Salehliyi axtarmaq bizi qoruyacaq
«Əvvəlcə... [Allahın] salehliyini axtarın» (MATTA 6:33).
1, 2. Gənc məsihçi qadın hansı qərarı qəbul etdi və nə üçün?
ASİYA ölkələrinin birində yaşayan gənc bir məsihçi qadın hökumət müəssisəsində katibə kimi çalışırdı. O, çox vicdanlı işçi idi, işə vaxtında gəlir və iş vaxtını boş yerə sərf etmirdi. Bununla belə, onun vəzifəsi daimi deyildi və bir gün namizədliyinə yenidən baxılmağın vaxtı gəldi. Şö’bə müdiri gənc qadına dedi ki, onu nəinki daimi işə götürəcək, hətta daha yüksək vəzifə də verəcək, bir şərtlə ki, o, müdiri ilə cinsi əlaqəyə girməlidir. Baxmayaraq ki, bu onun üçün işin itirilməsi demək idi, məsihçi qadın bu təklifdən dərhal imtina etdi.
2 Sizcə, gənc qadın düzmü hərəkət etdi? Bəli, çünki o, İsanın sözlərinə riayət edirdi: «Əvvəlcə... [Allahın] salehliyini axtarın» (Matta 6:33). Bu qadın üçün Allahın saleh əmrlərinə riayət etmək, cinsi əxlaqsızlıq yolu ilə nəyəsə nail olmaqdan daha vacib idi (1 Korinflilərə 6:18).
Salehliyin vacibliyi
3. Salehlik nə deməkdir?
3 «Salehlik» sözü altında əxlaqi təmizlik və doğruluq nəzərdə tutulur. Müqəddəs Kitabda «salehlik» kimi tərcümə edilən ibrani və yunan sözləri düzlük və əxlaq qaydalarına uyğun yaşamaq mə’nasını daşıyır. Lakin burada insanın özü haqqında şəxsi normalarına uyğun mühakimə yürütməsi nəzərdə tutulmur (Luka 16:15). Bu, Yehovanın normalarına əsaslanan salehlikdir. Bu, ‘Allahın salehliyidir’ (Romalılara 1:17, YD; 3:21, YD).
4. Salehlik nəyə görə məsihçi üçün vacibdir?
4 Salehlik nəyə görə məsihçi üçün vacibdir? Çünki Yehova «saleh Allah»dır və xalqı salehlik təzahür etdirəndə ona lütf göstərir (Məzmur 4:1, YD; Süleymanın məsəlləri 2:20-22; Habaqquq 1:13). Allahın gözündə düz olmayan hərəkətləri edən insan Onunla sıx münasibət qura bilməz (Süleymanın məsəlləri 15:8). Buna görə həvari Pavel Timoteyi ‘gənclik ehtiraslarından qaçmağa’ və salehliklə yanaşı başqa mühüm keyfiyyətləri də inkişaf etdirməyə təşviq edirdi (2 Timoteyə 2:22). Bu səbəbdən Pavel ruhani zirehlərimizin müxtəlif hissələrini sadalayanda oraya «salehlik zirehini» də daxil etmişdi (Efeslilərə 6:14).
5. Qeyri-kamil insanlar ‘salehliyi necə axtara’ bilərlər?
5 Sözsüz, heç bir insan sözün əsl mə’nasında saleh deyil. Adəmdən günahı miras aldığımız üçün hamımız dünyaya günahlı və qeyri-saleh gəlirik. Buna baxmayaraq, İsa ‘əvvəlcə salehliyi axtarmağı’ bizə məsləhət görür. Bu necə mümkündür? İsa öz kamil həyatını bizim uğrumuzda qurban verdi. Əgər onun gətirdiyi qurbana iman ediriksə, Yehova bizim günahlarımızı bağışlayacaq (Matta 20:28; Yəhya 3:16; Romalılara 5:8, 9, 12, 18). Yehovanın saleh normalarını öyrənib onlara riayət etmək üçün sə’y göstəririksə, həmçinin zəifliklərimiz üzərində qələbə çalmağa çalışırıqsa, onda Yehova bizə bol-bol xeyir-dua verəcək (Məzmur 1:6; Romalılara 7:19-25; Vəhy 7:9, 14). Necə də təsəlliverici bir fikirdir!
