Təravət gətirən faydalı istirahət
«Beləliklə, yeyirsinizsə, içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin» (1 KORİNFLİLƏRƏ 10:31).
1, 2. Zövq verən əyləncələr nə üçün ‘Allahın bəxşişi’ kimi qiymətləndirilə bilər, eyni zamanda Müqəddəs Kitabda hansı açıq xəbərdarlıq vardır?
ZÖVQ VERƏN işlərlə məşğul olmaq istəyi təbiidir. Xoşbəxt Allahımız Yehova da həyatdan zövq almağımızı istədiyi üçün, bizi çox şeylə tə’min edir (1 Timoteyə 1:11; 6:17). Müdrik padşah Süleyman yazmışdır: «Mən bilirəm ki... şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir» (Vaiz 3:12, 13).
2 Xüsusilə ailənin və ya dostların ürəkaçan əhatəsində olarkən, insanın gördüyü işlərdən zövq alması həqiqətən də təravətləndiricidir. Bunu, layiqincə ‘Allahın bəxşişi’ kimi qiymətləndirmək olar. Əlbəttə, Yaradanın bizə belə səxavətlə verdiyi bəxşiş, başımızın nəzarətsiz şənliklərə qarışmasına əsas vermir. Müqəddəs Kitab sərxoşluğu, qarınqululuğu və əxlaqsızlığı mühakimə edir və belə işlərlə məşğul olanların ‘Allahın Səltənətini [Padşahlığını] miras almayacağını’ xəbərdar edir (1 Korinflilərə 6:9, 10; Süleymanın məsəlləri 23:20, 21; 1 Peter 4:1-4).
3. Ruhani cəhətdən oyaq durmağa və Yehovanın böyük gününü nəzərdən qaçırmamağa bizə nə kömək edə bilər?
3 Biz pozğun bir dünyada yaşayırıq, buna görə bu çətin axır günlərdə Müqəddəs Kitabın müdrik prinsiplərinə riayət etmək və özümüzü dünyadan ləkəsiz saxlamaq son dərəcədə çətindir (Yəhya 17:15, 16). Bizim dövrümüzdə insanlar ‘zövqü Allahdan’ o dərəcədə ‘çox sevirlər’ ki, ‘böyük məşəqqətin’ astanasında yaşadığımızı göstərən əlamətlərə əhəmiyyət vermirlər (2 Timoteyə 3:4, 5; Matta 24:21, 37-39). İsa öz davamçılarını xəbərdar etdi: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın» (Luka 21:34, 35). Allahın xidmətçiləri olaraq, İsanın xəbərdarlığını yaddan çıxarmamalıyıq. Yaşadığımız allahsız dünyadan fərqli olaraq, biz ruhani cəhətdən oyaq durmaq və Yehovanın böyük gününü nəzərdən qaçırmamaq üçün var qüvvəmizlə çalışırıq (Sefanya 3:8; Luka 21:36).
4. a) Münasib əyləncə növü tapmaq nə üçün çətindir? b) Efeslilərə 5:15, 16 ayələrində hansı məsləhət yazılıb?
4 İblis bu dünyanın natəmiz vərdişlərini o dərəcədə cazibəli və əlçatan edib ki, onlardan qaçınmaq asan deyil. Bu çətinlik özünü, xüsusilə əyləncə və istirahət növü seçərkən büruzə verir. Dünyanın təqdim etdiyi əyləncələrin çoxu ‘cismani ehtirasların’ tə’min edilməsinə yönəldilib (1 Peter 2:11). Zərərli əyləncələrə, əsasən ictimai yerlərdə rast gəlinsə də, mətbuat, televiziya, internet və videofilmlər vasitəsilə evə də daxil ola bilər. Buna görə də Allahın Kəlamı məsihçilərə belə bir müdrik məsləhət verir: «Nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, çünki yaşadığımız günlər şərdir» (Efeslilərə 5:15, 16). Zərərli əyləncələr vaxtımızı ala, hətta Yehova ilə münasibətlərimizi pozaraq bizi məhv edən tor ola bilər. Lakin Pavelin efeslilərə verən məsləhətinə ciddi əməl etdikdə, bütün bunlardan qaçınmaq mümkündür. (Yaqub 1:14, 15).
5. Bizə daha yaxşı təravəti nə gətirir?
5 Məsihçilər gərgin həyat tərzi sürdükləri üçün istirahətə ehtiyacları olduğunu başa düşürlər. Vaiz 3:4 ayəsində də deyilir ki, «gülməyin öz vaxtı... rəqs etməyin öz vaxtı» vardır. Beləliklə, Müqəddəs Kitab istirahət üçün ayrılan vaxtı əbəs yerə sərf edilən vaxt hesab etmir. Lakin istirahət ruhaniliyimizə xələl yetirməməli və ya ruhani fəaliyyətimizi sixışdırmamalı, əksinə, təravət gətirməlidir. Yetkin məsihçilər şəxsi təcrübələrindən bilirlər ki, insan verməklə daha xoşbəxt ola bilər. Onlar Yehovanın iradəsini həyatlarında birinci yerə qoyur və İsanın ‘asan boyunduruğunu’ götürməklə ‘canlarına həqiqi rahatlıq tapırlar’ (Matta 11:29, 30; Həvarilərin işləri 20:35).
Münasib əyləncə seçimi
6, 7. Hər hansı əyləncənin münasib olub-olmadığını necə müəyyən edə bilərsən?
6 Hər hansı əyləncə növünün məsihçilər üçün münasib olduğuna necə əmin ola bilərik? Uşaqlara bu məsələdə rəhbərliyi ilk növbədə valideynlər verməlidirlər, lakin əlavə məsləhətə ehtiyac duyulduqda ağsaqqallar kömək edə bilərlər. Əlbəttə, bu o demək deyildir ki, müəyyən kitabın, kinofilmin, oyunun, rəqsin və ya mahnının münasib olub-olmadığını hər dəfə başqaları bizə söyləməlidirlər. Pavel yazırdı ki, yetkinlər dərketmə qabiliyyətlərini tətbiq etməklə yaxşını pisdən ayırd etməyə alışdırmalıdırlar (İbranilərə 5:14, 1 Korinflilərə 14:20). Müqəddəs Kitabda bu məsələlərə dair rəhbərlik təqdim edən prinsiplər vardır. Allahın Kəlamı əsasında tərbiyə olunmuş vicdanınızın səsinə qulaq assanız, o, sizə kömək edəcəkdir (1 Timoteyə 1:19).
7 İsanın sözlərinə əsasən «ağac meyvəsindən tanınır» (Matta 12:33). Zorakılıq, əxlaqsızlıq və spiritizm kimi çürük bəhrələr gətirən əyləncələrdən imtina etmək gərəkdir. Həmçinin kiminsə həyatına və sağlamlığına təhlükə yaradan, aılənin büdcəsinə zərər gətirən və ya başqalarının büdrəməsinə səbəb ola bilən əyləncə növləri də münasib deyildir. Həvari Pavel xəbərdarlıq etmişdi ki, qardaşımızın vicdanına toxunduğumuz təqdirdə biz günah işlətmiş oluruq. O yazırdı: «Öz qardaşlarınıza qarşı günah işlədib, onların zəif vicdanına toxunmaqla, siz, Məsihə qarşı günah işlədirsiniz. Buna görə, əgər yemək qardaşımın büdrəməsinə səbəb olursa, mən əsla ət yemərəm ki, qardaşımı büdrətməyim» (1 Korinflilərə 8:12, 13).
8. Elektron oyunları və videofilmlər özündə hansı təhlükəni gizlədir?
8 Mağaza vitrinləri elektron oyunları və videofilmləri ilə aşıb-daşır. Onların bə’ziləri zərərsiz ola bilər, lakin bütövlükdə götürüldükdə Müqəddəs Kitabın mühakimə etdiyi işlər getdikcə daha çox onlarda öz əksini tapır. Əlbəttə, oyunçudan şikəst etmək, öldürmək və ya əxlaqsız hərəkət etmək tələb edilirsə, bu oyun heç də zərərsiz deyil. Yehova «zorakılığı sevənə» nifrət edir (Məzmur 11:5, KM; Süleymanın məsəlləri 3:31; Koloslulara 3:5, 6). Səndə tamahkarlıq və ya təcavüzkarlıq xüsusiyyətlərini yaradan, emsional taqətsizlik gətirən və dəyərli vaxtını alan oyunun ruhaniliyinə zərər vurduğunu e’tiraf et və dərhal münasib tədbir gör (Matta 18:8, 9).
İstirahətə olan ehtiyacı faydalı şəkildə ödəməyin üsulları
9, 10. İstirahət növü seçərkən uzaqgörənliyi necə təzahür etdirmək olar?
9 Bə’zən məsihçilər sual verirlər: «Bəs hansı münasib əyləncə növləri var? Bu dünyanın təqdim etdiyi çox şey Müqəddəs Kitab normalarına ziddir». Əmin ol: zövq verən istirahət tapmaq mümkündür, lakin bunun üçün sə’y göstərmək lazımdır. Xüsusilə valideynlərdən yaxşı planlaşdırma tələb olunur. Bir çoxları ailə üzvləri ilə birgə və bacı-qardaşların əhatəsində yaxşı istirahət edirlər. Süfrə arxasına yığışarkən gün ərzində baş verən hadisələri və ya hər hansı Müqəddəs Kitab mövzusunu müzakirə edərək çox gözəl vaxt keçirmək olar. Piknik, müxtəlif oyunlar, təbiətə səyahətə çıxmaq və ya piyada ekskursiya təşkil etmək olar. Belə faydalı istirahət həqiqətən də zövqverici və təravətləndirici ola bilər.
10 Üç uşaq böyüdüb başa çatdırmış bir ağsaqqal və onun həyat yoldaşı belə deyirlər: «Hələ övladlarımızın kiçik yaşlarından tə’tili harada keçirəcəyimizi onlarla birgə qərara alırdıq. Bə’zən hər bir uşağa yaxın dostunu də’vət etməyə icazə verirdik ki, tə’til daha maraqlı keçsin. Biz uşaqların həyatında baş verən vacib hadisələrə laqeyd yanaşmırdıq. Vaxtaşırı evimizə yığıncaqdan hər hansı ailəni və ya dostlarımızı də’vət edirdik. Bir dəfə biz gəzintiyə çıxdıq. Açıq havada xörək bişirir, oyunlar oynayırdıq. Arabir isə dağlara maşınla və ya piyada gəzintiyə çıxırdıq. Bu gəzintindən Yehovanın yaratdıqlarını öyrənmək fürsəti kimi istifadə etdik.
11, 12. a) Vaxtaşırı istirahət təşkil edərkən başqalarını necə nəzərə ala bilərsiniz? b) Hansı əyləncələr bir çoxlarının yaddaşında silinməz izlər buraxmışdır?
11 Şəxsən və ya ailəvi olaraq vaxtaşırı istirahət təşkil edərkən başqalarını da də’vət edə bilərsinizmi? Bə’ziləri, məsələn, dul qadınlar, subaylar və ya natamam ailələr ruhlandırılmağa ehtiyac duya bilərlər (Luka 14:12-14). Həmçinin yığıncağa yeni gələnlərdən bir neçəsini də də’vət edə bilərsən, lakin bu halda başqalarının zərərli tə’sirə mə’ruz qalmaması üçün ehtiyatlı olmaq lazımdır (2 Timoteyə 2:20, 21). Əgər kimsə zəif sağlamlığı ucbatından evdən çıxa bilmirsə, evinə yemək apararaq onu qonaq etmək olar (İbranilərə 13:1, 2).
12 Sadə süfrə arxasında yığışaraq bir-birlərinin necə həqiqətə gəldikləri və Allaha sadiq qalmağa nəyin kömək etdiyi haqqında edilən söhbətlər çoxlarının yaddaşında unudulmaz olaraq qalıb. Müqəddəs Kitabdan müxtəlif mövzuların müzakirəsinə, uşaqlar da daxil olmaqla, hamını qoşmaq olar. Belə ünsiyyət hamı üçün maraqlı və ruhlandırıcı olur, eyni zamanda heç kimin özünü narahat və ya yad kimi hiss etməyə yol vermir.
13. İsa və Pavel qonaqpərvərlik göstərməkdə və göstərilən qonaqpərvərliyi qəbul etməkdə hansı nümunəni qoymuşlar?
13 İsa ona göstərilən qonaqpərvərliyi qəbul etməkdə və şəxsən qonaqpərvərlik göstərməkdə gözəl nümunə qoymuşdur. O, həmişə belə qonaqlıqlardan ruhani fikirləri bölüşmək üçün istifadə edirdi (Luka 5:27-39; 10:42; 19:1-10; 24:28-32). İlk davamçıları da onun nümunəsini izləyirdilər (Həvarilərin işləri 2:46, 47). Həvari Pavel yazırdı: «Mə’nən qüvvətli olmanıza görə sizə ruhani bir ən’am bəxş etmək üçün sizi görməyi çox arzulayıram, daha doğrusu, mən aranızda ikən, sizdə və məndə olan müştərək iman vasitəsilə təşviq olunaq» (Romalılara 1:11, 12). Oxşar tərzdə, biz də istirahət etmək üçün bir yerə yığışanda bir-birimizi ruhlandırmalıyıq (Romalılara 12:13; 15:1, 2).
Bə’zi xatırlatmalar və xəbərdarlıqlar
14. Nə üçün böyük şənliklər keçirmək məsləhət deyil?
14 Böyük şənliklər təşkil etmək məsləhət görülmür, çünki belə məclisə nəzarət etmək çox vaxt çətin olur. Ruhani işlər planlaşdırılmayan vaxtlarda bir neçə ailə birlikdə piknikə getmək və ya rəqabətə yol vermədən oyunlar oynamaq qərarına gələ bilər. Bir neçə ağsaqqal, xidməti köməkçi və ya digər yetkin məsihçilərin belə şənliklərdə iştirak etməsi hamıya yaxşı tə’sir göstərər və belə dostluq görüşləri daha təravətləndirici ola bilər.
15. Nəyə görə ev sahibi təşkil etdiyi şənliklərə lazımi qaydada nəzarət etmək üçün məs’uliyyət daşıyır?
15 Şənliklərin təşkilatçıları nəzarətin lazımi qaydada olmasına e’tinasız yanaşmamalıdırlar. Əlbəttə, qonaqpərvərlik göstərmək insana sevinc gətirir. Lakin e’tinasızlığınız ucbatından evinizdə baş verənlər qonağın büdrəməsinə səbəb olarsa, bu sizi mə’yus etməyəcəkmi? Qanunun təkrarı 22:8 ayəsində yazılan prinsipə diqqət yetirin. Yeni ev tikən israilli, çox vaxt qonaq qəbul etmək üçün istifadə edilən evin yastı damının kənarına sürahi çəkməli idi. Nə üçün? «Kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin». Bənzər şəkildə, öz qonaqlarınızı müdafiə etmək üçün, yersiz məhdudiyyətləri istisna edərək, hər hansı tədbiri gördükdə, onların fiziki və ruhani rifahını nəzərə almaq lazımdır.
16. Şənliklərdə spirtli içkilər veriləcəksə, hansı ehtiyat tədbiri görülməlidir?
16 Əgər şənliklərdə spirtli içkilər veriləcəksə, o zaman ehtiyatlı olmaq lazımdır. Bir çox məsihçilər qonaqlarına hansı içkilərin veriləcəyinə və onların nə qədər içəcəklərinə yalnız özlərinin şəxsən nəzarət edə biləcəkləri təqdirdə süfrəyə spirtli içkilər qoymağı qərara alırlar. Heç bir şey başqalarını büdrətməməli və ya həddindən artıq içməyə həvəsləndirməməlidir (Efeslilərə 5:18, 19). Müxtəlif səbəblərdən irəli gələrək, kimsə, ümumiyyətlə spirtli içki içməkdən imtina edə bilər. Bə’zi ölkələrdə müəyyən yaş həddinədək spirtli içkilər içmək qadağan edilib və məsihçilər, hətta çox sərt görünsə belə, qeysərin qanununa tabe olmalıdırlar (Romalılara 13:5).
17. a) Əgər şənliklərdə musiqi olacaqsa, hansı musiqinin səslənəcəyinə ev sahibi nəyə görə diqqətli olmalıdır? b) Şənliklərdə rəqs edilərkən ədəb qaydalarını necə gözləmək olar?
17 Ev sahibi əmin olmalıdır ki, şənlikdə olan musiqi, rəqs və ya əyləncə məsihçi prinsiplərinə müvafiqdir. Zövqlər müxtəlifdir və bir çox mahnılar da məsihçi prinsiplərinə zidd deyil. Buna baxmayaraq, müasir mahnıların əksəriyyəti üsyankarlıq ruhunu, əxlaqsızlığı və zorakılığı aşılayır. Buna görə də müsiqi seçəndə ehtiyatlı olmaq lazımdır. Bu o demək deyil ki, münasib musiqi yalnız yavaş tempdə olmalıdır, hissiyyatlı, bayağı və gərgin ritmli olmamalı, həmçinin yüksəkdən səsləndirilməməlidir. Diqqətli ol ki, musiqi seçimini səsi orta hündürlükdə saxlamağın vacibliyini başa düşməyən kəsə tapşırmayasan. Ədəbsiz hərəkətlərlə, omba və döşlərin şəhvani titrədilməsi ilə müşayiət edilən rəqslər aydın məsələdir ki, məsihçilərə yaraşmır (1 Timoteyə 2:8-10).
18. Valideynlər uşaqlarını necə müdafiə edə bilərlər?
18 Məsihçi valideynlər uşaqlarının də’vət olunduqları şənliklərdə nə olacağı ilə maraqlanmalıdırlar və çox zaman özlərinin də uşaqları ilə birgə orada olmaları müdrik hərəkət olardı. Təəssüflər olsun ki, bə’zi valideynlər uşaqlarının nəzarətsiz keçən şənliklərə getməsinə icazə vermişlər və burada əxlaqsızlığa və ya başqa nalayiq hərəkətlərə yol verilmişdir (Efeslilərə 6:1-4). Hətta uşaqlar gənclik dövrünə qədəm qoyduqda və ya e’tibar qazandıqda belə onlara «gənclik ehtiraslarından» qaçmağa kömək etmək lazımdır (2 Timoteyə 2:22).
19. Hansı reallıq fikrimizi ‘əvvəlcə axtarmalı’ olduğumuz şeyə cəmləşdirməyə kömək edə bilər?
19 Vaxtaşırı təşkil etdiyimiz təravət gətirən və faydalı istirahət və əyləncələr həyatı daha maraqlı edə bilər. Yehova bizi bu həzdən məhrum etmir, ancaq sirr deyil ki, belə əyləncələr göylərdə xəzinə yığmamıza heç də kömək etmir (Matta 6:19-21). İsa öz davamçılarına kömək etdi ki, ‘bütpərəstlərin axtardığı’ kimi yemək, içmək və ya geymək deyil, əvvəlcə ‘Allahın Səltənətini [Padşahlığını] və Onun salehliyini axtarmağın’ həyatda ən vacib şey olduğunu dərk etsinlər (Matta 6:31-34).
20. Yehovanın sadiq xidmətçiləri, xalqını hər şeylə tə’min edən Allahın gələcəkdə verəcəyi hansı ne’mətləri səbirsizliklə gözləyirlər?
20 Bəli, ‘yeyiriksə, içiriksə, nə ediriksə’, bizi həyatdan zövq almamız üçün hər bir yaxşı şeylə kifayət qədər tə’min edən Allaha minnətdar olaraq ‘hər şeyi Allahın izzəti üçün edə’ bilərik (1 Korinflilərə 10:31). Yaxın gələcəkdə gözlənilən Cənnətdə isə saleh insanlarla birgə həyatdan zövq almamız üçün Yehova bizi sonsuz sayda ne’mətlərlə tə’min edəcəkdir (Məzmur 145:16; Yeşaya 25:6; 2 Korinflilərə 7:1).
Xatırlayırsınızmı?
• Nəyə görə bu gün məsihçilərə faydalı istirahət növü tapmaq çətindir?
• Məsihçi ailələri hansı əyləncə növlərindən zövq alırlar?
• Faydalı istirahət keçirərkən hansı xatırlatmalar və xəbərdarlıqları yadda saxlamaq lazımdır?
[24-cü səhifədəki şəkil]
Yaxşı bəhrələr gətirən istirahət növünü seçin.
[25-ci səhifədəki şəkillər]
Məsihçilər hansı əyləncə növündən imtina edirlər?