Bütün ürəyinlə Yehovaya güvən
“Sənın ısmını bılənlər sənə güvənəcəklər” (MƏZMUR 9:10).
1, 2. İnsanlar sabitliyi əbəs yerə harada axtarırlar?
BİZ çox dəyişkən bir zəmanədə yaşayırıq və həyatda dayaq axtarmaq istəyi tamamilə təbiidir. Kim isə elə düşünə bilər ki, pulu çox olarsa, özünü daha arxayın hiss edə bilər, lakin əslində pulun da gətirdiyi müdafiə müvəqqətidir. Müqəddəs Kitabda deyilir: “Zənginliyinə güvənən yıxılar” (Süleymanın məsəlləri 11:28). Başqaları insan rəhbərlərinə güvənirlər, ancaq onların da ən yaxşısı səhvlərə yol verir, nəticədə isə hər biri ölür. Müqəddəs Kitab belə bir müdrik məsləhət verir: “Əmirlərə və qurtarışı olmayan insan oğluna güvənməyin” (Məzmur 146:3). Allahdan ilham almış bu sözlər, həmçinin bizi öz gücümüzə güvənməkdən də çəkindirir. Axı biz də ‘insan oğullarıyıq’.
2 Peyğəmbər İşaya müasirləri olan İsrail rəhbərlərini “yalanlarla qurulan sığınacaq yerinə” güvəndikləri üçün məzəmmət edirdi (İşaya 28:15-17). Təhlükəsizliyə can ataraq, onlar qonşu xalqlarla siyasi ittifaqlar bağlayırdılar. Bu cür ittifaqlar e’tibarsız, əslində isə yalan idi. Bunun kimi, bu gün də bir çox dini rəhbərlər siyasi xadimlərlə münasibətlər yaradırlar. Bu cür ittifaqların da “yalan” olduğu üzə çıxacaqdır (Vəhy 17:16, 17). Onlar sabitlik gətirməyəcək.
Yeşu və Kalebin gözəl nümunəsi
3, 4. Və’d edilən diyara gizlin baxmağa gedən Yeşu ilə Kalebin gətirdikləri xəbər digər on nəfərin xəbərindən nə ilə fərqlənirdi?
3 Bəs həyatda dayağı harada tapmaq olar? Bunu, Musanın günlərində yaşayan Yeşu və Kalebin nümunəsindən öyrənə bilərik. Misirdən azad olunduqdan tez sonra İsrail xalqı Kən’ana — Və’d edilən diyara daxil olmağa hazır idi. On iki nəfər kişi həmin diyara gizlin baxmağa göndərilmiş və 40 gündən sonra qayıdıb gördüklərini danışmışlar. Onlardan yalnız iki nəfər — Yeşu və Kaleb — Kən’an diyarına daxil olmaq imkanı haqqında müsbət fikir söylədiılər. Qalanları həmin diyarın yaxşı olduğunu təsdiq edib dedilər: “Məmləkətdə oturan xalq qüvvətlidir və şəhərlər istehkamlı və çox böyükdür... [...] ...O xalqa qarşı çıxmağa qüdrətimiz yoxdur; çünki onlar bizdən qüvvətlidirlər” (Saylar 13:27, 28, 31).
4 İsraillilər həmin on nəfərə qulaq asıb, qorxuya düşdülər, hətta Musaya qarşı deyinməyə başladılar. Hisslərlə coşan Yeşu və Kaleb onlara dedilər: “Yoxlamaq üçün içindən keçdiyimiz məmləkət çox, çox yaxşı bir məmləkətdir. Əgər Rəbb bizdən razı olarsa, o zaman bizi o diyara gətirəcək və onu bizə verəcəkdir; bir diyar ki, süd və bal axır. Ancaq Rəbbə qarşı üsyan etməyin və siz məmləkətin xalqından qorxmayın” (Saylar 14:6-9). Yenə də israillilər onları dinləmədilər və buna görə də Yehova həmin vaxt xalqın Və’d edilən diyara daxil olmasına yol vermədi.
5. Nəyə görə Yeşu və Kaleb getdikləri diyar haqqında müsbət fikir söylədilər?
5 Nəyə görə Yeşu ilə Kaleb həmin diyar haqqında müsbət, qalan on nəfər isə mənfi fikir söylədilər? On iki nəfərin hamısı eyni möhkəm şəhərləri və onlarda kök salmış eyni xalqları görmüşdülər. Və on nəfər İsrailin həmin diyarı ələ keçirmək üçün kifayət qədər qüvvəsi olmadığını deməkdə yanılmırdılar. Bunu Yeşu və Kaleb də bilirdi. İş orasındadır ki, həmin on nəfər vəziyyətə insan nöqteyi-nəzərindən baxırdılar. Yeşu ilə Kaleb isə Yehovaya güvənirdilər. Onlar Allahın qüdrətli işlərini Misirdə, Qırmızı dənizin yaxınlığında və Sina dağının ətəyində görmüşdülər. Bir neçə onillikdən sonra Allahın bu işləri haqqında sadəcə olaraq eşitdikləri, Yerihodan olan Rahabı Yehovanın xalqı naminə həyatını təhlükə altına atmağa təşviq edə bildi! (Yeşu 2:1-24; 6:22-25). Yehovanın işlərinin şahidi olan Yeşu və Kaleb tamamilə əmin idilər ki, Allah öz xalqına görə mübarizə aparmağa davam edəcəkdir. Qırx ildən sonra aydın oldu ki, onlar Yehovaya əbəs yerə güvənməmişlər. İsraillilərin yeni nəsli Yeşunun rəhbərliyi altında Kən’an diyarına daxil olub, onu ələ keçirdi.
Nə üçün bütünlüklə Yehovaya güvənməliyik?
6. Nəyə görə bu gün məsihçilər təzyiq altındadırlar və onlar kimə güvənməlidirlər?
6 Yaşadığımız indiki “çətin anlar”da, həmin israillilər kimi, biz də özümüzdən güclü düşmənlərlə qarşılaşırıq (2 Timoteyə 3:1). Bizə əxlaqi, ruhani, bə’zən isə, hətta fiziki cəhətdən təzyiq göstərilir. Bu cür təzyiqlərə yalnız öz qüvvəmizin sayəsində tab gətirə bilmərik, çünki bunlar qeyri-təbii mənbədən — Şeytan İblisdən gəlir (1 Yəhya 5:19; Efeslilərə 6:12). Bəs köməyi harada axtara bilərik? Keçmişdə Yehovanın sadiq bir xidmətçisi duasında demişdi: “Sənin ismini bilənlər sənə güvənəcəklər” (Məzmur 9:10). Əgər Yehovanı həqiqətən də tanıyır və adının mə’nasını dərk ediriksə, şübhəsiz ki, Yeşu və Kaleb kimi, biz də Ona güvənəcəyik (Yəhya 17:3).
7, 8. a) Yehovanın yaratdıqları Ona güvənmək üçün hansı əsasları verir? b) Yehovaya güvənmək üçün Müqəddəs Kitab bizə hansı əsasları verir?
7 Biz nə üçün Yehovaya güvənməliyik? Yeşu və Kaleb, Allahın gücünün təzahürünü gördükləri üçün Ona güvənirdilər. Onlar kimi, biz də Allahın gücünün şahidi oluruq. Məsələn, Yehovanın yaratdıqlarını, o cümlədən, milyardlarla qalaktikanı özünə daxil edən Kainatı düşünək. Yehovanın nəzarəti altında olan təbiətin nəhəng gücü, Onun həqiqətən də Qadir olduğunu sübut edir. Təbiətin mö’cüzələri üzərində düşünərkən, Eyubun Yehova haqqında dedikləri ilə razılaşmaya bilmərik: “Kim onu döndərə bilər? Kim ona: Nə edirsən, deyər?” (Eyub 9:12). Bəli, əgər Yehova bizimlədirsə, bizə Kainatda heç kimdən qorxmaq lazım deyil (Romalılara 8:31).
