İmanın nə dərəcədə güclüdür?
“İmanda [“imanınız sayəsində”, YD] sabit durursunuz” (2 KORİNFLİLƏRƏ 1:24).
1, 2. Nəyə görə imana malik olmalıyıq və imanımız necə möhkəmlənə bilər?
YEHOVANIN xidmətçiləri bilirlər ki, onlar imana malik olmalıdırlar. Əslində “iman etmədən Allaha məqbul olmaq... qeyri-mümkündür” (İbranilərə 11:6). Buna görə də biz müqəddəs ruha və onun gözəl səmərəsinin bir hissəsi olan imana malik olmaq üçün dua edərkən müdrik davranmış oluruq (Luka 11:13; Qalatiyalılara 5:22, 23). Başqa məsihçilərin imanını təqlid etməklə də, imanımızı möhkəmləndirə bilərik (2 Timoteyə 1:5; İbranilərə 13:7).
2 Əgər biz Allahın Kəlamında bütün məsihçilər üçün göstərilən yolla qətiyyətlə getməyə davam ediriksə, imanımız daha da möhkəm olacaq. İmanımız, həm də Müqəddəs Kitabı gündəlik oxumağın və Müqəddəs Yazıları ‘sadiq nökərbaşının’ hazırladığı nəşrlərin köməyilə öyrənməyin sayəsində möhkəmlənə bilər (Luka 12:42-44; Yeşu 1:7, 8). Müntəzəm olaraq məsihçi görüşlərində və konqreslərdə iştirak etməklə, bir-birimizin imanı ilə ruhlanırıq (Romalılara 1:11, 12; İbranilərə 10:24, 25). İmanımız, xidmətdə insanlarla söhbət edən zaman da möhkəmlənir (Məzmur 145:10-13; Romalılara 10:11-15).
3. Məhəbbətlə dolu məsihçi ağsaqqallarından imanımızla bağlı hansı köməyi alırıq?
3 Məhəbbətlə dolu məsihçi ağsaqqalları Müqəddəs Yazıların köməyilə məsləhət verərək və ruhlandıraraq, imanda bərqərar olmağımıza kömək edirlər. Onlar korinflilərə məktub yazan həvari Pavelin malik olduğu ruhu əks etdirirlər. Pavel yazırdı: “Biz, sevinciniz üçün sizinlə çalışırıq. Çünki imanda [“imanınız sayəsində”, YD] sabit durursunuz” (2 Korinflilərə 1:23, 24). Başqa bir tərcümədə isə deyilir: “Biz sizinlə çalışırıq ki, sizi sevindirək, çünki sizin imanınız möhkəmdir” (“Contemporary English Version”). Salehlər iman sayəsində yaşayırlar. Heç kim bizim əvəzimizə iman təzahür etdirə bilməz, nə də ki, bizi nöqsansızlığın sadiq qoruyucuları edə bilməz. Bu baxımdan “hər kəs öz məs’uliyyətinin yükünü daşıyacaqdır” (Qalatiyalılara 3:11; 6:5).
4. Müqəddəs Kitabda Allahın sadiq xidmətçiləri haqqında yazılanlar imanda möhkəmlənməmizə necə kömək edir?
4 Müqəddəs Yazılarda imana malik olan çoxlu insanlar haqqında bəhs edilir. Ola bilsin, onların nəzərə çarpan bir çox işləri bizə mə’lumdur, bəs biz onların ömürləri boyu, uzun müddət ərzində günbəgün göstərdikləri iman haqqında bilirikmi? Bizim şəraitimizə bənzər şəraitlərdə onların imana əsasən necə davrandıqları üzərində dərindən düşünmək, bizim də imanda bərqərar olmağımıza kömək edə bilər.