Şərlə dolu dünyada saleh olun
6. Erkən məsihçilər üçün dünya nəyə görə təhlükəli idi?
6 İsanın şagirdləri «dünyanın ən uzaq yerlərinə qədər» şahidlik etmək tapşırığı alanda çətin bir vəziyyətlə qarşılaşdılar (Həvarilərin işləri 1:8). Onlara tə’yin edilən ərazi bütövlüklə «şəririn hakimiyyəti altında» idi (1 Yəhya 5:19). Şeytan öz şər ruhunu bütün dünyaya hopdurmuşdu və məsihçilər istər-istəməz dünyanın zəhərləyici ruhunun tə’sirinə mə’ruz qalacaqdılar (Efeslilərə 2:2). Dünya məsihçilər üçün çox təhlükəli idi. Onlar nöqsansızlıqlarını qorumaq üçün ilk növbədə Allahın salehliyini axtarmalı və təhəmmül etməli idilər. Çoxları həqiqətən də, təhəmmül edə bildilər, amma ‘salehliyin yollarından’ dönənlər də az deyildi (Süleymanın məsəlləri 12:28; 2 Timoteyə 4:10).
7. Məsihçi hansı səbəblərə görə dünyanın pozucu tə’sirinə qarşı müqavimət göstərməlidir?
7 Bəs bizim zəmanə haqqında nə demək olar? O, məsihçilər üçün təhlükəsizdimi? Əsla yox! Dünya birinci əsrdə olduğundan daha betərdir. Üstəlik, Şeytan da yer üzünə atılıb və «[qadının] nəslindən olan, Allahın əmrlərinə riayət edib, İsaya olan şəhadətlərinə bağlı qalan» məsh edilmiş məsihçilərə qarşı amansız müharibə aparır (Vəhy 12:12, 17). Həmçinin Şeytan ‘qadının nəslindən olanların’ tərəfdarlarına da hücum edir. Bütün bunlara baxmayaraq, məsihçilər dünyadan qaça bilməzlər. Dünyanın bir hissəsi olmasalar da, onlar bu dünyada yaşamalıdırlar (Yəhya 17:15, 16). Məsihçilər, həmçinin ürəkləri həqiqətə meylli olanları tapmaq üçün təbliğ etməli və onlara Məsihin şagirdləri olmağa kömək etməlidirlər (Matta 24:14; 28:19, 20). Deməli, məsihçilər bu dünyanın pozucu tə’sirindən tamamilə qaça bilməsələr də, ona qarşı müqavimət göstərməlidirlər. Gəlin bu tə’sirlərdən dördünü araşdıraq.
Əxlaqsızlıq tələsi
8. İsraillilər nə üçün moavlıların allahlarına səcdə etməyə başladılar?
8 Səhradakı 40 illik səyahətin sonuna yaxın israillilərin böyük bir qismi salehlik yolundan döndü. İsraillilər Yehovanın onları dönə-dönə xilas etməsinin şahidi olmuşdular və artıq Və’d edilmiş diyara daxil olmağa hazırlaşırdılar. Bununla belə, bu həlledici vaxtda onlar moavlıların allahlarına səcdə etməyə başladılar. Nə üçün? Çünki onlar ‘cismani ehtirasa’ uydular (1 Yəhya 2:16). Müqəddəs Kitabda yazılıb: «İsrail... kişiləri Moav qızları ilə zina etməyə başladılar» (Saylar 25:1).
9, 10. Özümüzü cismani ehtirasın pozucu tə’sirindən qorumaq nəyə görə bu gün xüsusilə vacibdir?
9 Bu qısa epizod aydın şəkildə göstərir ki, cismani ehtiras ehtiyatsızları düzgün yoldan çıxara bilər. Əxlaqsızlığın bütün dünyada normal bir şey sayıldığını nəzərə alaraq, yaxşı olardı ki, biz bu cür hadisələrdən özümüzə ibrət dərsi götürək (1 Korinflilərə 10:6, 8). Birləşmiş Ştatlardan olan bir hesabatda qeyd edilir: «1970-ci illərədək, nikahdan əvvəl birgə yaşamaq Amerikanın bütün ştatlarında qanunsuz sayılırdı. İndi isə bu, artıq adət halını alıb. İlk dəfə ailə quranların yarısından çoxu nikahdan əvvəl birgə yaşamışlar». Bu və buna bənzər digər yüngül əxlaqlı davranış yalnız bir ölkədə baş vermir. Onlar bütün dünyada artıq normal bir şey kimi qəbul edilir. Əfsuslar olsun ki, bə’zi məsihçilər də bu «ən’ənəyə» uyaraq məsihçi mövqelərini itiriblər (1 Korinflilərə 5:11).
10 Demək olar ki, bu gün əxlaqsızlığın təbliğ edilmədiyi yer qalmayıb. Filmlər və televiziya proqramları elə bir fikir irəli sürür ki, guya nikahdan əvvəl cinsi həyat sürməkdə pis bir şey yoxdur, homoseksual əlaqə tamamilə normal bir şeydir. Hətta bir çox şoular televiziya ekranlarından açıq-aşkar cinsi aktı göstərir. Pornoqrafik səhnələrə İnternet vasitəsilə asanlıqla yol tapmaq olar. Məsələn, bir qəzet müxbiri danışır ki, yeddi yaşlı oğlu məktəbdən evə qayıdanda həyəcanla atasına bildirir ki, sinif yoldaşlarından biri İnternetdə çılpaq qadınların sekslə məşğul olduqlarını göstərən bir sayta rast gəlib. Oğlanın atası bunu eşidəndə dəhşətə gəldi. Amma uşaqların hamısımı bu cür saytlara rast gəldikdə valideynlərinə xəbər verir? Bəs uşağının kompüter oyunlarının məzmunundan neçə valideynin xəbəri var? İndi müasir kompüter oyunlarının çoxu iyrənc əxlaqsızlıq, demonizm və zorakılıqla doludur.
11. Ailə özünü dünyanın əxlaqsız tə’sirindən necə qoruya bilər?
11 Ailə bu cür pozğun əyləncə növlərinə necə müqavimət göstərə bilər? İlk növbədə Allahın salehliyini axtarmaqla və əxlaqsızlığın hər hansı bir növü ilə məşğul olmaqdan tamamilə imtina etməklə siz ailənizi dünyanın pis tə’sirindən qoruya bilərsiniz (2 Korinflilərə 6:14; Efeslilərə 5:3). Valideynlər uşaqlarına Yehova Allaha və Onun saleh qanunlarına məhəbbət aşılamaqla, o cümlədən uşaqlarının nə ilə məşğul olduqlarına lazımi qaydada nəzarət etməklə, onlara pornoqrafiya, pornoqrafik video oyunlar, əxlaqı pozan video filmlər və Allahın gözündə saleh olmayan digər həvəs oyadan əyləncə növlərinə «yox» deməyi öyrədəcəklər (Qanunun təkrarı 6:4-9)a.
Yerli adət-ən’ənələrin mənfi tə’siri
12. Birinci əsr yığıncaqlarının birində hansı problem mövcud idi?
12 Pavel, Kiçik Asiyada yerləşən Listra şəhərində olarkən mö’cüzəvi şəkildə bir kişini sağaltdı. Müqəddəs Kitabda deyilir: «Pavelin nə etdiyini görən xalq, səsini yüksəldib, Likayoniya dilində: “Tanrılar insan surətində yanımıza eniblər!” — dedilər. Barnabanı Zevs, Paveli isə baş natiq olduğu üçün Hermes adlandırdılar» (Həvarilərin işləri 14:11, 12). Bir müddətdən sonra elə həmin adamlar Pavellə Barnabanı öldürmək istədilər (Həvarilərin işləri 14:19). Bəli, o adamlar ərazilərində yaşayan insanların tə’siri altına tez düşürdülər. Hətta o ərazilərdə bir çoxları məsihçiliyi qəbul edəndə belə, bə’zi mövhumi imanlarından hələ əl çəkməmişdilər. Kolos şəhərindəki yığıncağa yazdığı məktubunda Pavel məsihçiləri xəbərdar edirdi ki, «mələklərə pərəstişdən» uzaq dursunlar (Koloslulara 2:18).
13. Məsihçi hansı adətlərlə əlaqəsini kəsməlidir və bunun üçün o qüvvəni haradan ala bilər?
13 Bu gün də məsihçilər Müqəddəs Kitab prinsiplərinə zidd gedən və yanlış dini fikirlərə əsaslanan adət və ən’ənələrdən özlərini gözləməlidirlər. Məsələn, bə’zi ölkələrdə doğum və ölümlə əlaqədar qeyd olunan mərasimlərin çoxu insan öləndən sonra guya onun ruhunun bədənindən çıxması ilə bağlı yalan inanclara əsaslanır (Vaiz 9:5, 10). Başqa ölkələrdə qız uşaqlarının cinsiyyət orqanlarını şikəst edirlərb. Bu, əzablı, tamamilə lazımsız bir adət məsihçi valideynin öz uşağına göstərməli olduğu məhəbbət və qayğını heç cür əks etdirmir (Qanunun təkrarı 6:6, 7; Efeslilərə 6:4). Məsihçiyə bu cür yerli adətlərlə əlaqəni kəsməyə nə kömək edə bilər? Cavab aydındır: məsihçi Yehovaya bütün qəlbi ilə e’tibar etməlidir (Məzmur 31:6). Saleh Allah Yehova Ona bütün ürəyi ilə «O mənim siğınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm» deyə müraciət edənləri möhkəmləndirəcək və onlara qayğı göstərəcək (Məzmur 91:2; Süleymanın məsəlləri 29:25).
Yehovanı unutma
14. Və’d edilmiş diyara girməzdən əvvəl Yehova israillilərə nə haqda xəbərdarlıq etmişdi?
14 Və’d edilmiş diyara girməzdən əvvəl Yehova israilliləri xəbərdar etmişdi ki, Onu unutmasınlar: «Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin. Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda, naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda ürəyiniz qürurla dolmasın. Diqqət edin ki... Allahınız Rəbbi unutmayasınız» (Qanunun təkrarı 8:11-14).
15. Yehovanı unutmadığımıza necə əmin ola bilərik?
15 Bəs bu gün belə bir hal baş verə bilərmi? Bəli, əgər həyatda üstünlüyü vacib şeylərə vermiriksə, onda baş verə bilər. Lakin əgər həyatımızda ilk yerə Allahın salehliyini qoyuruqsa, onda Yehova Allaha ibadət həyatımızda başlıca yeri tutacaq. Pavel bizi xidmətimizin vacibliyini unutmamağa və ‘hər fürsətdən istifadə etməyə’ təşviq edir (Koloslulara 4:5; 2 Timoteyə 4:2). Amma biz istirahəti və yaxşı vaxt keçirməyi yığıncaq görüşlərindən və təbliğ xidmətindən daha üstün tuturuqsa, onda Yehovanı həyatımızda ikinci yerə qoymuş oluruq və Onu tezliklə unuda bilərik. Pavel deyirdi ki, axır günlərdə insanlar ‘zövqü Allahdan çox sevəcəklər’ (2 Timoteyə 3:4). Səmimi məsihçilər belə fikirlərin onlara tə’sir edib-etmədiyini aşkar etmək üçün öz hərəkətlərini təhlil etməlidirlər (2 Korinflilərə 13:5).
Özünüzü müstəqillik ruhundan qoruyun
16. Həvva, sonralar isə Pavelin günlərində yaşayanlar hansı düzgün olmayan ruhu nümayiş etdirirdilər?
16 Hələ Eden bağında ikən Şeytan, Allahdan asılı olmamağı cazibədar bir şəkildə qələmə verərək, Həvvada eqoist hisslər oyatdı. Həvva müstəqil olmaq, nəyin yaxşı, nəyin pis olduğunu özü müəyyən etmək istədi (Yaradılış 3:1-6). Birinci əsrin Korinf yığıncağında da bu cür problem mövcud idi. Korinf məsihçilərinə elə gəlirdi ki, onlar Paveldən daha çox bilirlər və buna görə Pavel onları istehza ilə «fövqəlhəvari» adlandırırdı (2 Korinflilərə 11:3-5; 1 Timoteyə 6:3-5).
17. Özümüzü müstəqillik ruhundan qorumaqda bizə nə kömək edəcək?
17 Bu gün dünyada insanların çoxu ‘inadcıl, məğrurdurlar’. Əfsuslar olsun ki, bə’zi məsihçilər də bu cür keyfiyyətləri təzahür etdirirlər. Bə’ziləri hətta həqiqətə belə müqavimət göstərməyə başlayıblar (2 Timoteyə 3:4, KM; Filipililərə 3:18). Əgər ibadətimizin təmiz olmasını istəyiriksə, onda Yehovadan rəhbərlik almalı, «sadiq və ağıllı qul» və yığıncaq ağsaqqalları ilə əməkdaşlıq etməliyik. Belə davranmaqla biz Allaha salehliyi axtardığımızı göstəririk. Bu, bizi müstəqillik ruhunu inkişaf etdirməkdən qoruyacaq (Matta 24:45-47; Məzmur 25:9, 10; Yeşaya 30:21). Məsh edilmişlərin yığıncağı «həqiqətin dirəyi və əsası»dır. Yehova bizi qorumaq və bizə rəhbərlik göstərmək üçün ondan istifadə edir (1 Timoteyə 3:15). Əgər biz Yehovanın saleh iradəsini yerinə yetirməkdə bu yığıncağın oynadığı vacib rolu dərk edib, həlimliklə onun göstərişlərinə riayət ediriksə, bu bizi «şöhrətpərəstliklə» davranmaqdan qoruyacaq (Filipililərə 2:2-4; Süleymanın məsəlləri 3:4-6).
İsanı təqlid edin
18. Biz İsanı həyatın hansı sahələrində təqlid edə bilərik?
18 İsa haqqında Müqəddəs Kitab peyğəmbərlik edirdi: «Salehliyi sevib pisliyə nifrət edirsən» (Məzmur 45:7; İbranilərə 1:9). Həqiqətən də, İsa təqlid edilməli bir insandır! (1 Korinflilərə 11:1). O, Yehovanın saleh normalarını bilməklə yanaşı, bu normaları bütün ürəyi ilə sevirdi. Buna görə də, Şeytan onu səhrada imtahana çəkərkən, İsa ‘salehlik yolundan’ əsla dönmədi (Süleymanın məsəlləri 8:20; Matta 4:3-11).
19, 20. ‘Salehliyi axtarmaq’ hansı yaxşı nəticələri gətirir?
19 Düzdür, cismani ehtiras çox güclü ola bilər (Romalılara 7:19, 20). Bununla belə, əgər biz salehliyi qiymətləndiririksə, pisliyə nifrət edəcəyik (Məzmur 119:165). Bizə qarşı pislik üz verəndə salehliyə olan dərin məhəbbət bizi sipər tək müdafiə edəcək (Süleymanın məsəlləri 4:4-6). Unutma, cismani ehtiraslara hər dəfə təslim olarkən biz Şeytana qələbə çaldırırıq. Bunun əvəzinə ona müqavimət göstərərək qələbəni Yehovaya qazandırmaq nə qədər yaxşı olardı! (Süleymanın məsəlləri 27:11; Yaqub 4:7, 8).
20 Məsihçilər ‘salehliyi axtardıqlarına’ görə ‘Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələrinə’ malikdirlər (Filipililərə 1:10, 11). Onlar ‘Allahın bənzəyişinə görə həqiqi salehlik və müqəddəsliklə yaradılmış yeni mənliyi geyirlər’ (Efeslilərə 4:24). Məsihçilər Yehovaya məxsusdurlar və özlərini deyil, Yehovanı məmnun etmək üçün yaşayırlar (Romalılara 14:8; 1 Peter 4:2). Bu məqsəd onların düşüncə və hərəkətlərinə istiqamət verir. Bizim səmavi Atamız buna necə də sevinir! (Süleymanın məsəlləri 23:24).
[Haşiyələr]
a Valideynlər ailələrini əxlaqsız tə’sirlərdən qorumağa dair dəyərli məsləhətləri Yehovanın Şahidləri tərəfindən dərc edilmiş «Ailə xoşbəxtliyinin sirri» kitabında tapa bilərlər.
b Qadın cinsiyyət orqanlarının şikəst edilməsi əvvəllər qadın sünnəti adlanırdı.
İzah edə bilərsinizmi?
• ‘Salehliyi axtarmaq’ nə üçün vacibdir?
• Məsihçi qeyri-kamil olsa da, salehliyi necə axtara bilər?
• Məsihçi dünyaya xas olan hansı əməllərdən özünü qorumalıdır?
• ‘Salehliyi axtarmaq’ bizi necə qoruyur?
[29-cu səhifədəki şəkil]
Uşağına Yehovanı sevməyi öyrədən valideyn onu əxlaqsızlıqdan qoruyacaq.
[30-cu səhifədəki şəkil]
İsraillilərdən bə’ziləri Və’d edilmiş diyarda firavanlıq içində yaşayandan sonra Yehovanı unutdu.
[31-ci səhifədəki şəkil]
İsa kimi, məsihçilər də pisliyə nifrət edirlər.
[32-ci səhifədəki şəkil]
İsanın şagirdləri üçün dünya çox təhlükəli idi.