Allaha məqbul olmayan ən’ənələrdən özünüzü qoruyun
AFRİKANIN qızmar günəşi altında, həyətdə açıq bir tabut durur. Adamlar mərhumla vidalaşmaq üçün bir-bir tabuta yaxınlaşırlar. Yaşlı bir kişi qəm-qüssə içindədir. O, cəsədə sarı əyilir və ağı deməyə başlayır: «Axı gedəcəyin barədə niyə mənə bir söz demədin? Nəyə görə məni belə tərk edirsən? İndi ora qayıtdığın zaman, mənə yenə də kömək edəcəksənmi?»
Afrikanın başqa bir yerində bir körpə dünyaya gəlib. Lakin uşağı heç kimə göstərmirlər. Yalnız bir neçə vaxtdan sonra uşağı camaatın arasına çıxarıb, ona təntənəli surətdə ad qoyacaqlar.
Ölənlərlə danışmaq və ya yeni doğulmuş körpəni başqalarından gizlətmək bə’zilərinə qəribə görünə bilər. Ancaq bir çox xalqlarda və mədəniyyətlərdə insanların ölümlə doğum haqqında olan bu cür anlayışları ölülərin əslində ölməyib yaşadıqlarına dair çox geniş yayılmış inamdan irəli gəlir.
Bu e’tiqad, adət-ən’ənələrə o dərəcədə qaynayıb-qarışıb ki, afrikalıların həyatlarının, demək olar ki, bütün sahələrinə toxunur. Məsələn, milyonlarla insanlar inanırlar ki, insanın həyatında doğulmaq, böyümək, ailə qurmaq, dünyaya uşaq gətirmək və həyatdan köçmək kimi vacib hadisələr əcdadların ruhlar aləminə aparan mərhələlərini təşkil edir. Bu e’tiqada görə, ölən kəslər o dünyadan tərk etdikləri insanların həyatına tə’sir göstərirlər. Bundan əlavə, insan yenidən doğulma silsiləsini davam etdirə bilər.
Bu silsilənin bütün mərhələlərini müvəffəqiyyətlə keçmək üçün insanlar müxtəlif adət və ayinlərə riayət edirlər. Ölümdən sonra daxilimizdə nəyinsə yaşamağa davam etdiyinə inam bu adətlərə öz tə’sirini göstərmişdir. Məsihçilər bu cür e’tiqadla bağlı olan bütün adətlərdən qaçınırlar. Nəyə görə?
Ölülər hansı vəziyyətdədirlər?
Müqəddəs Kitabda ölülərin hansı vəziyyətdə olduqları aydın surətdə təsvir edilir. Orada sadəcə deyilir: «Dirilər öləcəklərini bilir, ancaq ölülər heç nə bilmir... Sevgisi, nifrəti, paxıllığı artıq məhv olub... Gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var» (Vaiz 9:5, 6, 10). Allahın həqiqi xidmətçiləri Müqəddəs Kitabın bu əsas həqiqəti ilə çoxdan tanışdırlar. Onlar başa düşüblər ki, can ölməz deyil, əksinə, ölür və məhv olur (Yezekel 18:4). Ölənlərin isə ruhu yoxdur (Məzmur 146:4). Qədim zamanlarda Yehova Öz xalqına ciddi surətdə tapşırmışdı ki, ölənlərin yaşamağa davam etmələri və onların yaşayanların həyatına tə’sir göstərməsi ilə əlaqədar hər bir adət və ayinlərdən çəkinsinlər (Qanunun təkrarı 14:1; 18:9-13; Yeşaya 8:19, 20).
Eynilə birinci əsrin məsihçiləri də nəsildən-nəslə ötürülən yalan dinlə bağlı hər cür adət-ən’ənələrdən və ayinlərdən qaçınırdılar (2 Korinflilərə 6:15-17). İrqindən, millətindən və mənşəyindən asılı olmayaraq bu gün Yehovanın Şahidləri yalan dinin öyrətdiyi canın ölməzliyi kimi tə’limlərlə bağlı adət və ən’ənələrdən qaçınırlar.
Məsihçilər müəyyən adət-ən’ənələrə riayət edib-etməməyə dair rəhbərliyi haradan ala bilərlər? Biz hər hansı tə’limin Müqəddəs Kitaba əsaslanmayan tə’limlə bağlı olub-olmadığını dəqiq yoxlamalıyıq. Məsələn, həmin tə’lim ölənlərin ruhunun yaşayan insanların həyatına tə’sir etdiyinə inamla bağlı ola bilər. Bundan əlavə, nəzərə almaq lazımdır ki, bizim hansısa adət və ayinlərdə iştirak etməyimiz, Yehovanın Şahidlərinin e’tiqad və tə’limləri ilə tanış olan insanların büdrəməsinə səbəb ola bilər. Bunu yadda saxlayaraq, gəlin iki sahəni — doğum və ölümlə bağlı olan adətləri araşdıraq.
Uşağın doğulması ilə bağlı olan ayinlər
Uşağın doğulması ilə bağlı olan bir çox adətlər tamamilə münasibdir. Lakin uşağın anadan olmasına əcdadların ruhlar aləmindən insan cəmiyyətinə keçidi kimi baxılan yerlərdə məsihçilər ehtiyatlı olmalıdırlar. Məsələn, Afrikanın bə’zi yerlərində yeni doğulmuş körpəni müəyyən müddət keçməyincə nə evdən çıxarır, nə də ona ad qoyurlar. Bu müddətin nə qədər davam etməsi hər yerin öz adətlərindən asılıdır, ancaq bu, axırda uşağa ad qoyma ayini ilə sona yetir. Bu zaman uşağı evdən çıxarır, qohum və dostlara göstərirlər, elə oradaca uşağın adı hamıya deyilir.
Bir kitabda bu ayinin mə’nası belə izah olunur: «Uşaq ilk yeddi gün ərzində “qonaq” hesab edilir və ruhlar dünyasından yer həyatına keçir. [...] Adətən uşağı nə evdən çıxarır, nə də başqalarına göstərirlər» («Ghana—Understanding the People and Their Culture»).
Uşağa ad qoyma mərasiminə qədər gözləmək nə üçün lazımdır? Başqa bir kitabda belə izah olunur: «Uşağa səkkizinci günə qədər hələ insan kimi baxılmır. Onu müəyyən dərəcədə gəldiyi dünyaya aid edirlər». Daha sonra orada deyilir: «Uşağa ad qoyulan zaman, necə deyərlər, o insaniləşir. Buna görə də, ərlə arvad uşağın ölə biləcəyindən ehtiyat edirlərsə, adətən ad qoyma ayinini uşağın yaşayacağına əmin olacaqları vaxta qədər tə’xirə salırlar. [...] Buna görə də, bə’zən «uşağın dünyaya gəlişi» kimi də adlanan bu ayin uşaq və valideynləri üçün böyük əhəmiyyət kəsb edir. Bu ayin uşağı cəmiyyətə və ya insan dünyasına daxil edir» («Ghana in Retrospect»).
Adətən bu ayini ailənin böyüyü keçirir. Bu münasibətlə riayət olunan ayinlər yerlərdən asılı olaraq fərqlənə bilər, ancaq bu mərasim özünə çox vaxt şərab nəziri vermə ayinini, uşağın müvəffəqiyyətlə gəldiyi üçün əcdadların ruhuna minnətdarlıq duasını və başqa ayinləri daxil edir.
Mərasimin ən yüksək nöqtəsi uşağın adının çəkildiyi vaxt olur. Baxmayaraq ki, uşağa ad qoymaq məs’uliyyəti valideynlərin üzərinə düşür, çox vaxt qohumlar ad seçməkdə böyük təzyiq göstərirlər. Həmin dillərdə bə’zi adlar «gedib qayıdan», «ana ikinci dəfə qayıtmışdır» və ya «ata yenidən qayıtmışdır» kimi simvolik mə’nalar daşıya bilər. Digər adlar isə elə mə’na daşıyır ki, guya əcdadların ruhunun yeni doğulmuş körpəni geri aparmasına imkan vermir.
Əlbəttə ki, uşağın doğulduğu üçün sevinməkdə pis bir şey yoxdur. Uşağa kiminsə şərəfinə ad qoymaq və ya onun doğulduğu şəraiti əks etdirən adı vermək kimi adətlər tamamilə münasibdir. Uşağa adı nə vaxt qoymaq da valideynlərin şəxsi işidir. Lakin bir çox adət və mərasimlərdə belə fikir əks olunur ki, guya yeni doğulmuş uşaq əcdadların dünyasından yaşayanların dünyasına «qonaq» gəlmişdir. Buna görə də, Allahı razı salmaq istəyən məsihçilər bu kimi adətlərdən ciddi surətdə qaçınırlar.
Bundan əlavə, belə bir cəmiyyətdə çoxları bu ayini uşağın həyatında vacib keçid dövrü hesab etsələr də, məsihçilər başqalarının vicdanına diqqətli olmalı və iman etməyənlərin buna necə yanaşacaqlarını nəzərə almalıdırlar. Məsələn, əgər məsihçi ailəsi uşağa ad veriləcək ayinə qədər onu başqalarına göstərmirsə, camaat nə fikirləşə bilər? Əgər valideynlər uşağa, təbliğ etdikləri Müqəddəs Kitab həqiqətinə zidd olan adı qoyarlarsa, bu, ətrafdakılarda hansı təəssüratı oyadar?
Buna görə də, məsihçilər uşaqlarına necə və nə vaxt ad vermək kimi qərarlar qəbul edən zaman, «hər şeyi Allahın izzəti üçün» etməyə çalışaraq, başqalarını büdrətməkdən qaçınırlar (1 Korinflilərə 10:31-33). Onlar ölüləri izzətləndirmək məqsədinə xidmət edən ‘ən’ənələrə riayət etmək üçün, Allahın əmrini’ rədd etmirlər. Onlar yaşayan Yehova Allahı izzətləndirirlər (Mark 7:9, 13).
Ölümdən həyata keçid
Çoxları doğum kimi ölümə də keçid kimi baxırlar; ölən kəs görünən dünyadan görünməz dünyaya — ölülər aləminə gedir. Çoxları inanırlar ki, insan ölən zaman müəyyən dəfn adət-ən’ənələrinə riayət edilməzsə, onda e’tiqada görə, sağ qalanları cəzalandırmağa və ya mükafatlandırmağa qadir olan əcdadların ruhları qəzəblənir. Bu e’tiqad insanların dəfn mərasimlərini necə təşkil etməklərinə və keçirməklərinə böyük tə’sir göstərir.
Mərhumun ruhunu sakitləşdirmək məqsədilə keçirilən dəfn mərasimlərində çox vaxt insanlar öz narahatçılıqlarını və hisslərini müxtəlif tərzlərdə təzahür etdirirlər. Buraya ölənin dalınca deyilən coşğun ağı və nalədən tutmuş, dəfn mərasimindən sonra keçirilən şən bayramlar da daxil ola bilər. Bu cür dəfn mərasimləri zamanı çox vaxt hədd-hüdud bilməyən ziyafətlər, sərxoşluq və uca musiqi sədaları altında edilən rəqslər olur. Dəfn mərasimlərinə o qədər əhəmiyyət verilir ki, hətta ən kasıb ailələr belə «şərəfli dəfn» üçün kifayət qədər pul tapmaq xatirinə bütün qüvvələrini sərf edirlər, baxmayaraq ki, bundan ötrü onlar özlərini nədənsə məhrum etməli və ya borca girməli olurlar.
Artıq çox illərdir ki, Yehovanın Şahidləri Müqəddəs Kitaba əsaslanmayan dəfn adətlərinin mənşəyini ifşa edirləra. Buraya qəbrin yanında keşik çəkmək, şərab nəziri vermək, ölənlə söhbət etmək və ya ondan nə isə xahiş etmək kimi hallar, dəfn ayinlərinə riayət və başqa adətlər daxildir. Bütün bunlar ölümdən sonra insanda nəyinsə yaşamasına dair inama əsaslanır. Allaha məqbul olmayan bu adətlər — «insan ən’ənəsinə» əsaslanan «murdar» və «boş hiylə»dir (Yeşaya 52:11; Koloslulara 2:8).
Ətrafdakıların təzyiqi
Ölülərə izzət verməyin zəruri hesab olunduğu ölkələrdə ən’ənəvi adətlərdən qaçınmaq xüsusilə asan deyil. Yehovanın Şahidləri bu kimi adətlərə riayət etmədikləri üçün, onlara şübhə ilə yanaşır və ya onları cəmiyyətə və ölənlərə qarşı hörmətsizlikdə ittiham edirlər. Bə’ziləri Müqəddəs Kitab həqiqətlərini düzgün anlasalar da, tənqidlər və göstərilən güclü təzyiqlər ucbatından çoxluqdan seçilməyə qorxmuşlar (1 Peter 3:14). Başqaları isə bu adətləri mədəniyyətlərinin bir hissəsi hesab edir və elə düşünürlər ki, onlarda tamamilə iştirak etməmək mümkün deyil. Daha başqaları isə zənn edirlər ki, bu adətlərdən imtina etməklə, insanlarda Allahın xalqına qarşı pis fikirlər oyada bilərlər.
Biz bilərəkdən başqalarının hisslərini təhqir etmək istəmirik. Buna baxmayaraq, Müqəddəs Kitab yenə də xəbərdarlıq edir ki, həqiqətdə möhkəm durmaqla, Allahdan uzaq düşmüş dünyanın mənfi rə’yini qazanacağıq (Yəhya 15:18, 19; 2 Timoteyə 3:12; 1 Yəhya 5:19). Biz, ruhani qaranlıqda olan insanlardan fərqlənməli olduğumuzu bilərək, bu mövqeyi könüllü olaraq tutmuşuq (Malaki 3:18; Qalatiyalılara 6:12). İsa Şeytanın onu Allaha məqbul olmayan davranış tərzinə sövq etmək tə’sirinə düşmədiyi kimi, biz də Allahın iradəsinə zidd davranmaq təzyiqinə qarşı duracağıq (Matta 4:3-7). İnsan qorxusuna qapılmadan, məsihçilər ilk növbədə Allahı razı salmağa və Onu həqiqət Allahı kimi izzətləndirməyə çalışırlar. Onlar bunu Müqəddəs Kitab prinsiplərinə zidd davranmamaqla və Allaha xidmətlərini ətrafdakıların təzyiqi altında murdarlamamaqla edirlər (Süleymanın məsəlləri 29:25; Həvarilərin işləri 5:29).
Ölənlərə düzgün münasibətimizlə Yehovanı izzətləndiririk
Əzizlərimizdən kim isə öləndə möhkəm qəlb ağrısı və itki hissi keçirmək tamamilə təbiidir (Yəhya 11:33, 35). Əziz adamın xatirini yad eləmək və layiqli dəfn mərasimi keçirmək — məhəbbətimizin münasib ifadəsidir. Lakin Yehovanın Şahidləri Allaha məqbul olmayan adətlərdən qaçınaraq, ölən əzizləri üçün həddindən artıq qəm-qüssə etməyin öhdəsindən gəlməyə çalışırlar. Ölənlər qarşısında güclü qorxu hissi keçirən insanlar arasında böyüyən kəslər üçün bunu etmək asan deyil. Bizə əziz adam öləndə dərin sarsıntı keçiririk. Bu zaman tarazlığı qorumaq çətin olur. Bununla belə, «hər cür təsəlli verən» Yehova Allah sadiq məsihçiləri möhkəmləndirir. Həmçinin həmimanlılar da onlara məhəbbətli köməklərini əsirgəmirlər (2 Korinflilərə 1:3, 4). Onlar inanırlar ki, insan ölən zaman onun düşüncəsi itir. Onlar həmin insanın Allahın yaddaşında olduğuna və bir zaman Allahın onu həyata qaytaracağına inanırlar. Bu iman məsihçilərə tam əsas verir ki, dirilmənin reallığını inkar edən və Müqəddəs Kitaba zidd olan dəfn adət-ən’ənələrindən qaçınsınlar.
Məgər Yehovanın bizi «qaranlıqdan Öz valehedici nuruna» çağırması valeh etmirmi? (1 Peter 2:9). Bəli, uşağın dünyaya gəlməsi bizi sevindirir. Və əzizlərimizdən kimsə vəfat edəndə acı hisslər yaşayırıq. Amma qoy düzgün olanı etmək istəyimiz və Yehova Allaha olan güclü məhəbbətimiz bizi həmişə «işıq övladları kimi» hərəkət etməyə təşviq etsin. Qoy bizlərdən heç kim Allaha məqbul olmayan və Müqəddəs Kitaba zidd gedən adətlərdə iştirak etməklə ruhani murdarlığa yol verməsin (Efeslilərə 5:8).
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən nəşr edilən «Ölənlərin ruhu. Onlar sənə kömək edə və ya zərər verə bilərlərmi? Onlar həqiqətən də mövcuddurlarmı?» (rus.) və «Əbədi həyata aparan yolu tapmısanmı?» broşüralarına baxın (ing.).