Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/3 s. 8—12
  • Rəbbin Xatirə gecəsini qeyd etmək nəyə görə lazımdır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəbbin Xatirə gecəsini qeyd etmək nəyə görə lazımdır?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • “Bunu... hər zaman... edin”
  • Xatirə Gecəsi nə üçün tə’sis edilmişdir?
  • Xatirə Gecəsi nə vaxt qeyd edilməlidir?
  • Çörəyin mə’nası
  • Şərabın mə’nası
  • Xatirə Gecəsi ümumi süfrədir
  • Bunu «xatirəmi yad etmək üçün» edin
    Gözətçi qülləsi 2013
  • Məsihin Xatirə gecəsini nəyə görə qeyd edirik?
    Gözətçi qülləsi 2015
  • Rəbbin Xatirə gecəsi necə qeyd olunur?
    Gözətçi qülləsi 2004
  • Məsihin ölümünün Xatirə Gecəsi — Allaha izzət gətirən hadisə
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/3 s. 8—12

Rəbbin Xatirə gecəsini qeyd etmək nəyə görə lazımdır?

“Mən sizə Rəbbin Özündən aldığımı çatdırdım” (1 KORİNFLİLƏRƏ 11:23).

1, 2. Eramızın 33-cü ilinin Pasxa axşamında İsa nə etdi?

YEHOVANIN vahid Oğlu və ‘sınaqlarda onunla bərabər olan’ 11 nəfər bir yerə yığılmışdılar (Luka 22:28). Eramızın 33-cü ilinin 31 mart cümə axşamı idi, artıq axşam düşmüşdü. Ehtimal ki, Yerusəlimin üzərində bədirlənmiş ay şəfəq saçırdı. İsa Məsih və həvarilər Pasxa bayramını yenicə başa vurmuşdular. Xain çıxan Yəhuda İskaryota otağı tərk etmək buyurulmuşdu, lakin başqalarının getməsi hələ tez idi. Nəyə görə? Ona görə ki, İsa çox vacib bir işi görməyə hazırlaşırdı. O, nə etməli idi?

2 Müjdəni yazan Matta da orada olduğu üçün, qoy hər şeyi bizə özü danışsın. Matta yazır: “İsa çörək götürdü, şükran duası edib, onu parçaladı və şagirdlərə verib, dedi: “Alın, yeyin! Bu Mənim bədənimdir”. Bir kasa da götürüb şükür etdi və onlara verərək dedi: “Bundan hamınız için! Çünki bu, Mənim qanım, günahların bağışlanması üçün bir çoxları uğrunda tökülən Əhdi-Cədidin qanıdır” (Matta 26:26-28). Bu hadisə yalnız bir dəfəmi baş verdi? Bu nə mə’na kəsb edirdi? Və bunun bizim üçün indi hansısa əhəmiyyəti varmı?

“Bunu... hər zaman... edin”

3. Eramızın 33-cü ilinin 14 nisan axşamında İsanın etdiyi iş nəyə görə böyük əhəmiyyət kəsb edirdi?

3 Eramızın 33-cü ilinin 14 nisan axşamında İsa Məsihin gördüyü iş, sadəcə olaraq onun həyatının əhəmiyyətsiz bir anı deyildi. 20 ildən bir qədər artıq vaxt keçdikdən sonra Pavel bu hadisə barədə Korinf şəhərində yaşayan və əvvəlki kimi bu bayramı qeyd edən məsh edilmiş məsihçilərə yazmışdır. Pavel eramızın 33-cü ilində İsa və 11 həvari ilə birlikdə olmasa da, bu haqda ona, şübhəsiz ki, həvarilərdən biri danışmışdı. Pavel bu hadisənin təfsilatı barədə təsdiqi, ehtimal ki, vəhy vasitəsilə almışdı. O yazırdı: “Mən sizə Rəbbin Özündən aldığımı çatdırdım və dedim ki, Rəbb İsa ələ verildiyi gecə çörək götürdü və şükür edib, onu parçaladı və dedi: “Bu, Mənim sizin üçün qırılan bədənimdir; bunu Məni anmaq üçün edin”. Eləcə də, axşam yeməyindən sonra kasanı götürüb dedi: “Bu kasa Mənim qanımla gerçəklənən Əhdi-Cədiddir; bunu, içdiyiniz hər zaman, Məni anmaq üçün edin” (1 Korinflilərə 11:23-25).

