İanə verməkdən duyulan sevinc
BRAZİLİYANIN şimal-şərqindəki yoxsul şəhərdə yaşayan Jenival xəstəxana gözətçisi işləyərək, ailəsini cüz’i maaşla saxlayırdı. Ehtiyac içində yaşamalarına baxmayaraq, Jenival ondalığı vicdanla ödəyirdi. O, qarnına işarə edərək deyir: “Hərdən ailəm ac qalırdı, ancaq mən Allaha malik olduğum ən yaxşı şeyi vermək üçün hər fədakarlığa hazır idim”.
Jenival işini itirdikdən sonra da ondalığı ödəməyə davam edirdi. Keşiş onu, böyük bir ianə etməklə Allahı sınamağa təhrik etdi və söz verdi ki, Allah mütləq onun üzərinə xeyir-dualar yağdıracaq. Buna görə də Jenival evini satmaq və əldə etdiyi gəliri kilsəyə vermək qərarına gəldi.
İanə etmək məsələsinə belə səmimiliklə yanaşan təkcə Jenival deyil. Son dərəcədə yoxsulluq içində yaşayan bir çox insanlar ondalığı ödəməyi özlərinə borc bilirlər, çünki kilsədə onlara ondalığın Müqəddəs Kitab tələbi olduğunu öyrədiblər. Lakin bu belədirmi?
Ondalıq və Musanın qanunu
Ondalığı ödəmək əmri, 3 500 il bundan əvvəl Yehova Allahın qədim İsrail xalqının 12 nəslinə verdiyi Qanunun bir hissəsi idi. Qanunda, levililərin səyyar mə’bəddə xidmət etmələrinə kömək etmək üçün, taxıl məhsulunun və ağacların bəhrəsinin və sürünün artımının onda bir hissəsinin Levi nəslinə verilməsi əmri vardı (Levililər 27:30, 32; Saylar 18:21, 24).
Yehova israilliləri əmin etdi ki, Qanun onlar üçün “çətin deyil” (Təsniyə 30:11). Ondalığı ödəmək də daxil olmaqla, Yehovanın əmrlərinə sədaqətlə riayət etdikləri müddətdə, israillilər Yehovanın bol məhsul vermək və’dinə ümid edə bilərdilər. Bundan əlavə, israillilər ehtiyacı olanlara kömək etmək üçün, müntəzəm olaraq əlavə illik ondalıq da ayırırdılar. Bu illik ondalıq adətən xalq dini bayramlara yığışan zaman istifadə olunurdu. Bunun sayəsində ‘qəriblər, yetimlər və dullar’ tə’min olunurdular (Təsniyə 14:28, 29; 28:1, 2, 11-14).
Qanunda ondalığı ödəməyənləri hansı cəza gözlədiyi deyilməsə də, hər bir israilli həqiqi ibadəti dəstəkləyərək ondalığı ödəməyi özünə borc bilirdi. Yehova Malakinin günlərində qurban gətirməyə e’tinasız yanaşan israilliləri Onu ‘ondalıqlarda və təqdimələrdə soymaqda’ ittiham edirdi (Malaki 3:8). Bu ittihamı ondalığı ödəməyən məsihçilərə də tətbiq etmək olarmı?
Gəlin fikirləşək: adətən hər hansı ölkənin qanunu ölkə xaricində qüvvədə olmur. Misal üçün, Böyük Britaniyada sürücülərin yolun sol tərəfilə hərəkət etməsini tələb edən qanun Fransadakı sürücülər üçün e’tibarsızdır. Eləcə də, ondalığı tələb edən qanun Allah ilə İsrail xalqı arasındakı xüsusi əhdin bir hissəsi idi (Çıxış 19:3-8; Məzmur 147:19, 20). Bu qanun yalnız israillilər üçün tə’yin olunmuşdu.
Bundan əlavə, Allahın özü heç vaxt dəyişməsə də, bə’zən Onun tələbləri dəyişir (Malaki 3:6). Müqəddəs Kitabda tamamilə aydın şəkildə deyilir ki, b. e. 33-cü ilində İsanın qurbanlıq ölümü “onda bir hissəni almaq” əmri ilə birlikdə Qanunu “ləğv etdi” (İbranilərə 7:5, 18; Efeslilərə 2:13-15; Koloslulara 2:13, 14).
Məsihçilər arasında ianə etməyin üsulu
Bununla belə, həqiqi ibadəti dəstəkləmək üçün edilən ianələr həmişə olduğu kimi indi də lazımdır. İsa şagirdlərinə “dünyanın ən uzaq yerlərinə qədər” ona şahid olmaq tapşırığını verdi (Həvarilərin işləri 1:8). Şagirdlərin sayı artdıqca, məsihçi müəllimləri və nəzarətçilərinin yığıncaqlara baş çəkmələrinə və onları möhkəmləndirmələrinə olan tələbat da artırdı. Bə’zən dulların, yetimlərin və ehtiyacı olan başqalarının qayğısını çəkmək lazım gəlirdi. Birinci əsrin məsihçiləri bununla bağlı xərcləri necə ödəyirdilər?