İman bizə cəsarət verir
5. Müqəddəs Yazılar, Allahın Kəlamını cəsarətlə bəyan etməkdə imanın bizə güc verdiyini necə göstərir?
5 Allahın Kəlamını cəsarətlə bəyan etməkdə iman bizə güc verir. Hanok Allahın hökmünün yerinə yetəcəyini qabaqcadan cəsarətlə xəbər verirdi. O deyirdi: “Budur, Rəbb on minlərcə müqəddəsləri ilə gəldi ki, bütün insanlara hökm etsin və aralarında allahsızların hamısını Allaha hörmət etmədən gördükləri bütün allahsız işlər və allahsız günahkarların Ona qarşı söylədikləri bütün sərt sözlər üçün ifşa etsin” (Yəhuda 14, 15). Bu sözlərə görə, Hanokun allahsız düşmənləri, şübhəsiz ki, onu öldürmək istəyirdilər. Lakin o, qorxmadan imanla danışırdı və Allah onu “götürdü”. Görünür, Hanok ölüm qabağı əziyyət çəkmədən ölüm yuxusuna getdi (Yaradılış 5:24, MKŞ; İbranilərə 11:5). Bizim üçün bu cür mö’cüzələr edilməsə də, Yehova, Onun Kəlamını imanla və cəsarətlə bəyan edə bilməmiz üçün etdiyimiz dualara cavab verir (Həvarilərin işləri 4:24-31).
6. Allahdan aldığı iman və cəsarət Nuha necə kömək edirdi?
6 Nuh “öz ailəsini xilas etmək üçün” iman vasitəsilə “gəmi hazırladı” (İbranilərə 11:7; Təkvin 6:13-22). Nuh, Allahın xəbərdarlığını öz müasirlərinə cəsarətlə bəyan edərək, “salehlik təbliğçisi” kimi də xidmət edirdi (2 Peter 2:5). Yəqin ki, insanlar Nuhun yaxınlaşmaqda olan Tufan haqqında dediklərinə istehza edirdilər. Eynilə bu gün biz də bə’zilərinə Müqəddəs Yazılardan indiki sistemin tezliklə məhv ediləcəyinə dair sübutlar gətirdikdə, onlar bizə istehza edirlər (2 Peter 3:3-12). Ancaq biz bu barədə Hanok və Nuh kimi, Allahdan aldığımız iman və cəsarət sayəsində təbliğ edə bilirik.
İman bizi səbirli edir
7. İbrahim və başqaları iman və səbri necə təzahür etdirirdilər?
7 Bizə, xüsusilə də bu pis sistemin sonunu gözlədiyimiz bir vaxtda iman və səbir lazımdır. “Və’d olunanları iman və səbirliliklə miras alanların” sırasında Allah qorxusuna malik olan qəbilə başçısı İbrahim də vardır (İbranilərə 6:11, 12). O, iman sayəsində Ur şəhərini onun bütün ne’mətləri ilə birlikdə tərk etdi və Allahın və’d etdiyi yad ölkədə qərib oldu. İshaq və Yaqub da eyni və’din varisləri idilər. Bununla belə, “onların hamısı və’d edilmiş şeyləri almadan imanlı kimi öldü”. İman vasitəsilə “onlar daha yaxşısını, yə’ni səmavi vətəni” arzu edirdilər. Allah da “onlar üçün şəhər hazırlamışdır” (İbranilərə 11:8-16). Bəli, İbrahim, İshaq, Yaqub və onların Allah qorxusuna malik olan həyat yoldaşları səbrlə Allahın səmavi Padşahlığını gözləyirdilər. Onlar bu Padşahlığın rəhbərliyi altında yer üzündə yaşamaq üçün dirildiləcəklər.
8. İbrahim, İshaq və Yaqub nəyə rəğmən səbir və iman təzahür etdirirdilər?
8 İbrahim, İshaq və Yaqub imanlarını itirmədilər. Onlar Və’d edilən diyarı miras almadılar və İbrahimin zürriyyəti vasitəsilə bütün xalqların necə xeyir-dua aldıqlarını da görmədilər (Təkvin 15:5-7; 22:15-18). Me’marı Allah olan şəhər yüz illər sonra meydana gəlməli olsa da, bu insanlar ömürləri boyu iman və səbir təzahür etdirmişlər. Və indi — Xilaskar Padşahlığın tə’sis olunduğu bir dövrdə — bizdən də eyni şey tələb olunur (Məzmur 42:5, 11; 43:5).
İman qarşımıza ən yüksək məqsədlər qoyur
9. İman insanın meyl və məqsədlərinə necə tə’sir göstərir?
9 Sadiq qəbilə başçıları heç vaxt Kən’an diyarının əxlaqsız həyat tərzini mənimsəmirdilər. Onların meyl və məqsədləri çox-çox yüksək idi. İman bizim də qarşımıza ruhani məqsədlər qoyur və bu məqsədlər şəririn — Şeytan İblisin hakimiyyəti altında olan bu dünya ilə qaynayıb-qarışmağımıza yol vermir (1 Yəhya 2:15-17; 5:19).
10. Yusifin bu dünyada mövcud olan vəzifələrdən daha üstün məqsədlər güddüyü haradan mə’lumdur?
10 Allahın rəhbərliyi sayəsində Yaqubun oğlu Yusif, Misirdə ərzaq paylanmasına nəzarət etməyə başladı, lakin Yusif bu dünyanın adlı-sanlı adamı olmağa can atmırdı. Yusif Allahın və’dlərinə iman edərək, 110 yaşında ikən öz qardaşlarına dedi: “Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq”. Yusif xahiş etdi ki, onu və’d edilmiş diyarda basdırsınlar. Öldükdən sonra onu mumiyalayıb, Misirdə bir tabuta qoydular. Ancaq israillilər Misir köləliyindən azad olunan zaman, Musa peyğəmbər qayğı göstərdi ki, Yusifin sümükləri Və’d edilən diyarda basdırılmaq üçün oradan çıxarılsın (Yaradılış 50:22-26, MKŞ; Çıxış 13:19). Yusifin imanına bənzər iman bizi, bu dünyada mövcud olan vəzifələrdən daha üstün məqsədlər güdməyə təşviq etməlidir (1 Korinflilərə 7:29-31).
11. Musa, ruhani məqsədlərə sahib olduğunu necə sübut etdi?
11 Musa, Misirin padşah ailəsinin yaxşı təhsil almış bir üzvü kimi “günah ilə müvəqqəti olaraq zövq almaqdansa, Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi” (İbranilərə 11:23-26; Həvarilərin işləri 7:20-22). Bununla o, dünyəvi nüfuzdan və ola bilsin, Misirin hər hansı məşhur sərdabələrindən birində bəzədilmiş tabutda təmtəraqlı surətdə dəfn olunmaqdan imtina etdi. Məgər bunu “Allah adamı”, Qanun əhdinin vəsatətçisi, Yehovanın peyğəmbəri və Müqəddəs Kitabın yazıçılarından biri olmaq şərəfi ilə müqayisə etmək olarmı? (Ezra 3:2). Sən bu dünyada mənsəbə çatmağa çalışırsan, yoxsa iman sənin qarşına daha yüksək ruhani məqsədlər qoyur?
İman həyatda məmnunluq gətirir
12. İman Rahabın həyatına necə tə’sir göstərdi?
12 İman insanın qarşısında ən yüksək məqsədlər qoymaqla yanaşı, həyatda ona məmnunluq da gətirir. Yerihodan olan Rahab adlı fahişə qadın, yəqin ki, həyatının mə’nasız olduğunu düşünürdü. Lakin o, iman etdikdən sonra hər şey əhəmiyyətli dərəcədə dəyişdi. O ‘öz əməllərinə [imanına] görə saleh sayıldı, [israilli] kəşfiyyatçıları qəbul etdi və başqa yol ilə geri göndərdi’; bunun sayəsində onlar kən’anlı düşmənlərin əlindən qaça bildilər (Yaqub 2:24-26). Bundan əlavə, Yehovanı həqiqi Allah kimi qəbul edən Rahab öz imanını fahişəliyə son qoymaqla təzahür etdirdi (Yeşu 2:9-11; İbranilərə 11:30, 31). O, Allaha inanmayan kən’anlıya deyil, Yehovanın xidmətçisinə ərə getdi (Təsniyə 7:3, 4; 1 Korinflilərə 7:39). Rahab Məsihin ulu valideyni olmaq kimi böyük şərəfə layiq görüldü (1 Tarixlər 2:3-15; Rut 4:20-22; Matta 1:5, 6). O, əxlaqsız həyat tərzinə son qoyan bir çoxları kimi, daha bir mükafat alacaqdır — yer üzündə Cənnətdə yaşamaq üçün dirildiləcəkdir.
13. Davud Bat-şeba ilə necə günah işlətdi, lakin o, hansı əhval-ruhiyyəni təzahür etdirirdi?
13 Rahab günahlı həyat tərzini tərk etdikdən sonra, ehtimal ki, salehliklə ömür sürürdü. Ancaq artıq uzun illər idi ki, həyatlarını Yehovaya həsr edənlərdən bə’ziləri ağır günahlara yol verirdilər. Davud padşah Bat-şeba ilə zina işlətdi, onun ərini döyüşdə öldürtdü, sonra isə onunla evləndi (2 Samuel 11:1-27). Tövbə edərək və böyük qəlb ağrısı keçirərək Davud Yehovaya yalvardı: “Müqəddəs Ruhunu məndən alma”. Davud Allahın ruhundan məhrum edilməmişdi. O inanırdı ki, Yehova mərhəmətli olduğu üçün, günah üzündən “qırılmış və əzilmiş ürəyi xor görməz” (Məzmur 51:11, 17; 103:10-14). Davud və Bat-şeba imanları sayəsində Məsihin ulu valideynləri olmaq şərəfini qazandılar (1 Tarixlər 3:5; Matta 1:6, 16; Luka 3:23, 31).
İman, Allahın kömək edəcəyinə dair zəmanətlə möhkəmlənir
14. Gideon köməyə dair hansı zəmanəti aldı və bu hadisə bizim imanımıza necə tə’sir göstərir?
14 İmanla yeriməyimizə baxmayaraq, hərdən Allahın kömək edəcəyinə dair zəmanətə ehtiyac duyuruq. Bu cür zəmanətə, “iman vasitəsilə ölkələr fəth edən” kəslərdən biri — hakim Gideon da ehtiyac duyurdu (İbranilərə 11:32, 33). Midiyalılar və onların müttəfiqləri İsrailə basqın edən zaman, Allahın ruhu Gideonun “üzərinə gəldi”. O, Yehovanın onunla olduğuna dair zəmanət almaq istəyərək, axşamdan xırmanda sərilmiş qoyun yununun üzərində təcrübə keçirməyi xahiş etdi. Birinci təcrübədə yalnız yunun üzərində şeh əmələ gəldi, yer isə quru qaldı. İkinci təcrübə zamanı isə, hər şey əksinə oldu. Köməyə dair bu cür zəmanət alaraq möhkəmlənən və ehtiyatla hərəkət edən Gideon imanla davrandı və İsrailin düşmənlərinə qalib gəldi (Hakimlər 6:33-40; 7:19-25). Qərar qəbul edən zaman Yehovanın köməyinə zəmanət almaq istəyiriksə, bu bizim imanımızın zəif olduğunu göstərmir. Bundan əlavə, əgər qərar qəbul edərkən Müqəddəs Kitaba və ona əsaslanan nəşrlərə müraciət ediriksə, həmçinin müqəddəs ruhun rəhbərlik göstərməsi üçün dua ediriksə, bununla iman göstərmiş oluruq (Romalılara 8:26, 27).
15. Barakın imanı üzərində düşünmək bizə necə kömək edə bilər?
15 Hakim Barakın imanı isə, başqa cür möhkəmləndirildi: o, köməyə dair zəmanəti ruhlandırma şəklində aldı. Debora adlı peyğəmbər qadın onu təşviq etdi ki, israilliləri Kən’an padşahı Yabinin əsarətindən azad etmək üçün təşəbbüsü öz üzərinə götürsün. Barak imanla və Allahın köməyinə zəmanət alaraq özü ilə pis təchiz olunmuş 10 min əsgəri döyüşə apardı və israillilərin gücündən qat-qat artıq olan, Siseranın başçılıq etdiyi Yabinin qoşununa qalib gəldi. Bu qələbəni Debora və Barak öz həyəcanlandırıcı mahnılarında tərənnüm etdirmişlər (Hakimlər 4:1–5:31). Debora Barakı İsrail xalqının Allah tərəfindən tə’yin olunmuş rəhbəri kimi çıxış etməyə təşviq etdi, o da Yehovanın ‘yadların ordularını qovan’ xidmətçilərindən biri oldu (İbranilərə 11:34). Yehovaya xidmətdə hər hansı çətin tapşırığı yerinə yetirmək üçün qətiyyətimiz çatmırsa, imanla hərəkət edən Baraka Allahın necə xeyir-dua verməsi üzərində düşünmək, bizi hərəkətə təşviq edə bilər.
İman sülh gətirir
16. İbrahim, Lutla sülh münasibətini qorumağa can ataraq, hansı gözəl nümunəni verdi?
16 İman bizə, Allaha xidmətdə çətin tapşırıqları yerinə yetirməyə kömək etməklə bərabər, sülh və rahatlıq da gətirir. Çobanları arasında baş verən mübahisə üzündən ayrılmaq lazım gəldikdə, ahıl yaşlı İbrahim özündən kiçik olan qardaşı oğlu Luta otlaqlardan ən yaxşısını seçməyə imkan verdi (Təkvin 13:7-12). Bu çətin vəziyyətdən çıxış yolu tapmaq üçün, ehtimal ki, İbrahim Allahdan imanla kömək diləmişdi. O, birinci yerə öz maraqlarını qoymaq əvəzinə, hər şeyi sülh yolu ilə həll etdi. Əgər məsihçi qardaşımızla mübahisəmiz yaranıbsa, gəlin, İbrahimin göstərdiyi xoş davranış nümunəsini yadda saxlayaraq, imanla dua edək və ‘sülh axtaraq’ (1 Peter 3:10-12).
17. Nə üçün demək olar ki, ehtimala görə, Pavel, Barnaba və Mark arasında yaranan soyuqluq sülh yolu ilə həll olundu?
17 Gəlin görək, məsihçi prinsiplərinə imanla riayət edərək, sülhün olmasına biz necə kömək edə bilərik. Pavel ikinci missioner səyahətinə çıxmağa hazırlaşarkən, Barnaba onun Kipr və Kiçik Asiyadakı yığıncaqları yenidən birlikdə ziyarət etmək təklifini qəbul etdi. Lakin Barnaba əmisi oğlu Markı da özü ilə aparmaq fikrində idi. Pavel razılaşmadı, çünki bundan əvvəl Mark Panfiliyada onlardan ayrılmışdı. “Kəskin mübahisə oldu”, bu mübahisəyə görə Pavel və Barnaba ayrıldılar. Barnaba Mark ilə birlikdə Kiprə yola düşdü, Pavel isə Silanı özünə yoldaş seçdi və “cəmiyyətləri qüvvətləndirərək, Suriya və Kilikiyanı” dolaşdı (Həvarilərin işləri 15:36-41). Görünür, onların arasındakı soyuqluq vaxtilə aradan qaldırılmışdı, belə ki, Mark Romada Pavel ilə birlikdə idi və həvari onun haqqında iltifatla danışırdı (Koloslulara 4:10; Filimona 23). Pavel təxminən b. e. 65-ci ilində Romada həbsdə olanda isə, Timoteyə demişdi: “Markı da özünlə gətir; çünki o mənə xidmət üçün yararlıdır” (2 Timoteyə 4:11). Pavel, ehtimal ki, Barnaba və Mark ilə münasibətləri barədə imanla dua edirdi, bu isə, “Allahın... sülhü” ilə bağlı olan rahatlığı gətirdi (Filipililərə 4:6, 7).
18. Evodiya və Sintixiya, ehtimal ki, hansı nəticəyə gəldilər?
18 Təbiidir ki, qeyri-kamil olduğumuz üçün “hamımız çox səhv edirik” (Yaqub 3:2). İki məsihçi qadınlar arasında gərginlik yaranmışdı və Pavel onlar haqqında yazırdı: “Evodiya və Sintixiyə yalvarıram ki, Rəbbə aid qadınlar kimi, həmfikir olsunlar... Müjdəni yaymaq üçün cəhd göstərmiş bu qadınlara yardım et” (Filipililərə 4:1-3). Çox ehtimal ki, Allah qorxusuna malik olan bu qadınlar, Matta 5:23, 24 ayələrində yazılmış sözlərə bənzər öyüdləri tətbiq edərək, yaranan narazılığı sülh yolu ilə həll etmişdilər. Müqəddəs Kitab prinsiplərini imanla tətbiq edərək, biz də sülhün olması üçün çox şey edə bilərik.
