çətin idi. Buna baxmayaraq, Yeqovanın Şahidləri məğlub olmadılar və təbliğə davam etdilər. Bəs nəticəsi nə oldu?

12 Vaxt keçdikcə bu ailələrdəki uşaqlar böyüdülər, evləndilər və elə həmin şəhərdə məskən saldılar. Onlardan bə’ziləri həyatlarının əsl xoşbəxtlik gətirmədiyini dərk edib, həqiqəti axtarmağa başladılar. Onlar həqiqəti, Yeqovanın Şahidlərinin e’lan etdikləri xoş xəbərə hay verməklə tapırdılar. Beləliklə, çox illər keçdikdən sonra, oradakı kiçik yığıncaq böyüməyə başladı. Padşahlığın təslim olmayan təbliğçilərinin sevincini təsəvvür edin! Qoy Padşahlıq haqqındakı valehedici müjdənin təbliğindəki dəyanətlik bizə də sevinc gətirsin!

Həmimanlılar sizə dayaq olacaqlar

13. Ruhdan düşdüyümüz zaman kimə müraciət edə bilərik?

13 Çətinliklər üst-üstə yığılanda, yaxud bir bədbəxtlik baş verəndə təsəlli üçün kimə müraciət etmək olar? Özlərini Yeqovaya həsr edən milyonlarla xidmətçilər ilk növbədə duada Yeqovaya, sonra isə məsihçi bacı-qardaşlara müraciət edirlər. İsanın özü yer üzündə yaşayarkən şagirdlərinin köməyini qiymətləndirirdi. Öləcəyi gecə İsa söylədi ki, “keçirdiyi sınaqlarda” şagirdləri onunla bərabər oldular (Luka 22:28). Şagirdləri qeyri-kamil olsalar da, onların hədsiz sədaqətləri Allahın Oğluna təsəlli verirdi. Həmimanlıların köməyi bizə də qüvvət verər.

14, 15. Oğullarının ölümünə tab gətirməkdə bir ər-arvada nə kömək etdi və onların təcrübəsindən siz nəyə öyrəndiniz?

14 Məsihçi ər-arvad Mişel və Diana, bacı-qardaşların köməyinin nə dərəcədə dəyərli olduğunu öz şəxsi təcrübələrində daddılar. Onların, tam enerjili və parlaq ümidli 20 yaşlı məsihçi oğulları Conatanda beyin şişi xəstəliyi müəyyən etdilər. Həkimlər onun həyatı üçün cəsuranə mübarizə aparırdılar, amma Conatanın vəziyyəti pisləşirdi və günlərin birində axşama yaxın öldü. Mişel və Diana özlərinə yer tapmırdılar. Həmin axşam xidməti görüş keçirilirdi və onlar bilirdilər ki, görüş tezliklə başa çatacaqdır. Buna baxmayaraq, son dərəcə təsəlliyə ehtiyac duyaraq, yanlarında olan ağsaqqala onlarla bərabər Padşahlıq Zalına getməyi xahiş etdilər. Onlar görüş yerinə çatanda, yığıncağa Conatanın ölümünü e’lan edirdilər. Görüş qurtardıqdan sonra, bacı-qardaşlar ağlayan valideynlərin yanına toplaşdılar və onları qucaqlayıb, təsəlliverici sözlər dedilər. Diana xatırlayır: “Biz Zala gələndə qəlbən boşluq hiss edirdik, amma qardaşlar bizə necə də təsəlli verdilər, bizi necə də ruhlandırdılar! Bizi kədərimizdən azad etməsələr də, tab gətirməkdə bizə kömək etdilər” (Romalılara 1:11, 12; 1 Korinflilərə 12:21—26).

15 Bu bədbəxt hadisə Mişel və Diananı həm bacı-qardaşlarla, həm də bir-birləri ilə yaxınlaşdırdı. Mişel deyir: “Əziz arvadımı daha çox qiymətləndirməyi öyrəndim. Çətin anlarda bir-birimizlə Müqəddəs Kitab həqiqətləri və Yeqovanın bizə etdiyi kömək barədə danışırıq”. Diana əlavə edir: “Padşahlığa olan ümid bizim üçün indi daha artıq mə’na daşıyır”.

16. Nəyə görə ehtiyaclarımızı qardaşlarımıza bildirmək vacibdir?

16 Bəli, məsihçi bacı-qardaşlarımız bizə “təsəlli” ola bilərlər və bununla da sevincimizi qoruyub saxlamaqda kömək edərlər (Koloslulara 4:11). Şübhəsiz ki, onlar bizim fikirlərimizi oxumaq iqtidarında deyillər. Buna görə də, köməyə ehtiyacımız olanda yaxşı olardı ki, bunu onlara bildirək. Sonra isə, qardaşlarımızın verdikləri hər bir təsəlliyə səmimi qəlbdən minnətdarlıq etmək və bunu Yeqovadan gələn təsəlli kimi qiymətləndirmək olar (Süleymanın məsəlləri 12:25; 17:17).

Yığıncağınıza nəzər salın

17. Uşaqlarını tək böyüdən bacımız hansı çətinliklərlə qarşılaşır və onun kimi eyni vəziyyətdə olan insanlara biz necə münasibət göstəririk?

17 Həmimanlılarla nə qədər yaxından tanış olursansa, onları bir o qədər də çox qiymətləndirməyə başlayır və onlarla ünsiyyətdən daha artıq sevinc hissi duyursan. Yığıncağınıza nəzər salın. Kimi görürsünüz? Budur, uşaqlarını həqiqətdə böyütmək üçün çoxlu qüvvə sərf edən tənha bir ana. Onun verdiyi gözəl nümunə üzərində düşünmüsünüzmü? Bu ananın qarşılaşdığı problemlərdən bə’zilərini təsəvvür etməyə çalışın. Məsələn, uşaqlarını tək böyüdən Canin adlı bir qadının yaşadığı çətinliklərdən bə’ziləri bunlardır: tənhalıq, iş yerində kişilər tərəfindən təngə gətirilmək, çox məhdud büdcə. Lakin Caninin dediyinə görə, uşaqlar bir-birindən fərqləndikləri üçün onların emosional tələbatlarının qayğısına qalmaq hər şeydən çətindir. Bu qadın daha bir problemi xatırladır: “Oğulun ailə başçısı olmadığını və əri əvəz edə bilmədiyini həmişə yadda saxlamaq çətindir. Mənim qızım da var və hərdən unudursan ki, öz pünhan hisslərini onunla bölüşərək, bütün problemlərini qızının üzərinə yıxmaq olmaz”. Allahdan qorxan minlərlə tənha valideynlər kimi, Canin tam iş günü çalışır və hələ üstəlik ev işləri ilə də məşğul olur. O, uşaqlarına həm Müqəddəs Kitabı, həm də xidmət etməyi öyrədir və onları yığıncaq görüşlərinə aparır (Efeslilərə 6:4). Yeqova, nöqsansızlığı qorumaq üçün bu ailənin gündəlik sərf etdiyi qüvvəni görərək necə də sevinir! Məgər aramızda belə insanların olmasına bizim ürəyimiz sevinmirmi? Əlbət ki, sevinir.

18, 19. Yığıncaq üzvlərini daha çox qiymətləndirməyi necə öyrənmək olar? Nümunələrlə göstərin.

18 Yığıncağınıza yenidən nəzər salın. Ehtimal ki, Yeqovaya sədaqətlə xidmət edən və həmişə yığıncaqlara gələrək Allaha ibadət yerindən “heç ayrılmayan” dul kişi və qadınları görəcəksiniz (Luka 2:37). Bu adamlar tənhalıq hissi keçirirlərmi? Sözsüz. Onlar həyat yoldaşlarının həsrətini çox çəksələr də, Yeqovaya fəal tərzdə xidmət etməyi davam edir və başqaları ilə maraqlanırlar. Onların daxili möhkəmliyi və müsbət əhval-ruhiyyələri yığıncağın sevincini artırır! Ömrünün 30 ilini tammüddətli xidmətdə keçirən məsihçi bir qardaş qeyd edir: “Bir çox sınaqlardan keçib, indiyə qədər Yeqovaya sədaqətlə xidmət edən yaşlı bacı-qardaşları görmək necə də sevindiricidir!” Bəli, yaşlı bacı-qardaşlarımız gənclər üçün böyük ruh yüksəkliyidir.

19 Bəs yığıncaqla bu yaxınlarda ünsiyyətə başlayan şəxslər? Məgər görüşlərdə öz imanlarını ifadə etmələri bizi ruhlandırmırmı? Müqəddəs Kitabı öyrənməyə başladıqdan bəri onların əldə etdikləri nailiyyətlər barədə düşünün. Şübhəsiz ki, Yeqova onlardan çox razıdır. Bəs biz? Göstərdikləri cəhdlərinə görə onları tə’rifləyirikmi?

20. Nə üçün demək olar ki, yığıncağın hər bir üzvünün rolu vacibdir?

20 Nikahda olub olmamağınızdan, uşaqları tək tərbiyə etməyinizdən, atasız və ya anasız böyüməyinizdən, dul qalmağınızdan, yığıncağa çox illər əvvəl, yaxud bu yaxınlarda qoşulmağınızdan asılı olmayaraq, sizin sədaqətli olmaq nümunənizin hamı üçün ruh yüksəkliyi olduğuna şübhə etməyin. Siz hamı ilə birlikdə Padşahlıq nəğməsini oxuyanda, suallara cavab verəndə, yaxud teokratik xidmət Məktəbində tapşırıqla çıxış edəndə, iştirakınız bizim sevincimizi artırır. Ən başlıcası isə, bu Yeqovanın ürəyini sevindirir.

21. Bizim nə etmək üçün çox səbəblərimiz var, amma hansı suallar yaranır?

21 Hətta bu narahat zəmanədə belə, bəxtiyar Allahımıza ibadət etməkdən sevinc duya bilərik. Pavelin: “Sevinin! Məhəbbət və sülh Allahı sizinlə olacaqdır” — deyə yazdığı ruhlandırıcı də’vətinə qoşulmaq üçün bizim çox səbəblərimiz var (2 Korinflilərə 13:11). Bəs əgər biz təbii fəlakətlərdən əzab çəkir, tə’qiblərə mə’ruz qalır və ya iqtisadi cəhətdən ağır şəraitlərdə yaşayırıqsa, onda necə? Hətta bu cür vəziyyətlərdə də sevinci qoruyub saxlamaq mümkündürmü? Növbəti məqaləni oxuyun və nəticələr çıxarın.

[Haşiyə]

a Yeqovanın Şahidlərinin nəşr etdikləri “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyasının II cildinin 119-cu səhifəsinə baxın (ing.).

Cavab verə bilərsinizmi?

• Sevinc necə təsvir edilir?

• Sevinci qorumaqda müsbət əhval-ruhiyyə bizə necə kömək edə bilər?

• Yığıncağımıza məxsus olan sahəyə müsbət düşüncə tərzi ilə yanaşmaqda bizə nə kömək edər?

• Yığıncağınızdakı bacı-qardaşları nəyə görə qiymətləndirirsiniz?

[16-cı səhifədəki şəkillər]

Sahəmizdəki insanlar dəyişirlər.

[18-ci səhifədəki şəkil]

Yığıncağınızın üzvləri hansı çətinliklərlə qarşılaşırlar?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş