Əzabverici hisslərlə mübarizə
LİNA həyatının çox hissəsini əzabverici hisslərlə mübarizə aparmışdır. O deyir: «Uşaqlıq illərində mə’ruz qaldığım cinsi təhqirlər şəxsi ləyaqət hissimi o qədər tapdalamışdı ki, özümü tamamilə lazımsız hiss edirdim». Simona da gənclik illərini belə xatırlayır: «Daxilimdə boşluq hissi duyurdum və heç nəyə yaramadığıma əmin idim». Bu qədər dərin mə’yusluq hissi bu gün çox geniş yayılıb. Yeniyetmələrə kömək etməklə məşğul olan bir telefon xidməti xəbər verir ki, onlara zəng vuran yeniyetmələrin yarıdan çoxu «daima “natamamlıq kompleksi” ilə mübarizə apardıqlarını» söyləyirlər.
Bir çox ekspertlərin fikrincə insanlarda özünə inamsızlıq adətən başqalarının tə’siri altında yaranır. Adətən belə hisslər, insan daima təhqirlərə mə’ruz qalanda, güclü tənqidin və kobud davranışın qurbanı olanda yaranır. Səbəblərdən asılı olmayaraq, nəticələr nəinki kədərli, hətta təhlükəli ola bilər. Bu yaxınlarda aparılan tibbi tədqiqatlara əsasən, özlərini dəyərsiz hesab edən insanlar həm özlərinə, həm də başqalarına inanmamağa meylli olur, bununla da istər-istəməz yaxın dostluq münasibətlərini təhlükə altına atırlar. Tədqiqatın hesabatında deyilir: «Bu insanlar ən çox qorxduqları vəziyyətləri müəyyən mə’nada elə özləri “yaradırlar”».
Adətən özlərinə qarşı bu cür hisslərlə yaşayan insanlar, Müqəddəs Kitabda deyildiyi kimi, daxildə olan narahatçılıqdan əziyyət çəkirlər (Məzmur 94:19). Onlara elə gəlir ki, heç vaxt ləyaqətli insan ola bilməyəcəklər. Hər hansı bir iş baş tutmayanda, belə insanlar qeyri-iradi olaraq ilk növbədə özlərini günahlandırırlar. Başqaları onları tə’rifləyəndə belə, daxildə özlərini əvvəl-axır iç üzü açılacaq bir fırıldaqçı kimi hiss edirlər. Çoxları xoşbəxtliyə layiq olmadıqlarına əmindirlər və heç vaxt düzəlməyəcəklərini düşünüb zəifliklərinə və nöqsanlarına göz yummağa başlayırlar. Özünə hörmət hissinin çatışmazlığından əziyyət çəkən Linanın qidalanma ilə ciddi problemləri yarandı. O deyir: «Həyatımda dəyişiklik etməyə gücüm yox idi».
Görəsən, bu cür hisslərlə yaşayan insanlar onlarla ömür boyu mübarizə aparmağamı məhkum ediliblər? Belə hisslərin öhdəsindən gəlmək üçün nə isə etmək olarmı? Müqəddəs Kitabda yazılmış prinsiplər və praktiki məsləhətlər bir çoxlarına bu mübarizədə uğur qazanmağa kömək etmişdir. Bu prinsiplərdən bə’ziləri hansılardır və onlar bizə həyatdan sevinc duymağa necə kömək edə bilər? Bunu növbəti məqalədən öyrənəcəksiniz.