Allah haqqındakı dəqiq bilik təsəlli mənbəyidir
MÜQƏDDƏS KİTABDA Allahın məhəbbəti və mərhəməti haqqında deyilənlər bə’zi insanlarda anlaşılmazlığa səbəb olur. Onlar fikirləşirlər: “Əgər Allah pisliyə son qoymaq istəyirsə, bunu necə edəcəyini bilirsə və bunu etməyə qadirdirsə, bəs nə üçün pislik davam etməkdədir?” Onlar bu üç fikri bir-biri ilə uzlaşdıra bilmirlər: 1) Allah hər şeyə qadirdir; 2) Allah sevən və xeyirxahdır; 3) insanlara bədbəxtliklər üz verməyə davam etməkdədir. Sonuncu fikrin doğruluğunu inkar etmək mümkün olmadığından, onların fikrincə, əvvəlki fikirlərdən heç olmazsa biri səhvdir: Allah ya pisliklərə son qoya bilmir, ya da bunu etmək istəmir.
Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin dağılmasından bir neçə gün sonra, tanınmış amerikalı din xadimi demişdir: “Məndən, Allahın iztirablara və fəlakətlərə nə üçün yol verdiyini yüz dəfələrlə soruşublar. E’tiraf etməliyəm ki, mən bu suallara heç özüm üçün də qaneedici cavab tapmıram”.
Bu sözlərlə əlaqədar bir ilahiyyatçı professor, həmin din xadiminin təbliğ etdiyi “məntiqli ilahiyyatın” ona tə’sir bağışladığını yazmışdır. Bununla yanaşı professor, növbəti fikri söyləyən bir alim ilə həmfikir olduğunu bildirmişdir: “İztirabların səbəbinin dərk edilməməsi, Allahın dərkedilməzliyinin bir qismidir”. Bəs Allahın pisliyə nə üçün yol verdiyini anlamaq həqiqətən də qeyri-mümkündürmü?
Pisliyin başlanğıcı
Din rəhbərlərinin söylədiklərinin əksinə olaraq, Müqəddəs Kitab Allahın pisliklərə yol verməsinin səbəbini anlaşılmaz bir şey kimi təsvir etmir. Bu məsələni anlamaq üçün yadda saxlamaq lazımdır ki, Allah bu dünyanı pislik içində yaratmamışdı. Allah ilk insanları kamil və günahsız yaratmışdı. Allah yaratdığı hər şeyə nəzər salıb, dedi: “Çox gözəldir” (Yaradılış 1:26, 31, MKŞ). Allahın niyyətinə əsasən, Adəm və Həvva Edendəki Cənnəti bütün yer üzündə genişləndirməli və onu, öz Yaradanlarının sevgi dolu hökmranlığına tabe olaraq, dinclik və xoşbəxtlik içində yaşayacaq insanlarla sakin etməli idilər (İşaya 45:18).
Pisliyin peyda olması bir ruhani varlıqla bağlıdır. O, başlanğıcda Allaha sadiq olsa da, sonradan ona itaət edilməsini arzuladı (Yaqub 1:14, 15). Bu ruhani varlığın yer üzündəki üsyanı, ilk insanları öz tərəfinə cəlb etdiyi zaman başlandı. Adəmlə Həvva, Allahın xeyir və şər ağacına toxunmamağa və ondan yeməməyə dair verdiyi aydın göstərişinə tabe olmaqdan imtina edərək, meyvəni götürüb yedilər (Təkvin 3:1-5). Bunu etməklə, onlar nəinki Allaha itaətsiz oldular, həmçinin Allahdan müstəqil yaşamaq istədiklərini göstərdilər.
Əxlaq məsələsi
Edendə qaldırılan üsyan bütün bəşəriyyətə aid olan əxlaqi bir məsələyə toxundu. İnsanlar, Yehovanın öz yaratdıqları üzərində düzgün rəhbərlik etdiyini şübhə altına qoydular. Yaradan insanlardan tam itaətkarlıq tələb etmək hüququna malikdirmi? İnsanların Ondan asılı olmadan yaşamaları daha yaxşı deyilmi?
Yehovanın bu çağırışa necə cavab verməsi ilə Onun məhəbbət, ədalət, müdriklik və qüvvə kimi xüsusiyyətləri arasında mükəmməl tarazlıq təzahür olundu. O öz qüvvəsini tətbiq edərək, üsyançıları sadəcə olaraq məhv edə bilərdi. Bu, ədalətli görünə bilər, çünki Allahın buna hüququ var. Ancaq o zaman, üsyan nəticəsində əxlaqla əlaqədar yaranan suallara cavab verilməzdi. Allah, həmçinin günaha əhəmiyyət verməyə də bilərdi. Ehtimal ki, bu gün kim isə bunu məhəbbətin təzahürü hesab edərdi. Lakin bu zaman da Şeytanın irəli sürdüyü iddia, yə’ni insanların öz-özlərini daha yaxşı idarə edəcəkləri fikri cavabsız qalacaqdı. Bundan əlavə, məgər bu, başqalarını da Yehovanın yolundan dönməyə təşviq etməzdimi? Bu cür qərarın nəticəsi əbədi iztirab olardı.
Yehova özünün müdrikliyi sayəsində, insanların müəyyən vaxt ərzində Ondan asılı olmadan yaşamalarına izin verdi. Bu, pisliyin müvəqqəti mövcud olacağı mə’nasını daşısa da, insanlara imkan verildi ki, Allahdan asılı olmadan yaşayaraq, sərbəst surətdə nəyin yaxşı, nəyin pis olduğunu qərara alaraq öz-özlərini müvəffəqiyyətlə idarə edib-etməyəcəklərini göstərsinlər. Bunun nəticəsi nə oldu? Bəşəriyyətin tarixi müharibələr, ədalətsizlik, sıxıntı və iztirablarla səciyyələnir. Yehovaya qarşı üsyanın tam müvəffəqiyyətsizliyə uğraması, Edendə qaldırılan mübahisəli sualların qəti cavabı olacaqdır.
Bu arada Allah insanlara olan məhəbbətini təzahür etdirdi və insan həyatını fidiyə timsalında qurban verən Oğlu İsa Məsihi yer üzünə göndərdi. Bu, itaətkar insanların Adəmin itaətsizliyinin törətdiyi günah və ölümün köləliyindən azad olmasına imkan verir. Fidiyə, İsaya iman gətirənlərin hamısına əbədi həyata yol açır (Yəhya 3:16).
Yehova bizi əmin edir ki, insanların iztirabları müvəqqətidir. Məzmurçu yazmışdır: “Bir az gözlə və pis yox olacaqdır; onun yerini axtaracaqsan və yox olacaqdır. Fəqət həlimlər dünyanı miras alacaqlar və sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:10, 11).
Təhlükəsiz və xoşbəxt gələcək
Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi göstərir ki, tezliklə Allah xəstəliklərə, kədər və ölümə son qoyacaq. Gələcəkdə insanları gözləyən gözəl şeylərə dair həvari Yəhyaya möhtəşəm rö’ya verilmişdir və o yazmışdır: “Mən, yeni bir səma və yeni bir yer gördüm. Çünki əvvəlki səma və əvvəlki yer keçdi, dəniz də artıq yoxdur. [...] Allahın Özü onlarla [insanlarla] olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi”. Yəhyaya sonradan deyilən sözlər bu və’din e’tibarlı olduğunu göstərir: “Yaz, çünki bu sözlər həqiqi və e’timada layiqdir” (Vəhy 21:1-5).
Bəs Edendə qaldırılan üsyandan bu günəcən ölən milyardlarla mə’sum insanlarla nə olacaq? Yehova və’d edir ki, ölənləri dirildəcək. Həvari Pavel demişdir: “Mən... Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Həmin insanların ‘salehlik ömür sürən’ bir dünyada yaşamaq imkanları olacaq (2 Peter 3:13).
Əgər sevən bir ata ağrılı cərrahiyyə əməliyyatının övladına uzunmüddətli fayda gətirəcəyini bilirsə, onun belə bir əməliyyat keçirməsinə yol verəcəkdir. Bunun kimi, Yehova da yer üzündə pisliyin müvəqqəti mövcud olmasına yol vermişdir. Ancaq Allahın iradəsini yerinə yetirməyə sə’y göstərən hər bir kəsi sonsuz xeyir-dualar gözləyir. Həvari Pavel belə yazmışdır: “Xilqət öz iradəsi ilə deyil, tabe Etdirənin iradəsi ilə vurnuxmaya tabe etdirildi, bu ümidlə ki, xilqət özü də çürüklüyə olan köləliyindən azad olunub Allahın övladlarının izzətli azadlığına qovuşacaqdır” (Romalılara 8:20, 21).
Bu həqiqətən də xoş xəbərdir. Bu xəbəri nə televizor vasitəsilə verilən xəbərlərdə eşitmək, nə də qəzetdə oxumaq mümkündür. Bu cür gözəl xəbəri, bizi sevən və qeydimizə qalan, “hər cür təsəlli verən Allah” çatdırır (2 Korinflilərə 1:3).
[6-cı səhifədəki şəkillər]
Vaxt göstərdi ki, insanlar Allahdan asılı olmadan özlərini müvəffəqiyyətlə idarə etmək iqtidarında deyillər.
[İcazə ilə]
Somalili ailə: UN PHOTO 159849/M. GRANT; atom bombası: USAF photo; həbs düşərgəsi: U.S. National Archives photo