Oxucuların sualları
Nəyə görə “Məzmurlar” kitabının nömrələnməsi Müqəddəs Kitabın müxtəlif tərcümələrində bir-birindən fərqlidir?
Fəsillərə və ayələrə bölünmüş ilk tam Müqəddəs Kitab, 1553-cü ildə fransız dilində Robert Estienne tərəfindən nəşr olunmuşdur. Lakin “Məzmurlar” kitabı, ayrı-ayrı insanlar tərəfindən bəstələnmiş məzmurlar, yə’ni mahnılar külliyyatı olduğu üçün, görünür, bu kitab bundan çox öncə hissələrə bölünmüşdür.
Göründüyü kimi, Yehovanın, ibadətdə istifadə etmək üçün məzmurları bir yerə toplamağı tapşırdığı ilk şəxs Davud olmuşdur (1 Tarixlər 15:16-24). Hesab olunur ki, “Məzmurlar” kitabını axırıncı dəfə bir yerə toplayan, kahin və “Musanın şəriətində təcrübəli bir yazıçı” kimi xidmət edən Ezra olmuşdur (Ezra 7:6). Beləliklə, “Məzmurlar” kitabı tərtib olunan zaman artıq ayrı-ayrı məzmurlardan ibarət idi.
Həvari Pavel birinci missioner səyahəti zamanı Antakya (Pisidiya) şəhərində sinaqoqda mə’ruzə ilə çıxış edərkən, “Məzmurlar” kitabından sitat gətirərək demişdi: “Necə ki, ikinci məzmurda da yazılmışdır: Sən Mənim Oğlumsan, Mən bu gün Sənin Atan oldum” (Həvarilərin işləri 13:33). Həmin sözlər, müasir Müqəddəs Kitablarda da ikinci məzmurun 7-ci ayəsindədir. Lakin bir çox digər məzmurların nömrələri Müqəddəs Kitabın müxtəlif tərcümələrində fərqlidir. Ona görə ki, bə’zi tərcümələr ibranicə Masoret mətninə, digərləri isə b. e. ə. II əsrdə ibrani mətnindən tərcümə olunmuş yunanca Septuaqintaya əsaslanır. Misal üçün, latınca Vulqatadan tərcümə olunmuş bir çox katolik tərcümələrində məzmurların nömrələnməsi Septuaqintada olduğu kimidir. Eyni qaydaya, rus dilində mövcud olan bə’zi Müqəddəs Kitablarda da riayət olunur. “Yeni dünya tərcüməsi”ndə və bir sıra digər Müqəddəs Kitab tərcümələrində isə nömrələnmə ibranicə mətnə müvafiqdir.
Onların arasında hansı fərq mövcuddur? İbranicə mətndə 150 məzmur var. Septuaqintada 9-cu məzmur 10-cu məzmurla, 114-cü məzmur isə 115-ci məzmurla birləşdirilmişdir. Bundan əlavə, 116-cı və 147-ci məzmurlar iki hissəyə bölünmüşdür. Məzmurların ümumi sayı dəyişməsə də, 10-dan 146-ya kimi olan məzmurların nömrəsi Septuaqintada 9-dan 145-ə kimidir. Beləliklə, rus dilində mövcud olan bir çox Müqəddəs Kitab tərcümələrində 90-cı məzmurun nömrəsi, türkcə “Kitabı Mukaddes”də 91-dir, çünki bu tərcümə ibranicə mətndəki nömrələnməyə müvafiqdir.
Və nəhayət, bir çox müxtəlif tərcümələrdə bə’zi məzmurların ayələrinin də nömrələri fərqli ola bilər. Nəyə görə? Ona görə ki, Makklintokun və Stronqun ensiklopediyasına görə, bə’zi tərcümələr “yəhudilərin, giriş sözləri birinci ayə hesab etmək ən’ənəsini” qəbul etmiş, digərləri isə yox. Bundan əlavə, əgər giriş sözləri kifayət qədər uzundursa, çox vaxt iki ayə hesab olunur və nəticə e’tibarilə məzmurdakı ayələrin sayı artır.
Məsh edilmiş məsihçi səhhəti ilə bağlı yığıncaqla birlikdə Xatirə Gecəsində iştirak edə bilmirsə, onun üçün hər hansı tədbir görmək mümkündürmü?
Bəli. Məsh edilmiş məsihçi səhhəti ilə əlaqədar (ola bilsin, o, hətta yataq xəstəsidir) yığıncaqla birlikdə Məsihin ölümünün Xatirə Gecəsində iştirak edə bilmədiyi halda, ona qarşı hörmət hissindən irəli gələrək, müəyyən tədbirlər görmək mümkündür, hətta vacibdir. Bu zaman ağsaqqallar şurası hər hansı ağsaqqala və ya başqa bir yetkin məsihçi qardaşa, həmin axşam, səhəri gün günəş doğmazdan öncə, xəstə olan həmimanlı üçün çörək və şərab simvollarını aparmağı həvalə edə bilər.
Məsh edilmiş məsihçinin vəziyyətindən asılı olaraq, onu ziyarət edən ağsaqqal və ya başqa qardaş bir neçə söz deyə və Müqəddəs Yazılardan müvafiq ayələr oxuya bilər. O, İsanın Xatirə Gecəsini tə’sis edərkən qoyduğu nümunəyə riayət edə bilər. Misal üçün, Matta 26:26 ayəsini oxumaq və duadan sonra mayasız çörəyi ötürmək olar. Daha sonra “Matta” kitabının 26-cı fəslinin 27-ci və 28-ci ayələrini oxumaq və bir daha dua etdikdən sonra şərabı ötürmək olar. Hər bir simvolun mə’nası haqqında bir-iki söz demək olar, axırda isə dua etmək lazımdır.
Təbii ki, yığıncaqla birlikdə Xatirə Gecəsində iştirak etmək üçün mümkün qədər qüvvə sərf etmək lazımdır. Lakin ciddi xəstəliyi olan, xəstəxanada yatmalı olan və ya başqa səbəblər üzündən, 14 nisan günü gün batandan sonra Xatirə Gecəsini qeyd etmək imkanı olmayan məsh edilmiş məsihçi nə edə bilər? Həmin məsh edilmiş məsihçi Musanın qanunundakı nümunəyə riayət edərək, Xatirə Gecəsini 30 gündən sonra şəxsən qeyd edə bilər (Saylar 9:9-14).