4. Məsihçilər Rəbbin Xatirə Gecəsini nə üçün qeyd etməlidirlər?

4 Müjdəçi Luka İsanın verdiyi göstərişi təsdiq edir: “Bunu Məni anmaq üçün edin” (Luka 22:19). Başqa bir tərcümədə bu sözlər belə səslənir: “Bunu, Məni yada salmaq üçün edin” (İ–93). O zaman tə’sis edilmiş bu bayram Məsihin ölümünün Xatirə Gecəsi və ya Rəbbin Xatirə Gecəsi adlanır. Pavel bunu həmçinin “Rəbbin axşam yeməyi” də adlandırır. Bu isə tamamilə münasibdir, çünki bayram axşam çağı tə’sis edilmişdir (1 Korinflilərə 11:20). Beləliklə, məsihçilərə Rəbbin Xatirə Gecəsini qeyd etmək buyurulur. Bəs bu bayram nə üçün tə’sis edilmişdir?

Xatirə Gecəsi nə üçün tə’sis edilmişdir?

5, 6. a) İsanın Xatirə Gecəsini tə’sis etməsinin səbəblərindən biri hansıdır? b) Rəbbin Xatirə Gecəsinin tə’sis edilməsinin daha bir səbəbini göstərin.

5 Xatirə Gecəsinin tə’sis edilməsinin səbəblərindən biri, İsanın ölümünün xidmət etdiyi məqsədlərdən biri ilə bağlıdır. O, səmavi Atasının ali hakimiyyətinin tərəfini tutmaq üçün həyatını qurban verdi. Məsih öz ölümü ilə sübut etdi ki, insanların Allaha guya yalnız xudbin məqsədlərdən xidmət etdiyini iddia edən Şeytan İblis yalançıdır (Eyub 2:1-5). Ölümə qədər sədaqətini qoruyan İsa bu ittihamın yalan olduğunu sübut etdi və Yehovanın ürəyini sevindirdi (Süleymanın məsəlləri 27:11).

6 Rəbbin Xatirə Gecəsinin tə’sis edilməsinin daha bir səbəbi, İsanın kamil və günahsız bir insan kimi “çoxları üçün canını fidiyə olaraq” verdiyini bizə xatırlatmaqdır (Matta 20:28). İlk insan Allaha qarşı günah işlətdikdə kamil həyatını və bu həyatın gətirdiyi bütün xeyir-duaları itirdi. Lakin İsa demişdir: “Allah dünyanı elə sevdi ki, vahid Oğlunu ona verdi; bunu ona görə etdi ki, Ona iman edənlərin heç biri həlak olmasın, hamısının əbədi həyatı olsun” (Yəhya 3:16). Bəli, “günahın əvəzi ölüm, Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23). Rəbbin Xatirə Gecəsini qeyd etmək, bizə İsanın fidiyə qurbanlığı ilə bağlı Yehovanın və Oğlunun təzahür etdirdikləri böyük məhəbbəti xatırladır. Bu məhəbbətə görə necə də minnətdar olmalıyıq!

Xatirə Gecəsi nə vaxt qeyd edilməlidir?

7. Məsh edilmiş məsihçilər hansı mə’nada simvollardan “hər zaman” qəbul edirlər?

7 Pavel Rəbbin Xatirə Gecəsi haqqında belə demişdir: “Bu çörəyi yediyiniz və bu kasadan içdiyiniz hər zaman, siz Rəbbin ölümünü O gəlincəyədək e’lan etmiş olursunuz” (1 Korinflilərə 11:26). Hər bir məsh edilmiş məsihçi Xatirə Gecəsinin simvollarından ölüncəyədək qəbul edəcəkdir. Beləliklə onlar, Yehova Allahın və bütün dünyanın qarşısında Allah tərəfindən təqdim edilən İsanın fidiyə qurbanlığına iman etdiklərini dönə-dönə göstərmiş olacaqlar.

8. Məsh edilmiş məsihçilər bir qrup kimi Rəbbin Xatirə Gecəsini nə vaxta qədər qeyd edəcəklər?

8 Məsh edilmiş məsihçilər bir qrup kimi Məsihin ölümünün Xatirə Gecəsini nə vaxta qədər qeyd edəcəklər? “O gəlincəyədək” deməklə, görünür, Pavel bu bayramın İsanın “iştirakı” (YD) zamanı məsh edilmiş davamçılarını dirildərək, səmavi həyata qəbul etmək üçün gələcəyi günə qədər davam edəcəyini nəzərdə tuturdu (1 Saloniklilərə 4:14-17). Bu, İsanın 11 sadiq həvarisinə dediklərinə uyğun gəlir: “Əgər gedib yer hazırlasam, təkrar gəlib sizi Öz yanıma gətirəcəyəm ki, Mən haradayamsa, siz də orada olasınız” (Yəhya 14:3).

9. İsanın Mark 14:25 ayəsindəki sözləri nə deməkdir?

9 İsa Xatirə Gecəsini tə’sis edən zaman bir kasa şəraba nəzər salıb, sadiq həvarilərinə dedi: “Allahın Padşahlığında təzə şərab içəcəyim günə qədər, üzüm məhsulundan artıq içməyəcəyəm” (Mark 14:25, İ–93). İsa göydə həqiqi mə’nada şərab içməyəcəkdi, görünür, o, şərabın hərdən gətirdiyi sevinci nəzərdə tuturdu (Məzmur 104:15; Vaiz 10:19). Padşahlıqda bərabər olmaq isə, İsanın və davamçılarının böyük səbirsizliklə gözlədikləri xoşbəxtlikdir (Romalılara 8:23; 2 Korinflilərə 5:2).

10. İl ərzində Xatirə Gecəsini neçə dəfə qeyd etmək lazımdır?

10 İsanın ölümünü hər ay, hər həftə və ya hətta hər gün qeyd etmək lazımdırmı? Xeyr. İsa Xatirə Gecəsini tə’sis etmiş və eramızdan əvvəl 1513-cü ildə israillilərin Misir köləliyindən azad olunmalarının “anılma günü” kimi qeyd edilən Pasxa bayramında ölmüşdür (Çıxış 12:14). Pasxa yalnız ildə bir dəfə, yəhudi təqviminə əsasən nisan ayının 14-də qeyd edilirdi (Çıxış 12:1-6; Levililər 23:5). Bu onu göstərir ki, İsanın ölüm gününü də hər ay, hər həftə və hər gün deyil, Pasxa bayramı kimi ildə bir dəfə qeyd etmək lazımdır.

11, 12. Keçmişdə Xatirə Gecəsinin qeyd edilməsinə dair tarix nə deyir?

11 Beləliklə, Xatirə Gecəsini hər il 14 nisanda qeyd etmək düzgündür. Bir arayış əsərində deyilir: “Kiçik Asiyada məsihçiləri kvartodesimanlar [“ondördüncülər”] adlandırırdılar. Bu ad onların adətləri üzrə həmişə 14 nisanda pasxanı [Rəbbin Xatirə Gecəsini] qeyd etmələri ilə bağlı idi... Bu tarix cümə gününə və ya həftənin başqa günlərindən birinə düşə bilərdi” (“The New Schaff-Herzog Encyclopedia of Religious Knowledge”, IV cild, səh. 44).

12 Eramızın II əsrində mövcud olan adətlə bağlı tarixçi C. L. fon Moshaym qeyd edir ki, kvartodesimanlar Xatirə Gecəsini 14 nisanda qeyd edirdilər, çünki “İsanın nümunəsi onlar üçün qanun idi”. Başqa tarixçi isə yazır: “Asiyada kvartodesimanların kilsələrində qəbul olunmuş adət, Yerusəlim kilsəsində olan adətlə üst-üstə düşürdü. II əsrdə bu kilsələr 14 nisanda keçirdikləri Pasxa zamanı, Məsihin ölümü sayəsində mümkün olan fidiyəni bayram edirdilər” (“Studia Patristica”, V cild, 1962, səh. 8).

Çörəyin mə’nası

13. İsa Xatirə Gecəsini tə’sis edən zaman necə çörəkdən istifadə etdi?

13 İsa Xatirə Gecəsini tə’sis edən zaman “çörək götürdü, şükran edib onu parçaladı və onlara [həvarilərə]” verdi (Mark 14:22). Onların istifadə etdikləri çörək bir qədər əvvəl həmin axşam qeyd olunan Pasxa bayramında istifadə etdikləri çörəkdən idi (Çıxış 13:6-10). Bu çörək mayasız hazırlanmışdı, yastı və kövrək idi. Onu bir neçə yerə bölüb paylayırdılar. İsanın minlərlə insanlar üçün mö’cüzəvi şəkildə çoxaltdığı çörək də eynilə yastı və kövrək idi: İsa onu paylamaq üçün böldü (Matta 14:19; 15:36). Göründüyü kimi, Xatirə Gecəsində çörəyin bölünməsi dini ayin deyil.

14. a) Rəbbin Xatirə Gecəsində nə üçün məhz mayasız çörəkdən istifadə edilir? b) Rəbbin Xatirə Gecəsi üçün necə çörək almaq və ya bişirmək olar?

14 İsa Xatirə Gecəsini tə’sis edən zaman istifadə etdiyi çörək haqqında dedi: “Bu, Mənim sizin üçün qırılan bədənimdir” (1 Korinflilərə 11:24; Mark 14:22). Çörəyin mayasız olması təsadüfi deyildi. Nəyə görə? Ona görə ki, maya nöqsanın, pisliyin və ya günahın simvoludur (1 Korinflilərə 5:6-8). Çörək, fidiyə qurbanı kimi təqdim edilməyə tam münasib olan İsanın kamil və günahsız bədənini təmsil edirdi (İbranilərə 7:26; 10:5-10). Yehovanın Şahidləri bunu unutmur və İsanın nümunəsini təqlid edərək Xatirə Gecəsində mayasız çörəkdən istifadə edirlər. Bə’zi hallarda soğan və yumurta kimi əlavələr olunmayan ədviyyatsız yəhudi matsasından istifadə edilir. Mayasız çörəyi təmiz taxıldan (imkan daxilində buğdadan) alınmış una bir az su əlavə edərək də hazırlamaq olar. Xəmiri nazik laylara yaymaq və bir az yağlanmış tavada quru və kövrək oluncaya qədər bişirmək lazımdır.

Şərabın mə’nası

15. Məsih ölümünün Xatirə Gecəsini tə’sis edərkən istifadə etdiyi kasanın içindəki nə idi?

15 Mayasız çörəyi ötürdükdən sonra, İsa “bir kasa... götürüb, şükür edib onlara [həvarilərə] verdi, hamı da ondan içdi”. İsa izah etdi: “Bu Mənim qanım, bir çoxları uğrunda tökülən Əhdi Cədidin qanıdır” (Mark 14:23, 24). Bəs kasadakı nə idi? Kasadakı qıcqırdılmamış üzüm suyu deyil, qıcqırdılmış üzüm şərabı idi. Müqəddəs Yazılarda şərab deyildikdə qıcqırdılmamış üzüm suyu nəzərdə tutulmur. Məsələn, İsanın sözlərinə görə, “köhnə tuluqları” üzüm suyu deyil, məhz qıcqırdılmış şərab partlada bilərdi. Məsihin düşmənləri isə onu “şərab düşgünü” olmaqda ittiham edirdilər. Əgər İsa şərab deyil, üzüm suyu içsəydi, ittiham mə’nasız olardı (Matta 9:17; 11:19). Şərabı Pasxa bayramında içirdilər, Məsih də öz ölümünün Xatirə Gecəsini tə’sis edərkən həmin şərabdan istifadə etdi.

16, 17. Xatirə Gecəsini qeyd etmək üçün hansı şərabdan istifadə etmək olar və nəyə görə?

16 İsanın tökülən qanının müvafiq simvolu yalnız qırmızı şərab ola bilər. O özü demişdir: “Bu Mənim qanım, bir çoxları uğrunda tökülən Əhdi Cədidin qanıdır”. Həvari Peter isə yazırdı: “Bilin ki, siz [məsh edilmiş məsihçilər], əcdadımızdan miras aldığınız boş yaşayış tərzindən gümüş yaxud qızıl kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı fidiyəsi ilə xilas oldunuz” (1 Peter 1:18, 19).

17 Xatirə Gecəsini tə’sis edən zaman, İsa, şübhəsiz ki, qırmızı üzüm şərabından istifadə etmişdi. Lakin bu gün bə’zi qırmızı şərablar bu bayram üçün münasib deyil, çünki onlara tə’sirli olsun deyə spirt, yaxud konyak, bə’zən isə dad vermək üçün otlar və ədviyyatlar əlavə edirlər. İsanın qanı mükəmməl idi və heç bir əlavəyə ehtiyacı yox idi. Buna görə də, tərkibində əlavələr olan şərablar Xatirə Gecəsi üçün münasib deyil. Kasada tərkibində şəkər və spirt olmayan qırmızı şərab olmalıdır. Tərkibində şəkər olmayan, evdə hazırlanmış şərabdan, həmçinin burqon, yaxud bordo şərablarından da istifadə etmək olar.

18. Nəyə görə İsa Xatirə Gecəsində istifadə edilən çörək və şərabla bağlı heç bir mö’cüzə göstərmədi?

18 Bu xüsusi şam yeməyini tə’sis edərkən, İsa heç bir mö’cüzə göstərmədi, yə’ni simvolları özünün həqiqi bədəninə və qanına çevirmədi. İnsan əti yemək və insan qanı içmək vəhşilik və Allahın qanununu pozmaq olardı (Təkvin 9:3, 4; Levililər 17:10). İsanın bədəninə toxunulmamış, qanı isə hələ tökülməmişdi. Yəhudi vaxt hesablamalarına görə, Onun bədəni həmin günü günortaüstü — 14 nisanda kamil qurban xüsusunda gətirilmiş və qanı tökülmüşdü. Deməli, Xatirə Gecəsində istifadə edilən çörək və şərab əslində Məsihin bədənini və qanını təmsil edən simvollardıra.

Xatirə Gecəsi ümumi süfrədir

19. Rəbbin Xatirə Gecəsini qeyd etmək üçün nəyə görə birdən çox boşqab və qədəh lazım gələ bilər?

19 Xatirə Gecəsini tə’sis edərkən, İsa öz sadiq həvarilərinə bir kasadan içməyi təklif etdi. Mattanın Müjdəsində deyilir: “[İsa] bir kasa da götürüb şükür etdi və onlara verərək dedi: “Bundan hamınız için!” (Matta 26:27). Simvollardan, ehtimal ki, bir süfrə arxasına yığılmış cəmi 11 nəfər qəbul etdiyi və şərabı bir-birlərinə asanlıqla ötürə bildikləri üçün onlara bir kasa da bəs edirdi. Bu il bütün dünyada, Yehovanın Şahidlərinin 94 mindən artıq yığıncağında Rəbbin Xatirə Gecəsinin qeyd edilməsinə milyonlarla insanlar toplaşacaq. Əgər bu bayrama bu qədər adam toplaşarsa, aydındır ki, bir kasa kifayət etməyəcəkdir. Simvolların ötürülməsi çox vaxt almasın deyə, böyük yığıncaqlarda hətta bir neçə kasa və ya qədəhlərdən istifadə edilsə də, bayramın mə’nası dəyişmir. Eynilə çörək üçün də bir neçə boşqab istifadə etmək olar. Müqəddəs Yazılarda kasanın və ya qədəhin xüsusi olması haqda heç bir şey deyilmir. Lakin həm qədəh, həm də boşqab bayrama layiq olmalıdır. Ötürən zaman dağılmasın deyə şərab lazımi qədər süzülməlidir.

20, 21. Nəyə görə demək olar ki, Rəbbin Xatirə Gecəsi ümumi süfrədir?

20 Xatirə Gecəsində içində çörək olan boşqab və şərab süzülmüş qədəh birdən artıq olsa da, bayram ümumi süfrə olaraq qalır. Qədim İsraildə insan, qurbanın kəsildiyi mə’bədə heyvan gətirib ümumi süfrə təşkil edə bilərdi. Heyvanın bir hissəsini qurbangahda yandırır, bir hissəsini təqdiməni icra edən kahinə verir, digər hissəsini isə heyvanın sahibi və onun ailəsi ilə bərabər yeyən Harunun oğullarından olan kahinlərə verirdilər (Levililər 3:1-16; 7:28-36). Xatirə Gecəsi də ümumi süfrədir, çünki onun iştirakçılarını ümumi bir şey birləşdirir.

21 Bu ümumi süfrədə Yehova da iştirak edir, çünki bu süfrəni O tə’sis etmişdir. İsa qurbandır, məsh edilmiş məsihçilər isə simvollardan qəbul edərək öz iştiraklarını bildirirlər. Əgər iştirak edənlər Yehovanın süfrəsindən yeyirlərsə, deməli, onlar Onunla sülh münasibətindədirlər. Buna görə də Pavel yazmışdır: “Şükür etdiyimiz şükran kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək, Məsihin bədəninə şəriklik deyilmi? Madam ki, çörək birdir, deməli çox olan bizlər də bir bədənik; çünki hamımız bir çörəkdən pay alırıq” (1 Korinflilərə 10:16, 17).

22. Xatirə Gecəsinə dair hansı sualları nəzərdən keçirməliyik?

22 Rəbbin Xatirə Gecəsi, Yehovanın Şahidlərinin hər il qeyd etdikləri yeganə dini bayramdır. İsanın davamçılarına dediklərini nəzərə alsaq, belə də olmalıdır: “Bunu Məni anmaq üçün edin”. Xatirə Gecəsi zamanı biz İsanın ölümünü — Yehovanın hakimiyyətinin tərəfini tutan ölümü yada salırıq. Artıq qeyd edildiyi kimi, bu ümumi süfrədə olan çörək Məsihin qurban kimi gətirilən insan bədənini, şərab isə onun tökülən qanını təmsil edir. Lakin simvollardan, yə’ni çörək və şərabdan tamamilə az adam qəbul edir. Nəyə görə? Simvollardan qəbul etməyən milyonlarla insanlar üçün Xatirə Gecəsi bir mə’na daşıyırmı? Rəbbin Xatirə Gecəsi sənin üçün hansı mə’nanı daşımalıdır?

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən dərc edilmiş “Müqəddəs Yazıların dərk edilməsi” (ing.) ensiklopediyasına baxın, cild II, səh. 271.

Siz necə cavab verərdiniz?

• İsa Rəbbin Xatirə Gecəsini nə üçün tə’sis etdi?

• Xatirə Gecəsini ildə neçə dəfə qeyd etmək lazımdır?

• Xatirə Gecəsində istifadə edilən mayasız çörək hansı mə’nanı daşıyır?

• Xatirə Gecəsində istifadə edilən şərab hansı mə’nanı daşıyır?

[11-ci səhifədəki şəkil]

İsa Rəbbin Xatirə Gecəsini tə’sis etdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş