Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/7 s. 18—22
  • “Yehova haradadır?” deyə soruşursanmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • “Yehova haradadır?” deyə soruşursanmı?
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • Allahı arayanlar
  • Dua edib, cavab almayanlar
  • “Öyrənməyə çalışın”
  • Soruşmağı unutma
  • “Yehova haradadır?” deyə soruşmağa davam et
  • «İşiniz üçün mükafat alacaqsınız»
    Gözətçi qülləsi 2012
  • Yehovaya sidqi-ürəkdən ibadət edin!
    Gözətçi qülləsi 2017
  • Əmin-amanlıq dövründə ağılla davranın
    Gözətçi qülləsi 2020
  • Gənc qardaşlar, siz başqalarının etibarını qazana bilərsiz
    Gözətçi qülləsi 2021
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/7 s. 18—22

“Yehova haradadır?” deyə soruşursanmı?

“[Onlar] Məndən uzaqlaşdılar... və demədilər... Rəbb [“Yehova”, YD] haradadır?” (YEREMYA 2:5, 6).

1. İnsanları “Allah haradadır?” deyə soruşmağa vadar edən nədir?

“ALLAH haradadır?” Bu sualı çoxları verirlər. Bə’ziləri Yaradanın həqiqi mə’nada harada olduğunu anlamağa çalışır. Digərləri isə, bu sualı böyük fəlakətlər baş verdikdən sonra, yaxud onlar özləri ağır çətinliklərlə qarşılaşdıqda və Allahın bu işlərə nə üçün müdaxilə etmədiyini anlamadıqda verirlər. Amma elələri də var ki, bu sual onları ümumiyyətlə maraqlandırmır, çünki Allahın mövcudluğu barədəki fikri tamamilə rədd edirlər (Məzmur 10:4).

2. Allahı axtarıb tapanlar kimlərdir?

2 Bununla belə, bir çox insanlar Allahın mövcudluğuna dair çoxsaylı sübutlara göz yummurlar (Məzmur 19:1; 104:24). Düzdür, onlardan bə’ziləri sadəcə Allaha inanmaqla kifayətlənirlər. Ancaq bütün yer üzündə milyonlarla başqa insanlar həqiqətə olan qızğın məhəbbətdən irəli gələrək həqiqi Allahı axtarırlar. Onların sə’yləri əbəs olmayacaq, çünki Allah “heç birimizdən uzaq deyil” (Həvarilərin işləri 17:26-28).

3. a) Allahın məskəni haradır? b) Müqəddəs Yazılara əsasən “Yehova haradadır?” sualı nə mə’na daşıyır?

3 Yehovanı həqiqətən tapan insan dərk edir ki, Allah gözlə görünməyən “ruhdur” (Yəhya 4:24). İsa həqiqi Allahı “göylərdə olan Atam” (KM) adlandırmışdır. Bu nə deməkdir? Bu o deməkdir ki, həqiqi mə’nada göylər yerdən yüksək olduğu kimi, səmavi Atamız da bizim yaşadığımız dünyadan yüksək və bizim üçün əlçatmaz olan ruhani təbəqədə yaşayır (Matta 12:50; İşaya 63:15). Biz Allahı adi gözlərlə görə bilməsək də, O özünü bizə tanıdır və biz Onun niyyətləri haqqında çox şey öyrənə bilirik (Çıxış 33:20; 34:6, 7). O, həyatın mə’nasını anlamaq istəyən səmimi insanların suallarına cavab verir. Məcazi mə’nada desək, Allah bizə Özünün harada olduğunu, yə’ni müxtəlif həyati məsələlərə dair nöqteyi-nəzərinin nədən ibarət olduğunu müəyyən etməyə və arzularımızın Onun iradəsinə müvafiq olub-olmadığını yoxlamağa imkan verir. O istəyir ki, biz öz həyatımıza dair suallar verək və sə’ylə bu suallara cavab axtarmağa çalışaq. Qədim israillilər bunu etmirdilər və Yehova onları Yeremya peyğəmbərin vasitəsilə məzəmmət edirdi. Onlar Allahın adını bilsələr də, “Yehova haradadır?” (YD) deyə soruşmurdular (Yeremya 2:6). Yehovanın iradəsi onların həyatında ən vacib yeri tutmurdu. Onlar Allahın rəhbərliyini axtarmırdılar. Bəs sən — həm ciddi, həm də bir o qədər əhəmiyyətli olmayan qərarlar qəbul edərkən, “Yehova haradadır?” deyə soruşursanmı?

