“Bir-birinizi şəfqətlə sevin”
“Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin” (ROMALILARA 12:10).
1, 2. Müasir dövrdə yaşayan missionerin və həvari Pavelin qardaşlarla hansı münasibətləri vardı?
UZAQ Şərqdə 43 il missioner xidmətində çalışan Donu mehribanlığına və xeyirxahlığına görə çox sevirdilər. Don ölümcül xəstəliyə tutulanda, onun Müqəddəs Kitab həqiqətlərini öyrətdiyi kəslər min kilometrlərlə uzaqlardan onun yanına “kamsahamnida, kamsahamnida!” deməyə gəlirdilər ki, bu da Koreya dilində “çox sağ ol, çox sağ ol!” deməkdir. Donun təzahür etdirdiyi şəfqət hissi onların ürəyinə dərin tə’sir bağışlamışdır.
2 Məsihçilər arasında Don kimi adamlar az deyil. Eramızın I əsrində həvari Pavel insanlarla çox şəfqətli idi. Pavel onlara fədakarlıqla xidmət edirdi. Pavel öz əqidəsində möhkəm olsa da, “uşaqlarını əmizdirib əzizləyən ana kimi” mülayim və qayğıkeş olaraq qalırdı. O, Salonik şəhərindəki yığıncağa yazırdı: “Ürəkdən sizin həsrətinizi çəkən bizlər, sizə yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı da vermək istədik. Çünki siz bizim üçün çox əziz oldunuz” (1 Saloniklilərə 2:7, 8, İ–93). Bir qədər sonradan, Pavel Efes şəhərindəki qardaşlara bir daha görüşməyəcəklərini söyləyəndə, “hamı çox ağladı və Pavelin boynuna sarılıb, onu öpürdülər” (Həvarilərin işləri 20:25, 37). Aydındır ki, Pavellə bu qardaşların arasında müştərək olan yalnız imanları deyildi. Onlar bir-birlərinə şəfqət hissi bəsləyirdilər.
Şəfqət və məhəbbət
3. Müqəddəs Kitabda şəfqət hissi və məhəbbət bir-biri ilə necə bağlıdır?
3 Müqəddəs Yazılarda şəfqət və mərhəmət göstərmək, məsihçi şəxsiyyətinin ən yüksək keyfiyyəti olan məhəbbətlə sıx bağlıdır (1 Saloniklilərə 2:8; 2 Peter 1:7). Bu ilahi keyfiyyətlərin hamısı gözəl almaza bənzər surətdə bir-birini tarazlayır və tamamlayır. Bu keyfiyyətlər məsihçiləri yalnız öz aralarında deyil, həm də səmavi Ataları ilə yaxınlaşdırır. Buna görə də həvari Pavel həmimanlılarını təşviq edirdi: “Qoy məhəbbət riyasız olsun; [...] Qardaşlıq sevgisi ilə bir-birinizi şəfqətlə sevin” (Romalılara 12:9, 10).
4. “Şəfqət” ifadəsi hansı mə’nanı daşıyır?
4 Pavelin “şəfqət” kimi istifadə etdiyi yunan sözü iki hissədən ibarətdir: “dostluq məhəbbəti” və “qohumluq hissləri”. Müqəddəs Kitab üzrə bir alimin izah etdiyi kimi, bu o deməkdir ki, məsihçilər “məhəbbət, həmrə’ylik və qarşılıqlı yardım ruhunun hökm sürdüyü ailədəki kimi bir-birinə sıx bağlılıqla fərqlənməlidirlər”. Sən məsihçi bacı-qardaşlarına bu hissi bəsləyirsənmi? Axı mehribanlıq və qohumluq hissi bütün məsihçi yığıncağını əhatə etməlidir (Qalatiyalılara 6:10). Bir tərcümədə Romalılara 12:10 ayəsi belə verilir: “Bir-birinizi qardaşlar kimi ürəkdən sevin” (Kuznetsova V. N.). Bəli, məsihçilər arasındakı məhəbbət sadəcə məntiq və borc hissindən daha çox mə’na kəsb edir. Müqəddəs Kitab bizi “qardaşlar üçün riyasız məhəbbətə” sahib olmağa səsləməklə yanaşı, ‘bir-birimizi var qüvvə ilə səmimi qəlbdən sevməyə’ təşviq edir (1 Peter 1:22).
“Allah sizə bir-birinizi sevməyi öyrətmişdir”
5, 6. a) Beynəlxalq konqreslərin vasitəsilə Yehova Öz xalqına məsihçi məhəbbətini necə öyrədir? b) Vaxt ötdükcə qardaşlar arasındakı dostluq telləri necə möhkəmlənir?
5 Bu dünyada ‘çoxlarının sevgisi soyusa da’ Yehova Öz xalqına ‘bir-birini sevməyi öyrədir’ (Matta 24:12; 1 Saloniklilərə 4:9). Yehovanın Şahidlərinin beynəlxalq konqresləri bu cür məhəbbəti təzahür etdirməyi öyrənməyə gözəl şərait yaradır. Bu konqreslərdə Şahidlər uzaq ölkələrdən olan qardaşları ilə tanış olur, bir çoxları isə əcnəbi nümayəndələri öz evlərində qəbul edirlər. Bu yaxınlarda keçirilən konqreslərdən birinə gələn qardaşların vətənində insanlar adətən öz hisslərini təzahür etdirməkdən ehtiyat edirlər. Nümayəndələri mənzillərə yerləşdirməkdə kömək edən məsihçi danışır: “Bu nümayəndələr yeni gələndə çox narahat və utancaq idilər. Lakin cəmi altı gündən sonra vidalaşmaq vaxtı gəlib-çatanda, ev sahibləri və qonaqlar qucaqlaşıb ağlayırdılar. Onlar məsihçi məhəbbətinin hərarəti ilə əhatə olunmuşdular. Bu isə heç zaman unudulmur”. Mədəniyyətlərinin səciyyəvi cəhətlərindən asılı olmayaraq, qardaşlara göstərilən qonaqpərvərlik həm qonaqların, həm də ev sahiblərinin gözəl tərəflərini təzahür etdirir (Romalılara 12:13).
6 Konqreslərdən gətirilən nümunələr həqiqətən də tə’sir bağışlayır. Məsihçilər Yehovaya bir yerdə xidmət edəndə isə, onların arasında daha sıx tellər yaranır. Qardaşlarımızı yaxşı tanımaqla, onların cəlbedici keyfiyyətlərini — düzgünlüyü, e’tibarlılığı, sadiqliyi, xeyirxahlığı, əliaçıqlığı, ehtiyatlılığı, şəfqətliliyi və təmənnasızlığı daha çox qiymətləndirməyə başlayırıq (Məzmur 15:3-5; Süleymanın məsəlləri 19:22). Şərqi Afrikada missioner xidmətində olan Mark demişdir: “Qardaşlarımızla çiyin-çiyinə xidmət edəndə, möhkəm dostluq telləri yaranır”.
7. Yığıncaqda dostluq tellərindən zövq almaq üçün bizdən nə tələb olunur?
7 Yığıncaqda dostluq tellərinin yaranması və möhkəmlənməsi üçün, yığıncağın üzvləri bir-biri ilə yaxınlaşmalıdırlar. Biz müntəzəm olaraq məsihçi görüşlərinə gəldiyimiz zaman bacı-qardaşlarımıza yaxın oluruq. Biz yığıncağa gəlməklə, proqramda iştirak etməklə, həmçinin görüşdən əvvəl və sonra ünsiyyət etməklə bir-birimizi ruhlandırır, həm də “məhəbbətə və xeyirli işlərə” təşviq edirik (İbranilərə 10:24, 25). Birləşmiş Ştatlardan bir ağsaqqal deyir: “Mən öz uşaqlığımı sevinclə yada salıram. Dostcasına və səmimi ünsiyyət bizim o qədər çox xoşumuza gəlirdi ki, ailəmiz həmişə Padşahlıq Zalını axırıncı tərk edənlərdən biri olurdu”.
‘Ürəyini genişləndirməyə’ ehtiyac duyursanmı?
8. a) Korinfliləri ‘ürəklərini genişləndirməyə’ təşviq etməklə Pavel nəyi nəzərdə tuturdu? b) Yığıncaqda şəfqət hissini necə inkişaf etdirə bilərik?
8 Qardaşsevərliyimizi tam dərəcədə təzahür etdirmək üçün, yəqin ki, biz ‘ürəyimizi genişləndirməliyik’. Pavel Korinfdəki yığıncağa yazırdı: “Ürəyimiz genişlənmişdir. Biz sizdən sevgi əsirgəmirik”. Həvari korinfliləri qarşılıqlı olaraq ‘ürəklərini genişləndirməyə’ təşviq edirdi (2 Korinflilərə 6:11-13, İ–93). Sən də şəfqət hissini təzahür etdirməkdə ‘ürəyini genişləndirə’ bilərsənmi? Birinci olaraq başqalarının addım atmasını gözləmək lazım deyil. Romalılara məktubunda Pavel şəfqət hissindən danışarkən belə bir məsləhət vermişdir: “Bir-birinizi hörmətdə qabaqlayın” (Romalılara 12:10). Biz yığıncaqda bacı-qardaşlara birinci yaxınlaşmaqla və salamlamaqla onları hörmətdə qabaqlamış oluruq. Həm də onları xidmətə də’vət etmək və ya görüşə birlikdə hazırlaşmağı təklif etmək olar. Bu cür davranmaqla biz yığıncaqda şəfqət hissini inkişaf etdiririk.
9. Bacı-qardaşlarla yaxınlaşmaq üçün bə’ziləri nə edirlər? (Cavaba öz nümunələrinizi daxil edin.)
9 Bacı və qardaşlar, həmçinin ailələr bir-birini qonaq çağırmaqla, çay süfrəsinə toplaşmaqla və birlikdə hansısa xoş və faydalı bir işlə məşğul olmaqla ‘ürəklərini genişləndirə’ bilərlər (Luka 10:42; 14:12-14). Aleks hərdənbir kiçik qruplar toplayaraq təbiəti seyrə çıxır. O deyir: “Həm gənc, həm də yaşlı bacı-qardaşlar, o cümlədən uşaqlarını tənha tərbiyə edən valideynlər toplaşır. Bu görüşlər bizə xoş təəssürat bağışlayır, həm də özümüzü bir-birimizə yaxın hiss edirik”. Biz məsihçilər yalnız həmimanlı olmağa deyil, həm də əsl dostlar olmağa çalışmalıyıq (3 Yəhya 14).
10. Əgər kiminləsə münasibətlərimiz gərgindirsə, nə edə bilərik?
10 Lakin bə’zən qeyri-kamilliyimiz ucbatından kiminləsə yaxın dostluq münasibətlərini inkişaf etdirmək çətindir. Belə halda nə edə bilərik? İlk əvvəl qardaşlarla yola gedə bilməyimiz üçün Yehovaya dua edə bilərik. Allah xidmətçilərinin sülh içində yaşamalarını istədiyi üçün bizim səmimi dualarımıza cavab verəcək (1 Yəhya 4:20, 21; 5:14, 15). Həm də dualarımıza müvafiq olaraq davranmalıyıq. Şərqi Afrikada səyyar xidmətdə çalışan Rik, xasiyyətinin çox ağır olduğuna görə yola getmək çətin olan qardaş haqqında danışdı. Rik xatırlayır: “Həmin qardaşdan uzaqlaşmaq əvəzinə, mən onunla yaxından tanış olmaq qərarına gəldim. Mə’lum oldu ki, onun atası çox sərt adam olub. Keyfiyyətləri ilə necə mübarizə apardığını dərk edəndə və artıq hansı nailiyyətlər əldə etdiyini görəndə mən ona heyran oldum. Biz yaxşı dostlar olduq” (1 Peter 4:8).
Ürəyini başqaları üçün aç!
11. a) Yığıncaqda şəfqət hissini inkişaf etdirmək üçün nə etmək lazımdır? b) Nəyə görə başqalarından ayrılmaq ruhani cəhətdən təhlükəlidir?
11 Bu gün bir çox insanlar əsl dostluğun nə demək olduğunu bilmədən yaşayırlar. Necə də kədərlidir! Məsihçi yığıncağında belə olmamalıdır. Əsl qardaşsevərlik adi nəzakətli söhbət və ədəbli davranış tərzi demək deyil. Həddindən artıq emosiyalar da şəfqət hissinin təzahürü deyil. Daha doğrusu, Pavel öz ürəyini korinflilərə açdığı kimi, bizdə də ürəyimizi bacı-qardaşlarımıza açmaq istəyi olmalıdır. Onlar görməlidirlər ki, biz, onların başına gələnlərə e’tinasız yanaşmırıq. Xasiyyətcə qaynayıb-qarışan və ya söhbətcil olmasaq da, özümüzə qapılmaq təhlükəlidir. Müqəddəs Kitab xəbərdarlıq edir: “Tənhalığı sevən niyyətinin ardınca düşür, sağlam şüura zidd gedir” (Süleymanın məsəlləri 18:1, MKŞ).
12. Yığıncaqda yaxın münasibətlərin olması üçün nəyə görə səmimi ünsiyyət çox vacibdir?
12 Səmimi ünsiyyət həqiqi dostluğun təməlidir (Yəhya 15:15). Biz hamımız, məxfi fikirlərimizi və hisslərimizi e’tibar edə biləcəyimiz dostlara ehtiyac duyuruq. Bir-birimizlə nə qədər yaxından tanış oluruqsa, bir-birimizə kömək etmək də bir o qədər asandır. Bir-birimizə bu cür qayğı göstərməklə şəfqət hissini inkişaf etdirir və İsanın sözlərinin doğruluğuna əmin oluruq: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35; Filipililərə 2:1-4).
13. Qardaşlarımızı həqiqətən sevdiyimizi necə göstərə bilərik?
13 Başqaları bizim məhəbbətimizi hiss etsinlər deyə, onu təzahür etdirmək lazımdır (Süleymanın məsəlləri 27:5). Şəfqət hissi səmimi surətdə təzahür olunanda, bizim üzümüz bunu əks etdirəcək və insanların ürəyi məhəbbətimizə hay verəcək. Müdrik bir insan yazmışdır: “Nurlu gözlər qəlbi sevindirər” (Süleymanın məsəlləri 15:30, MKŞ). Qayğıkeşlik də şəfqət hissini inkişaf etdirir. Əsl dostluğu satın almaq mümkün olmasa da, səmimi qəlbdən verilən hədiyyə çox mə’na kəsb edə bilər. Şəfqət hissini otkrıtka, məktub və ya “yerində deyilən sözlər” vasitəsilə ifadə etmək olar (Süleymanın məsəlləri 25:11, MKŞ; 27:9). Əldə edilmiş dostluğu daima təmənnasız məhəbbətlə qidalandırmaq lazımdır. Xüsusilə də çətin dəqiqələrdə dostlarımız üçün dayaq olmağımız vacibdir. Müqəddəs Kitab deyir: “Dost hər vaxt sevər; və sıxıntı üçün qardaş doğulmuşdur” (Süleymanın məsəlləri 17:17).
14. Əgər kim isə bizim şəfqət hissimizə cavab vermirsə, nə edə bilərik?
14 Doğrudur ki, yığıncaqda hamı ilə yaxın dostluq inkişaf etdirmək mümkün deyil. Ehtimal ki, kiminləsə daha yaxın münasibətlərimiz olacaq. Buna görə də əgər sənə elə gəlsə ki, kim isə səninlə lazımi qədər mehriban deyil, ya sənə, ya da həmən adama nə isə olduğuna dair qərar verməyə tələsmə. Həmin adamı səninlə yaxından dost olmağa məcbur etməyə çalışma. Sadəcə olaraq onunla yol verdiyi qədər mehriban ol. Belə davranmaqla həmişə yaxın münasibətlər üçün açıq olduğunu göstərəcəksən.
“Səndən çox məmnunam!”
15. Tə’rifin olub-olmaması insana necə tə’sir edir?
15 Ehtimal ki, İsa vəftiz olunduğu zaman göydən, “Səndən çox məmnunam” sözlərini eşitdiyinə görə çox sevinmişdi! (Mark 1:11). Şübhəsiz ki, bu sözlər, Atasının onu sevdiyinə dair İsanın əminliyini daha da gücləndirdi (Yəhya 5:20). Təəssüf ki, bə’zi kəslər hörmət etdikləri və sevdikləri adamlardan bu cür xoş sözləri eşitmirlər. Enn deyir: “Mənim kimi, yığıncaqdakı çox gənclərin valideynləri həqiqətdə deyil. Evdə biz yalnız tənqid eşidirik. Bu bizi çox kədərləndirir”. Bu cür gənclər yığıncağa gələndə, onlar üçün sevən ailənin üzvlərinə çevrilən ruhani ataların, anaların, qardaş və bacıların sevgi və qayğılarını hiss edirlər (Mark 10:29, 30; Qalatiyalılara 6:10).
16. Başqalarına qarşı tənqidi münasibət təzahür etdirmək nəyə görə fayda gətirmir?
16 Bə’zi mədəniyyətlərdə, uşaqların təkəbbürlü və məğrur olacaqlarından ehtiyat edərək, valideynlər, yaşlı kəslər və müəllimlər gəncləri nadir halda səmimi qəlbdən tə’rifləyirlər. Bu kimi fikirlər hətta məsihçi ailələrinə və yığıncağına da daxil ola bilər. Gənclərdən kiminsə çıxışı barədə fikirlərini söyləyərək böyüklər belə deyə bilər: “Pis deyil, amma daha da yaxşı etmək olardı”. Və ya öz narazılıqlarını başqa cür bildirə bilərlər. Onların fikrincə, belə etməklə gəncləri bütün potensiallarını istifadə etməyə təşviq edirlər. Lakin bu cür münasibət çox vaxt əks nəticə verir. Uşaqlar özlərinə qapılır və ya böyüklərin ümidlərini doğrultmaq üçün aciz olduqlarını hiss edirlər.
17. Nəyə görə başqalarını tə’rifləmək üçün imkanlar axtarmalıyıq?
17 Lakin yalnız məsləhət verməyə hazırlaşarkən tə’rifləmək lazım deyil. Ürəkdən gələn tə’rif ailədəki və yığıncaqdakı münasibətləri mehriban və səmimi edir. Gəncləri təcrübəli bacı-qardaşlarla məsləhətləşməyə təşviq edir. Buna görə də yerli adət-ən’ənələrin tə’siri altına düşərək onların başqalarına münasibətinizə dair göstəriş verməsinə yol verməyin, bunun əvəzinə “Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyinin”. Gəlin, Yehovanın etdiyi kimi, biz də başqalarını tə’rifləyək (Efeslilərə 4:24).
18. a) Siz gənclər böyüklərin verdiyi məsləhətə necə yanaşmalısınız? b) Nəyə görə böyüklər məsləhət vermək üçün yaxşı-yaxşı götür-qoy edirlər?
18 Siz gənclər isə, böyüklər sizə düzəliş və ya məsləhət verəndə, onların sizdən razı qalmadıqlarını düşünməyə tələsməyin (Vaiz 7:9). Bu belə deyil! Çox güman ki, onları hərəkətə gətirən sizə olan məhəbbət və qayğılarıdır. Əks təqdirdə, onlar sizə məsləhətlə yaxınlaşmaq üçün nəyə görə vaxt və qüvvə sərf edirlər? Sözlərin hansı qüvvəyə malik olduğunu bilərək böyüklər — xüsusilə də yığıncağın ağsaqqalları — məsləhət verməzdən əvvəl adətən hər şeyi yaxşı-yaxşı götür-qoy edir və dua edirlər, çünki onlar sizin ancaq yaxşılığınızı istəyirlər (1 Peter 5:5).
“Rəbb çox şəfqətlidir”
19. Nəyə görə qəlb ağrısı yaşayanlar Yehovanın yardımına ümid edə bilər?
19 Şəfqət hissini təzahür etdirərkən xoşagəlməz halla qarşılaşan kəs növbəti dəfə bu cür halla qarşılaşmaqdan ehtiyat edib özünə qapıla bilər. Yenidən öz ürəyini başqalarına aça bilsin deyə, ona cəsarət və möhkəm iman lazımdır. Lakin həmişə xatırlamaq lazımdır ki, Yehova “heç birimizdən uzaq deyil”. O bizi, Ona yaxınlaşmağa də’vət edir (Həvarilərin işləri 17:27; Yaqub 4:8). O, həm də başa düşür ki, biz yeni qəlb ağrısından qorxuruq, buna görə də bizi müdafiə edəcəyinə, həm də dəstəkləyəcəyinə dair və’d verir. Məzmurçu Davud bizi əmin edir: “Rəbb ürəyi qırıq olanlara yaxındır və ruhu əzilmiş olanları qurtarar” (Məzmur 34:18).
20, 21. a) Haradan mə’lumdur ki, biz Yehova ilə yaxın münasibətlərə malik ola bilərik? b) Yehova ilə dostluq axtaranlardan nə tələb olunur?
20 Yehova ilə çox yaxın dostluq, həyatımızda ola biləcək ən qiymətli şeydir. Bəs bu cür dostluğu yaratmaq mümkündürmü? Bəli. Müqəddəs Kitabda səmavi Ataları ilə çox yaxın münasibətdə olan saleh kişi və qadınlar haqqında danışılır. Onların qədim dövrdən bizə gəlib çatan səmimi sözlərini oxuduqca əmin oluruq ki, biz də Yehovaya yaxınlaşa bilərik (Məzmurlar 23, 34, 139; Yəhya 16:27; Romalılara 15:4).
21 Allahla dostluq mümkün olmayan bir şeyi tələb etmir. Davud soruşurdu: “Ya Rəbb, çadırında kim qalacaq? Müqəddəs dağında kim oturacaq? Kamal ilə yeriyən və saleh iş görən və ürəyindən həqiqəti söyləyən” (Məzmur 15:1, 2). Allaha xidmətin gətirdiyi xoş bəhrələri və Onun bizə verdiyi rəhbərlik və müdafiəni gördükcə başa düşürük ki, “Rəbb [Yehova] çox şəfqətlidir” (Yaqub 5:11).
22. Bizim Yehova ilə və bir-birimizlə hansı münasibətlərimiz olmalıdır?
22 Yehovanın qeyri-kamil insanlarla dostluq etmək istəməsi necə də böyük xeyir-duadır! Belə isə biz də bir-birimizə şəfqət hissi bəsləməli deyilikmi? Yehovanın köməkliyi ilə bizlərdən hər birimiz şəfqət hissini təzahür etdirə və onu öz üzərimizdə hiss edə bilərik, axı məhz bu keyfiyyətlər bizim məsihçi qardaşlığımızın fərqləndirici cəhətidir. Allahın Padşahlığının rəhbərliyi altında isə, yer üzündə yaşayan bütün insanlar bir-birinə bu hissi bəsləyəcəklər.
İzah edə bilərsinizmi?
• Məsihçi yığıncağında hansı hisslər hökm sürməlidir?
• Bizlərdən hər birimiz yığıncaqda şəfqət hissini necə inkişaf etdirə bilər?
• Səmimi tə’rif məsihçiləri necə yaxınlaşdırır?
• Yehovanın şəfqət hissi bizi necə möhkəmləndirir və dəstəkləyir?
[25-ci səhifədəki şəkil]
Məsihçilər arasındakı məhəbbət adi borc hissi deyil.