Ey gənclər, Yehovaya layiq şəkildə hərəkət edin
BƏ’Zİ gənc məsihçilər müvəqqəti olaraq ailələrindən və doğma yığıncaqlarından uzaqda yaşamalı olurlar. Bə’ziləri xidmətlərini genişləndirmək üçün harasa başqa yerə köçürlər. Digərləri bu dünyanın işlərinə qarşı bitərəf mövqe tutduqları üçün evlərini tərk etməli olurlar (İşaya 2:4; Yəhya 17:16). Bə’zi ölkələrdə “qeysər” Allaha sadiqliyi qoruyan gəncləri həbsə məhkum edir və ya onlara ictimai iş kəsira (Mark 12:17; Titusa 3:1, 2).
Bitərəfliyi qoruduqları üçün həbsxana müddətini çəkən gənclər uzun müddət cinayətkarların arasında ola bilərlər. Başqa səbəblər üzündən evdən uzaqda yaşayan gənc oğlan və qızlar da xoşagəlməz mühitdə işləməyə vadar ola bilər. Bu gənc məsihçilər və ya öz iradəsinə zidd olaraq bu kimi vəziyyətə düşən başqaları “Allaha layiq şəkildə hərəkət” etməyə çalışaraq, çətinliklərin və sınaqların öhdəsindən necə gələ bilərlər? (1 Saloniklilərə 2:12). Valideynlər mümkün olan xoşagəlməz vəziyyətlərə hazırlaşmaqda övladlarına necə kömək edə bilərlər? (Süleymanın məsəlləri 22:3).
Xüsusi çətinliklər
3 il 1 ay ərzində evdən uzaqda yaşamağa məcbur olan 21 yaşlı Takis deyir: “Mən valideynlərimin qayğıkeş himayəsindən, həmçinin məni yaxşı tanıyan ağsaqqalların məhəbbətli nəzarətindən uzaq düşmüşdüm; çətinlik və qorxu içində idim”b. O əlavə edir: “Hərdən özümü son dərəcədə köməksiz hiss edirdim”. 20 yaşlı Petros iki ildən artıq evdən uzaqda yaşamalı olmuşdur. O e’tiraf edir: “Həyatımda ilk dəfə idi ki, əyləncə və ünsiyyət dairəsinə aid qərarı özüm qəbul etməli idim və mənim seçimim hər zaman müdrik olmurdu”. Sonra o deyir: “Mən daha sərbəst oldum, lakin bununla belə üzərimə çoxlu məs’uliyyət düşdü — bə’zən özümü çox pis hiss edirdim”. Bu kimi vəziyyətlərə düşən gənc məsihçilərə müntəzəm baş çəkən məsihçi ağsaqqalı Tasos qeyd etmişdir: “Həddindən artıq sadəlövh və zəif gənclərin onların imanlarına şərik olmayan yaşıdlarından nalayiq nitqə, üsyankar ruha və zorakılığa tutulmaq təhlükəsi var”.
Müqəddəs Kitab prinsiplərini saymayan insanların əhatəsində yaşayan və işləyən zaman, diqqətli olmaq lazımdır ki, bizdə yaşıdlarımızın əxlaqsız və Müqəddəs Kitaba zidd olan hərəkətlərini təqlid etmək istəyi oyanmasın (Məzmur 1:1; 26:4; 119:9). Ehtimal ki, şəxsi öyrənmə ilə məşğul olmaq, görüşlərə gəlmək və təbliğ xidmətində iştirak etmək kimi işlərdə əvvəlcədən planlaşdırılmış qrafikə riayət etmək çətin olacaqdır (Filipililərə 3:16). Həmçinin ruhani məqsədlər qoymaq və onlara nail olmağın üzərində işləmək də çətin ola bilər.
Sözsüz ki, gənc sadiq məsihçilər davranış və danışıq tərzləri ilə Yehovanı razı salmaq istəyirlər. Onlar səmavi Atalarının səmimi xahişini sədaqətlə yerinə yetirməyə çalışırlar: “Oğlum, hikmətli ol və ürəyimi sevindir ki, məni pisləyənə cavab verim” (Süleymanın məsəlləri 27:11). Onlar başa düşürlər ki, onların hərəkətləri başqalarının Yehovaya və Onun xalqına necə yanaşacaqlarına tə’sir edir (1 Peter 2:12).
Tə’rifəlayiqdir ki, belə gənc oğlan və qızların əksəriyyəti həvari Pavelin: ‘Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salın; hər cür xeyirli işdə səmərə verin... Tam təhəmmül və sevinclə səbir göstərməniz üçün Onun izzətli qüvvətinə görə hər cür qüdrətlə möhkəmlənin’ deyə haqlarında dua etdiyi I əsrdə yaşamış qardaşlar kimi olmağa var gücləri ilə çalışırlar (Koloslulara 1:9-11). Müqəddəs Kitabda yad, ədavətlə və bütpərəstliklə dolu bir mühitdə Yehovaya layiq tərzdə hərəkət etməyi bacaran, Allahın gənc xidmətçilərinin bir neçə nümunəsi var (Filipililərə 2:15).
“Rəbb Yusiflə idi”
Yaqub və Rahelin sevimli oğlu Yusif gənc çağlarında Allah qorxusuna malik olan atasının himayə etdiyi doğma evlərindən uzaq düşdü. O, qul kimi Misirə satılmışdı. Yusif əməksevər, e’tibarlı və yüksək əxlaqlı nöqsansız bir gənc idi. Yusifin Potifara — Allahın xidmətçisi olmayan bir insana qulluq etməsinə baxmayaraq, o, təmiz vicdanlı və çalışqan idi, buna görə də onun ağası axırda bütün ev işlərini ona e’tibar elədi (Təkvin 39:2-6). Yusif Yehovaya sadiqliyini qoruyurdu və bu səbəbdən zindana atılanda o: “Bəs mən nəyə görə çalışırdım?” demədi. O, hətta həbsdə belə özünü nöqsansız aparırdı və tezliklə zindanda bir çox vəzifələri yerinə yetirməyə başladı (Təkvin 39:17-22). Allah ona xeyir-dua verdi və Təkvin 39:23 ayəsində deyildiyi kimi “Rəbb Yusiflə idi”.
Yusif Allah qorxusuna malik olan ailəsindən uzaq düşən zaman misirlilərin əxlaqsız həyat tərzinə uyğunlaşaraq, onu əhatə edən bütpərəstlər kimi davranmaq meylinə necə də asanlıqla qapıla bilərdi! Amma o, bunun əvəzinə, Allahın prinsiplərinə əməl edir və çox ağır sınaqlarla qarşılaşmasına baxmayaraq, Yehovanın önündə nöqsansızlığını qoruyurdu. Potifarın arvadı Yusifi gündən-günə onunla yatmağa təhrik etdikcə o, qətiyyətlə cavab verirdi: “Necə bu böyük pisliyi edim və Allaha qarşı suç işlədim?” (Təkvin 39:7-9).
Bu gün Yehovanın gənc Şahidlərinə nalayiq ünsiyyətə, əxlaqsız əyləncələrə, pornoqrafiyaya və pozucu musiqiyə dair Müqəddəs Kitaba əsaslanan xəbərdarlıqlara diqqət yetirmək lazımdır. Onlar dərk edirlər ki, “Rəbbin gözü hər yerə baxar, pislərə, yaxşılara nəzər salar” (Süleymanın məsəlləri 15:3).
Musa “günah ilə zövq almaqdan” üz döndərdi
Musa Fir’onun sarayında bütpərəstlik və hər cür zövqü səfa içində böyümüşdü. Müqəddəs Kitabda deyilir: “Musa... Fir’onun qızının oğlu adlanmağı iman vasitəsilə rədd etdi, Allahın xalqı ilə əzab çəkməyi tərcih etdi” (İbranilərə 11:24, 25).
Dünya ilə dostluq müəyyən sahələrdə sərfəli olsa da, bu dostluğun ömrü azdır. Belə dostluq uzağı bu dünyanın məhdud ömrü qədər sürəcəkdir (1 Yəhya 2:15-17). Musanın nümunəsini izləmək daha yaxşı deyilmi? Müqəddəs Kitabda deyilir ki, “o, Görünməyəni görürmüş kimi, möhkəm dayandı” (İbranilərə 11:27). Onun fikri Allahdan qorxan əcdadlarının ruhani mirasına cəmlənmişdi. Onun həyatının mə’nası Allahın iradəsini yerinə yetirməkdən ibarət idi (Çıxış 2:11; Həvarilərin işləri 7:23, 25).
Allahdan qorxan gənc oğlan və qızlar imanlarına şərik olmayan insanların arasında pis mühitə düşdükdə, Yehova ilə münasibətlərini şəxsi öyrənmə vasitəsi ilə “Görünməyəni” daha yaxşı tanımaqla möhkəmləndirə bilərlər. Özünə müntəzəm olaraq görüşlərə getməyi və təbliğ xidmətində iştirak etməyi daxil edən məsihçi fəaliyyəti ilə zəngin qrafik onlara fikirlərini ruhani şeylərə cəmləşdirməyə kömək edəcək (Məzmur 63:6; 77:12). Onlar Musada olan iman və ümidi inkişaf etdirməyə sə’y göstərməlidirlər. Fikirlərini və işlərini Yehovaya doğru yönəltmək və Onun dostu olmaq imkanına sevinmək onlar üçün faydalı olardı.
O, dodaqları ilə Allahı mədh edirdi
Allahın peyğəmbəri Elişanın günlərində suriyalılara əsir düşən israilli qızcığaz da evdən uzaqda olarkən özünü nümunəvi aparırdı. O, cüzama tutulmuş Suriya sərkərdəsi Naamanın arvadına qulluqçu oldu. Qızcığaz xanımına dedi: “Kaş ki, əfəndim Samiriyədəki [Samariyadakı] peyğəmbərin önündə olaydı! O zaman onu cüzamından azad edərdi”. Onun şahidlik etməsi sayəsində Naaman İsrailə, Elişanın yanına yola düşdü və cüzamdan təmizləndi. Üstəlik, Yehovaya ibadət etməyə başladı (2 Krallar 5:1-3, 13-19).
Bu qızcığazın nümunəsi göstərir ki, gənclər, hətta valideynlərindən uzaq düşsələr belə, onların öz danışıq tərzləri ilə Allaha hörmət etmələri olduqca vacibdir. Əgər həmin qızcığazın dili “boşboğazlıq, yaxud kobud zarafat”lar etməyə öyrənmiş olsaydı, imkan yarandıqda, o, Allahı təmiz vicdanla mədh edə bilərdimi? (Efeslilərə 5:4; Süleymanın məsəlləri 15:2). 20-dən bir az artıq yaşı olan Nikos adlı gənc oğlan bitərəf mövqeyinə görə cəza çəkən müddətdə baş verənləri xatırlayır: “Biz digər gənc qardaşlarla islahedici düşərgədə kənd təsərrüfatı işlərini görərkən, valideynlərimizin və yığıncağın tə’sirindən uzaqda ikən, hiss etdim ki, nitqimiz xeyli kobudlaşıb. Sözsüz ki, nitqimiz Yehovaya izzət gətirmirdi”. Xoşbəxtlikdən, Nikosa və başqalarına Pavelin nitqdən istifadə etməyə dair verdiyi tə’limə diqqət yetirməkdə kömək etdilər: “Cinsi əxlaqsızlığın və hər cür natəmizliyin, yaxud tamahın qoy aranızda adı belə çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz” (Efeslilərə 5:3).
Yehova onlar üçün real idi
Qədim Babildə Danielin üç yəhudi yoldaşıyla baş verən hadisə, İsanın dediyi növbəti prinsipi təsdiqləyir: az şeydə sadiqlik çox şeydə də sadiqliyə gətirib çıxarır (Luka 16:10). Onlara Musanın qanununa görə qadağan olunmuş qidanı verəndə, özlərinə bəraət qazandıraraq düşünə bilərdilər ki, yad ölkədə əsir olduqlarına görə başqa çıxış yolları yoxdur. Ancaq onlar cüz’i görünə biləcək bir şeyə belə ciddi yanaşdılar. Onlar buna görə necə də böyük xeyir-dua aldılar! Onlar padşah süfrəsinin ləziz yeməklərindən yeyən bütün başqa əsirlərdən sağlam və ağıllı idilər. Az şeydə sadiqlik onları, sözsüz ki, möhkəmləndirdi, buna görə də bütə səcdə etmək kimi daha ciddi sınaqla qarşılaşdıqda onlar öz imanlarını qoruya bildilər (Daniel 1:3-21; 3:1-30).
Yehova bu üç gənc oğlanlar üçün olduqca real idi. Evlərindən və Allaha ibadət mərkəzindən uzaq düşdüklərinə baxmayaraq, onlar dünyadan ləkəsiz qalmağa tam qətiyyətli idilər (2 Peter 3:14). Yehova ilə münasibət onlar üçün o qədər qiymətli idi ki, onlar bunun naminə həyatlarını belə qurban verməyə hazır idilər.
Yehova səni tərk etməyəcək
Tamamilə təbiidir ki, gənc oğlan və qızlar sevdikləri və e’tibar etdikləri insanlardan uzaq düşdükdə qərarsızlıq, həyəcan və qorxu hissləri keçirirlər. Lakin onlar çətinlikləri tam əminliklə qarşılaya bilərlər, çünki Yehova onları tərk etməyəcək (Məzmur 94:14). Əgər onlar “salehlik uğrunda əziyyət çək”məli olsalar, Yehova onlara “ədalət yolların”da mütləq dəstək olacaq (1 Peter 3:14; Süleymanın məsəlləri 8:20).
Yehova Yusifi, Musanı, israilli qızcığazı və üç sadiq yəhudi oğlanları daim möhkəmləndirir və bol-bol mükafatlandırırdı. Bu gün O, “iman uğrunda gedən mübarizədə yaxşı çarpış”anları Özünün müqəddəs ruhu, Kəlamı və təşkilatı vasitəsilə möhkəmləndirir və onlara “əbədi həyat” mükafatı və’d edir (1 Timoteyə 6:11, 12). Bəli, Yehovaya layiqli tərzdə hərəkət etmək mümkündür, bundan əlavə müdriklikdir (Süleymanın məsəlləri 23:15, 19).
[Haşiyələr]
a “Gözətçi Qülləsi”nin 1996-cı il 1 may sayının (rus.) 17-20-ci səhifələrinə baxın.
b Bə’zi adlar dəyişdirilib.
[31-ci səhifədəki çərçivə]
VALİDEYNLƏR, ÖVLADLARINIZI HAZIRLAYIN!
“İgidin əlində oxlar nədirsə, gənc uşaqlar da elədir” (Məzmur 127:4). Ox öz-özünə hədəfə düşməyəcək. Onu məharətlə tuşlamaq lazımdır. Eynilə uşaqlar da valideynlərinin lazımi tərbiyəsi olmadan müstəqil həyatın çətinliklərini qarşılamağa hazır olmayacaqlar (Süleymanın məsəlləri 22:6).
Gənclər qeyri-iradi hərəkətlərə meylli və “gənclik ehtirasların”a tabedirlər (2 Timoteyə 2:22). Müqəddəs Kitab xəbərdarlıq edir: “Dəyənək və məzəmmət hikmət verir; fəqət özbaşına buraxılan uşaq anasını utandırır” (Süleymanın məsəlləri 29:15). Yeniyetmənin hərəkətlərinə sədd qoyulmasa, o, müstəqil həyatın çətinliklərinə və sınaqlarına hazır olmayacaq.
Məsihçi valideynlər övladlarına həyatın real çətinlikləri və problemləri haqqında açıq danışmalıdırlar və onlar buna məs’uliyyətlə yanaşmalıdırlar. Əgər oğulları və ya qızları evdən gedərlərsə, valideynlər onların qarşılaşa biləcəkləri xoşagəlməz vəziyyətləri şişirtmədən və qorxutmadan təsvir edə bilərlər. Allahdan gələn müdrikliklə tamamlanan belə tərbiyə “cahillərə uzaqgörənlik, gənc oğlana bilik və dərrakə ver”əcək (Süleymanın məsəlləri 1:4).
Valideynlər uşaqlarına ruhani dəyərləri və əxlaq prinsiplərini aşılamaqla onları həyati çətinliklərin öhdəsindən gəlməyə hazırlayır. Övladlarının həyatının müvəffəqiyyətli olması, Müqəddəs Kitabın müntəzəm ailəvi öyrənməsindən, açıq söhbətdən və uşaqların rifahına səmimi maraq göstərməkdən asılıdır. Valideynlər uşaqları Müqəddəs Kitab prinsiplərinə əsasən müstəqil həyata hazırlamaqla, tərbiyə işinə tarazlı, müsbət və müdrikliklə yanaşmalıdırlar. Valideynlər övladlarına öz nümunələri ilə öyrədə bilərlər ki, dünyada olub, eyni zamanda, dünyadan olmamaq mümkündür (Yəhya 17:15, 16).
[29-cu səhifədəki şəkil]
Bə’zi gənc məsihçilər valideynlərinin evini tərk etməli olurlar.
[30-cu səhifədəki şəkillər]
Gənc oğlan və qızlar sınaqlara məğlub olmadan Yusifi təqlid edə bilər və əxlaqi təmizliklərini qoruyub saxlaya bilərlər.
[31-ci səhifədəki şəkillər]
Dodaqları ilə Yehovanı mədh edən əsir düşmüş israilli qızcığazdan nümunə götürün.