Allahı arayanlar

4. Davudun Yehova ilə məsləhətləşməsindən nə öyrənirik?

4 Hələ gənc yaşlarında ikən Yesse oğlu Davud Yehovaya güclü iman inkişaf etdirmişdi. Yehova onun üçün “yaşayan Allah” idi. Davud Yehovanın necə müdafiə etdiyini şəxsi təcrübəsində öyrənmişdi. “Yehovanın isminə” (YD) iman və məhəbbətdən irəli gələrək, Davud təpədən dırnağa qədər silahlanmış filistimli pəhləvan Qolyata qarşı çıxdı və onu öldürdü (1 Samuel 17:26, 34-51). Lakin qalib gəldikdən sonra Davud özünə arxalanmadı. O, bundan sonra etdiyi bütün işlərdə Yehovanın ona xeyir-dua verəcəyini düşünmədi. Daha sonra Davud qərarlar qəbul edərkən, həmişə Yehova ilə məsləhətləşirdi (1 Samuel 23:2; 30:8; 2 Samuel 2:1; 5:19). O, dua etməyə davam edirdi: “Ya Rəbb, yollarını mənə bildir; yollarını mənə öyrət. Mənə həqiqətində yol göstər və mənə öyrət; çünki sən qurtuluşumun Allahısan; bütün gün səni gözləyirəm” (Məzmur 25:4, 5). O, bizə necə də gözəl nümunə vermişdir!

5, 6. Yehoşafat həyatının müxtəlif anlarında Yehovanı necə arayırdı?

5 Davudun nəslindən olan beşinci padşah Yehoşafatın günlərində, üç xalq birləşib Yəhuda üzərinə müharibə etməyə gəldilər. Ölkənin təhlükə altında olduğunu görən Yehoşafat “Rəbbi aramağa başladı” (2 Tarixlər 20:1-3). Yehoşafat Yehovanı bundan öncə də axtarırdı. O, İsrailin dönük çıxmış şimal padşahlığının qapıldığı Baala ibadəti rədd etdi və Yehovanın yolları ilə yeriməyi üstün tutdu (2 Tarixlər 17:3, 4). Və budur, Yehoşafat çox çətin vəziyyətə düşmüşdür. Belə bir vəziyyətdə o, Allahı necə aradı?

6 Yehoşafat Yerusəlimdə toplaşmış yəhudilərin qarşısında dua edərək, Yehovanın yenilməz qüdrətini unutmadığını göstərdi. O, Yehovanın müəyyən torpaqları israillilərə verdiyinə və başqa xalqları oradan qovduğuna diqqət yetirərək, Allahın iradəsi ilə dərindən maraqlandığını göstərdi. Padşah, Yehovanın köməyinə ehtiyac duyduğunu e’tiraf etdi (2 Tarixlər 20:6-12). Bu zaman Yehova israillilərin Onu tapmalarına yol verdimi? Bəli, şübhəsiz ki, verdi. Yehova levili Yahaziel vasitəsilə dəqiq göstərişlər verdi və növbəti gün Onun xalqı qələbə çaldı (2 Tarixlər 20:14-28). Sən əmin ola bilərsənmi ki, rəhbərlik almaq üçün Yehovaya müraciət etsən, Yehova, Onu tapmağına imkan verəcəkdir?

