Hər vəziyyət üçün konkret qanun lazımdır?
YƏQİN balaca olanda valideynləriniz sizin üçün çoxlu qayda-qanunlar qoymuşdular. Böyüdükcə başa düşdünüz ki, onlar sizin yaxşılığınızı istəyiblər. İndi sərbəst insan olsanız da, çox güman ki, hələ də onların aşıladığı prinsipləri həyatınızda rəhbər tutursunuz.
Səmavi Atamız Yehova da bizə Kəlamı vasitəsilə konkret qanunlar verib. Məsələn, O, bütpərəstliyi, əxlaqsızlığı, zinakarlığı, oğurluğu qadağan edir (Çıxış 20:1—17; Həvarilərin işləri 15:28, 29). Ruhani cəhətdən inkişaf etdikcə başa düşürük ki, Yehova bizim yaxşılığımızı istəyir, həmçinin Onun əmrləri bizim sərbəstliyimizi əlimizdən almır (Efeslilərə 4:15; Əşiya 48:17, 18; 54:13).
Amma bir sıra vəziyyətlər var ki, Müqəddəs Kitabda onlara aid konkret qanun yoxdur. Buna görə də bəziləri düşünür ki, belə olan halda istədiklərini edə bilərlər. Onların fikrincə, Allah lazım bilsəydi, konkret qanun verib fikrini bildirərdi.
Bu cür düşünənlər çox vaxt yanlış qərarlar verir, sonra isə bunun altını çəkirlər. Onlar başa düşmürlər ki, Müqəddəs Kitabda təkcə qanunlar yazılmayıb, orada Allahın düşüncəsini əks etdirən prinsiplər də var. Müqəddəs Kitabı araşdırdıqca, Yehovanın düşüncə tərzi ilə tanış olduqca vicdanımızı da tərbiyə edirik. Bu isə bizə Allahın düşüncəsinə uyğun qərarlar verməyə kömək edir. Belə edəndə həm Allahın qəlbini şad edirik, həm də düzgün qərarlarımızın gözəl bəhrələrini biçirik (Efeslilərə 5:1).
Müqəddəs Kitabdan nümunələr
Allahın qədimdə yaşamış xidmətçiləri də bəzən elə vəziyyətlərlə üzləşmişlər ki, həmin vəziyyətə aid konkret qanun olmayıb. Amma bu zaman onlar Allahın düşüncə tərzini nəzərə alaraq qərar veriblər. Məsələn, götürək Yusifi. Fitfirin arvadı onu yoldan çıxarmaq istəyirdi. O vaxt Yehova əxlaqsızlığı qadağan edən qanun verməmişdi. Bununla belə, Yusif başa düşürdü ki, əxlaqsızlıq günahdır, özü də təkcə öz vicdanına qarşı yox, Allaha qarşı günahdır (Yaradılış 39:9). Görünür, Yusif Yehovanın Ədən bağında dediyi sözlərdən başa düşmüşdü ki, əxlaqsızlıq Onun düşüncə tərzinə və iradəsinə zidd gedir (Yaradılış 2:24).
Digər bir nümunəyə baxaq. Həvarilərin işləri 16:3 ayəsində oxuyuruq ki, Timutini özü ilə təbliğ səyahətinə aparmaq üçün Bulus əvvəlcə onu sünnət etdi. Dördüncü ayədə isə yazılıb ki, onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırırdılar. Həmin qərarlardan biri də o idi ki, məsihilərdən artıq sünnət olunmaq tələb olunmur! (Həvarilərin işləri 15:5, 6, 28, 29). Bəs onda nəyə görə Bulus Timutini sünnət etdi? O yerlərdə yaşayan yəhudilərə görə. Çünki hamı Timutinin atasının yunan olduğunu bilirdi. Bulus istəmirdi ki, lazımsız yerə kimin üçünsə iman yolunda maneə olsun. O nəyin vacib olduğunu başa düşürdü. Əsas o idi ki, onlar həmişə Allahın qarşısında hər insanın vicdanı üçün yaxşı örnək olsunlar (2 Korinflilərə 4:2; 1 Korinflilərə 9:19—23).
Bulus və Timuti həmişə belə davranırdı. Məsələn, Romalılara 14:15, 20, 21 və 1 Korinflilərə 8:9—13; 10:23—33 ayələrini oxuyun. Bu ayələrdə görürük ki, Bulus hətta nəyinsə düzgün olduğunu biləndə belə, ondan keçməyə hazır idi, təki heç kimə Yehovaya xidmət etməyə mane olmasın. Timuti barədə isə o yazmışdı: «Axı onun kimi can-dildən sizin qeydinizə qalacaq başqa heç kimim yoxdur. Başqaları Məsih İsanın yox, öz mənafelərini düşünürlər. Amma siz Timutinin necə ad qazandığını yaxşı bilirsiniz: o, atası ilə bərabər nökərçilik edən uşaq kimi, müjdənin vüsət almasında mənimlə birlikdə canla-başla xidmət edib» (Filippililərə 2:20—22). Bəli, bu iki məsihi bizim üçün çox gözəl nümunə qoyub. Vəziyyətə aid konkret qanun olmayanda onlar öz rahatlıqlarını, istəklərini düşünmürdülər. Əksinə, Yehova və İsa Məsih kimi məhəbbətlə davranıb, qərarlarının başqalarının ruhaniliyinə necə təsir edəcəyini nəzərə alırdılar.
İndi isə gəlin bizim üçün mükəmməl örnək olan İsa Məsih barədə danışaq. O izah etmişdi ki, əgər insan Allahın qanunlarının məğzini başa düşürsə, o, buyurulandan, yaxud qadağan ediləndən artığını edəcək (Mətta 5:21, 22, 27, 28). Nə İsa, nə Bulus, nə Timuti, nə də Yusif düşünmürdü ki, əgər konkret qanun yoxdursa, deməli, insan ürəyi istəyəni edə bilər. Bu adamların hər biri Allahın düşüncə tərzinə uyğun yaşayırdı. Onlar başa düşürdülər ki, iki ən vacib qanun Allahı və insanları sevmək qanunudur. Buna görə də qərar verərkən bu qanunlara tabe olurdular (Mətta 22:36—40).
Məsihilər nəyi rəhbər tutmalıdır?
Biz Müqəddəs Kitaba qanunlar toplusu kimi yanaşmırıq. Düşünmürük ki, bütün öhdəçiliklərimiz orada xırdalığına kimi qələmə alınıb. Elə vəziyyətlər var ki, Müqəddəs Kitabda ona dair konkret qanun yoxdur. Ancaq bu zaman biz Yehovanın düşüncə tərzinə uyğun davrananda Onun ürəyini sevinir. Deməli, Allah hər addımbaşı bizə demir ki, necə davranaq. Ancaq biz Yehovanın iradəsini qavraya bilərik (Efeslilərə 5:17; Romalılara 12:2). Bəs nəyə görə bu, Yehovanı sevindirir? Çünki bununla göstəririk ki, bizim üçün ən əsası öz istəklərimiz, hüquqlarımız yox, Onu razı salmaqdır. Həmçinin Onun məhəbbətini o qədər qiymətləndiririk ki, biz də başqaları ilə məhəbbətlə davranmaq istəyirik (Məsəllər 23:15; 27:11). Bundan başqa, davranışımız Müqəddəs Kitaba uyğun olanda həm Yehova ilə münasibətlərimiz möhkəmlənir, həm də səhhətimiz yaxşılaşır.
Gəlin görək bu prinsip şəxsi məsələlərə necə aiddir.
Əyləncə seçimi
Tutalım ki, bir gənc hansısa müğənninin albomunu almaq istəyir. Onun mahnılarının musiqisi qəşəngdir, ancaq sözləri ədəbsiz, söyüşlə doludur. Həmçinin həmin müğənninin mahnılarında aqressivlik var. Bu gənc Yehovanı sevir. Ona görə də Onun fikrini nəzərə almaq istəyir. Bəs Allahın bu məsələyə münasibətini necə öyrənsin?
Həvari Bulus qalatiyalılara yazdığı məktubda günahlı bədənin əməllərini və Allahın ruhunun bəhrəsinə daxil olan keyfiyyətləri sadalamışdı. Bildiyimiz kimi, Allahın ruhunun bəhrəsinə məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq daxildir. Bəs günahlı bədənin əməlləri hansılardır? Bulus yazmışdı: «Günahlı bədənin əməlləri bəllidir. Bunlar əxlaqsızlıq, natəmizlik, azğınlıq, bütpərəstlik, cindarlıq, ədavət, münaqişə, kin, qəzəb, nifaq, parçalanma, təriqətçilik, paxıllıq, sərxoşluq, kef məclisləri və sairədir. Əvvəlki kimi, sizi yenə də xəbərdar edirəm: belə işlərlə məşğul olanlar Allahın Padşahlığına girməyəcəklər» (Qalatiyalılara 5:19—23).
İndi isə «və sairə» ifadəsinə fikir verin. Bulus günahlı bədənin bütün əməllərini bir-bir sadalamadı. Bu cür düşünmək düzgün olmaz: «Bu əməllərin arasında adı çəkilməyən hər bir şeyi edə bilərəm». Əksinə, insan özü ağlını işlədib başa düşməlidir ki, həmin «və sairəyə» hansı əməllər daxildir. Kim bu siyahıda adı olmayan, ancaq həmin «və sairəyə» daxil olan əməllərlə məşğul olursa və tövbə etmirsə, Allahın Padşahlığına girməyəcək.
Deməli, biz nələrin Yehovaya xoş getmədiyini dərk etməliyik. Bəs bu çətindir? Tutalım, həkim sizə tapşırıb ki, çoxlu meyvə-tərəvəz yeyəsiniz, ancaq, tortdan, dondurmadan və sairədən uzaq durasınız. İndi necə düşünürsünüz, sizə keks yemək olar? Bunu müəyyən etmək çətindir? Gəlin yenə də Allahın ruhunun bəhrəsinə və günahlı bədənin əməllərinə nəzər salaq. İndi necə düşünürsünüz, bayaqkı müğənninin mahnıları hansına aiddir? Sözsüz ki, orada Allahın ruhunun bəhrəsinə daxil olan məhəbbət, yaxşılıq, özünə hakim olmaq və sairə keyfiyyətlər əks olunmur. Bu cür mahnıların Allahın düşüncə tərzinə uyğun olmadığını başa düşmək üçün konkret qanuna gərək yoxdur. Eyni prinsip kitablara, filmlərə, televiziya proqramlarına, kompüter oyunlarına, veb-səhifələrə və sairəyə də aiddir.
Xarici görünüş
Müqəddəs Kitabda geyimə və xarici görkəmə aid də prinsiplər var. Bunların sayəsində hər bir məsihi ləyaqətlə geyinə bilir. Yehovanı sevən kəs geyim seçərkən ilk növbədə öz istəyini düşünmür, səmavi Atasını sevindirməyə çalışır. Gördüyümüz kimi, Yehovanın hər məsələyə dair qanun verməməsi o demək deyil ki, O, xidmətçilərinin qərarına fikir vermir. Ərazidən asılı olaraq, geyimlər də fərqlənir, hətta eyni ərazidə də dəb dəyişir. Ancaq Allahın verdiyi əsas prinsiplər hər zaman və hər yerdə keçərlidir.
Məsələn, 1 Timutiyə 2:9, 10 ayələrində deyilir: «Eynilə qadınlar da özlərini cürbəcür saç düzümü, qızıl, mirvari, yaxud bahalı libaslarla yox, ləyaqətli geyimlə, abır-həya ilə, ağıl-kamalla bəzəsinlər, mömin olduqlarını iddia edən qadınlara yaraşan tərzdə, yaxşı işlərlə özlərinə zinət versinlər». Beləliklə, məsihi qadınlar və kişilər nəzərə almalıdır ki, onların yaşadığı yerdə hansı geyim ləyaqətli hesab olunur. Məsihi xüsusilə düşünməlidir ki, görkəminə baxanda insanlar onun çatdırdığı xəbər barədə nə fikirləşəcək (2 Korinflilərə 6:3). Nümunəvi məsihi öz istəklərini və hüquqlarını ön plana çəkməyəcək, əksinə, çalışacaq ki, heç kimə imana gəlməyə mane olmasın (Mətta 18:6; Filippililərə 1:10).
Məsihi görəndə ki, geyimi başqalarına pis təsir edir, Bulusdan örnək alaraq başqalarının ruhani rifahını öz istəklərindən üstün tutmalıdır. Bulus demişdi: «Mən Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün» (1 Korinflilərə 11:1). Məsih barədə isə o yazmışdı: «Axı Məsih də öz xeyrini düşünmürdü». O, aydın şəkildə məsihilərə nəsihət etmişdi: «Biz güclülər gücsüzlərin zəifliklərini daşımalıyıq və öz xeyrimizi düşünməməliyik. Gəlin hər birimiz başqasının xeyri və qüvvətlənməsi üçün çalışaq» (Romalılara 15:1—3).
Ağlımızı işlətməyi öyrənək
Hansısa vəziyyətə dair konkret qanun olmayanda Yehovanın xoşuna gələn qərarlar vermək üçün ağlımızı işlətməyi öyrənməliyik. Hər gün Onun Kəlamını oxusaq, müntəzəm olaraq araşdırsaq və oxuduqlarımız barədə düşünsək, Yehovanın nələrdən razı qaldığını öyrənəcək və düzgün qərarlar verəcəyik. Bu, birdən-birə baş vermir. Uşaq yavaş-yavaş böyüdüyü kimi, ruhani inkişaf da tədricən baş verir və dərhal nəzərə çarpmır. Buna görə də səbirli olmalıyıq. Əgər özümüzdə dərhal irəliləyiş görməsək, dilxor olmamalıyıq. Digər tərəfdən, düşünməməliyik ki, vaxt keçdikcə öz-özünə ağlımızı işlətməyi öyrənəcəyik. Artıq qeyd olunduğu kimi, bunun üçün müntəzəm olaraq Allahın Kəlamını araşdırmaq və əlimizdən gəldiyi qədər Kəlama uyğun yaşamaq lazımdır (İbranilərə 5:14).
Bəli, Allahın qanunları bizim nə dərəcədə itaətkar olduğumuzu üzə çıxarır, prinsipləri isə nə dərəcədə ruhani düşüncəli olduğumuzu, Onu nə dərəcədə sevdiyimizi bəlli edir. Ruhani cəhətdən inkişaf etdikcə biz Yehovaya və Onun Oğluna bənzəməyə çalışacağıq. Hansısa məsələ ilə üzləşəndə Müqəddəs Kitaba üz tutacağıq ki, Allahın düşüncə tərzinə uyğun qərar verək. Əməllərimizlə səmavi Atamızı sevindirəndə isə öz sevincimiz də artacaq.
[Şəkil]
Hər yerin öz geyimi var, amma Müqəddəs Kitab prinsipləri hər yerdə keçərlidir