Din yaxşı qüvvədir, yoxsa pis?
“MƏN Xristianlığa borcluyam və zənn edirəm ki, son 2 000 il ərzində yaşadığımız dünya da” (“Two Thousand Years—The First Millennium: The Birth of Christianity to the Crusades” nəşrinə müqəddimə).
“Xristianlığın” ünvanına deyilən bu tə’rif sözləri ingilis publisisti və teleaparıcısı Melvin Breqqə məxsusdur. Onun sözlərində dünyada özlərini mənsub olduqları dinə borclu sayan milyonlarla insanların rə’yi əks olunur. Onlar tamamilə əmindirlər ki, şəxsən onlar üçün din — qüdrətli yaxşılıq mənbəyidir. Misal üçün, bir yazıçı demişdir ki, İslam “bütün dünyanı zənginləşdirən... sivilizasiyaya başlanğıc vermişdir”.
Dinin rolu — yaxşıdır, yoxsa pis?
Ancaq Breqqin növbəti sözləri vacib sual doğurur: Doğrudanmı din ümumilikdə yaxşılığa təşviq edir? O yazır: “Xristianlıq mənə bə’zi şeyləri izah etməlidir”. Məhz nəyi? Breqq izah edir: “Nəyə görə onun “tarixi” çox vaxt fanatizm, caniliklər, vəhşilik və inadcıl nadanlıqla bağlı olmuşdur?”
Çoxları, yəqin qeyd edəcəklər ki, ümumdünya tarixinə əsasən fanatizm, canilik, vəhşilik və inadcıl nadanlıq dinlərin çoxuna xasdır. Görünür, onların fikrincə din sadəcə olaraq özünü bəşəriyyətin pənahı kimi qələmə verərək, ismət və müqəddəslik maskası altında gizlənir, əslində isə onun arxasında riyakarlıq və yalan durur (Matta 23:27, 28). “Rasionalistin ensiklopediyası”nda deyilir: “Ədəbiyyatlarda dinin sivilizasiya tarixində xüsusilə qiymətli rol oynaması fikri qədər, başqa heç bir fikrə rast olunmur” (“A Rationalist Encyclopædia”). Orada daha sonra qeyd olunur: “Və başqa heç bir fikir özünün e’tibara layiq olmadığına dair bu qədər tarixi sübutlara malik deyildir”.
İstənilən qəzetə nəzər salsanız, din rəhbərlərinin məhəbbəti, sülhü və şəfqət göstərməyi təbliğ edib, əslində isə ədavət alovunu qızışdırmalarına və Allahın adı ilə qanlı toqquşmalara bəraət qazandırmalarına dair, demək olar ki, saysız-hesabsız sübutlar tapacaqsınız. Bu, bir çoxlarının nəyə görə dinin insanların həyatında dağıdıcı qüvvə mənbəyi olduğuna əmin olduqlarını izah edir.
Din olmasaydı, dünya daha yaxşımı olardı?
Bə’ziləri, misal üçün ingilis filosofu Bertran Rassel, hətta belə nəticəyə gəlmişlər ki, vaxtilə “dini e’tiqadların bütün formaları yox olsaydı” daha yaxşı olardı. Onların nöqteyi-nəzərincə, bütün bəşəriyyətin problemlərini, yalnız dinləri aradan qaldırmaqla birdəfəlik həll etmək olar. Lakin onlar, ola bilsin, dini inkar edənlərin, hər hansı dinə e’tiqad edənlər qədər ədavət və dözümsüzlük qızışdıra biləcəklərini nəzərdən qaçırmağı üstün tuturlar. Dini mövzular üzrə yazan Karen Armstronq xatırladır: “Kütləvi qırğın ən azı göstərdi ki, allahsız ideologiya istənilən dini müharibələr qədər ölümcül ola bilər” (“The Battle for God—Fundamentalism in Judaism, Christianity and Islam”).
Din yaxşılığa təşviq edirmi, yoxsa bəşəriyyətin problemlərinin kökü ondadır? Bütün dinləri aradan qaldırmaqla bu problemləri həll etmək mümkündürmü? Müqəddəs Kitabın bu haqda nə dediyini növbəti məqalədən öyrənin. Cavab sizi təəccübləndirə bilər.