İman, hər şeyə tab gətirməyimizə kömək edir
19. Hansı sınaq İshaq və Rebekanın imanını sındırmadı?
19 İman, sıxıntılara tab gətirməyimizə də kömək edir. Ola bilsin, ailəmizin vəftiz olunmuş üzvü imanına şərik olmayan bir kəslə evlənərək, Allahın qanununa itaətsizlik etdiyi üçün çox kədərlənirik (1 Korinflilərə 7:39). İshaq və Rebeka oğulları Esavın Allahdan qorxmayan qadınlarla evləndiyi üçün əzab çəkirdilər. Esavın evləndiyi Het qızları onun valideynlərinə o dərəcədə ‘ürək acısı olmuşdular’ ki, Rebeka belə deyirdi: “Hetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından — Hetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?” (Yaradılış 26:34, 35; 27:46, MKŞ). Lakin bu sınaq İshaq və Rebekanın imanını sındırmadı. Gəlin biz də çətin vəziyyətlərlə qarşılaşdığımız zaman imanımızı möhkəm saxlayaq.
20. Naomi və Rut imana dair bizə hansı nümunəni verdilər?
20 Yaşlı dul qadın Naomi yəhudi idi və o bilirdi ki, yəhudi qadınlardan kim isə Məsihin ulu babaları olacaq oğlan uşaqları doğmalıdır. Ancaq onun oğulları övladları olmadan öldükləri üçün, Naominin özü isə artıq doğa bilmədiyindən, ailəsinin Məsihin nəsil şəcərəsində yer alacağına ümidi lap az idi. Lakin onun dul qalmış gəlini Rut yaşlı Boaza ərə getdi, ona oğul doğdu və Məsih İsanın ulu valideyni oldu! (Təkvin 49:10, 33; Rut 1:3-5; 4:13-22; Matta 1:1, 5). Naomi ilə Rutun imanı bəlalara tab gətirdi və onlara sevinc bəxş etdi. Əgər bəlalara rəğmən imanımızı qoruyub saxlayırıqsa, bizi də qarşıda böyük sevinc gözləyir.
21. İman bizə nə verir və biz nə etməyə qətiyyətli olmalıyıq?
21 Sabahkı günün özü ilə nə gətirəcəyini bilməsək də, iman sayəsində istənilən sınağa qarşı dura bilərik. İman bizi cəsarətli və dözümlü edir, qarşımıza ən yüksək məqsədlər qoyur və həyatda məmnunluq gətirir. İman, başqaları ilə münasibətlərimizə müsbət tə’sir göstərir və fəlakətlərə tab gətirməyimizə kömək edir. Gəlin biz də “iman edib, canlarının xilasına nail olanlardan” olaq! (İbranilərə 10:39). Sevən Allahımız Yehovadan aldığımız gücün köməyi sayəsində və Onu izzətləndirmək naminə gəlin möhkəm iman göstərməyə davam edək!
Siz necə cavab verərdiniz?
• Müqəddəs Kitab, imanın bizə cəsarət verə bildiyini necə göstərir?
• Nə üçün demək olar ki, iman həyatda məmnunluq gətirir?
• İman sülhün olmasına necə kömək edir?
• Nə sübut edir ki, iman sıxıntılara tab gətirməyimizə kömək edir?
[12-ci səhifədəki şəkillər]
Yehovanın Kəlamını bəyan etmək üçün, Nuh və Hanok iman sayəsində cəsarət əldə etmişdilər.
[15-ci səhifədəki şəkillər]
Musanın imanına bənzər iman, bizi ruhani məqsədlərə can atmağa təşviq edir.
[16-cı səhifədəki şəkillər]
Allahın köməyinə dair əminlik Barakın, Deboranın və Gideonun imanını möhkəmləndirdi.