Siz həyat yoldaşınızla uğurlu ünsiyyət qura bilərsiniz
«GƏRƏK belə deməzdim!» «O məni düz başa düşmədi!» Həyat yoldaşınızla ünsiyyət etmək cəhdlərindən sonra heç belə hisslər keçirdiyiniz olubmu? Ünsiyyət bir bacarıqdır və insanda avtomatik olaraq yaranmır, onun üzərində işləmək lazımdır. İstənilən qabiliyyət kimi, ünsiyyət də bə’zi insanlarda yaxşı, bə’zilərində isə pis alınır. Əgər ünsiyyət etmək sizə də çətin gəlirsə, ruhdan düşməyin. Fikir və hisslərinizi xoş sözlərlə ifadə etmək, ünsiyyətdən həzz almaq sizin üçün də mümkün ola bilər.
Həyat yoldaşı ilə münasibətə mədəniyyət də öz tə’sirini göstərir. Oğlanlara uşaqlıqdan öyrədirlər: «Kişi çoxdanışan olmaz». Çox danışan kişiyə yüngülxasiyyət, boşboğaz kimi baxırlar. Düzdür, Müqəddəs Kitabda da deyilir: «Qoy hər bir adam eşitməkdə iti, söz söyləməkdə ağır... olsun» (Yaqub 1:19, İ–93). Bununla belə, oxuduğumuz məsləhət nəinki kişilərə, eləcə də qadınlara aiddir. Bəli, ünsiyyət təkcə danışmaqdan ibarət deyil. İki nəfər bir-biri ilə uzun-uzadı danışar, lakin bir-birinə qulaq asmazsa, bunu ünsiyyət adlandırmaq olarmı? Yuxarıdakı ayədən göründüyü kimi, uğurlu ünsiyyətin açarı dinləmək bacarığıdır.
Sözsüz ünsiyyət
Bə’zi mədəniyyətlərdə qadının fikri və hissləri əri maraqlandırmır. Kişilər ailə işlərinə biganə yanaşırlar. Bu cür hallarda, arvada ərin, ərə isə arvadın nə istədiyini təxmin etməkdən başqa heç nə qalmır. Bə’zi qadınlar ərlərinin nəyə ehtiyacı olduğunu duyub, onu tez tə’min etməyi öyrəniblər. Belə ünsiyyət sözsüz ünsiyyətdir. Lakin çox vaxt bu cür ünsiyyət birtərəfli olur. Qadın ərinin nə istədiyini başa düşməyə çalışdığı halda, eyni şeyi ərindən gözləmir.
Lakin demək olmaz ki, hamı belədir. Bə’zi xalqların mədəniyyətində ərlər arvadlarının emosional vəziyyəti ilə maraqlanır və onlara qayğı göstərirlər. Hətta belə ailələrdə də ərlə arvadın ünsiyyəti daha da yaxşılaşdırmalarına ehtiyac vardır.
Ünsiyyətin vacibliyi
Açıq ünsiyyətin köməyi ilə anlaşılmazlığın qarşısını almaq olar. Qədim İsrailin tarixində baş vermiş bir hadisə buna nümunədir. İordan çayından şərqdə yaşayan Ruven, Qad və Menaşşe qəbiləsinin yarısı İordan çayının yanında «möhtəşəm görünüşlü qurbangah» qurmuşdu. İsrailin digər qəbilələri onların bu hərəkətini düzgün başa düşmədilər. İordan çayının o tayında yaşayan qardaşlarının təmiz ibadətdən döndüklərini fərz edən qərbdəki qəbilələr «dönüklərə» qarşı müharibəyə hazırlaşmağa başladılar. Ancaq müharibəyə başlamazdan əvvəl, məsələnin nə yerdə olduğunu öyrənmək üçün şərqdə yaşayan qardaşlarının yanına nümayəndələr göndərdilər. Ağıllı hərəkətdir, elə deyilmi? Nümayəndələr öyrəndilər ki, qurbangah qeyri-qanuni qurbanlar gətirmək üçün qurulmamışdı. Əksinə, şərqdə yaşayan qəbilələr o biri qəbilələrin gələcəkdə onlara «Rəbdə sizin payınız yoxdur» deyəcəklərindən qorxmuşdular. Qurbangah isə onların da [İordan çayından şərqdə yaşayan qəbilələrin] Yehovanın xidmətçiləri olduğuna şəhadət edəcəkdi (Yeşua 22:10-29). Onlar qurbangahın adını Şahid qoydular, çünki o, Yehovanın qərb qəbilələrinin də Allahı olduğuna şəhadət edirdi (Yeşua 22:34).
Qardaşlarını müharibə fikrindən daşındırmağa bu izahat kifayət etdi. Gördüyümüz kimi, açıq ünsiyyət qanlı çəkişmənin qarşısını aldı. Bir qədər sonra, İsrail Yehova Allahın, məcazi mə’nada desək, ərinin əleyhinə çıxanda, Yehova dedi ki, onlarla ürəklərinə tə’sir edən sözlərlə danışacaq (Huşə 2:14). Ərlə arvad üçün bu necə də gözəl nümunədir! Bəli, çalışın həyat yoldaşınızla o qədər açıq danışasınız ki, o sizin hisslərinizi başa düşsün. Əgər məsələ dərin hisslərə toxunacaqsa, bu, xüsusilə vacibdir. Birləşmiş Ştatlarda jurnalist işləyən Pati Mihalikin müşahidələrinə əsasən, «bə’zilərinin zənnincə, sözlər çox ucuzdur, lakin onların dəyəri misilsiz də ola bilər. Hissləri kiməsə açmaq çətin olsa da, onun xeyri banka qoyulan pulun xeyrindən daha çox görünəcək».
Ünsiyyət qabiliyyətinizin üzərində işləyin
Bə’ziləri deyir: «Gərək heç evlənməyəydik». Digərləri belə qənaətə gəlir: «Nikahımızı xilas etmək artıq mümkün deyil». Belələri toy günündən sonra hiss edirlər ki, bir-biri ilə yaxşı ünsiyyət qurmaqda çətinlik çəkirlər. Lakin qohumlar tərəfindən qurulmuş ailələr haqqında düşünün. Hətta belə ailələrdə ərlə arvad uğurlu ünsiyyət qura bilmişlər.
Şərq ölkələrinin birində yaşayan iki gənc də bu yolla ailə qurmuşdu. Oğlan evi qız dalınca uzaq bir ölkəyə elçi göndərmişdi. 4 000 il bundan əvvəl yaşamış bu iki gəncin ailə münasibətlərindən görmək olar ki, onlar məharətlə ünsiyyət bacarığına yiyələnmişdilər. İshaq, göndərdiyi elçini və nişanlısını çöllükdə gördü. Elçi «baş vermiş bütün işlər barədə İshaqa danışdı». Görün Müqəddəs Kitab bu nikah haqqında sonra nə deyir: «İshaq Rivqanı anası Saranın yaşadığı çadıra apardı [bu addım rəsmi nikahı bildirirdi] və Rivqa onun arvadı oldu. İshaq onu sevdi» (Yaradılış 24:62-67).
Fikir verdinizsə, İshaq yalnız hər şeyi öyrəndikdən sonra Rivqanı aldı. Elçi İshaqın ailəsinin sədaqətli nökəri idi. O da İshaq kimi Yehova Allaha ibadət etdiyindən, İshaqın e’tibarını qazanmışdı. Bundan sonra İshaq arvadı Rivqanı «sevdi».
İshaqla Rivqa yaxşı ünsiyyət bacarığına yiyələnə bildilərmi? Oğulları Esav iki Xetli qızını alandan sonra, ailədə çətinliklər yaranmağa başladı. Rivqa İshaqa deyirdi: «Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub [kiçik oğulları] da... Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?» (Yaradılış 26:34; 27:46). Bu parçadan görünür ki, Rivqa öz hisslərini gizlətmir, əksinə, onları aydın şəkildə ərinə danışırdı.
İshaq Esavın əkiz qardaşı Yaquba tapşırmışdı ki, Kən’an torpağının qızlarından özünə arvad almasın (Yaradılış 28:1, 2). Rivqa da öz fikrini açıq söyləmişdi. Bu cüt ən incə ailə məsələsi barədə uğurlu fikir mübadiləsi aparmaqla bizim üçün gözəl örnək olmuşlar. Bəs ərlə arvad razılığa heç cür gələ bilmirlərsə, onda necə?
Ərlə arvad arasında fikir ayrılığı
Əgər ciddi bir məsələdə həyat yoldaşınızla heç cür razılığa gələ bilmirsinizsə, problemin üstündən susaraq keçməyin. Hisslərinizi ona açmayanda sanki demiş olursunuz: «Mən xoşbəxt deyiləm və sənin də xoşbəxt olmanı istəmirəm». Siz susarkən, həyat yoldaşınız istək və hisslərinizdən tamamilə bixəbər ola bilər.
Belə hallarda açıq ünsiyyət köməyinizə gələ bilər. Əgər məsələ həyat yoldaşınızın xətrinə dəyə bilərsə, onda sakitliyi qorumaq bir qədər çətin olacaq. İshaqın valideynləri İbrahimlə Sara da bir dəfə çətin vəziyyətlə üzləşmişdilər. Sara sonsuz idi və o vaxtın adətinə görə öz qulluqçusu Həcəri əri İbrahimə verdi ki, onun üçün bir uşaq doğsun. Həcər İbrahimə İsmail adlı bir oğul doğdu. Lakin bir qədər sonra Saranın özü boylu qalıb İbrahimə İshaqı doğdu. İshaqı süddən kəsmək vaxtı gələndə Sara gördü ki, İsmail İshaqı lağa qoyur. Oğlunun üzərində təhlükə olduğunu duyan Sara İbrahimdən xahiş etdi ki, qulluqçu qızı və oğlu İsmaili evdən qovsun. Burada Saranın əri ilə açıq danışdığını və hisslərini gizlətmədiyini görürük. Lakin qarşısına qoyulan tələb İbrahimin ürəyini heç də açmırdı.
Məsələ necə həll edildi? Müqəddəs Kitabda deyilir: «Allah İbrahimə dedi: “Uşaqdan və cariyəndən ötrü narahat olma. Saranın sənə söylədiyi bütün sözlərə qulaq as, çünki sənin nəslinin varisi İshaq olacaq”». İbrahim Yehova Allahın göstərişinə qulaq asıb, ona müvafiq davrandı (Yaradılış 16:1-4; 21:1-14).
Siz deyə bilərsiniz: «Hə, Allah bizimlə də göydən danışsaydı, bəlkə biz də bir razılığa gələrdik!» Bu sözlər bizi anlaşılmazlıqları aradan qaldırmağın digər bir yoluna gətirib çıxarır. Bəli, ərlə arvad Allaha qulaq asa bilərlər! Bu necə mümkündür? Allahın Kəlamını birlikdə oxuyub Onun rəhbərliyinə əməl etməklə (1 Saloniklilərə 2:13).
Ailə məsələlərində böyük təcrübəsi olan bir məsihçi qadın deyir: «Məsləhət üçün yanıma cavan gəlinlər gələndə, onlardan ərləri ilə birlikdə Müqəddəs Kitabı oxuyub-oxumadıqlarını soruşuram. Problemləri olanların çoxu Müqəddəs Kitabı oxumağı hələ də adət etməyənlərdir» (Titusa 2:3-5). Məsihçi qadının bu müşahidəsi hamımıza fayda gətirə bilər. Həyat yoldaşınızla birgə Allahın Kəlamını müntəzəm oxuyun. Bu yolla siz gündəlik həyatınızda necə davranmalı olduğunuzu Allahın dilindən «eşidəcəksiniz» (Yeşaya 30:21). Lakin bu xəbərdarlığı da qulaqardına vurmayın: Müqəddəs Kitab həyat yoldaşınızı döymək üçün çubuq deyil. Həyat yoldaşınızın, sizin fikrinizcə, əməl etmədiyi ayələrə onun vasitəsilə elə hey işarə etməyin. Əksinə, çalışın oxuduqlarınızdan hər ikiniz də özünüzə dərs götürəsiniz.
Əgər probleminiz çətindirsə və onun həllini tapa bilmirsinizsə, nəyə görə «Gözətçi Qülləsi nəşrlərinin indeksi»ndəna (rus.) istifadə etməyəsiniz? Ola bilər, siz yaşlı valideynlərinizin qayğısına qalırsınız və bu, hərdən nikahda gərgin münasibətlərin yaranmasına səbəb olur. Həyat yoldaşınızla məs’uliyyətlərinizi bölüşdürmək üstündə mübahisə etməkdənsə, bəlkə oturub «İndeks»ə birlikdə baxasınız? Birincisi, «Valideynlər» adlanan başlığı tapın. Sizi «Yaşlı valideynlərə qayğı» adlı yarımbaşlıqda gətirilən mə’lumat maraqlandırır? Yehovanın Şahidlərinin nəşrlərindən lazımi məqalələri tapıb oxuyun. Müqəddəs Kitaba əsaslanan nəşrlər bir çox məsihçiyə kömək etmişdir. Bu nəşrlərdən siz də, həyat yoldaşınız da böyük fayda əldə edə bilərsiniz.
Vəziyyətinizə uyğun gələn məqalələri tapıb, birlikdə oxumaq probleminizə digər tərəfdən baxmağa kömək edəcək. Gətirilən Müqəddəs Kitab ayələri sizə Allahın nöqteyi-nəzərini öyrənməyə kömək edəcək. Onların hamısını öz Müqəddəs Kitabınızda açıb oxuyun. Bu yolla, probleminizlə əlaqədar Allahın şəxsən sizə nə dediyini eşidəcəksiniz.
Ünsiyyət qapınızı açıq saxlayın
Heç olubmu ki, uzun müddət ərzində bağlı qalan qapını açmağa çalışasınız? Bir qədər sə’ydən sonra rəzələri paslanmış qapı cırıldaya-cırıldaya açılır. Bəs əgər qapı tez-tez açılıb bağlansaydı, rəzələri də yaxşıca yağlanmış olsaydı? Bəli, onu açmaq daha asan olardı. Eyni şeyi də ünsiyyət qapısı haqda demək olar. Əgər siz də tez-tez söhbət etsəniz, ünsiyyət qapınızın rəzələrini məsihçi məhəbbəti ilə yağlasanız, onda ən mübahisəli məsələlərdə belə öz fikir və hisslərinizi çəkinmədən və açıq ifadə edə biləcəksiniz.
Ünsiyyətə başlamaqdan qaçmayın. İlk mərhələlərdə sizdən çoxlu sə’y tələb oluna bilər, amma təslim olmayın. Sonradan həyat yoldaşınızla daha xoş münasibətlərə yiyələnəcək, bir-birinizi daha yaxşı başa düşəcəksiniz. Məgər bunun üçün çalışmağa dəyməzmi?
[Haşiyə]
a Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.
[7-ci səhifədəki şəkil]
Razılığa gələ bilməyəndə, Allahın rəhbərliyini axtarın.