«Siz çox baha qiymətə alınmısınız»
«Siz çox baha qiymətə alınmısınız. Buna görə... Allahı izzətləndirin» (1 KORİNFLİLƏRƏ 6:20).
1, 2. a) Musanın qanununa əsasən israilli qullar ilə necə davranmaq lazım idi? b) Ağasını sevən qulun hansı seçimi var idi?
«HOLMANIN şəkilli Müqəddəs Kitab lüğəti»ndə deyilir: «Köləlik qədim dünyada geniş yayılmış və hamı tərəfindən qəbul edilmişdir. Misirin, Yunanıstanın və Romanın iqtisadiyyatının əsasını qul əməyi təşkil edirdi. Eramızın I əsrində İtaliyada hər üçüncü, bütün dünyada isə hər beşinci adam qul idi».
2 Köləliyin qədim İsraildə də mövcud olmasına baxmayaraq, Musanın qanunu ibrani qullarını müdafiə edirdi. Məsələn, Qanuna görə israilli altı ildən artıq qul kimi xidmət edə bilməzdi. Yeddinci ildə isə «pulu ödəmədən azad» olunmalı idi. Lakin qullarla davranış tərzinə dair Qanun o qədər adil və insani idi ki, orada belə bir imkan nəzərdə tutulmuşdu: «Qul tə’kidlə: “Ağamı, arvadımla uşaqlarımı sevirəm və azad olmaq istəmirəm” desə, onda qoy qulun ağası onu mə’bədə — Allahın hüzuruna gətirsin; qulunu qapıya yaxud qapının yan taxtasına söykəyib qulağını bizlə deşsin. Bu qul ağasına ömürlük qulluq etsin» (Çıxış 21:2-6; Levililər 25:42, 43; Qanunun təkrarı 15:12-18).
3. a) Birinci əsrin məsihçiləri hansı köləliyi qəbul etdilər? b) Bizi Allaha qulluq etməyə təşviq edən nədir?
3 Bu cür könüllü köləlik, həqiqi məsihçilərin bugünkü köləliyinin surəti idi. Məsələn, Müqəddəs Kitabın yazılmasında iştirak edən Pavel, Yaqub, Peter və Yəhuda özlərini Allahın və Məsihin qulu adlandırırdılar (Yaqub 1:1; 2 Peter 1:1; Yəhuda 1; Titusa 1:1). Pavel Salonikdən olan məsihçilərə xatırlatdı ki, onlar ‘yaşayan və həqiqi Allaha qulluq etmək üçün bütlərdən Allaha dönüblər’ (1 Saloniklilərə 1:10, İ–93). Bu məsihçiləri könüllü surətdə Allahın qulları olmağa təşviq edən nə idi? Bəs israilli qulu şəxsi azadlığından imtina etməyə təşviq edən hansı qüvvə idi? Ağasına olan məhəbbət deyildimi? Məsihçi köləliyinin əsasını Allaha məhəbbət təşkil edir. Həqiqi və yaşayan Allahla tanış olduqca və Onu sevdikcə, ‘bütün qəlbimizlə və bütün varlığımızla’ Ona qulluq etməyə təşviq olunuruq (Qanunun təkrarı 10:12, 13). Bəs Allahın və Məsihin qulları olmaq nə deməkdir? Bu bizim gündəlik həyatımıza necə tə’sir edir?
«Hər şeyi Allahın izzəti üçün edin»
4. Biz Allahın və Məsihin qullarına necə çevrilirik?
4 Tə’rifə görə qul — «sahibkarın qanuni mülkiyyəti olub, ona bütünlüklə tabe olan adamdır». Biz həyatımızı Yehovaya həsr edib vəftiz olunanda, Onun qanuni mülkiyyətinə çevrilirik. Həvari Pavel bunu ‘siz özünüzə məxsus deyilsiniz, çünki siz çox baha qiymətə alınmısınız’ deyərək izah edir (1 Korinflilərə 6:19, 20). Əlbəttə, bizim üçün ödənilən qiymət — İsa Məsihin fidiyə qurbanlığıdır. Məsh edilmiş məsihçilər və ya onların yer üzündə yaşamaq ümidinə malik olan yoldaşları olmağımızdan asılı olmayaraq, Allah bizi bu fidiyənin sayəsində Öz xidmətçiləri kimi qəbul edir (Efeslilərə 1:8; 2:13; Vəhy 5:9). Beləliklə, vəftiz olunduğumuz andan biz «Rəbbinik», yə’ni Yehovaya məxsusuq (Romalılara 14:8). İsa Məsihin qiymətli qanı ilə xilas olunduğumuz üçün, biz onun da qulları oluruq. Bu isə üzərimizə onun əmrlərinə riayət etmək məs’uliyyətini qoyur (1 Peter 1:18, 19).
5. Yehovanın qulları kimi hansı vacib məs’uliyyəti daşıyırıq və biz onu necə yerinə yetirə bilərik?
5 Qul öz ağasına tabe olmalıdır. Biz öz istəyimizlə və Ağamıza məhəbbətdən irəli gələrək qul oluruq. 1 Yəhya 5:3 ayəsində deyilir: «Allahı sevmək Allahın əmrlərinə əməl etmək deməkdir. Onun əmrləri isə ağır deyildir». Bu səbəbdən, itaətkarlığımız məhəbbətimizin və tabeçiliyimizin sübutudur. O, bizim bütün hərəkətlərimizdə təzahür olunur. Pavel demişdir: «Yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin» (1 Korinflilərə 10:31). Gündəlik həyatımızda, hətta ən kiçik işlərimizdə belə, Yehovaya Onun qulları kimi xidmət etdiyimizi göstərmək istəyirik (Romalılara 12:11).
6. Allahın qulları olmağımız qərarlarımızda necə əks olunur? Nümunə əsasında izah edin.
6 Misal üçün, qərar qəbul edərkən səmavi Ağamız olan Yehovanın iradəsini unutmaq olmaz (Malaki 1:6). Ciddi qərarlar qəbul etdiyimiz hallarda Allaha itaətkarlığımız sınağa çəkilə bilər. Belə vəziyyətdə «hiyləgər» və «sağalmaz xəstəliyi» olan ürəyimizin istəklərinə tabe olmaq əvəzinə, Allahın məsləhətinə əməl edəcəyikmi? (Yeremya 17:9). Melisa adlı subay məsihçi vəftiz olunduqdan qısa müddət sonra, bir gənc ona maraq göstərməyə başladı. O, yaxşı adama oxşayırdı, üstəlik Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənirdi. Buna baxmayaraq, ağsaqqal Melisa ilə Yehovanın ‘yalnız Rəbbə bağlı olan’ kəslə ailə qurmaq əmrinə riayət etməyin müdrik olduğu haqda söhbət etdi (1 Korinflilərə 7:39; 2 Korinflilərə 6:14). Melisa e’tiraf edir: «Bu məsləhətə riayət etmək mənim üçün asan deyildi. Lakin mən belə qərara gəldim: madam ki, Yehovanın iradəsini yerinə yetirmək üçün özümü Ona həsr etmişəm, onda Onun aydın göstərişinə müvafiq davranacağam». Sonradan baş verənlərin üzərində düşünərək o deyir: «Məsləhətə qulaq asdığım üçün çox şadam. Həmin oğlan qısa müddətdən sonra Müqəddəs Kitabı öyrənməyə son qoydu. Əgər mən o vaxt onunla münasibətlərimi dayandırmasaydım, indi həqiqətdə olmayan bir nəfərlə evli olardım».
7, 8. a) Nəyə görə insanları məmnun etmək üçün həddindən artıq narahat olmalı deyilik? b) İnsanlar qarşısındakı qorxunu dəf etməyin üsulunu nümunə əsasında izah edin.
7 Allahın qulları olduğumuza görə, insanlara qul olmalı deyilik (1 Korinflilərə 7:23). Sözsüz ki, heç kim ətrafdakıların ondan kənar gəzməsini istəməzdi. Ancaq yadda saxlamalıyıq ki, məsihçilər, bu dünyanın normalarından fərqlənən normalara malikdirlər. Pavel soruşur: «İnsanlarımı məmnun etmək istəyirəm?» Özü də cavab verir: «Əgər mən hələ də insanları məmnun etmək istəsəydim, Məsihin qulu olmazdım» (Qalatiyalılara 1:10). Sadəcə olaraq, ətrafdakıların təzyiqinə təslim olmağa və yalnız insanları məmnun etməyə haqqımız yoxdur. Bəs bu cür təzyiqlə qarşılaşdığımız zaman nə edə bilərik?
8 İspaniyada yaşayan gənc məsihçi bacımız Elenanın nümunəsini nəzərdən keçirək. Onun kurs yoldaşlarından bə’ziləri donor idilər. Onlar Elenanın Yehovanın Şahidi olduğunu, buna görə də başqalarına qan verməyəcəyini və özünə qan köçürülməsinə razı olmayacağını bilirdilər. Öz əqidəsini bütün qrupun qarşısında izah etmək imkanı yarananda, Elena bu imkandan istifadə etdi. O deyir: «Açığını desəm, çox həyəcanlanırdım. Lakin yaxşı hazırlaşdım və nəticə çox gözəl alındı. Kurs yoldaşlarımdan çoxunun hörmətini qazandım, müəllimim isə, məşğul olduğum fəaliyyətlə fəxr etdiyini söylədi. Bundan əlavə, Yehovanın adını müdafiə edə və Müqəddəs Kitabın köməyi ilə əqidəmin nəyə əsaslandığını göstərə bildiyim üçün məmnunluq duydum» (Yaradılış 9:3, 4; Həvarilərin işləri 15:28, 29). Bəli, Allahın və Məsihin qulları olduğumuz üçün, başqalarından fərqlənirik. Lakin öz e’tiqadlarımızı ehtiramla və nəzakətlə müdafiə etməyə hazırıqsa, insanların hörmətini qazana bilərik (1 Peter 3:15).
9. Həvari Yəhyanın qarşısında duran mələyin nümunəsindən nə öyrənirik?
9 Allahın qulları olduğumuzu dərk etmək həlim olaraq qalmağımıza da kömək edir. Bir dəfə səmavi Yerusəlimin möhtəşəm görüntüsü həvari Yəhya elə tə’sir bağışlamışdı ki, Allahın elçisi olan mələyə səcdə etmək üçün onun ayaqlarına düşdü. Mələk ona dedi: «Bax, bunu etmə! Mən sənin peyğəmbər qardaşlarının və bu kitabın sözlərinə riayət edənlərin həmkarıyam. Allaha səcdə eylə» (Vəhy 22:8, 9). Mələk Allahın bütün qullarına necə də gözəl nümunə verdi! Bə’zi məsihçilər yığıncaqda xüsusi tapşırıqları yerinə yetirirlər. Bununla belə İsa demişdi: «Aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun. Və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun» (Matta 20:26, 27). İsanın davamçıları kimi bizim hamımız quluq.
«İcra etməli olduğumuzu etdik»
10. Müqəddəs Kitab nümunələri əsasında, Allahın sadiq xidmətçilərinə Onun iradəsini yerinə yetirməyin həmişə asan olmadığını göstərin.
10 Qeyri-kamil insanlara Allahın iradəsini yerinə yetirmək həmişə asan olmur. Yehova Musa peyğəmbərə gedib İsrail oğullarını Misir köləliyindən azad etməyi tapşıranda, o bu tapşırığı dərhal yerinə yetirmədi (Çıxış 3:10, 11; 4:1, 10). Yunus Ninevanın sakinlərinə hökm xəbərini çatdırmaq tapşırığını alanda, «Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı» (Yunus 1:2, 3). Yeremya peyğəmbərin mirzəsi Baruk yorulduğu haqda gileylənirdi (Yeremya 45:2, 3). Arzularımız və ya üstünlük verdiyimiz şeylər Allahın iradəsinə zidd gedəndə necə davranmalıyıq? Cavabı İsanın söylədiyi əyani nümunədə tapırıq.
11, 12. a) İsanın Luka 17:7-10 ayələrindəki məsəlini qısaca olaraq danışın. b) İsanın məsəlindən nə öyrənirik?
11 İsa bütün günü tarlada ağasının sürülərini otaran qul haqqında danışdı. On iki saatlıq ağır əməkdən sonra yorğun-arğın evə qayıdanda, ağası qula istirahət etməyi və doyunca çörək yeməyi təklif etmədi. Əksinə, dedi: «Axşam yeməyimi hazırla və qurşanıb mənə qulluq et ki, mən yeyib içim, sonra da sən özün ye iç». Qul yalnız ağasına qulluq etdikdən sonra öz qayğısına qala bilərdi. İsa söhbətini bu sözlərlə bitirdi: «İndi siz də, sizə əmr olunan hər şeyi yerinə yetirdikdən sonra deyin: “Biz heç bir qiyməti olmayan qullarıq, çünki icra etməli olduğumuzu etdik”» (Luka 17:7-10).
12 İsanın bu nümunəni çəkməkdə məqsədi, Yehovanın Ona xidmətdəki sə’ylərimizi qiymətləndirmədiyini göstərmək deyildi. Müqəddəs Kitabda aydın deyilir: «Allah haqsız deyildir ki... Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbranilərə 6:10). Əslində, İsanın məsəlindəki əsas fikir ondadır ki, qul özünü razı salmalı və şəxsi rahatlığını düşünməli deyil. Allaha həsr olunub, Onun qulları olmaq qərarına gələrək, Onun iradəsini özümüzünkündən üstün tutmağa razı olmuşuq. Biz öz iradəmizi Allahın iradəsinə tabe etdirməliyik.
13, 14. a) Biz hansı hallarda öz arzularımıza və meyllərimizə qarşı getməliyik? b) Biz nəyə görə Allahın iradəsinə üstünlük verməliyik?
13 Allahın Kəlamını, həmçinin «sadiq və ağıllı qul»un nəşrlərini müntəzəm olaraq öyrənmək bizdən böyük sə’y tələb edə bilər (Matta 24:45). Xüsusilə də, əgər oxumaq bizə həmişə çətin gəlirsə, ya da ki, ədəbiyyatda «Allahın dərin düşüncələr»i müzakirə edilirsə, çox sə’y göstərməyimiz tələb oluna bilər (1 Korinflilərə 2:10). Buna baxmayaraq, şəxsi öyrənməyə vaxt ayırmaq lazım deyilmi? Oturub şəxsi öyrənmə ilə məşğul olmaq üçün bə’zən özümüzü məcbur etməliyik. Əks təqdirdə, kamillər üçün nəzərdə tutulan qüvvətli yeməyə iştahamızı necə artıra bilərik? (İbranilərə 5:14).
14 Bəs uzun iş günündən sonra evə yorğun-arğın gəldiyimiz zamanlar haqqında nə demək olar? Ehtimal ki, özümüzü məsihçi görüşlərinə getməyə məcbur edirik. Ya da ki, tanımadığımız insanlarla söhbət etməyə meylli olmadığımız üçün təbliğ etmək asan olmur. Hətta Pavel e’tiraf edirdi ki, bə’zən biz xoş xəbəri könülsüz bəyan edirik (1 Korinflilərə 9:17). Lakin biz bütün bunları, çox sevdiyimiz səmavi Ağamız olan Yehovanın buyurduğu üçün edirik. Və məgər öyrənmə ilə məşğul olmaq, yığıncaq görüşünə və ya təbliğ xidmətinə getmək üçün hər dəfə sə’y göstərdikdən sonra məmnunluq və sevinc duymuruqmu? (Məzmur 1:1, 2; 122:1; 145:10-13).
«Arxaya» baxmayın
15. İsa Allaha itaətkarlığa dair hansı nümunəni verdi?
15 İsa Məsih səmavi Ataya itaətkarlığa dair gözəl nümunə verdi. O, öz şagirdlərinə dedi: «Mənim iradəmi deyil, Məni göndərən Atamın iradəsini yerinə yetirmək üçün göydən endim» (Yəhya 6:38). Getsamani bağında sıxıntı içində olarkən, İsa dua edirdi: «Atam, əgər mümkünsə, qoy bu kasa Məndən keçsin; amma Mənim istədiyim kimi deyil, Sənin istədiyin kimi olsun» (Matta 26:39).
16, 17. a) Arxada qoyduqlarımıza necə münasibət göstərməliyik? b) Pavelin dünyanın ona təklif etdiyi hansı üstünlüklərdən imtina etdiyini anladığını göstərin.
16 İsa Məsih Allahın qulları olmaq qərarımıza sadiq qalmağımızı istəyir. O demişdir: «Əlini kotan üstünə qoyub arxaya baxan kimsə Allahın Səltənətinə [Padşahlığına] yaraşmaz» (Luka 9:62). Allaha xidmət edərkən diqqətimizi arxada qoyduğumuz şeylərə yönəltməli deyilik. Əksinə, Allahın qulu olmaq qərarına gəldikdən sonra əldə etdiyimiz şeyləri qiymətləndirməliyik. Pavel Filipililərə yazırdı: «Uğrunda hər şeyin zərərini çəkdiyim Rəbbim Məsih İsanı tanımağın üstün dəyəri yanında hər şeyi ziyan hesab edir və zibil sayıram ki, Məsihi əldə edim» (Filipililərə 3:8).
17 Pavelin Allahın xidmətçisi olmağın gətirdiyi ruhani mükafatlar uğrunda zibil sayaraq tərk etdiyi şeylər haqqında düşünək. O, yalnız bu dünyanın təqdim etdiyi rahatlıqdan deyil, həm də yəhudiliyin lideri olmaq imkanından imtina etdi. Əgər Pavel yəhudiliyə e’tiqad etməyə davam etsəydi, öz müəllimi Qamliyelin oğlu Şimeon kimi üstün mövqeyə sahib ola bilərdi (Həvarilərin işləri 22:3; Qalatiyalılara 1:14). Şimeon fəriseylərin lideri oldu və eramızın 66-70-ci illərində yəhudilərin Romaya qarşı üsyanına dair bə’zi e’tirazlarının olmasına baxmayaraq, bu üsyanda əhəmiyyətli rol oynadı. Bu toqquşma zamanı o, ya yəhudi ekstremistləri, ya da ki, Roma əsgərləri tərəfindən öldürüldü.
18. Yehovaya xidmətin hansı xeyir-dualar gətirdiyini nümunə əsasında göstərin.
18 Bir çox Yehovanın Şahidləri Pavelin nümunəsini təqlid etmişlər. Cin adlı bacımız söyləyir: «Orta məktəbi bitirdikdən bir neçə il sonra Londonun məşhur hüquqşünaslarından birinin yanında məs’ul katib işləməyə başladım. İşimi çox sevirdim, yaxşı da pul qazanırdım. Lakin ürəyimdə Yehovaya daha çox xidmət edə biləcəyimi başa düşürdüm. Nəhayət mən işdən çıxdım və pioner xidmətinə başladım. 20 il əvvəl bu addımı atdığım üçün çox şadam! Tammüddətli xidmət həyatımı, katiblik işindən daha çox zənginləşdirdi. Yehovanın Kəlamının insanların həyatını necə dəyişdiyini görəndə, müqayisəolunmaz məmnunluq duyursan. Və bu işdə iştirak etmək çox xoşdur! Yehovaya verdiklərimiz, Onun bizə verdiklərinin yanında heçdir».
19. Hansı əhval-ruhiyyəyə malik olmalıyıq və nəyə görə?
19 Vaxt ötdükcə, şəraitlərimiz dəyişə bilər, lakin Allaha həsr olunmağımız dəyişməz olaraq qalır. Biz əvvəlki kimi Yehovanın qullarıyıq və O bizə vaxtımızı, qüvvəmizi, bacarıqlarımızı və digər imkanlarımızı ən yaxşı tərzdə istifadə etməyə izn verir. Buna görə də bütün bunlardan necə istifadə etməyimiz Allaha məhəbbətimizi, həm də nə dərəcədə qurbanlar verməyə hazır olduğumuzu göstərə bilər (Matta 6:33). Şəraitlərimizdən asılı olmayaraq, malik olduqlarımızın ən yaxşısını Yehovaya verməyə qətiyyətli olmalı deyilikmi? Pavel yazırdı: «Əgər şövq varsa, insanda olmayan mala görə deyil, olan mala görə məqbuldur» (2 Korinflilərə 8:12).
Allaha xidmət bəhrə gətirir
20, 21. a) Allahın qulları hansı bəhrəni gətirirlər? b) Yehova, Ona bütün ürəkdən xidmət edənləri necə mükafatlandırır?
20 Allahın qulları olmaq əziyyət deyil. Əksinə, xoşbəxtliyimizi əlimizdən alan ağır köləlikdən azad olunmağımıza kömək edir. Pavel yazırdı: «Günahdan azad edilib Allaha qul olduğunuza görə, bəhrəniz müqəddəslik, axırınız əbədi həyatdır» (Romalılara 6:22). Müqəddəslik — Allahın qulları kimi etdiyimiz xidmətin bəhrəsidir. Belə ki, biz müqəddəs, yə’ni mə’nəvi cəhətdən təmiz davranış tərzinin xeyir-dualarını qazanırıq. Bundan əlavə, bu xidmət əbədi həyata aparır.
21 Yehova Öz qullarına qarşı səxavətlidir. Xidmətdə əlimizdən gələn hər şeyi edəndə, O, «göylərin pəncərələrini» açır və ‘üzərimizə ehtiyaclarımızdan da çox bərəkət yağdırır’ (Malaki 3:10). Bütün əbədiyyət boyu Yehovanın qulları olaraq xidmət etmək necə də xoş olacaq!
Xatırlayırsınızmı?
• Biz nəyə görə Allahın qulları oluruq?
• Allahın iradəsinə tabe olduğumuzu necə göstəririk?
• Nəyə görə Yehovanın iradəsini özümüzünkündən üstün tutmağa hazır olmalıyıq?
• Nəyə görə arxaya baxmalı deyilik?
[14 və 15-ci səhifələrdəki şəkil]
İsraildəki könüllü köləlik məsihçi köləliyinin surəti idi.
[15-ci səhifədəki şəkil]
Vəftiz olunarkən Allahın qulları oluruq.
[15-ci səhifədəki şəkillər]
Allahın iradəsi məsihçilərin həyatında əsas yeri tutur.
[16-cı səhifədəki şəkil]
Musa Allahın tapşırığını dərhal yerinə yetirmədi.