7. Allah kimlərin duasını eşidir?

7 Yehova insanların kimliyinə baxmır və hər millətdən olan insanları duada Onu axtarmağa də’vət edir (Məzmur 65:2; Həvarilərin işləri 10:34, 35). Allah, dua edən kəsin ürəyində olanları nəzərə alır. O, bizi əmin edir ki, salehlərin duasını eşidir (Süleymanın məsəlləri 15:29). Yehova əvvəllər Onu nəzərə almayan, indi isə həlimliklə Onun rəhbərliyini axtaran insanların Onu tapmalarına imkan verir (İşaya 65:1). Allah, hətta Onun qanununu pozub, indi isə həlimliklə tövbə edənlərin də dualarını eşidir (Məzmur 32:5, 6; Həvarilərin işləri 3:19). Lakin əgər insanın ürəyi Allaha tabe deyilsə, onun duaları əbəs olacaqdır (Mark 7:6, 7). Bir neçə nümunəni nəzərdən keçirək.

Dua edib, cavab almayanlar

8. Yehova Saul padşahın duasına nə üçün cavab vermədi?

8 Samuel peyğəmbər, Saul padşahın itaətsizlik etdiyinə görə Allah tərəfindən rədd edildiyini ona söylədikdə, Saul Yehovaya səcdə etdi (1 Samuel 15:30, 31). Lakin o, bunu sadəcə olaraq insanlarda təəssürat yaratmaq üçün edirdi. Saulun məqsədi Yehovaya itaətkar olmaq deyil, öz nüfuzunu qorumaq idi. Sonradan, filistimlilər İsrailə hücum edəndə, Saul Yehova ilə məsləhətləşmək istədi. Lakin bu, sadəcə olaraq rəsmiyyətçilik idi. Cavab almadıqda o, ruhları çağıran cadugər qadına üz tutdu, hərçənd ki, Yehovanın bunu qadağan etdiyini bilirdi (Təsniyə 18:10-12; 1 Samuel 28:6, 7). 1 Tarixlər 10:14 ayəsində Saul “Rəbb ilə məsləhətləşmədi” deyə, nəticə çıxarılır. Nəyə görə? Ona görə ki, onun duaları imana əsaslanmırdı. Bu, ümumiyyətlə dua etməməyə bərabər idi.

9. Tsedekiya Yehovadan rəhbərlik diləyərkən, hansı səhvə yol verdi?

9 Buna bənzər tərzdə, Yəhudi padşahlığının sonu yaxınlaşan zaman, insanlar daha çox dua edir və daha tez-tez Yehovanın peyğəmbərlərinə müraciət edirdilər. Eyni zamanda onlar Yehovaya ibadəti bütpərəstliklə qarışdırırdılar (Tsefanya 1:4-6). Onlar Yehova ilə rəsmi olaraq məsləhətləşsələr də, ürəkləri Onun iradəsinə tabe olmağa hazır deyildi. Tsedekiya padşah Yeremyadan rica etdi ki, onun adından Allahla məsləhətləşsin. Yehova artıq padşahın necə davranmalı olduğuna dair göstərişlər vermişdi. Lakin, imana malik olmadığından və insanlardan qorxduğundan, padşah Yehovanın səsinə qulaq asmadı, Yehova da onun xoşuna gələcək başqa cavab vermədi (Yeremya 21:1-12; 38:14-19).

10. Yohanan Yehovanın rəhbərliyini axtararkən, hansı səhvə yol verdi və biz bundan nə öyrənirik?

10 Yerusəlim viran edildikdən və Babil qoşunları əsir düşmüş yəhudiləri götürüb getdikdən sonra, Yohanan Yəhudeyada qalan azsaylı insanları Misirə aparmaq qərarına gəldi. Onlar artıq getməyə hazırlaşmışdılar, lakin getməzdən əvvəl Yeremya peyğəmbərdən onlar üçün Yehovaya dua etməsini və Ondan rəhbərlik diləməsini xahiş etdilər. Ancaq istədikləri cavabı almadıqda, onlar Yehovanın sözlərini rədd edib, hər şeyi öz bildikləri kimi etdilər (Yeremya 41:16-43:7). Sən bu hadisələrdən, Yehovanı axtararkən Onu tapmaq üçün nə etmək lazım gəldiyini görürsənmi?

“Öyrənməyə çalışın”

11. Biz nə üçün Efeslilərə 5:10 ayəsindəki prinsipi tətbiq etməliyik?

11 İsanın həqiqi davamçısı olmaq üçün, sadəcə olaraq həsr olunmamızı suda vəftizlə simvollaşdırmaq, yığıncaq görüşlərinə getmək və təbliğ xidmətində iştirak etmək kifayət deyil. Həqiqi ibadət həyatımızın bütün sahələrində əks olunmalıdır. Gündəlik olaraq bizi Allaha sadiqlik yolundan azdıra biləcək həm nəzərə çarpmayan, həm də aydın görünən neqativ tə’sirlərə mə’ruz qalırıq. Biz onlara necə reaksiya göstərəcəyik? Həvari Pavel, Efes şəhərindəki sadiq məsihçilərə müraciət edərək, onları təşviq edirdi: “Rəbbə nəyin məqbul olduğunu öyrənməyə çalışın” (Efeslilərə 5:10). Bu cür davranışın müdrik davranış olduğu, Müqəddəs Kitabda yazılmış çoxsaylı nümunələrdən görünür.

12. Yehova Davudun əhd sandığını Yerusəlimə köçürmək tərzindən nəyə görə razı qalmadı?

12 Əhd sandığı İsrailə qaytarıldıqdan və uzun illər ərzində Kiryat-yearimdə qaldıqdan sonra, Davud padşah onu Yerusəlimə gətirmək istədi. O, xalqın rəisləri ilə məsləhətləşdi və dedi ki, “əgər sizə yaxşı görünürsə və bu iş Allahımız Rəbdən isə”, sandıq gətiriləcəkdir. Lakin o, bu məsələyə dair Yehovanın nöqteyi-nəzərini öyrənmək üçün, zəhmət çəkib lazımi axtarışlar aparmadı. Əgər o, bunu etsəydi, sandığı heç vaxt arabaya qoymazdılar. Allahın verdiyi aydın göstərişə əsasən, onu Kohat nəslindən olan levililər çiyinlərində daşımalı idilər. Davud başqa hallarda Yehovanı tez-tez axtarmış olsa da, bu dəfə bunu lazımi qaydada etmədi. Bunun nəticəsi faciəli oldu. Daha sonra Davud e’tiraf etdi: “[Onu] lazımi qaydada aramadıq deyə, Allahımız Rəbb bizi vurdu” (1 Tarixlər 13:1-3; 15:11-13; Saylar 4:4-6, 15; 7:1-9).

13. Sandığı müvəffəqiyyətlə gətirdikdən sonra, mahnı vasitəsilə hansı xatırlatma səsləndi?

13 Nəhayət levililər sandığı Obed-edomun evindən Yerusəlimə gətirdikdən sonra, Davudun bəstələdiyi mahnı ifa edildi. Mahnıda belə səmimi sözlər vardı: “Rəbbi və onun qüdrətini arayın; üzünü daima arayın. Etdiyi bütün xariqələri, onun mö’cüzələrini və ağzının hökmlərini anın” (1 Tarixlər 16:11, 13).

14. Biz Süleymanın yaxşı nümunəsindən və qocalıq dövründə yol verdiyi səhvlərdən nə öyrənirik?

14 Davud ölümündən qabaq oğlu Süleymana nəsihət verirdi: “Əgər onu [Yehovanı] arasan, özünü sənə tapdırar” (1 Tarixlər 28:9). Süleyman taxta çıxdıqdan sonra, toplanma çadırının olduğu Gibeona getdi və Yehovaya qurbanlar gətirdi. Orada Yehova Süleymana təklif edib dedi: “Sənə nə verim, istə”. Süleyman hikmət və bilik istədi. İsraili idarə etməsi üçün, Yehova ona bu keyfiyyətləri bol-bol bəxş etdi və üstəlik var-dövlət və izzət də verdi (2 Tarixlər 1:3-12). Yehovanın Davuda verdiyi arxitektura planı üzrə Süleyman möhtəşəm mə’bəd ucaltdı. Lakin Süleyman şəxsi həyatı ilə bağlı məsələlərdə Yehovanı lazımi qaydada axtarmadı. O, Yehovaya ibadət etməyən qadınlarla evləndi. Qoca yaşında arvadları onun ürəyini Yehovadan döndərdilər (1 Krallar 11:1-10). Bəli, nə qədər tanınmış olsaq da, nə qədər müdrik və ağıllı görünsək də, “Rəbbə nəyin məqbul olduğunu öyrənməyə” çalışmaq vacibdir.

15. Nəyə görə həbəşistanlı Zerah Yəhudanın üzərinə gələn zaman, Asa yəhudi xalqının qurtuluşu üçün Yehovaya əminliklə dua edə bildi?

15 Bunun nə dərəcədə zəruri olduğunu, Süleymanın nəticəsi olan Asanın padşahlığının tarixini nəzərdən keçirsək, daha aydın görərik. Hökmranlığının başlanğıcından 11 il sonra, həbəşistanlı Zerah milyon nəfərlik qoşunla Yəhudanın üzərinə gəldi. Yehova Yəhudanı qurtaracaqmı? Asadan təxminən 500 il əvvəl Yehova israillilərin Onu dinləyib, əmrlərinə tabe olduqları və əksinə, bunu etmədikləri təqdirdə onları nə gözlədiyini aydın surətdə göstərmişdi (Təsniyə 28:1, 7, 15, 25). Asa hökmranlığının başlanğıcında, yalan tanrılara ibadətdə istifadə olunan qurbangahları və heykəlləri tamamilə ləğv etdi. O, yəhudiləri “Rəbbi aramağa” təşviq edirdi. Bunu etmək üçün, fəlakətin gəlməsini gözləmirdi. Buna görə də, çətin vəziyyətə düşəndə, Asa xalqa kömək etməsi üçün Yehovaya imanla dua edə bildi. Bunun nəticəsi necə oldu? Yəhudaya parlaq bir qələbə bəxş edildi (2 Tarixlər 14:2-12).

16, 17. a) Qələbə çalmasına baxmayaraq, Yehova Asaya nə barədə xatırlatdı? b) Asa ağılsız davrandığı zaman, hansı köməyi aldı və buna necə yanaşdı? c) Asanın davranışının üzərində düşünmək nə üçün faydalıdır?

16 Asa padşah qələbə qazansa da, Yehova onun qarşısına Azaryanı göndərdi ki, ona belə sözlər desin: “Ey Asa və bütün Yəhuda və Benyamin, məni dinləyin; siz Rəbb ilə bərabər olduqca o sizinlə bərabərdir; və siz onu axtarsanız, özünü sizə tapdırar; fəqət siz onu tərk etsəniz, sizi tərk edər” (2 Tarixlər 15:2). Asa ölkədə həqiqi ibadəti daha böyük sə’ylə bərpa etməyə başladı. Lakin 24 ildən sonra yenidən müharibə təhlükəsi yarandıqda, Asa Yehovanı axtarmadı. O, Allahın Kəlamına müraciət etmədi və həbəş ordusunun Yəhudaya hücum etdiyi zaman Yehovanın etdiyi işləri yada salmadı. Ağılsızlıq edib, Suriya ilə müqavilə bağladı (2 Tarixlər 16:1-6).

17 Buna görə Yehova gələcəyi görən Hanani vasitəsilə Asanı məzəmmət etdi. Hətta Yehovanın nə düşündüyü aydın olan zaman belə Asa fayda əldə edə bilərdi. Lakin bunun əvəzinə Asa acıqlandı və Hananini zindana atdırdı (2 Tarixlər 16:7-10). Necə də acınacaqlı haldır! Bəs bizim haqqımızda nə demək olar? Hərdən elə olurmu ki, biz əvvəlcə Allahı axtarırıq, sonra isə verilən nəsihəti qəbul etməkdən imtina edirik? Bizimlə maraqlanan və dünyanın işlərinə baş qoşduğumuzu görərək narahat olan qayğıkeş ağsaqqal bizə Müqəddəs Kitabdan məsləhət verdikdə, “Rəbbə nəyin məqbul olduğunu” öyrənməmiz üçün göstərilən bu köməyi qiymətləndiririkmi?

Soruşmağı unutma

18. Elihunun Eyuba dediyi sözlər bizə necə fayda gətirə bilər?

18 Sıxıntılar içində olanda, hətta uzun illər ərzində Yehovaya sədaqətlə xidmət edən kəs də səhvə yol verə bilər. Eyuba fəlakət üz verəndə — dəhşətli xəstəliyə düçar olanda, övladlarını və mülkünü itirəndə, dostları onu yalan yerə günahlandıranda — o, diqqətini tamamilə öz hisslərinə cəmləşdirmişdi. Elihu ona xatırlatdı: “Kimsə demir: Haradadır Allah, Yaradanım?” (Eyub 35:10). Eyuba öz diqqətini Yehovaya yönəltmək və Onun bu vəziyyətə olan nöqteyi-nəzərinin üzərində düşünmək lazım idi. Eyub nəsihəti həlimliklə qəbul etdi və onun nümunəsi bizim də bu cür davranmamıza kömək edə bilər.

19. İsraillilər çox vaxt nə etməyi yaddan çıxarırdılar?

19 İsraillilər yüzilliklər ərzində Allahın onlarla necə davrandığını bilirdilər. Lakin müəyyən vəziyyətlərdə necə davranmalı olduqlarına dair qərar qəbul etmək lazım gəldikdə, onlar bu barədə unudurdular (Yeremya 2:5, 6, 8). Qərar qəbul edərkən, onlar: “Yehova haradadır?” deyə soruşmaq əvəzinə, ürəkləri istədiyi kimi davranırdılar (İşaya 5:11, 12).

“Yehova haradadır?” deyə soruşmağa davam et

20, 21. a) Bu gün Yehovanın rəhbərliyini Elişanın ruhu ilə axtaranlar kimlərdir? b) Biz onların nümunəsini necə təqlid edə bilərik və onların nümunəsi nədə faydalıdır?

20 İlyas peyğəmbərin ümumxalq qarşısında xidməti başa çatdıqda, onun qulluqçusu Elişa İlyasdan düşən cübbəni götürüb İordan çayına yaxınlaşdı və suya vurub soruşdu: “İlyanın [İlyasın] Allahı Rəbb haradadır?” (2 Krallar 2:14). Cavab olaraq Yehova göstərdi ki, indi Onun ruhu Elişanın üzərindədir. Biz bundan nə öyrənirik?

21 Buna bənzər şey bizim günlərdə də baş vermişdi. Təbliğ fəaliyyətində rəhbərliyi üzərinə götürən bə’zi məsh edilmiş məsihçilər, yer üzündəki həyatlarını başa vurdular. Sonradan nəzarət etməyə dair tapşırıq alan qardaşlar, Müqəddəs Yazıları araşdıraraq, rəhbərlik üçün Yehovaya dua etdilər. Onlar “Yehova haradadır?” deyə, soruşmağı unutmurdular. Buna cavab olaraq, Yehova öz xalqına yol göstərməyə və onun fəaliyyətinə xeyir-dua verməyə davam edirdi. Biz onların imanını təqlid edirikmi? (İbranilərə 13:7). Əgər belədirsə, biz Yehovanın təşkilatından yapışacaq, verdiyi nəsihətlərə hay verəcək və Onun İsa Məsihin rəhbərliyi altında keçirdiyi təbliğ işində tam şəkildə iştirak edəcəyik (Zəkarya 8:23).

Siz necə cavab verərdiniz?

• Biz hansı məqsədlə “Yehova haradadır?” deyə, soruşmalıyıq?

• Bu gün biz “Yehova haradadır?” sualına cavabı necə tapa bilərik?

• Allahdan rəhbərlik almaq üçün edilən bə’zi dualar nə üçün cavabsız qalır?

• “Rəbbə nəyin məqbul olduğunu öyrənməyin” nə dərəcədə vacib olduğu hansı nümunələrdən görünür?

[19-cu səhifədəki şəkil]

Yehoşafat padşah Yehovanı necə arayırdı?

[20-ci səhifədəki şəkil]

Nəyə görə Saul cadugərə müraciət etdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş