Həyat ən’amını düzgün qiymətləndirin
“Məsihin qanı, yaşayan Allaha ibadət etmək üçün vicdanınızı ölüm gətirən işlərdən... təmizləyəcəkdir” (İBRANİLƏRƏ 9:14).
1. Həyatı yüksək qiymətləndirdiyimizə dair hansı sübutlar var?
ƏGƏR səndən həyatının qiymətini soruşsaydılar, sən nə cavab verərdin? Biz həm özümüzün, həm də başqalarının həyatını yüksək qiymətləndiririk. Xəstələnəndə həkimə müraciət etməyimiz və ya məsələn, müntəzəm olaraq müayinədən keçməyimiz buna sübutdur. Biz yaşamaq və sağlam olmaq istəyirik. Hətta yaşlıların və ya əlillərin də çoxu ölmək istəmir; onlar yaşamaq istəyirlər.
2, 3. a) Süleymanın məsəlləri 23:22 ayəsində hansı vəzifədən danışılır? b) Süleymanın məsəlləri 23:22 ayəsində xatırlanan vəzifənin Allaha hansı aidiyyatı var?
2 Həyatı qiymətləndirməyin başqalarına olan münasibətinə tə’sir göstərəcək. Məsələn, Allahın Kəlamı öyrədir: “Doğma atana qulaq as, qoca anana xor baxma” (Süleymanın məsəlləri 23:22, MKŞ). “Qulaq as” ifadəsi sadəcə olaraq eşitməkdən çox mə’na daşıyır; bu məsəl eşitmək və itaət etmək mə’nasını daşıyır (Çıxış 15:26; Təsniyə 7:12; 13:18; 15:5; Yeşu 22:2; Məzmur 81:13). Allahın Kəlamına əsasən valideynlərə nəyə görə qulaq asmaq lazımdır? Bunun səbəbi onların səndən yalnız böyük və təcrübəli olmaları deyil, səni həyata gətirmələridir. Başqa bir tərcümədə bu ayə belə səslənir: “Sənə həyat verən atana qulaq as”. Tamamilə aydındır ki, əgər sən həyatını qiymətləndirirsənsə, özünü həyatının qaynağına borclu sayırsan.
3 Sözsüz ki, əgər sən Məsihin həqiqi davamçısısansa, Yehovanı həyatının başlıca Qaynağı hesab edirsən. Çünki sən ‘Onunla yaşayır, hərəkət edir və varsan’ və bunun sayəsində hiss edə, həmçinin gələcəyə, o cümlədən Allah insanların “ürəyinə... əbədiyyəti qoydu”ğu üçün əbədi gələcəyə dair planlar qura bilirsən (Həvarilərin işləri 17:28; Məzmur 36:9; Vaiz 3:11). Süleymanın məsəlləri 23:22 ayəsində deyilənləri nəzərə alıb, Allahı başa düşməyi və həyata dair hər-hansı başqa nöqteyi-nəzərləri deyil, Onun nöqteyi-nəzərini qəbul etməyi arzulayaraq Onu ‘dinləmək’ doğru olardı.
Həyata hörmət göstər
4. Bəşər tarixinin başlanğıcında həyata hörmətin böyük mə’na daşıdığı necə mə’lum oldu?
4 Yehova bəşər tarixinin başlanğıcında aydın göstərdi ki, insanlara həyatlarından istədikləri kimi istifadə etməyə icazə verməyib. Hiddətindən qovrulan Qabil öz qardaşı Habilin günahsız həyatını məhv etdi. Necə düşünürsən, Qabilin həyata dair bu cür qərar qəbul etməyə ixtiyarı vardımı? Allah bu cür düşünmürdü. O, Qabildən cavab tələb etdi: “Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir” (Yaradılış 4:10, MKŞ). Diqqət yetir ki, Habilin yerə axıdılmış qanı, onun qəddarcasına qətlə yetirilmiş həyatını təmsil edirdi və qanın səsi Allaha qisas üçün “fəryad edirdi” (İbranilərə 12:24).
5. a) Nuhun günlərində Allah hansı qadağanı qoymuşdur və bu qadağa kimlərə aid idi? b) Bu qadağa nədə vacib addım oldu?
5 Tufandan sonra bəşəriyyət başlanğıcını sağ qalan səkkiz nəfərdən götürdü. Allah bütün insanlar üçün olan niyyətini e’lan edərək, həyata və qana olan münasibətini daha aydın göstərdi. O, insanlara heyvanları yeməyə izn verdi, lakin növbəti şərtlə: “Bütün canlılar da sizə qida olsunlar; onların hamısını bütün göy otlar kimi sizə verirəm. Ancaq əti onun canı olan qanla birgə yeməyin” (Yaradılış 9:3, 4, MKŞ). Bə’zi yəhudilər bu fikri belə izah edirlər ki, hələ diri olan heyvanın ətini yemək və ya qanını içmək olmaz. Lakin vaxt ötdükcə aydın oldu ki, burada Allah yaşamaq üçün qandan istifadə etməyi qadağan edirdi. Bundan əlavə, Allahın Nuhun vasitəsilə verdiyi göstəriş, Onun qanla əlaqəli olan möhtəşəm niyyətinin icra olunmasında vacib addım oldu. Bu niyyətin sayəsində insanlar əbədi həyatı ala bilərlər.
6. Nuha söylədiyi sözlərdə Allah həyatı qiymətləndirdiyinə dair nöqteyi-nəzərini necə vurğuladı?
6 Allah davam edir: “Mən sizin də qanınızın qisasını hər canlıdan alacağam; hər heyvandan qanınızı alacağam, hər insanın qanını da onun qardaşından — başqa insandan alacağam. Kim insan qanı töksə, onun da qanı insan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətində yaradıb” (Yaradılış 9:5, 6, MKŞ). Bütün bəşər ailəsinə söylənilən bu sözlərdən başa düşə bilərik ki, Allahın gözündə insanın qanı onun həyatının simvolu kimi xidmət edir. Həyatı insana Yaradan verir və qanla təmsil olunan bu həyatı heç kim almamalıdır. Əgər bir kimsə Qabil kimi qətl etsə, Yaradanın onun həyatını ‘almaq’ ixtiyarı var.
7. Allahın qana dair Nuha bildirdikləri bizi nəyə görə maraqlandırmalıdır?
7 Beləliklə, Allah qanın istifadə olunmasına müəyyən məhdudiyyətlər qoydu. Onun bunu nə üçün etdiyinə nə vaxtsa təəccüblənmisənmi? Allahın qana olan nöqteyi-nəzərinin arxasında nə durur? Əslində cavab, Müqəddəs Kitabın ən vacib tə’limlərindən biri ilə bağlıdır. Bu tə’lim bir çox kilsələr tərəfindən inkar edilsə də, məsihçi imanının məğzidir. Bu hansı tə’limdir və sənin həyatına, qərarlarına və davranışlarına necə tə’sir göstərir?
Qandan hansı məqsədlərdə istifadə etmək olar?
8. Yehova qanın istifadə olunmasına dair Qanunda hansı məhdudiyyətləri qoymuşdur?
8 Yehova İsrail xalqına qanunlar külliyyatı verməklə, həyata və qana olan nöqteyi-nəzərini təfsilatı ilə açıb göstərdi. Eyni zamanda, Öz niyyətini yerinə yetirməkdə növbəti addımı atdı. Yəqin bilirsən ki, Qanuna görə Allaha taxıl, yağ və şərab kimi qurbanlar gətirmək tələb olunurdu (Levililər 2:1-4; 23:13; Saylar 15:1-5). Həmçinin heyvanlardan da qurban gətirirdilər. Bu barədə Allah demişdir: “Ətin canı qandadır; və mən onu qurbangah üzərində canlarınıza kəffarə etmək üçün sizə verdim; çünki candan ötrü kəffarə edən qandır. Bunun üçün İsrail oğullarına dedim: Sizdən heç bir can qan yeməyəcək”. Yehova əlavə etdi ki, əgər kim isə qidalanmaq üçün ovda və ya evdə heyvan öldürərsə, onda qanı yerə axıtmalı və üzərini torpaqla örtməlidir. Yer Allahın ‘ayaqlarına payəndaz’ olduğu üçün, qanı yerə axıdarkən insan e’tiraf edirdi ki, həyat Həyatverənə qayıdır (Levililər 17:11-13; İşaya 66:1).
9. Qanuna müvafiq olaraq qandan hansı yeganə halda istifadə etməyə izn verilirdi və hansı məqsədlə?
9 Bu qanun mə’nasız dini ayin deyildi. İsraillilərin qandan qida kimi istifadə etməmələrinin səbəbinə diqqət yetirdinmi? Allah dedi: “Bunun üçün İsrail oğullarına dedim: Sizdən heç bir can qan yeməyəcək”. Hansı səbəbə görə? “Mən onu [qanı] qurbangah üzərində canlarınıza kəffarə etmək üçün sizə verdim”. Məgər bu, Allahın Nuh vasitəsilə qanı qida kimi istifadə etməyi qadağan etməsinin səbəbini başa düşməyə kömək etmirmi? Yaradan qana böyük mə’na vermiş və insanların xilasında ona xüsusi yer ayırmışdır. Qan günahların örtülməsində vacib rol oynamalı idi. Qanun çərçivəsi daxilində Allah Onun lütfünü axtarmağı arzulayan israillilərin həyatını kəffarə etmək üçün qandan yalnız qurbangahda istifadə etməyə izn verirdi.
10. Nəyə görə heyvanların qanı tamamilə bağışlanmaya səbəb ola bilmirdi və Qanuna müvafiq olaraq gətirilən qurbanlar nəyi xatırladırdı?
10 Bu cür anlayış məsihçiliyə yad deyil. Qanunun Allah tərəfindən nəzərdə tutulmuş bu səciyyəvi xüsusiyyətinə əsaslanaraq, həvari Pavel yazmışdır: “Müqəddəs Qanuna görə, təqribən hər şey qanla təmizlənir və qan tökülmədən bağışlanma olmur” (İbranilərə 9:22). Lakin Pavel aydın göstərdi ki, Qanunun tələb etdiyi qurbanlar israilliləri kamil və günahsız etmirdi. O yazırdı: “Bu qurbanlarla günahlar ildən-ilə yada salınır. Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür” (İbranilərə 10:1-4). Bununla belə, bu cür qurbanlar israillilər üçün gərəkli idi. Qurbanlar israillilərə, tamamilə bağışlanmaq üçün daha artıq şeyə ehtiyac duyan günahlı insanlar olduqlarını xatırlatdı. Lakin əgər heyvanların həyatını təmsil edən qan insan günahlarını bütünlüklə örtə bilmirdisə, bunu edə biləcək qan mövcud idimi?
Həyatverənin cavabı
11. Heyvan qanının qurban gətirilməsinin simvolik mə’na daşıdığını haradan bilirik?
11 Əslində Qanun Allahın iradəsinin yerinə yetirilməsində daha böyük tə’siri olan bir şeyə işarə edirdi. Pavel soruşdu: “Bəs Qanun nə üçündür?” Bu suala özü cavab verdi: “Qanun, cinayətləri ortaya çıxartmaq üçün əhdə əlavə edilmişdir. Və’di alan və İbrahimin nəslindən olan Məsih gəlincəyə qədər qüvvədə qalacaqdı. Mələklər vasitəsilə, bir vasitəçi [Musanın] əli ilə tərtib edilmişdir” (Qalatiyalılara 3:19). Pavel həmçinin yazırdı: “Müqəddəs Qanun, gələcək ne’mətlərin əsl surətinə deyil, kölgəsinə malik”dir (İbranilərə 10:1).
12. Allahın qanla bağlı niyyəti necə açılırdı?
12 Yekun olaraq xatırlayaq ki, Nuhun günlərində Allah yaşamaq üçün insanlara heyvan əti yeməyə izn vermiş, lakin qandan qida kimi istifadə etməyi qadağan etmişdir. Bir qədər sonradan Allah bildirdi ki, “ətin canı qandadır”. Bəli, O Özü qanı həyat timsalı kimi nəzərdən keçirməyi qərara aldı və dedi: “Mən onu qurbangah üzərində canlarınıza kəffarə etmək üçün sizə verdim”. Lakin Allahın iradəsi ilə bağlı növbəti təəccüblü açıqlamalar mə’lum olmalı idi. Qanun “gələcək ne’mətlərin” kölgəsi kimi xidmət edirdi. Hansı “gələcək ne’mətlərin”?
13. İsanın ölümü nəyə görə vacib əhəmiyyət kəsb edirdi?
13 “Gələcək ne’mətlərin əsl surəti” İsa Məsihin ölümünə işarə edirdi. İsaya işgəncə verildiyini, sonra isə dirəkdə asıldığını bilirsən. O, bir cinayətkar kimi öldü. Pavel yazırdı: “Biz hələ gücsüz ikən, Məsih müəyyən zamanda allahsızlar uğrunda öldü... Alah bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ikən Məsih bizim uğrumuzda öldü” (Romalılara 5:6, 8). Uğrumuzda ölərək, Məsih günahlarımızı kəffarə etmək üçün fidiyə təqdim etdi. Bu fidiyə məsihçi imanının məğzidir (Matta 20:28; Yəhya 3:16; 1 Korinflilərə 15:3; 1 Timoteyə 2:6). Fidiyənin qana və həyata hansı aidiyyəti var və bu sənin həyatına necə tə’sir göstərir?
14, 15. a) Bə’zi tərcümələr Efeslilərə 1:8 ayəsində diqqəti İsanın ölümünə necə yönəldir? b) Efeslilərə 1:8 ayəsini nəzərdən keçirərkən nəyi nəzərdən qaçırmaq olar?
14 Bə’zi kilsələr İsanın ölümünə xüsusi əhəmiyyət verir və onlardan belə sözlər eşitmək olar: “İsa mənim uğrumda ölüb”. Müqəddəs Kitabın bə’zi tərcümələrində Efeslilərə 1:8 ayəsinin necə səsləndiyini nəzərdən keçirək. “Onda və onun ölümü vasitəsilə xilasa, daha doğrusu, günahlarımızın əfvinə malikik” (“The American Bible”, Frenk Şeyl Belintayn, 1902-ci il). “Məsihin ölümü ilə azad olunmuşuq və günahlarımız bağışlanıb” (“Today’s English Version”, 1966-cı il). “Məsihin və onun həyatının qurban gətirilməsi vasitəsilə azad olmuşuq və azadlığımız günahların bağışlanması deməkdir” (“The New Testament”, Uilyam Barkli, 1969-cu il). “Onun ölümü vasitəsilə günahlarımızdan azadlıq əldə etmişik” (“Müasir tərcümə”, 2000-ci il). Müqəddəs Kitabın bu tərcümələrində İsanın ölümünə işarə olunduğunu görə bilərsən. Bə’ziləri deyə bilər: “Axı İsanın ölümü həqiqətən də vacib mə’na daşıyır. Belə isə bu tərcümələrdə hansı çatışmazlıq var?”
15 Əgər sən yalnız bu cür tərcümələrə malik olsaydın, Müqəddəs Kitabı başa düşmək üçün zəruri olan çox vacib bir fikri nəzərdən qaçıra bilərdin. Bu tərcümələr bir faktı gizlədir ki, orijinal mətndə Efeslilərə 1:8 ayəsində “qan” mə’nasını daşıyan yunan sözü var. Müqəddəs Kitabın bir çox başqa tərcümələri, məsələn, azərbaycanca olan “İncil” kitabı orijinala yaxındır: “Tam hikmətlə və anlayışla bizə bol-bol göstərdiyi Öz lütfünün zənginliyinə görə, Məsihdə, Məsihin qanı vasitəsilə xilasa, günahlarımızın əfvinə malikik” (Efeslilərə 1:7, 8).
16. “Məsihin qanı” ifadəsi bizə nə barədə xatırlatmalıdır?
16 “Məsihin qanı” ifadəsi dərin mə’na daşıyır və bizə çox şeyi xatırladır. Sadəcə ölüm — hətta kamil insan olan İsanın ölümü — kifayət deyildi. İsanın üzərində, Qanunda olan surətlər, xüsusilə də, Kəffarə günü ilə bağlı olan surətlər yerinə yetdi. Xüsusi sayılan həmin gün müəyyən heyvanlar qurban gətirilirdi. Sonra baş kahin onların qanını çadırın və ya mə’bədin Ən müqəddəs yerinə aparır və onu Allahın qarşısında imiş kimi Ona təqdim edirdi (Çıxış 25:22; Levililər 16:2-19).
17. Kəffarə günü ilə bağlı olan surətlər İsanın üzərində necə yerinə yetdi?
17 Pavelin izah etdiyi kimi, İsanın üzərində Kəffarə günü ilə bağlı surətlər yerinə yetmişdir. Əvvəlcə Pavel xatırladır ki, İsraildə baş kahin ildə bir dəfə “özü üçün və xalqın bilməyərək işlətdiyi günahları üçün” gətirilən qanla Ən müqəddəs yerə daxil olurdu (İbranilərə 9:6, 7). Bu nümunə əsasında, İsa ruh kimi dirildikdən sonra göyün özünə girdi. Bədənə və qana malik olmayan ruh kimi, o, “Allahın hüzurunda” dura bildi. O, Allaha nə təqdim etdi? Maddi olmayan, lakin çox qiymətli bir şey. Pavel davam edir: “Gələcək ne’mətlərin Baş Kahini olan Məsih zühur edəndə... keçi və dana qanı ilə deyil, öz qanı ilə Müqəddəs Yerə bir dəfə əbədi girmiş və bizim üçün əbədi qurtuluş əldə etmişdir. Çünki əgər keçilərin və buğaların qanı... murdar olanların üstünə səpiləndə, onlar təqdis olunub, bədənləri təmiz olursa, deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı, yaşayan Allaha ibadət edə bilməniz üçün vicdanınızı ölüm gətirən işlərdən nə qədər artıq təmizləyəcəkdir!” Bəli, İsa Allaha öz qanının qiymətini təqdim etdi (İbranilərə 9:11-14, 24, 28; 10:11-14; 1 Peter 3:18).
18. Müqəddəs Kitabda qan haqqında deyilənlər bu gün məsihçiləri nəyə görə maraqlandırmalıdır?
18 Allahdan gələn bu həqiqət Müqəddəs Kitabda qan haqqında deyilənlərin bütün mö’cüzəli dərinliyini — Allahın qana nəyə görə bu cür əhəmiyyət verdiyinə və onun tətbiq olunmasına dair Allah tərəfindən qoyulan məhdudiyyətlərə nəyə görə hörmət etməyə borclu olduğumuzu dərk etməkdə kömək edir. Yunanca Müqəddəs Yazıları oxuyarkən, Məsihin qanı haqqında çoxsaylı xatırlatmalara rast gəlirik. (Çərçivəyə baxın.) Bu xatırlatmalar aydın göstərir ki, hər bir məsihçi üçün İsanın “qanına” iman gətirmək zəruridir (Romalılara 3:25). Günahların bağışlanması və Allahla sülhdə olmaq yalnız “Onun [İsanın]... axıdılan qanı” vasitəsilə mümkündür (Koloslulara 1:20). Bu, şübhəsiz ki, İsa ilə göydə idarə etmələri üçün onun xüsusi əhd bağladığı kəslər üçün doğrudur (Luka 22:20, 28-30; 1 Korinflilərə 11:25; İbranilərə 13:20). Bu, həm də qarşıdan gələn “böyük məşəqqətdən” sağ çıxacaq və yer üzündəki Cənnətdə əbədiyyən yaşayacaq ‘böyük izdihamın’ üzvləri üçün də doğrudur. Məcazi dillə desək, onlar ‘libaslarını Quzunun qanında yuyublar’ (Vəhy 7:9, 14).
19, 20. a) Allah nəyə görə qanın tətbiq olunmasına dair məhdudiyyətlər qoyub və biz buna necə yanaşmalıyıq? b) Bunu nəzərə alaraq bizi nə maraqlandırmalıdır?
19 Aydındır ki, qan Allahın gözündə xüsusi mə’na daşıyır. Bu bizim üçün də belə olmalıdır. Həyata ciddi münasibət bəsləyən Yaradanın, qanı istifadə etməyə dair insanlara göstəriş verməyə ixtiyarı var. Allah bizim həyatımıza yaxından maraq göstərdiyi üçün, qanın xüsusi bir üsulla istifadə olunmasına qərar verdi. Bu, əbədi həyata yol açan yeganə yoldur. Bu yol İsanın qiymətli qanı ilə bağlıdır. Onun qanını bizim rifahımız üçün istifadə edərək bizə xilas verdiyi üçün Yehova Allaha necə də minnətdarıq! Özünü qurban verərək bizim uğrumuzda qanını tökən İsaya da çox minnətdar olmalıyıq! Şübhəsiz ki, biz həvari Yəhyanın hisslərinə şərik oluruq: “Bizi sevən, Öz qanı ilə günahlarımızdan bizi təmizləyən, bizi Öz Atası Allahın xidmətində hökmdarlar və kahinlər tə’yin edən Məsihə əbədi olaraq izzət və qüdrət olsun. Amin” (Vəhy 1:5, 6).
20 Bizim müdrik Allahımız və Həyatverənimiz lap keçmişdən qana xilasedici rol ayırmışdır. Hər bir kəs özündən soruşa bilər: “Bu mənim qərarlarıma və davranışlarıma necə tə’sir etməlidir?” Bu sual növbəti məqalədə nəzərdən keçiriləcək.
Necə cavab verərdiniz?
• Habil və Nuhla baş verən hadisələrdən Allahın qana olan nöqteyi-nəzəri haqqında nə öyrənirik?
• Allah Qanunda qanın istifadə olunmasına hansı məhdudiyyəti qoydu və nəyə görə?
• Kəffarə günü ilə bağlı olan surətlər İsanın üzərində necə yerinə yetdi?
• İsanın qanı bizim həyatımızı necə xilas edə bilər?
[12-ci səhifədəki çərçivə]
Kimin qanı həyatı xilas edir?
“Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini, Öz qanı bahasına əldə etdiyi cəmiyyəti güdəsiniz” (Həvarilərin işləri 20:28).
“Beləliklə, Onun qanı ilə indi saleh sayıldığımıza görə, Onun vasitəsi ilə Allahın qəzəbindən xilas olacağımız daha çox qətidir” (Romalılara 5:9).
“[Sizin] heç bir ümidiniz yox idi və dünyada Allahdan məhrum idiniz. İndi isə, Məsih İsa sayəsində, bir zamanlar uzaq olan sizlər Məsihin qanı səbəbilə yaxın oldunuz” (Efeslilərə 2:12, 13).
“Allah Onda bütün dolğunluğu ilə yaşamağa və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə sülh yaradaraq, həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu” (Koloslulara 1:19, 20).
“Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs Yerə girməyə cəsarətimiz vardır” (İbranilərə 10:19).
“Siz, əcdadımızdan miras aldığınız boş yaşayış tərzindən... qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı fidiyəsi ilə xilas oldunuz” (1 Peter 1:18, 19).
“Əgər O, nurda olduğu kimi, biz də nurda gəziriksə, onda bir-birimizlə ünsiyyətimiz vardır və Onun Oğlu İsa Məsihin qanı bizi hər günahdan təmizləyir” (1 Yəhya 1:7).
“Tumarı götürməyə və onun möhürlərini açmağa Sən layiqsən. Çünki boğazlandın və Öz qanınla hər qəbilədən, dildən, xalqdan və millətdən bizi Allah üçün satın aldın” (Vəhy 5:9).
“Qardaşlarımızın ittihamçısı... devrildi. Onlar ona Quzunun qanı vasitəsilə və şəhadət etdikləri təbliğ ilə qalib gəldilər” (Vəhy 12:10, 11).
[10-cu səhifədəki şəkil]
Qanunun vasitəsilə Allah qanın günahların bağışlanmasına aidiyyatı olduğunu aydın surətdə göstərdi.
[11-ci səhifədəki şəkil]
İsanın qanı sayəsində bir çox insanlar xilas əldə edə bilər.