Yehova xainliyə nifrət edir
“Nə üçün hər kəs... qardaşına xainlik edir?” (MALAKİ 2:10).
1. Əbədi yaşamaq üçün Allahın hansı normalarına riayət etmək lazımdır?
ƏBƏDİ yaşamaq istəyirsinizmi? Əgər Müqəddəs Kitabın və’dlərinə iman edirsinizsə, çox güman ki, müsbət cavab verəcəksiniz. Lakin Allahın öz yeni dünyasında sizə sonsuz həyat bəxş etməsini arzu edirsinizsə, Onun normalarına riayət etməlisiniz (Vaiz 12:13; Yəhya 17:3). Bəs bunu qeyri-kamil insanlardan gözləmək məntiqə uyğundurmu? Əlbəttə, axı Yehova bizə təsəlli verir: “İstədiyim qurban deyil, yaxşılıqdır; və yandırılan təqdimələrdən ziyadə Allah bilgisidir” (Hoşea 6:6). Deməli, hətta səhv işlətməyə meylli insanlar belə Allahın tələblərinə riayət edə bilərlər.
2. İsraillilərin bir çoxu Yehovaya qarşı necə xainlik etdilər?
2 Lakin Yehovanın iradəsini yerinə yetirməyi hamı istəmir. Hoşeanın sözlərindən göründüyü kimi, hətta israillilərin də bir çoxu bunu etmək istəmirdi. Vaxtilə onlar bir xalq kimi Allahla əhd bağladılar və bu əhd onların üzərinə Allahın qanunlarını yerinə yetirmək məs’uliyyətini qoyurdu (Çıxış 24:1-8). Lakin qısa vaxtdan sonra onlar, qanunları pozaraq, verdikləri “əhddən yan keçdilər”. Buna görə də Yehova həmin israillilərin Ona qarşı “xainlik” etdiklərini söylədi (Hoşea 6:7). İnsanların çoxu indiyədək bu cür davranmağa davam edirlər. Amma Yehova istər Özünə, istərsə də Onu sevən və Ona xidmət edənlərə qarşı xainliyə nifrət edir.
3. Növbəti məqalədə nəyi müzakirə edəcəyik?
3 Hoşea, xainliyə qarşı Allahın nöqteyi-nəzəri barədə danışan yeganə peyğəmbər deyil. Əgər xoşbəxt yaşamaq istəyiriksə, biz də Allahın fikrini nəzərə almalıyıq. Əvvəlki məqalədə Malakiyanın peyğəmbərlik kitabının birinci fəslini müzakirə etdik. İndi isə gəlin ikinci fəsli nəzərdən keçirək və burada Allahın xainliyə qarşı olan nöqteyi-nəzərinə diqqət yetirək. Baxmayaraq ki, Malaki, israillilərin Babildən qayıtmasından bir neçə onillik sonra Allahın xalqı arasında yaranan vəziyyətdən danışır, bu kitabın ikinci fəsli bizim üçün də tam aktualdır.
Kahinlər məzəmmətə layiqdirlər
4. Yehova kahinləri nə barədə xəbərdar edir?
4 İkinci fəsil, kahinlərin düzgün yoldan çıxdıqları üçün Yehovanın onları məzəmmət etməsindən başlayır. Əgər onlar verilən nəsihətlərə ürəkdən yanaşıb, yollarını doğrultmazlarsa, nəticəsi çox ağır olacaqdır. İlk iki ayəyə diqqət yetirin: “Ey kahinlər, bu əmr sizin üçündür. Əgər dinləməsəniz və mənim ismimə izzət verməyi ürəyinizə qoymasanız, orduların Rəbbi deyir, üzərinə lə’nət göndərərəm və bərəkət dualarınıza lə’nət edərəm”. Kahinlər Allahın qanunlarını xalqa öyrədib, özləri də onlara müvafiq yaşasaydılar, xeyir-dualara malik olardılar. Lakin Allahın iradəsinə əhəmiyyət vermədiklərinə görə, onları lə’nət gözləyirdi. Hətta onların söylədikləri xeyir-dualar da lə’nətə çevriləcəkdi.
5, 6. a) Kahinlər nəyə görə ciddi məzəmmətə layiq idilər? b) Yehova kahinlərə qarşı nifrətini necə bildirir?
5 Nəyə görə kahinlər bu cür ciddi məzəmmətə layiq idilər? Bunun səbəbi 7-ci ayədə aydın göstərilir: “Bilgini kahinin dodaqları qorumalı və insanlar şəriəti onun ağzından axtarmalı; çünki ordular Rəbbinin xəbər gətirənidir”. Allahın min ildən çox əvvəl Musanın vasitəsilə İsrailə verdiyi qanunlarında kahinlərin vəzifələrinə “Rəbbin... İsrail oğullarına söyləmiş olduğu bütün qanunları” öyrətmək daxil idi (Levililər 10:11). Əfsuslar olsun ki, sonradan 2 Tarixlər 15:3 ayəsində yazıldığı kimi, İsrailin uzun müddət həqiqi “Allahı... öyrədici kahini... və şəriəti yox idi”.
6 Eramızdan əvvəl beşinci əsrdə, Malakinin günlərində kahinlik vəzifəsi də eyni vəziyyətdə idi. Kahinlər xalqı Allahın Qanununa öyrətmirdilər və buna görə də məzəmmətə layiq idilər. Yehovanın onları necə güclü mühakimə etdiyinə diqqət yetirin. Malaki 2:3 ayəsində yazılıb: “Mən... üzlərinizə peyin atacağam, bayramlıq qurbanlarınızın peyinini”. Necə də alçaldıcı cəzadır! Qurban üçün tə’yin edilən heyvanın peyini düşərgədən çıxarılmalı və yandırılmalı idi (Levililər 16:27). Buna görə də tamamilə aydındır ki, Yehova kahinlərə “üzlərinizə peyin atacağam” dedikdə, onlara qarşı nifrət edir və gətirdikləri qurbanlarla bərabər onların özlərini də rədd edir.
7. Yehova Qanun müəllimlərinə nəyə görə qəzəblənirdi?
7 Yehova, Malaki peyğəmbərdən çox yüzilliklər öncə, səyyar mə’bədə sonradan isə mə’bədə qayğı göstərib, orada müqəddəs xidməti icra etməyi levililərə tapşırmışdı. Onlar İsrail xalqının arasında müəllim idilər. Bu tapşırığın yerinə yetirilməsi həm onlar, həm də xalq üçün həyat və sülh mə’nasını daşımalı idi (Saylar 3:5-8). Lakin levililər əvvəllər malik olduqları Allaha məqbul qorxunu itirdilər. Buna görə də Yehova onlara dedi: “Siz yoldan sapdınız; və çox adamları şəriətdə büdrətdiniz; Levinin əhdini pozdunuz. Siz... mənim yollarımı tutmadınız” (Malaki 2:8, 9). Yehovanın kahinlərə qəzəblənməyə tam haqqı vardı: onlar insanlara həqiqəti öyrətmir, pis nümunə verir və bununla da bir çox israilliləri büdrədirdilər.
Allahın normalarına riayət etmək
8. İnsanlardan Allahın normalarına riayət etməyi gözləmək məntiqə uyğundurmu? İzah edin.
8 O dövrün kahinlərinin qeyri-kamillik üzündən Allahın normalarını yerinə yetirə bilmədikləri üçün şəfqətə və bağışlanmağa layiq olduqlarını düşünməyə dəyməz. İnsan Allahın normalarına riayət edə bilər, çünki Yehova bizdən mümkün olmayan işləri tələb etmir. Ehtimal ki, həmin dövrün kahinlərindən bə’ziləri Allahın normalarına riayət edirdilər. Və biz tam əminik ki, sonralar “Baş kahin” İsa da bu cür davranırdı (İbranilərə 3:1). Onun haqqında doğrudanda da demək olar: “Həqiqət şəriəti onun ağzında idi və onun dodaqlarında haqsızlıq tapılmadı; mənimlə sülhdə və doğruluqda yürüdü və çox adamları qanunsuzluqdan döndərdi” (Malaki 2:6).
9. Bizim günlərdə həqiqəti daima yayan kimlərdir?
9 Buna bənzər tərzdə, İsanın səmavi ümidə malik olan məsh edilmiş qardaşları artıq bir əsrdən çoxdur ki, “Allaha məqbul olan ruhani qurbanlar təqdim” edərək “müqəddəs kahinlər tayfası” kimi xidmət edirlər (1 Peter 2:5). Onlar Müqəddəs Kitab biliklərinin yayılması işinə rəhbərlik edirlər, bütün ruhani həqiqətləri isə biz onların sayəsində öyrənmişik. Məgər bu bizi həqiqət şəriətinin onların dilində olduğuna əmin etmirmi? Məsh edilmiş məsihçilər ruhani mə’nada yolunu azmış bir çox insanlara düzgün yolu tapmağa kömək etmişlər. Hazırda bütün dünyada milyonlarla insanlar Müqəddəs Kitab həqiqətlərini öyrənmiş və əbədi həyata ümid əldə etmişlər. Öz növbəsində bu insanlar başqalarına həqiqət qanunlarını öyrətməyə şaddırlar (Yəhya 10:16; Vəhy 7:9).
Ehtiyatlı olmaq gərəkdir
10. Biz nədə ehtiyatlı olmalıyıq?
10 Amma bizə ehtiyatlı olmaq gərəkdir. Əks təqdirdə Malaki 2:1-9 ayələrindəki ibrət dərslərini nəzərdən qaçıra bilərik. Dilimizdə haqsızlığın tapılmamasının vacib olduğunu xatırlayırıqmı? Məsələn, ailəmizin üzvləri bizim sözlərimizə tam e’tibarla yanaşa bilərlərmi? Bəs yığıncaqdakı bacı-qardaşlar necə? Rəsmi nöqteyi-nəzərdən düzgün danışmaq, əslində isə başqalarını azdırmaq vərdişi bizdə asanlıqla kök sala bilər. Amma kim isə, ola bilsin, bizneslə məşğul olaraq hər hansı bir təfsilatı gizlətməyə və ya şişirtməyə meyllidir. Məgər Yehova bunları görmürmü? Əgər bu cür işlərlə məşğul oluruqsa, O, bizim mədh qurbanlarımızı qəbul edəcəkmi?
11. Kimlər xüsusilə ehtiyatlı olmalıdırlar?
11 Malaki 2:7 ayəsindəki sözlər, yığıncaqda Allahın Kəlamını öyrədən qardaşlar üçün xəbərdarlıq kimi xidmət etməlidir. Ayədə deyilir ki, onların dodaqları “bilgini... qorumalı və insanlar şəriəti” onların ağzında axtarmalıdırlar. Bu müəllimlərin üzərinə ciddi məs’uliyyət qoyulmuşdur ki, bu da, Yaqub 3:1 ayəsinə əsasən “daha tələbkar bir mühakiməni” özünə daxil edir. Baxmayaraq ki, onlar ürəkdən və ruh yüksəkliyi ilə öyrətməlidirlər, onların tə’limləri tamamilə Allahın Kəlamı olan Müqəddəs Kitaba və Yehovanın təşkilatının təqdim etdiyi materiala əsaslanmalıdır. O zaman onlar başqalarını öyrətməyə qabiliyyətli olacaqlar. Onlara məsləhət verilir: “Çalış ki, özünü Allaha sınaqdan çıxmış, utanmağa əsası olmayan və həqiqət sözünü doğruluqla öyrədən bir işçi kimi təqdim edəsən” (2 Timoteyə 2:2, 15).
12. Yığıncaqda tə’lim verənlər nədən çəkinməlidirlər?
12 Əgər ehtiyatlı olmasaq, Allahın tə’limlərinə üstün hesab etdiyimiz ideya və mülahizələrimizi əlavə etmək həvəsi oyana bilər. Bu cür düşüncə tərzi, Yehovanın təşkilatının öyrətdiklərinə zidd olsa belə, özlərinin düzgün olduqlarına heç zaman şübhə etməyən insanlarda daha çox yaranır. Lakin biz, “Malaki” kitabının ikinci fəslində qeyd edildiyi kimi, yığıncaqdakı müəllimlərdən məsihçilər üçün maneə ola biləcək şəxsi nöqteyi-nəzərləri deyil, məhz Allahın Kəlamına əsaslanan bilikləri təqdim etmələrini gözləməkdə tam haqlıyıq. İsa demişdir: “Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, boynuna iri bir dəyirman daşı asıb dənizin dibinə atılmaq onun üçün daha yaxşı olar” (Matta 18:6).
Bir imanda olmayanlarla nikah
13, 14. Malaki israillilərin hansı ilk yanlış hərəkətlərini göstərir?
13 Malaki 2-ci fəslin 10-cu ayəsindən başlayaraq, xainlik mövzusuna daha çox diqqət yetirilir. Peyğəmbər diqqəti, dəfələrlə “xainlik” adlandırdığı iki qarşılıqlı davranışa yönəldir. Lakin əvvəlcə fikir verin ki, Malaki öz nəsihətlərini sualla başlayır: “Hamımızın atası bir deyilmi? Bizi bir Allah yaratmadımı? Nə üçün hər kəs atalarımızın əhdini pozaraq qardaşına xainlik edir?”. O, 11-ci ayədə əlavə edir ki, israillilər öz xainlikləri ilə Yehovanın müqəddəsliyini murdarlayırlar. Onların hansı hərəkətləri bu cür ciddi məzəmmətə layiq idi? Bu ayədə onların etdikləri yanlış hərəkətlərdən biri göstərilir — onlar “əcnəbi tanrının” qızları ilə evlənirdilər.
14 Başqa sözlərlə desək, bə’zi israillilər — Yehovaya həsr olunmuş xalqın üzvləri — imanlarına şərik olmayan kəslərlə evlənirdilər. Kontekst, bu hərəkətin nəyə görə bu dərəcədə ciddi olduğunu göstərir. 10-cu ayədə deyilir ki, israillilərin tək bir Atası vardı. Söhbət nə Yaqubdan (sonradan İsrail adı almışdı), nə İbrahimdən, nə də ki, Adəmdən gedir. Malaki 1:6 ayəsində deyilir ki, haqqında bəhs olunan bir Ata Yehovadır. İsraillilərin Allahla xüsusi qarşılıqlı münasibətləri vardı, onlar atalarının Allahla bağladıqları əhdə daxil idilər. Həmin əhdə daxil olan qanunlardan biri isə belə idi: “Onlarla [bütpərəstlərlə] qohumluq etməyəcəksən; qızını onun oğluna verməyəcəksən və onun qızını oğluna almayacaqsan” (Təsniyə 7:3).
15. a) Bə’ziləri eyni imana şərik olmayan kəslərlə nikaha girməyə necə haqq qazandıra bilərlər? b) Yehova nikah haqqında nə düşünür?
15 Kim isə bu gün belə düşünə bilər: “Mənim xoşuma gələn insan başqaları kimi deyil. Vaxt keçdikcə o (kişi və ya qadın), çox güman ki, həqiqi Allaha ibadət etməyə başlayacaq”. Bu cür düşüncə tərzi Müqəddəs Kitabda yazılan xəbərdarlığın düzgün olduğunu təsdiqləyir: “Ürək hər şeydən ziyadə aldadıcıdır və çox çürükdür” (Yeremya 17:9). Başqa imana sahib olan kəslə ailə qurmağa qarşı Allahın nöqteyi-nəzəri Malaki 2:12 ayəsində ifadə olunur: “Bunu edən adamı... Rəbb kəsib atacaqdır”. Buna görə də, məsihçilər yalnız Rəbbə bağlı olan şəxslə ailə qurmağa təşviq olunurlar (1 Korinflilərə 7:39). Məsihçi yığıncağında bir imanda olmayanlarla nikaha girənlər “kəsilib atılmırlar”. Amma əgər imanına şərik olmayan həyat yoldaşı həqiqəti qəbul etməzsə, Allah tezliklə indiki pis sistemə son qoyan zaman onunla nə baş verəcək? (Məzmur 37:37, 38).
Həyat yoldaşı ilə ləyaqətsiz davranış
16, 17. Bə’ziləri necə xainlik edirdilər?
16 Malaki xain davranışın digər növünün təsvirinə keçir. Bu, həyat yoldaşı ilə ləyaqətsiz davranış, xüsusilə də səbəbsiz boşanmadır. 2-ci fəslin 14-cü ayəsində deyilir: “Gəncliyinin arvadı ilə sənin aranda Rəbb şahid oldu, o qadın ki, sənin rəfiqən və özü ilə əhd etdiyin qadın olduğu halda sən ona xainlik etdin”. Yəhudi ərləri arvadları ilə xaincəsinə davrandıqları üçün, Yehovanın qurbangahı göz yaşları ilə dolmuşdu (Malaki 2:13). Bu yəhudilər, ola bilsin ki, daha gənc, hətta bütpərəst qadınlarla evlənmək üçün, gənclikdə evləndikləri qadınları yolverilməz səbəblər üzündən ədalətsiz olaraq boşayırdılar. Əxlaqsız kahinlər isə buna yol verirdilər. Malaki 2:16 ayəsində deyilir: “İsrailin Allahı Rəbb deyir: Mən boşanmaya... nifrət edirəm”. Sonralar İsa izah etdi ki, boşanıb, yenidən nikaha girmək üçün yeganə səbəb, həyat yoldaşının cinsi əxlaqsızlığı ola bilər (Matta 19:9).
17 Malakinin sözlərinə diqqət yetirək: məgər onlar ürəyə tə’sir etmirmi, məgər adi mərhəmətə təşviq etmirmi? Malaki “gəncliyin arvadı və əhd edilən qadın” haqqında bəhs edir. Xainlikdə günahkar olan hər kişi öz həmimanlısına — israilli qızı ilə evli idi. Göründüyü kimi, onun gənclik illərində evlənməsinə baxmayaraq, ötən illər və qocalıq çağının gəlməsi bağlanılan əhdi, yə’ni qanuni nikahı heç də dəyişmir.
18. Malakinin xainlik haqqında verdiyi məsləhət bu gün necə tətbiq ediləndir?
18 Həmin məsləhətlərin bizim günlər üçün də qüvvədə olduğu aydındır. Əfsuslar olsun ki, bə’ziləri Allahın “yalnız Rəbdə” ailə qurmaq məsləhətinə e’tinasız yanaşırlar! Həmçinin, bə’zilərinin öz nikahlarını möhkəmlətməyə son qoymaları da kədərli haldır. Onlar, əksinə olaraq, Allahın nifrət etdiyi hərəkətlərə haqq qazandırmağa çalışır və yenidən evlənmək məqsədilə, Müqəddəs Kitaba əsaslanmayan səbəblər üzündən boşanırlar. Bütün bu hərəkətlərlə onlar Allahı qəzəbləndirirlər. Malakinin günlərində Allahın məsləhətlərinə e’tinasız yanaşan kəslər elə düşünürdülər ki, Yehova ədalətsiz mühakimə edir. Onlar əslində deyirdilər: “Ədalət Allahı haradadır?” Necə də yanlış düşüncə tərzidir! Gəlin bu cür tələyə heç zaman düşməyək! (Malaki 2:17).
19. Ər və arvadlar müqəddəs ruhu necə ala bilərlər?
19 Malaki, o dövrdə yaşayan bə’zi kişilərin öz arvadlarına xainlik etmədiklərini göstərərək, müasirlərinin müsbət cəhətlərini də qeyd edir. Onlarda hələ “ruhun qalığı” vardı (Malaki 2:15). Xoşbəxtlikdən, bu gün Allahın təşkilatında arvadlarına “hörmət göstərən” bu cür çoxlu ərlər var (1 Peter 3:7). Onlar arvadları ilə pis davranmır, onları təhqir etmir, cinsi pozğunluğa məcbur etmir, başqa qadınlarla eşqbazlıqla məşğul olaraq, yaxud pornoqrafiyaya tamaşa edərək onları alçaltmırlar. Həmçinin, Yehovanın təşkilatı Allaha və Onun qanunlarına sadiq olan çoxsaylı sədaqətli məsihçi qadınları ilə də xeyir-dualıdır. Bu cür kişi və qadınlar Allahın nəyə nifrət etdiyini bilir və buna müvafiq tərzdə düşünür və davranırlar. Allaha itaət etməkdə onların nümunəsini təqlid edin və müqəddəs ruhu bol-bol alın (Həvarilərin işləri 5:29).
20. Bəşəriyyəti nə gözləyir?
20 Tezliklə Yehova bütün dünyanı mühakimə edəcəkdir. Hər bir insan öz hərəkəti və imanı üçün Allahın qarşısında cavab verməli olacaq. “Hər birimiz özü üçün Allaha hesabat verəcəkdir” (Romalılara 14:12). Buna görə də belə bir həyacanlandırıcı sual qalxır: Yehovanın günündə kimlər sağ qalacaqlar? Bu sual son üçüncü məqalədə müzakirə olunacaq.
İzah edə bilərsinizmi?
• Hansı əsas səbəbə görə Yehova İsrailin kahinlərini məzəmmət etdi?
• Allahın qanunlarının riayət etmək üçün həddindən artıq yüksək olduğunu iddia etmək nəyə görə düzgün deyil?
• İnsanları öyrədən zaman biz nə üçün ehtiyatlı olmalıyıq?
• Yehova xüsusilə hansı iki davranışı mühakimə edir?
[25-ci səhifədəki şəkil]
Kahinlər, Malakinin günlərində Yehovanın qanunlarından çıxdıqlarına görə məzəmmət olunmağa layiq idilər.
[26-cı səhifədəki şəkillər]
Bütpərəst qadınlarla evlənmək üçün arvadlarını boş şeylərin üstündə boşayan israilliləri Yehova mühakimə etdi.
[26-cı səhifədəki şəkil]
Müasir məsihçilər nikaha hörmət edirlər.