Təxminən b. e. 55-ci ilində, Avropada və Kiçik Asiyada yaşayan qeyri-yəhudi məsihçilərdən Yəhudeyadakı yoxsulluq içində olan yığıncağın üzvlərinə kömək etməyi xahiş etdilər. Həvari Pavel Korinfdəki yığıncağa yazdığı məktublarında “müqəddəslər üçün ianə”nin necə təşkil olunduğunu təsvir edir (1 Korinflilərə 16:1). Pavelin məsihçilərin etdikləri ianələr haqqında dediyi sözlər, yəqin ki, sizi təəccübləndirəcək.
Həvari Pavel həmimanlılarından pul qoparmırdı. Əslində Makedoniyadakı məsihçilərin özləri “böyük sıxıntılarla” qarşılaşıb, ‘dərin yoxsulluq’ içində olsalar da, ‘artıq dərəcədə tə’kid edib, ondan xahiş etdilər ki, hədiyyələrini götürsün və müqəddəslərə xidmət etmək işində iştirak üçün icazə versin’ (2 Korinflilərə 8:1-4).
Doğrudur, Pavel daha imkanlı olan korinfliləri səxavətli olmaqda makedoniyalı qardaşlarına oxşamağa təşviq edirdi. Lakin bununla belə, bir əsərdə qeyd olunduğu kimi, o, göstəriş verməkdən imtina edərək, xahiş etmək, təklif etmək, təşviq və də’vət etmək üsulunu üstün tuturdu. Əgər bu iş məcburi olsaydı, korinflilərin ianələrində ürəyi açıqlıq və səmimilik olmazdı. Pavel bilirdi ki, Allah “kədərlə, yaxud məcburi yox... gülər üzlə verəni sevir” (2 Korinflilərə 9:7).
İmanda və bilikdə zənginlik, həmçinin həmimanlılarına olan əsl məhəbbət korinfliləri könüllü ianə verməyə təşviq etməli idi (2 Korinflilərə 8:7, 8).
“Ürəyində niyyət etdiyi kimi”
Pavel konkret məbləğ və ya gəlirin bir hissəsini müəyyən etmək əvəzinə, sadəcə təklif etdi: “Hər biriniz həftənin ilk günündə öz qazancına görə yanında bir qədər pul saxlasın” (1 Korinflilərə 16:2, Kursiv bizimdir). Korinflilərə nə qədər ianə edə biləcəklərini qabaqcadan fikirləşmək və müntəzəm olaraq kənara müəyyən məbləğdə pul qoymaq təklif olunurdu ki, Pavel gələndə ianə etməyə məcbur olmasınlar, çünki belə halda kim isə ianəni könülsüz, yaxud emosiyalara qapılaraq verə bilərdi. Hər bir məsihçi nə qədər ianə edəcəyini özü müəyyən etməli və hər kəs “ürəyində niyyət etdiyi kimi” davranmalı idi (2 Korinflilərə 9:5, 7).
Korinflilər bol-bol biçmək üçün, bol-bol da əkməli idilər. Onlardan heç vaxt malik olduqları hər şeyi vermək tələb olunmurdu. Pavel onları əmin etdi: “Biz istəmirik ki... sizə... ağırlıq olsun”. İanə “insanda olmayan mala görə deyil, olan mala görə” qəbul edilirdi (2 Korinflilərə 8:12, 13; 9:6). Həvari sonradan yazdığı məktubunda xəbərdarlıq etmişdir: “Kim öz... ailə üzvlərinin qeydinə qalmırsa, o, imanı inkar etmiş və imansızdan da betərdir” (1 Timoteyə 5:8). Pavel, bu prinsipin pozacaq dərəcədə ianə verməyə təşviq etməmişdir.
Qeyd etmək lazımdır ki, Pavel ianəni ehtiyacı olan “müqəddəslər üçün” toplayırdı. Müqəddəs Kitabın heç bir yerində oxumuruq ki, Pavel və ya digər həvarilər pulu, yaxud ondalığı xidmətlərinə haqq olaraq toplayırdılar (Həvarilərin işləri 3:6). Pavel yığıncaqların verdiyi bəxşişləri həmişə minnətdarlıqla qəbul etsə də, ‘qardaşlara yük olmamağı’ özünə borc bilirdi (1 Saloniklilərə 2:9; Filipililərə 4:15-18).
Könüllü ianə bu gün
Gördüyümüz kimi, birinci əsrdə Məsihin davamçıları ondalıq yığmırdılar, onlar könüllü ianələr edirdilər. Ola bilsin, siz, bizim dövrdə xoş xəbərin təbliğini bu cür maliyyələşdirməyin və ehtiyacı olan məsihçilərə qayğı göstərməyin mümkün olmadığını düşünürsünüz.
Növbəti faktlara diqqət yetirin. Əlinizdəki jurnalın redaktorları 1879-cu ildə açıqca e’lan etdilər ki, onlar “heç zaman insanlara kömək üçün müraciət və ya xahiş etməyəcəklər”. Bu qərar Yehovanın Şahidlərinə dünyanın müxtəlif guşələrində olan insanlara Müqəddəs Kitab həqiqətlərini çatdırmağa mane oldumu?
Hazırda Şahidlər Müqəddəs Kitabı, ona əsaslanan kitabları və digər nəşrləri 234 ölkədə paylayırlar. Maarifləndirici Müqəddəs Kitab jurnalı olan “Gözətçi Qülləsi” əvvəlcə yalnız bir dildə ayda 6 min tirajla çıxırdı. O vaxtdan bəri jurnal 147 dildə 24 milyon nüsxədən çox tirajla çıxan yarımaylıq nəşr olub. Yer üzərində Müqəddəs Kitabın maarifləndirmə işini keçirmək üçün Şahidlər 110 ölkədə mərkəzi idarələrini yaratmışlar. Bundan əlavə, onlar yerli yığıncaq görüşləri və konqreslər keçirmək üçün minlərcə böyük və kiçik zallar tikmişlər. Bununla da maraq göstərənlərin Müqəddəs Kitab haqqında daha sonra da bilik almaq imkanları yaranır.
Yehovanın Şahidlərinin başlıca işi insanların ruhani ehtiyaclarını tə’min etmək olsa da, onlar həmimanlılarının maddi ehtiyaclarını da unutmurlar. Qardaşları müharibələrdən, zəlzələlərdən, quraqlıq və ya tufanlardan əzab çəkəndə, Şahidlər onları dərhal dərman, qida, geyim və ilk növbədə lazım olan digər şeylərlə tə’min edirlər. Bütün bunlar bə’zi məsihçilərin və yığıncaqların ianələri hesabına maliyyələşdirilir.
Könüllü ianə effektli olmaqla bərabər, yuxarıda xatırlanan Jenival kimi yoxsul insanların üzərindəki ağır yükü də götürür. Xoşbəxtlikdən, Jenival evini satmaq məcburiyyətində qalmadı. Yehovanın tammüddətli xidmətçisi olan Mariya ona baş çəkdi. Jenival xatırlayır: “Həmin söhbət ailəmi çoxlu fəlakətlərdən qurtardı”.
Jenival Allahın işinin ondalıqdan asılı olmadığını başa düşdü. Bundan əlavə, ondalığı ödəmək artıq Müqəddəs Kitab tələbi deyil. O öyrəndi ki, məsihçilər səxavətlə verdikdə xeyir-dualar alırlar və onlar imkanlarından artıq verməyə borclu deyillər.
Könüllü ianə Jenivala həqiqi sevinc gətirdi. O izah edir: “Mən şəxsi gəlirimin 10 faizini verə də bilərəm, verməyə də. Hər necə olsa da, ianə verməkdən sevinc duyuram və əminəm ki, Yehova da sevinir”.
[6-cı səhifədəki çərçivə/şəkillər]
İlk kilsə ataları ondalığı yığmağı öyrədirdilərmi?
“Aramızda olan zənginlər kasıblara kömək edirlər. [...] Və tə’min olunmuşlar, istəklərinə görə lazım bildikləri qədər verirlər” (“Birinci apologiya”, Şəhid Yustin, təxminən b. e. 150-ci ili).
“(Yəhudilər) öz (malikanələrinin) ondalığını Ona [Allaha] həsr edirdilər; məsihçilər isə... bütün varını Allahın xəzinəsinə verən dul qadın kimi, əmlaklarının hamısını Rəbbin niyyəti üçün ayırırlar” (“Bid’ətlərin əleyhinə”, İriney Leonski, təxminən b. e. 180-ci ili).
“Bizdə pul qutusuna bənzər qutu olsa da, sanki din hərraca qoyulubmuş kimi, fəxri ad üçün verilən pul hesabına doldurulmur. Hər kəs ayın birinci günündə, yaxud istədiyi vaxt, ancaq əgər istəyi və imkanı varsa, bir az ianə edir, çünki buna heç kim məcbur edilmir, hər kəs könüllü olaraq ianə edir” (“Apology”, Tertullian, təxminən b. e. 197-ci ili).
“Kilsənin genişlənməsi və onun müxtəlif müəssələrinin meydana gəlməsi sayəsində ruhanilərin lazımi və sabit tə’minatına zəmanət verən qanunu tətbiq etmək lazım gəldi. Ondalığı ödəmək Musanın qanunundan götürülmüşdür... Bu məsələyə aid olan ən birinci konkret qərar, ehtimal ki, 567-ci ildə Turda toplanan yepiskopların məktubunda və 585-ci ilin Makon kilsə məclisinin [kanonlarında] saxlanılır” (“Katolik ensiklopediyası”).
[İcazə ilə]
Pul vahidi (yuxarıda solda): Pictorial Archive (Near Eastern History) Est.
[4 və 5-ci səhifələrdəki şəkil]
Könüllü ianə vermək sevinc gətirir.
[7-ci səhifədəki şəkillər]
Könüllü ianələr təbliğ işinə, müxtəlif fəlakətlərdən zərər çəkənlərin yardımına və görüşlərin keçirilməsi üçün zalların tikilməsinə sərf olunur.