8 Gəlin, Yehovanın Kəlamı olan Müqəddəs Kitabı da nəzərdən keçirək. İlahi müdrikliyin tükənməz mənbəyi olan bu kitab, pis əməllərə son qoymağa və həyatımızı Yehovanın iradəsinə uyğun qurmağa kömək etməyə qadirdir (İbranilərə 4:12). Məhz Müqəddəs Kitabın sayəsində biz Yehova ilə tanış olmuş, Onun adını və adının mə’nasını öyrənmişik (Çıxış 3:14). Biz dərk etdik ki, Yehova öz niyyətlərini həyata keçirmək üçün istədiyi mövqeyi tuta bilər. O, sevən Ata, ədalətli Hakim, yenilməz Cəngavər ola bilər. Və biz Onun sözlərinin həmişə necə doğru çıxdığını görürük. Allahın Kəlamını öyrənərək, məzmurçu kimi, biz də bu sözləri deməyə təşviq duyuruq: “Sənin kəlamına güvəndim” (Məzmur 119:42; İşaya 40:8).
9. Fidiyə və İsanın dirilməsi Yehovaya daha çox güvənmək üçün necə əsas verir?
9 Fidiyə qurbanlığı, Yehovaya güvənmək üçün daha bir əsasdır (Matta 20:28). Allahın öz Oğlunu bizim üçün fidiyə olaraq göndərməsi, həqiqətən də, valehedicidir! Fidiyə, doğrudan da, böyük gücə malikdir. Bu fidiyə, tövbə edən və Yehovaya təmiz ürəkdən dönən hər bir insanın günahını yuyur (Yəhya 3:16; 1 Yəhya 4:16, 19; İbranilərə 6:10). Fidiyə ödənilməsi üçün, İsanın dirilməsi tələb olunurdu. Yüzlərlə şahid tərəfindən təsdiq olunan bu mö’cüzə, Yehovaya güvənmək üçün daha bir səbəbdir. Bu, ümidimizin boşa çıxmayacağına zəmanətdir (Həvarilərin işləri 17:31; Romalılara 5:5; 1 Korinflilərə 15:3-8).
10. Yehovaya güvənmək üçün hansı şəxsi səbəblərimiz var?
10 Bunlar, Yehovaya bütünlüklə güvənməyimizə səbəb olan amillərdən bə’ziləridir. Şəxsi xarakter daşıyan başqa bir çox səbəblər də var. Məsələn, hər birimiz vaxtaşırı həyatımızda çətin vəziyyətlərlə qarşılaşırıq. Onların həlli üçün Yehovanın rəhbərliyini axtardıqda, bu rəhbərliyin nə qədər əlverişli olduğunu başa düşürük (Yaqub 1:5-8). Gündəlik həyatımızda Yehovaya daha çox e’tibar edərək və bunun gözəl səmərələr gətirdiyini görərək, Ona daha çox güvənəcəyik.
Davud Yehovaya güvənirdi
11. Davud hansı vəziyyətlərdə Yehovaya güvənirdi?
11 Qədim İsraildə yaşamış Davud, Yehovaya güvənən insanlardan biri idi. Onu öldürmək istəyən Şaul padşah və İsraili zəbt etməyə çalışan güclü Filistim ordusu Davudun həyatı üçün təhlükə yaradırdı. Buna baxmayaraq, o sağ qalmış, hətta qələbə çalmışdı. Nəyin sayəsində? Davud izah edir: “Nurum və qurtuluşum Rəbdir, kimdən qorxacağam? Həyatımın qüdrəti Rəbdir, kimdən hürkəcəyəm?” (Məzmur 27:1). Əgər biz də Yehovaya belə güvənsək, müvəffəqiyyət qazanacağıq.
12, 13. Davudun nümunəsindən necə görürük ki, düşmənlərimiz dillərini silah kimi istifadə etsələr də, biz Yehovaya güvənməliyik?
12 Bir dəfə Davud belə dua etmişdi: “Şəkvam içində səsimi eşit, ey Allah; düşmən qorxusundan həyatımı qoru. Şərirlərin gizli öyüdləşməsindən, fəsad işləyənlərin vəlvələsindən məni saxla. Onlar ki, dillərini qılınc kimi itiləmiş və oxlarını, acı sözlər olaraq qurmuşlar; ta ki, gizli yerlərdə kamil adama atsınlar” (Məzmur 64:1-4). Əlbəttə, bu sözləri yazmağa Davudu nə təşviq etdiyini, bilmirik. Amma onu bilirik ki, eynilə bu gün də düşmənlər nitqlərindən silah kimi istifadə edərək “dillərini itiləyirlər”. Onlar, şifahi və yazılı surətdə yayılan təhrif edilmiş mə’lumatlardan “qılınc” kimi istifadə edərək nöqsansız məsihçiləri yıxmağa çalışırlar. Əgər biz bütünlüklə Yehovaya güvəniriksə, bəs onda necə?
13 Davud daha sonra deyir: “Allah onlara ox atacaqdır; qəflətən yaralanmış olacaqlar. Dilləri özlərinə qarşı dönərək beləcə məğlub ediləcəklər... [...] Saleh, Rəbb ilə sevinəcək və ona sığınacaqdır” (Məzmur 64:7-10). Bəli, düşmənlər dillərini bizə qarşı itiləsələr də, sonunda “dilləri özlərinə qarşı dönərək... məğlub ediləcəklər”. Yehova hər şeyi müvəffəqiyyətlə başa vuracaq və Ona güvənənlərin hamısı Onda sevinə biləcəklər.
Hizkiya əbəs yerə güvənmirdi
14. a) Hizkiya hansı təhlükəli vəziyyətdə Yehovaya güvəndi? b) Hizkiya assuriyalıların yalanına inanmadığını necə göstərdi?
14 Padşah Hizkiya da Yehovaya əbəs yerə güvənmirdi. Hizkiyanın hökmdarlığı zamanı güclü Assuriya ordusu Yerusəlim üçün təhlükə yaradırdı. Bu ordu başqa bir çox xalqları məğlub etmişdi. O, hətta Yəhudanın şəhərlərini zəbt etmiş və yalnız Yerusəlim məğlub edilməmişdi. Sinaxerib öyünürdü ki, bu şəhəri də zəbt edəcək. O, Rabşakın vasitəsilə bildirdi ki, Misirin köməyinə güvənmək tamamilə faydasızdır — bu isə həqiqətəndə də belə idi. Lakin o, daha sonra dedi: “Yerusəlim Assuriya padşahının əlinə verilməyəcək deyə, güvəndiyin Allahın səni aldatmasın” (İşaya 37:10). Ancaq Hizkiya Yehovanın onu aldatmayacağını bilirdi. Buna görə də duasında belə demişdir: “Ya Rəbb Allahımız, onun [Assuriyanın] əlindən bizi qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, Yehova sənsən, ancaq sənsən” (İşaya 37:20). Yehova Hizkiyanın duasını eşitdi. Bir gecənin içində mələk 185 min assuriyalı əsgəri məhv etdi. Yerusəlim qurtuldu, Sinaxerib isə Yəhudeyanı tərk etdi. Bu hadisə haqqında eşidənlərin hamısı Yehovanın qüdrətli olduğunu bildilər.
15. Bu dəyişkən dünyada yaşayarkən, düşə biləcəyimiz çətin vəziyyətlərə yalnız necə hazırlaşa bilərik?
15 Bu gün Hizkiya kimi, biz də müharibə şəraitində yaşayırıq. Lakin bu, ruhani müharibədir. Ruhani cəhətdən sağ qala bilmək üçün, düşmənin hücumunu görməyi və onları dəf etməyi bacarmalıyıq (Efeslilərə 6:11, 12, 17). Bu dəyişkən dünyada hər şey qəflətən dəyişə bilər. Gözlənilmədən qarışıqlıq yarana bilər. Dini dözümlülüyü ilə fərqlənən ölkələrdə, insanlar birdən-birə müqavimət göstərməyə başlaya bilərlər. Ancaq əgər indidən Yehovaya bütünlüklə güvənsək, Hizkiya kimi, baş verəcək hər bir hadisəyə hazır olacağıq.
Yehovaya güvənmək nə deməkdir?
16, 17. Yehovaya güvəndiyimizi necə göstəririk?
16 Yehovaya sadəcə dildə güvənmək kifayət deyil. Bu, gərək ürəkdən gəlsin və əməldə göstərilsin. Əgər Yehovaya güvəniriksə, Onun Kəlamı olan Müqəddəs Kitaba tam e’tibar edəcək, yə’ni onu gündəlik oxuyacaq, üzərində düşünəcək və ona həyatımıza rəhbərlik etməyə yol verəcəyik (Məzmur 119:105). Yehovaya güvənmək, həmçinin müqəddəs ruhun qüvvəsinə də e’tibar etmək mə’nasını daşıyır. Müqəddəs ruhun köməkliyi ilə biz Yehovaya məqbul olan səmərələr gətirə və kök salmış zərərli vərdişlərə qalib gələ bilərik (1 Korinflilərə 6:11; Qalatiyalılara 5:22-24). Məsələn, müqəddəs ruhun köməyi ilə çoxları siqaretdən, yaxud narkotikdən imtina etməyi, başqaları isə əxlaqsız həyat tərzinə son qoymağı bacarmışlar. Bəli, əgər Yehovaya güvəniriksə, biz öz gücümüzlə deyil, Onun gücü ilə möhkəmlənəcəyik (Efeslilərə 3:14-18).
17 Bundan savayı, Yehovaya güvənmək Onun e’tibar etdiyi kəslərə e’tibar etmək deməkdir. Məsələn, Yehova yer üzündə Padşahlığın maraqlarının qeydinə qalmağı “sadiq və ağıllı qula” e’tibar edib (Matta 24:45-47). Yehovanın quruluşuna e’tibar etdiyimizə görə, Onun istifadə etdiyi kanala əhəmiyyət verməməyə və ya müstəqil davranmağa çalışmırıq. Həvari Pavelin qeyd etdiyi kimi, yerli məsihçi yığıncaqlarında müqəddəs ruhla tə’yin edilən ağsaqqallar da xidmət edir (Həvarilərin işləri 20:28). Yığıncaqda tə’yin olunmuş ağsaqqallarla əməkdaşlıq etməklə Yehovaya güvəndiyimizi göstəririk (İbranilərə 13:17).
Pavelin nümunəsini təqlid edin
18. Bugünkü məsihçilər Pavelin nümunəsini necə təqlid edirlər, lakin onlar nəyə ümid bağlamırlar?
18 Bizim kimi, həvari Pavel də xidməti ərzində çoxlu müqavimətlərlə qarşılaşmışdır. Onun günlərində məsihçilik hakim dairələrinə yanlış tərzdə təqdim edilmişdi və Pavel hərdən bu yanlış təssəvvürləri düzəltməyə, yaxud da təbliğ işini qanunun köməyi ilə təsdiq etməyə çalışırdı (Həvarilərin işləri 28:19-22; Filipililərə 1:7). Bugünkü məsihçilər də onun nümunəsini təqlid edirlər. İmkan daxilində əldə olan vasitələrdən istifadə edərək, insanları fəaliyyətimiz barədə maarifləndiririk. Həmçinin xoş xəbəri müdafiə etməyə və qanunun köməyi ilə təsdiq etməyə calışırıq. Lakin bu cür ölçülərə ümid bağlamırıq, çünki müvəffəqiyyətimizin məhkəmələrdə qalib gəlib-gəlməməyimizdən və ya insanların haqqımızda yaxşı danışıb-danışmamalarından asılı olduğunu düşünmürük. Əksinə, biz Yehovaya güvənirik. Onun qədim İsrailə dedikləri yadımızdadır: “Qüvvətiniz susma və güvənmə ilə olur” (İşaya 30:15).
19. Nəyə görə demək olar ki, tə’qiblərə mə’ruz qalaraq qardaşlarımız Yehovaya əbəs yerə güvənməmişlər?
19 Müasir tarixdə elə dövrlər olub ki, Şərqi və Qərbi Avropada, Asiya və Afrikanın müxtəlif hissələrində, həmçinin Cənubi və Şimali Amerika ölkələrində fəaliyyətimizi qadağan etmiş və ya məhdudiyyət qoymuşlar. Məgər bu, o deməkdirmi ki, biz Yehovaya əbəs yerə güvənmişik? Xeyr. Yehova bə’zən hansısa dəyərli məqsədi naminə şiddətli tə’qiblərə yol versə də, həmin tə’qiblərin əsas yükünü daşıyan kəsləri məhəbbətlə möhkəmləndirirdi. Bunun sayəsində bir çox məsihçilər, Allaha iman və ümid göstərən kəslər kimi gözəl ad qazanmışlar.
20. Qanunun verdiyi azadlığa görə minnətdar olsaq da, hansı hallarda heç zaman güzəştə getməyəcəyik?
20 Bununla belə, əksər ölkələrdə rəsmi qeydiyyatımız var və vaxtaşırı kütləvi informasiya vasitəsilə haqqımızda müsbət danışırlar. Biz bunun üçün minnətdarıq və bunun da Yehovanın məqsədlərinə xidmət etdiyini e’tiraf edirik. Yehovanın xeyir-duası ilə bu böyük azadlıqdan şəxsi məqsədlərimiz naminə deyil, Ona xalqlar qarşısında tam xidmət etmək üçün istifadə edirik. Lakin biz hakim dairələri qarşısında yaxşı ada malik olmaq xatirinə heç zaman öz e’tiqadlarımızda güzəştə getməyəcəyik. Biz bitərəf mövqeyimizdən əl çəkməyəcək, az təbliğ etməyəcək və heç bir başqa yolla Yehovaya xidmətimizi zəiflətməyəcəyik. Biz Xilaskar Padşahlığın vətəndaşlarıyıq və bütünlüklə Yehovanın ali hakimiyyətinin tərəfini saxlayırıq. Ümidimiz indiki dünya sisteminə deyil, bütün yer üzərində idarə edəcək yeganə hökumətə — səmavi Xilaskar Padşahlığadır. Bu Padşahlığı nə bombalar, nə raketlər, nə də nüvə silahları sarsıda və ya məhv edə bilər. Bu Padşahlıq məğlubedilməzdir və Yehovanın niyyətlərini həyata keçirəcəkdir (Daniel 2:44; İbranilərə 12:28; Vəhy 6:2).
21. Hansı yolla getmək niyyətindəyik?
21 Pavel yazırdı: “Biz isə geri çəkilib, həlak olanlardan deyilik; iman edib, canlarının xilasına nail olanlardanıq” (İbranilərə 10:39). Gəlin hamımız sona qədər Yehovaya sədaqətlə xidmət edək. Yehovaya indi və əbədiyyət boyu bütünlüklə güvənməyimiz üçün bütün əsaslarımız var (Məzmur 37:3; 125:1).
Nə öyrəndiniz?
• Nəyə görə Yeşu və Kaleb getdikləri diyar haqqında müsbət fikir söylədilər?
• Hansı səbəblərə görə biz bütünlüklə Yehovaya güvənməliyik?
• Yehovaya güvənmək nə deməkdir?
• Yehovaya güvənərək hansı mövqeyi tutmaq niyyətindəyik?
[25-ci səhifədəki şəkil]
Nəyə görə Yeşu və Kaleb getdikləri diyar haqqında müsbət fikir söylədilər?
[26-cı səhifədəki şəkillər]
Yehovanın yaratdıqları Ona güvənmək üçün əsaslı səbəb verir.
[İcazə ilə]
All three images: Courtesy of Anglo-Australian Observatory, photograph by David Malin
[28-ci səhifədəki şəkil]
Yehovaya güvənmək, Onun e’tibar etdiyi kəslərə e’tibar etmək deməkdir.