Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/1 s. 7—12
  • Yehova bizim yardımçımızdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova bizim yardımçımızdır
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Sadiq Yardımçı
  • Mələklərin yardımı
  • Müqəddəs ruhun vasitəsilə edilən yardım
  • Allahın Kəlamından əldə edilən yardım
  • Həmimanlıların vasitəsilə
  • Sən Yehovanın yardımını qəbul edirsənmi?
    Gözətçi qülləsi 2005
  • Mələklər insanlara kömək edir
    Böyük Müəllimdən öyrən
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Cəsarətli olun, Yehova dayağınızdır
    Gözətçi qülləsi 2020
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/1 s. 7—12

Yehova bizim yardımçımızdır

«Yardımım göyü və yeri Yaradan Yehovadandır» (MƏZMUR 121:2, YD).

1, 2. a) Nəyə görə vaxtaşırı olaraq hamımızın yardıma ehtiyacı olur? b) Yardımçı kimi Yehova haqqında nə demək olar?

BİZLƏRDƏN kimin heç zaman yardıma ehtiyacı olmayıb? Əslində çətin problemi həll etmək, itki ağrısına dözmək, ağır sınaqlara tab gətirmək üçün vaxtaşırı olaraq hamımız yardıma ehtiyac duyuruq. Yardıma ehtiyac duyanda insanlar çox vaxt qayğıkeş dosta müraciət edirlər. Problemlərimizi bu cür dostla bölüşməklə özümüzdə yüngüllük hiss edirik. Lakin dostlarımız imkanları məhdud olan insanlardır. Onlar bizə yardım etmək qüvvəsində olmaya bilərlər.

2 Lakin qüvvəsi məhdudiyyət bilməyən Yardımçımız var. Bundan əlavə, O və’d verir ki, heç zaman bizi tərk etməyəcək. Məzmurçu Onun haqqında tam əminliklə demişdi: «Yardımım... Yehovadandır» (Məzmur 121:2, YD). Məzmurçu Yehovanın ona yardım edəcəyinə nəyə görə belə əmin idi? Bu sualın cavabı üçün gəlin 121-ci Məzmuru nəzərdən keçirək. Belə etməklə Yehovaya Yardımçımız kimi bel bağlaya bilməyimiz üçün olan səbəbləri görə biləcəyik.

Sadiq Yardımçı

3. Məzmurçu gözlərini hansı dağlara qaldırırdı və nəyə görə?

3 Məzmurçunun ilk sözlərinə əsasən, Yehovanın Yaradan kimi sadiq olduğuna əmin olmaq olar. «Gözlərimi dağlara tərəf qaldıracağam. Yardımım haradan gələcək? Yardımım göyü və yeri Yaradan Yehovadandır» (Məzmur 121:1, 2, YD). Məzmurçu gözlərini ümumiyyətlə hansısa dağlara tərəf qaldırmır. Bu sözlər yazılarkən Yehovanın mə’bədi Yerusəlimdə yerləşirdi. Yüksəklikdə, Yəhuda dağlarında yerləşən bu şəhər, məcazi dillə desək, Yehovanın yaşayış yeri idi (Məzmur 135:21). Məzmurçu, ehtimal ki, gözlərini Yehovanın mə’bədinin tikildiyi Yerusəlimin zirvələrinə qaldıraraq, Ondan əminliklə yardım gözləyirdi. Məzmurçu Yehovanın ona yardım etmək qüvvəsində olduğuna nəyə görə bu qədər əmin idi? Çünki Allah «göyü və yeri Yaradan» idi. Məzmurçu tam əmin idi ki, ona yardım göstərməyə qadir olan Yaradana heç bir şey mane ola bilməz! (Yeşaya 40:26).

4. Məzmurçu Yehovanın Öz xidmətçilərinin ehtiyaclarına həmişə diqqətli olduğunu necə göstərdi və bu fikir nəyə görə ruhlandırır?

4 Sonra məzmurçu izah edir ki, Yehova Öz xidmətçilərinin ehtiyaclarına həmişə diqqətlə yanaşır: «O, ayaqlarını büdrəməyə qoymaz, səni qoruyan yatmaz. Bax İsraili qoruyan yuxulamaz, yatıb qalmaz» (Məzmur 121:3, 4). Allahın Ona bel bağlayanların ‘büdrəməsinə’ və ya qalxa bilməyəcək dərəcədə yıxılmasına yol verməsi qeyri-mümkündür (Süleymanın məsəlləri 24:16). Nəyə görə? Çünki Yehova sayıq bir çoban kimi Öz qoyunlarını qoruyur. Məgər bu fikir ruhlandırmır? O, xidmətçilərinin qayğısına qalaraq bir an belə gözlərini qırpmaz. Onlar gecə-gündüz Onun diqqət mərkəzindədirlər.

5. Yehova hansı mə’nada bizdən sağda dayanır?

5 Yehovanın Öz xalqına sadiq Müdafiəçi olduğuna əmin olan məzmurçu yazırdı: «Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir. Sənə gündüz günəşin ziyanı dəyməz, gecənin ayı sənə zərər verməz» (Məzmur 121:5, 6). Orta Şərqdə piyada səyahət edənlər yaxşı bilirlər ki, kölgə günəşin qızmar şüalarından təravətləndirici müdafiə verir. Yehova Öz xidmətçiləri üçün «kölgədir»: O, xidmətçilərini, yandırıcı günəş şüalarına bənzər hər cür pislikdən müdafiə edir. Maraqlıdır ki, Yehova ‘sağ tərəfimizdə’ kölgə adlanır. Qədim döyüşlərdə döyüşçünün sol əlində tutduğu qalxan sağ əlini bütünlüklə örtmürdü. Müdafiəni sağ tərəfdə dayanıb döyüşən sadiq dost təchiz edə bilərdi. Bu cür dosta bənzər tərzdə Yehova həmişə Öz xidmətçilərinin köməyinə gəlməyə hazır surətdə sədaqətlə onların yanında dayanır.

6, 7. a) Yehovanın Öz xalqına yardım etməyi heç zaman dayandırmayacağına məzmurçu bizi necə əmin edir? b) Nəyə görə biz məzmurçunun əminliyinə şərik ola bilərik?

6 Yehova nə vaxtsa xalqına kömək etməyi dayandırarmı? Bu ağlasığmaz bir şeydir. Məzmurçu sonda deyir: «Rəbb səni hər cür şərdən qoruyar, canını hər şeydən qoruyar. Rəbb gediş-gəlişini hifz edər indidən sonsuza qədər» (Məzmur 121:7, 8). Diqqət yetirək ki, bir qədər əvvəl, 5-ci ayədə məzmurçu indiki zamandan istifadə edir: «Səni qoruyan Rəbdir». Lakin indiki ayələrdə o, gələcək zamanın təsvirinə keçir: «Rəbb... səni qoruyar». Bu sözlər həqiqi ibadətçiləri əmin edir ki, Yehova bundan sonra da onlara yardım edəcək. Onlar hara getsələr də, hansı təhlükə ilə qarşılaşsalar da, onlara yardım əlini uzatmaq üçün Allah həmişə yanlarında olacaq (Süleymanın məsəlləri 12:21).

7 121-ci Məzmurun yazıçısı, şübhəsiz ki, Qadir Yaradanın Öz xalqını mülayim çoban və ehtiyatlı keşikçi kimi qoruduğuna əmindir. Yehova dəyişilmədiyi üçün məzmurçunun əminliyinə şərik olmağa bütün əsaslarımız var (Malaki 3:6). Bu o deməkdirmi ki, bizə heç bir fiziki xəsarət dəyməyəcək? Xeyr, elə deyil, lakin nə qədər ki, Yehovaya Yardımçımız kimi müraciət edirik, O bizi, ruhaniliyimizə təhlükə yarada biləcək hər bir şeydən qoruyacaq. Təbii bir sual yaranır: «Yehova bizə necə yardım edir?» Gəlin, bizə yardım etmək üçün Yehovanın istifadə etdiyi dörd üsulu nəzərdən keçirək. Bu məqalədə biz diqqətimizi Yehovanın Öz xidmətçilərinə Müqəddəs Kitabın yazıldığı dövrlərdə necə yardım etdiyinə yönəldəcəyik. Növbəti məqalədə isə, Onun Öz xalqına bu gün necə yardım etdiyini nəzərdən keçirəcəyik.

Mələklərin yardımı

8. Mələklərin Allaha xidmət edən insanların rifahına böyük həvəslə maraq göstərmələri nəyə görə təəccüblü deyil?

8 Yehovanın ixtiyarında saysız-hesabsız mələklər var (Daniel 7:9, 10). Allahın bu ruhani oğulları Atalarının iradəsini sədaqətlə yerinə yetirirlər (Məzmur 103:20). Onlar çox gözəl bilirlər ki, Yehova yerdəki xidmətçilərini çox sevir və onlara yardım etmək istəyir. Təəccüblü deyil ki, mələklər Allaha xidmət edən insanların rifahına böyük həvəslə maraq göstərirlər (Luka 15:10). Buna görə də, Yehova onları insanlara yardım etməyə göndərəndə onlar, ehtimal ki, çox sevinirlər. Yehova mələklərin vasitəsilə Öz xidmətçilərinə keçmişdə hansı üsullarla yardım göstərirdi?

9. Allahın Öz mələklərinə sadiq insanları müdafiə etməyi necə tapşırdığına dair nümunələr gətirin.

9 Allah mələklərə sadiq insanları müdafiə və azad etməyi tapşırırdı. İki mələk Sodom və Homorra şəhərlərinin məhvi zamanı Luta və qızlarına ölümdən qaçmaqda yardım göstərdi (Yaradılış 19:1, 15-17). Bir mələk Yerusəlim üçün təhlükə yaradan 185 min Aşşur əsgərini məhv etdi (2 Padşahlar 19:35). Danieli aslanların olduğu quyuya atanda, Yehova «öz mələyini göndərib şirlərin ağzını bağladı» (Daniel 6:21, 22). Başqa bir mələk həvari Peteri həbsxanadan azad etdi (Həvarilərin işləri 12:6-11). Müqəddəs Kitabda mələklərin Allahın xidmətçilərini müdafiə etmələrinə dair çoxlu nümunələr var, bunu Məzmur 34:7 ayəsi də təsdiq edir: «Rəbdən qorxanları Onun mələyi müdafiə edər, onlara zəfər verər».

10. Daniel peyğəmbəri ruhlandırmaq üçün Yehova mələkdən necə istifadə etdi?

10 Bə’zi hallarda Yehova Öz mələklərini sadiq insanları ruhlandırmaq və gücləndirmək üçün göndərirdi. Tə’sirli bir nümunəni «Daniel» kitabının 10-cu fəslində tapırıq. Orada təsvir olunan hadisə, Danielin təxminən 100 yaşı olanda baş vermişdi. Ehtimal ki, Yerusəlimin viranə qalmasından və mə’bədin bərpası ilə əlaqədar işlərin görülməməsindən peyğəmbər çox bərk kədərlənirdi. Həm də qorxulu rö’yaya görə həyəcanlanırdı (Daniel 10:2, 3, 8). Allah Öz xidmətçisini ruhlandırmaq üçün mələyini göndərməklə məhəbbət təzahür etdirdi. Mələk bir neçə dəfə Danielə xatırlatdı ki, o, «Allahın sevimlisi»dir. Bu, yaşa dolmuş peyğəmbərə necə tə’sir etdi? O, mələyə dedi: «Mənə güc verdin» (Daniel 10:11, 19).

11. Yehovanın xoş xəbərin təbliğ işində mələklərdən necə istifadə etdiyi hansı nümunənin əsasında görünür?

11 Yehova həm də mələklərdən xoş xəbərin təbliğ işinə rəhbərlik etmək üçün istifadə edirdi. Nəticədə vəftiz olunan həbəşistanlı xədimə təbliğ etmək göstərişini Filipə məhz mələk vermişdi (Həvarilərin işləri 8:26, 27, 36, 38). Bu hadisədən qısa müddət sonra Allah istədi ki, xoş xəbəri sünnətsiz qeyri-yəhudilər eşitsinlər. Allahdan qorxan bir adam olan Korneliusa mələk görünüb Peterin dalınca adam göndərməyi tapşırdı. Korneliusun göndərdiyi adamlar Peteri tapanda ona dedilər: «Kornelius müqəddəs bir mələkdən əmr aldı ki, səni öz evinə gətirtsin və sənin söyləyəcəklərini eşitsin». Peter bu də’vəti qəbul etdi və ilk dəfə sünnətsiz qeyri-yəhudilər məsihçi yığıncağının bir hissəsi oldular (Həvarilərin işləri 10:22, 44-48). Əgər əbədi həyata meylli olan adamı tapmaqda sənə mələyin kömək etdiyini bilsəydin, özünü necə hiss edərdin?

Müqəddəs ruhun vasitəsilə edilən yardım

12, 13. a) İsanın həvarilərinin müqəddəs ruhun onlara yardım etməyə qadir olduğuna inanmalarına nəyə görə tam əsasları vardı? b) Müqəddəs ruhun verdiyi səlahiyyətin sayəsində I əsrin məsihçiləri nə edə bildilər?

12 Öləcəyi vaxta az qalmış İsa öz həvarilərini əmin etdi ki, onlar yardımsız qalmayacaqlar. Ata onlara «yardımçı», müqəddəs ruh verəcəkdir (Yəhya 14:26, İ–93). Müqəddəs ruhun onlara kömək edəcəyinə inanmağa həvarilərin tam əsası vardı, çünki ilhamlanmış Müqəddəs Yazılarda, Yehovanın Öz müqəddəs ruhu — Kainatda ən güclü qüvvəsi vasitəsilə Öz xidmətçilərinə yardım etdiyinə dair nümunələr çox idi.

13 Yehova iradəsini yerinə yetirmək üçün dəfələrlə insanlara müqəddəs ruhun vasitəsilə səlahiyyət vermişdir. Müqəddəs ruhun sayəsində hakimlər İsraili azad edirdilər (Hakimlər 3:9, 10; 6:34). Həmin ruh I əsrin məsihçilərinə hər hansı qarşıdurmaya baxmayaraq, cəsarətlə təbliğ etməyə güc verirdi (Həvarilərin işləri 1:8; 4:31). Onların xidmət zamanı əldə etdikləri nailiyyət açıq-aydın müqəddəs ruhun tə’sirinə sübutdur. Əks təqdirdə, «oxumamış, avam adamlar»ın xoş xəbəri o zaman mə’lum olan bütün dünyaya bəyan etmələrini necə izah etmək olar? (Həvarilərin işləri 4:13; Koloslulara 1:23).

14. Yehova xidmətçilərini anlayışla tə’min etmək üçün Öz müqəddəs ruhundan necə istifadə edirdi?

14 Yehova həm də Öz müqəddəs ruhundan, xidmətçilərini anlayışla tə’min etmək üçün istifadə edirdi. Allahın ruhunun yardımı sayəsində Yusif fir’onun peyğəmbərlik yuxularını yoza bilmişdi (Yaradılış 41:16, 38, 39). Öz ruhunun vasitəsilə Yehova elə etmişdir ki, Onun niyyətləri məğrurlardan gizlədilmiş, amma həlim insanlara açılmışdır (Matta 11:25). Yehovanın Onu sevənlər üçün hazırladığı şeylər barəsində həvari Pavel demişdir: «Bizə... Allah bunları Öz Ruhu ilə açdı» (1 Korinflilərə 2:7-10). İnsan yalnız müqəddəs ruhun vasitəsilə Allahın iradəsini həqiqi mə’nada başa düşə bilər.

Allahın Kəlamından əldə edilən yardım

15, 16. Müdrik davranmaq üçün Yeşuaya nə deyilmişdir?

15 Yehovanın Kəlamı «tə’lim... üçün faydalıdır» və bunun da sayəsində Onun xidmətçiləri ‘kamil olub, hər cür xeyirli iş üçün təchiz edilirlər’ (2 Timoteyə 3:16, 17). Allahın sadiq xidmətçilərinin qədimdə Müqəddəs Kitabın artıq yazılmış olan hissələri vasitəsilə yardım əldə etmələrinə dair Müqəddəs Kitabda çoxlu nümunələr var.

16 Müqəddəs Yazılar Allahın xidmətçilərinə e’tibarlı rəhbərlik verirdi. Yeşuaya İsrail xalqına başçılıq etməyi tapşırarkən Yehova ona dedi: «[Musa tərəfindən yazılmış] bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan». Maraqlıdır ki, Allah Yeşuaya fövqəltəbii yolla müdriklik verəcəyini və’d etməmişdir. Müdrik davranmaq üçün İsrailin gələcək rəhbəri «Qanun kitabını» diqqətlə oxumalı idi (Yeşua 1:8; Məzmur 1:1-3).

17. Daniel və Yoşiya padşah Müqəddəs Yazıların onlarda olan hissəsindən necə yardım əldə etmişdilər?

17 Kəlamı vasitəsilə Allah həm də Öz iradəsini və niyyətini açıqlayırdı. Məsələn, Daniel Yerusəlimin viranəliyinin qurtaracağı vaxtı Yeremyanın kitabı əsasında «anladı» (Yeremya 25:11; Daniel 9:2). Səciyyəvi hadisə həmçinin Yəhuda padşahı Yoşiyanın hökmdarlıq illərində baş vermişdir. Həmin dövr üçün xalq Yehovadan uzaqlaşmışdı, padşahlar isə, şübhəsiz ki, özləri üçün qanunun surətini köçürmür və onu icra etmirdilər (Qanunun təkrarı 17:18-20). Lakin mə’bədi tə’mir edəndə, ehtimal ki, Musanın əli ilə yazılmış «Qanun kitabını» tapdılar. Bu, 800 il qabaq yazılmış ilk əlyazma ola bilərdi. Həmin əlyazmada yazılanları eşidən kimi Yoşiya xalqın Yehovaya məqbul olan yoldan nə qədər uzaqlaşdığını dərk etdi və Allahın qanununu yerinə yetirmək üçün ciddi tədbirlər gördü (2 Padşahlar 22:8; 23:1-7). Beləliklə biz aydın görürük ki, keçmişdə Allahın xalqı Müqəddəs Kitabın artıq o zaman yazılmış olan hissələrindən yardım əldə edirdi.

Həmimanlıların vasitəsilə

18. Nəyə görə deyə bilərik ki, Allahın bir xidmətçisi digərinə yardım göstərəndə, bunun mənbəyi Allahdır?

18 Yehovanın təqdim etdiyi yardım çox vaxt həmimanlılar tərəfindən gəlir. Allahın bir xidmətçisi digərinə yardım edəndə, əslində bu yardımın mənbəyi Allahdır. Nəyə görə? İki səbəbə görə. Birincisi, müqəddəs ruh öz rolunu oynayır. Bu ruhla idarə olunmağa çalışan insanlarda o məhəbbət və yaxşılığı daxil edən səmərəni yetişdirir (Qalatiyalılara 5:22, 23). Buna görə də, Allahın xidmətçisinin biri digərinə yardım göstərməyə təşviq olunanda, fəaliyyət göstərən Yehovanın müqəddəs ruhudur. İkincisi, biz Allahın surətində yaradılmışıq (Yaradılış 1:26). Bu isə o deməkdir ki, biz Onun xüsusiyyətlərini, o cümlədən yaxşılıq və şəfqət hissini təzahür etdirməyə qadirik. Beləliklə, Yehovanın bir xidmətçisi digərinə kömək edəndə, bunun əsl Mənbəyi, insanların surətində yaradıldıqları Şəxsdir.

19. Müqəddəs Kitaba əsasən, Yehova həmimanlılar vasitəsilə yardımı necə təqdim edirdi?

19 Müqəddəs Kitabın yazıldığı dövrlərdə Yehova həmimanlılar vasitəsilə yardımı necə təqdim edirdi? Yehova çox vaxt elə edirdi ki, Onun bir xidmətçisi digərinə məsləhət versin. Məsələn, Yeremya Baruka olduqca zəruri məsləhət verdi (Yeremya 45:1-5). Allahın həqiqi xidmətçilərinin bir-birlərinə maddi yardım göstərməyə təşviq olunduqları hallar olurdu. Məsələn, Makedoniya və Axayadakı məsihçilər Yerusəlimdəki ehtiyacı olan qardaşlara böyük həvəslə yardım göstərdilər. Həvari Pavel qeyd etmişdi ki, bu cür comərdlik haqlı olaraq «Allaha şükür» hasil edir (2 Korinflilərə 9:11).

20, 21. Romalı qardaşlar həvari Paveli necə qüvvətləndirdilər?

20 Yehovanın xidmətçilərinin bir-birini möhkəmlətmək və ruhlandırmaq üçün çox sə’y göstərmələri haqqında oxumaq xüsusilə tə’sirlidir. Həvari Pavelin başına gəlmiş bir nümunəni nəzərdən keçirək. Onu dustaq kimi Romaya aparanda, o, romalılar tərəfindən tikilmiş Appius yolundan keçməli oldu. Yolun sonuncu hissəsi bataqlıq və ovalıq ərazilərdən keçdiyi üçün xüsusilə xoşagəlməz idia. Romadakı yığıncaqdan olan qardaşlar Pavelin onların şəhərinə gəldiyini bilirdilər. Onlar nə edəcəklər? Pavelin özü onların yanına gələnə qədər rahat evlərindəmi qalacaqlar?

21 Müqəddəs Kitabı yazanlardan biri, bu səyahət zamanı Paveli müşayiət edən Luka nə baş verdiyini danışır: «Oradakı [Romadakı] qardaşlar barəmizdə eşitdikdə, oradan Appius bazarına və Üç Mehmanxanalara qədər bizi qarşılamağa gəldilər». Bu səhnəni təsəvvür edə bilərsənmi? Pavelin gəldiyini bilən kimi bir dəstə qardaş Romadan onun qarşısına çıxdı. Dəstənin biri Romadan təxminən 74 kilometr aralıda olan Appius bazarının — tanınmış poçt stansiyasının yanında gözləyirdi. Qalan qardaşlar isə şəhərdən təxminən 58 kilometr aralıda yerləşən Üç Mehmanxanaların — dayanacağın yanında gözləyirdilər. Bu, həvariyə necə tə’sir bağışladı? Luka qeyd edir: «Pavel onları gördükdə Allaha şükür etdi və ruhlandı» (Həvarilərin işləri 28:15). Bircə təsəvvür edin, Pavel asan olmayan bu yolu qət edən qardaşları sadəcə olaraq gördüyü üçün özündə qüvvə və təskinlik hiss etdi! Və bu yardıma görə Pavel kimə minnətdarlıq etdi? Bu vəziyyətin yaranmasına səbəb olan Yehova Allaha.

22. 2005-ci il üçün illik ayə necə səslənir və növbəti məqalədə nə müzakirə ediləcək?

22 Aydındır ki, Yehova tayı-bərabəri olmayan Yardımçıdır. Müqəddəs Kitabda yazılanlar bu barədə çox gözəl şahidlik edir. Yehovanın Şahidləri 2005-ci il üçün illik ayəni əbəs yerə Məzmur 121:2 (YD) ayəsindən seçməyiblər: «Yardımım... Yehovadandır». Bəs Yehova bu gün bizə necə yardım göstərir? Bu növbəti məqalədə müzakirə ediləcək.

[Haşiyə]

a Həmin yoldan keçmiş Roma şairi Horatsi (e. ə. 65-8 illər), yolun bu hissəsinin bütün narahatlıqlarını öz üzərində hiss etmişdir. Şair Appius bazarı barəsində demişdir ki, ora «gəmisürənlər və xəsis mehmanxana sahibləri ilə doludur». Horatsi həmçinin «yatmağa aman verməyən ağcaqanadlardan və qurbağalardan», o cümlədən «köhnə və lilli sudan» da şikayətlənirdi.

Xatırlayırsınızmı?

• Mələklərdən istifadə edərək Yehova yardımı necə təqdim edir?

• Yehova Öz müqəddəs ruhunun vasitəsilə yardımı necə təqdim edir?

• Yehova Öz Kəlamının vasitəsilə yardımı necə təqdim edir?

• Yehova həmimanlılar vasitəsilə yardımı necə təqdim edir?

[9-cu səhifədəki yazı]

2005-ci il üçün illik ayə bu olacaqdır: «Yardımım... Yehovadandır» (Məzmur 121:2, YD).

[8-ci səhifədəki şəkil]

Pavel Romadakı qardaşlardan aldığı yardıma görə Yehovaya minnətdarlıq etdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş