Anadangəlmə Allaha həsr olunmuşlar
«O [Yehova] sizi... Özünə... xalq olaraq seçdi» (QANUNUN TƏKRARI 7:6).
1, 2. Yehova xalqı naminə hansı böyük işi gördü və israillilərlə Allah arasında hansı münasibətlər yarandı?
ERAMIZDAN əvvəl 1513-cü ildə Yehovanın Öz xidmətçiləri ilə münasibətlərinin yeni mərhələsi başlandı. Həmin ildə Allah, o vaxtın dünya imperiyası olan Misiri rüsvay edib israilliləri köləlikdən azad etdi. Bununla Yehova onların Xilaskarı və Sahibi oldu. Bu işin icrasına başlamazdan əvvəl Allah Musaya dedi: «İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam. Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam”» (Çıxış 6:6, 7; 15:1-7, 11).
2 Misirdən çıxandan bir qədər sonra israillilər Yehova Allahla əhd bağladılar. Yehova ayrı-ayrılıqda insanlarla, ailələrlə və ya qəbilələrlə deyil, bir xalqla münasibət qurdu və bu andan e’tibarən yer üzündə Onun təşkil olunmuş xalqı mövcud olmağa başladı (Çıxış 19:5, 6; 24:7). Yehova xalqına gündəlik həyatlarına, ən vacibi isə ibadətlərinə rəhbərlik göstərən qanunlar verdi. Musa onlara dedi: «Hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?» (Qanunun təkrarı 4:7, 8).
Şahidlər xalqı
3, 4. İsrailin xalq kimi mövcud olmasının vacib səbəbi nə idi?
3 Yüzilliklər sonra Yehova peyğəmbəri Yeşayanın vasitəsilə israillilərin bir xalq kimi mövcud olmalarının vacib səbəbini onlara xatırlatdı. O dedi: «Ey Yaqub, ey İsrail, səni yaradan, sənə həyat verən Rəbb belə deyir: “Qorxma, çünki Mən səni satın aldım, səni adınla çağırdım, sən Mənimsən. Çünki Mən sənin Allahın Rəbbəm, İsrailin Müqəddəsiyəm, sənin Xilaskarınam... Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqar yerlərindən gətir. Mənim adımla çağırılan hər insanı, izzətim üçün yaratdığım, bəli, həyat verdiyim, yaratdığım hər bir adamı gətir”. Rəbb bəyan edir: “Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım... Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin”» (Yeşaya 43:1, 3, 6, 7, 10, 21).
4 Yehovanın adını daşıyan israillilər digər millətlərin qarşısında Onun Ali hökmranlığına şəhadət etməli idilər. Bu xalq Yehovanın ‘izzəti üçün yaradılmışdı’. İsraillilər Yehovaya ‘həmdlər söyləməklə’ və Onun mö’cüzəli işlərindən danışmaqla müqəddəs adını izzətləndirməli idilər. Qısaca desək, onlar şahidlər xalqı kimi Yehovaya xidmət etməli idilər.
5. İsrail xalqı hansı mə’nada həsr olunmuş xalq idi?
5 B. e. ə XI əsrdə yaşamış Süleyman padşahın sözlərindən görünür ki, Yehova ‘irsi olmaq üçün [israilliləri] yer üzünün bütün xalqlarından ayırdı’ (1 Padşahlar 8:53). Hər bir israillinin də Yehova ilə xüsusi münasibəti var idi. Bir qədər əvvəl Musa onlara demişdi: «Siz Allahınız Rəbbin övladlarısınız... Allahınız Rəbbin müqəddəs xalqısınız» (Qanunun təkrarı 14:1, 2). Deməli, gənc israillilərə həyatlarını Yehovaya həsr etmək lazım deyildi, çünki onlar Allaha həsr olunmuş xalqda doğulurdular (Məzmur 79:13; 95:7). Hər yeni nəsil Yehovanın qanunları ilə tərbiyə edilirdi və Yehova ilə əhddə olduğuna görə, bu qanunlara riayət etməyə borclu idi (Qanunun təkrarı 11:18, 19).
Seçim etməkdə azad idilər
6. Hər bir israilli hansı seçimi etməli idi?
6 İsraillilər Allaha həsr edilmiş xalqda doğulsalar da, Yehovaya xidmət edib-etməyəcəklərini seçməkdə azad idilər. Və’d edilmiş diyara girməzdən əvvəl Musa onlara bu sözlərlə müraciət etmişdi: «Qarşınızda həyatla ölümü, bərəkətlə lə’nəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz. Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi və’d etdiyi torpaqda sizi uzun ömürlü edəcək» (Qanunun təkrarı 30:19, 20). Gördüyümüz kimi, Yehovanı sevmək, sözlərinə qulaq asmaq və Ona bağlı qalmaq israillilərin şəxsi qərarı olmalı idi. Bəli, onların iradə azadlığı var idi. Onlar seçimlərinin bəhrəsini biçəcəkdilər (Qanunun təkrarı 30:16-18).
7. Yeşuanın müasirləri öləndən sonra nə baş verdi?
7 Sadiqliyin və sədaqətsizliyin nəticələrini hakimlərin İsraili idarə etdiyi dövrdə baş vermiş hadisələrdən aydın görmək olar. Bundan bir qədər əvvəl israillilər Yeşuanın gözəl nümunəsinə riayət edirdilər və Allah onlara xeyir-dua verirdi. «Yeşuanın bütün ömrü boyu Rəbbin İsrail üçün etdiyi bütün böyük işləri görən və Yeşuadan sonra sağ qalan ağsaqqalların bütün ömrü boyunca xalq Rəbbə qulluq etdi». Yeşuanın ölümündən bir müddət keçəndən sonra ‘Rəbbin İsrail üçün etdiyi işləri bilməyən başqa bir nəsil törədi. İsrail övladları Rəbbin gözündə pis olan işləri görməyə’ başladılar (Hakimlər 2:7, 10, 11). Görünür, yeni nəsil öz mirasını — Yehovaya həsr olunmuş xalqın üzvü olmaq şərəfini qiymətləndirmirdi və Allahın keçmişdə xalqı naminə etdiyi möhtəşəm işləri unutmuşdu (Məzmur 78:3-7, 10, 11).
Həsr olunmaya müvafiq yaşamaq
8, 9. a) İsraillilər həsr olunmalarına müvafiq yaşadıqlarını necə göstərə bilərdilər? b) Könüllü qurbanları gətirənlər nə qazanırdılar?
8 Yehova xalqına, həsr olunmaya müvafiq həyat sürmək üçün imkan yaratmışdı. Məsələn, Onun qanununda mütləq və könüllü qurbanlar və ya təqdimlərin gətirilməsi nəzərdə tutulurdu (İbranilərə 8:3). Taxıl təqdimləri, yandırma və ünsiyyət qurbanları könüllü idi. Onları Yehovanın lütfünü qazanmaq və Ona minnətdarlıqlarını ifadə etmək üçün gətirirdilər (Levililər 7:11-13).
9 Bu qurbanlar Yehovaya xoş idi. Yandırma qurbanının və taxıl təqdiminin ‘Rəbbin xoşuna gələn ətirli təqdimlər’ olduğu deyilmişdi (Levililər 1:9; 2:2). Ünsiyyət qurbanı gətiriləndə heyvanın qanı və piyi Yehovaya təqdim edilirdi, ətini isə kahinlərlə qurbanı gətirən yeyirdi. Bu simvolik süfrə Yehova ilə sülh münasibətlərinin rəmzi idi. Qanunda deyilirdi: «Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin» (Levililər 19:5). İsraillilərin hamısı anadangəlmə Allaha həsr olunsa da, həsr olunmalarına ciddi yanaşanlar könüllü qurbanlar gətirməklə Yehovanın razılığını qazanırdılar və Allah onlara bol-bol xeyir-dua verirdi (Malaki 3:10).
10. Yeşaya və Malaki peyğəmbərlərin günlərində Yehova israillilərdən narazı olduğunu necə göstərdi?
10 Lakin həsr edilmiş İsrail xalqı tez-tez sədaqətsizlik göstərirdi. Peyğəmbəri Yeşayanın vasitəsilə Yehova onlara söylədi: «Yandırma qurbanı üçün Mənə quzular gətirmədin, qurbanlarınla Mənə ehtiram etmədin. Sənə təqdimlərə görə əziyyət vermədim» (Yeşaya 43:23). Könülsüz gətirilən qurbanların Yehovanın gözündə heç bir dəyəri yox idi. Məsələn, Yeşayadan üç əsr sonra, Malaki peyğəmbərin günlərində israillilər zədəli heyvanları qurban gətirirdilər. Malaki onlara belə dedi: «“Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm” deyir Ordular Rəbbi... “Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?” deyə soruşur Rəbb» (Malaki 1:10, 13; Amos 5:22).
Artıq həsr olunmuş xalq deyillər
11. İsrail xalqına hansı imkan verilmişdi?
11 İsraillilər Yehovaya həsr olunanda Allah onlara və’d etmişdi: «Əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; siz isə Mənə xidmət edən kahinlər səltənəti, müqəddəs millət olacaqsınız» (Çıxış 19:5, 6). Və’d edilmiş Məsih İsrail xalqı arasında doğulmalı və onlara Allahın Padşahlığının birinci üzvləri olmaq imkanı verməli idi (Yaradılış 22:17, 18; 49:10; 2 Şamuel 7:12, 16; Luka 1:31-33; Romalılara 9:4, 5). Lakin israillilərin əksəriyyəti Allahla bağladıqları əhdi pozdular (Matta 22:14). Onlar Məsihi rədd edib öldürdülər (Həvarilərin işləri 7:51-53).
12. İsanın hansı sözləri göstərir ki, Yehova israilliləri seçilmiş bir xalq kimi rədd etdi?
12 Ölümündən bir neçə gün əvvəl İsa yəhudi din rəhbərlərinə demişdi: «“Bənnaların rədd etdikləri daş küncün başı oldu. Bunu Rəbb etdi və bu bizim üçün heyrətli iş oldu” — sözlərini heç oxumamısınızmı? Buna görə sizə deyirəm ki, Allahın Səltənəti [Padşahlığı] sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir» (Matta 21:42, 43). Yehovanın israilliləri rədd etdiyini və artıq Onun həsr olunmuş xalqı olmadığını göstərmək üçün İsa dedi: «Ey Yerusəlim! Peyğəmbərləri öldürən və ona göndərilənləri daşa basan Yerusəlim! Toyuq öz cücələrini qanadları altına topladığı kimi, Mən də sənin övladlarını neçə dəfə toplamaq istədim, amma siz istəmədiniz! Budur, eviniz boş qalır» (Matta 23:37, 38).
Həsr edilmiş yeni xalq
13. Yehova Yeremyanın günlərində hansı peyğəmbərliyi söylədi?
13 Yeremyanın günlərində Yehova xalqına aid yeni bir peyğəmbərlik etdi. Biz oxuyuruq: «Rəbb bəyan edir: “İsrail və Yəhuda xalqı ilə yeni bir əhd bağlayacağım günlər yaxınlaşır. Bu əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular” Rəbb belə bəyan edir. “O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir: Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq”» (Yeremya 31:31-33).
14. Yehovanın yeni həsr olunmuş xalqı nə vaxt və nəyin əsasında yarandı? Bu yeni xalq hansı xalqdır?
14 Yeni əhdin təməli eramızın 33-cü ilində, İsa ölüb və bir qədər sonra tökülmüş qanının dəyərini Atasına təqdim etdiyi zaman qoyuldu (Luka 22:20; İbranilərə 9:15, 24-26). Həmin il qeyd edilən Pentikost günündə müqəddəs ruhun şagirdlərin üzərinə tökülməsi ilə yeni xalq, «Allahın İsraili» doğuldu və yeni əhd qüvvəyə mindi (Qalatiyalılara 6:16; Romalılara 2:28, 29; 9:6; 11:25, 26). Həvari Peter məsh edilmiş məsihçilərə yazırdı: «Siz... seçilmiş nəsil, Hökmdarın kahin tayfası, müqəddəs millət, Allaha məxsus xalqsınız ki, sizi qaranlıqdan Öz valehedici nuruna çağıranın fəzilətlərini e’lan edəsiniz. Siz bir zamanlar xalq deyildiniz, indi isə Allahın xalqısınız» (1 Peter 2:9, 10). Yehova ilə cismani İsrail arasında mövcud olan xüsusi münasibətlər sona çatdı, Allah onları rədd etdi. İndi O, ruhani İsrailə, yə’ni Xilaskar Padşahlığının ‘meyvələrini yetişdirən’ məsihçi yığıncağına lütf göstərməyə başladı (Matta 21:43).
Şəxsi həsr olunma
15. Eramızın 33-cü ilinin Pentikost günündə Peter dinləyicilərini hansı vəftizi qəbul etməyə təşviq etdi?
15 Eramızın 33-cü ilinin Pentikost günündən sonra hər yəhudi və digər xalqdan olan adam özünü Allaha şəxsən həsr etməli və «Ata, Oğul və Müqəddəs Ruh naminə» vəftiz olunmalı idia (Matta 28:19). Həvari Peter Pentikost günündə səmimi yəhudilərə və prozelitlərə belə bir çağırışla müraciət etdi: «Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun. Və Müqəddəs Ruhun ən’amını alacaqsınız» (Həvarilərin işləri 2:38). Yəhudilər və prozelitlər vəftiz olunmaqla həyatlarını Yehovaya həsr etdiklərini nümayiş etdirirdilər. Bundan savayı, onlar göstərirdilər ki, günahların bağışlanmasında İsanı Allahın istifadə etdiyi vasitə kimi qəbul edirlər. Vəftiz olunanlar İsanın Allahın tə’yin etdiyi Baş Kahin və məsihçi yığıncağının Başçısı olduğunu qəbul edirdilər (Koloslulara 1:13, 14, 18).
16. Pavelin günlərində səmimi yəhudilər və digər xalqlardan olan insanlar ruhani İsrailin üzvü necə olurdular?
16 İllər keçdikdən sonra həvari Pavel yazmışdı: «Əvvəlcə Dəməşq və Yerusəlim əhalisinə, sonra bütün Yəhudeya diyarında yaşayanlara və qeyri-yəhudilərə təbliğ etdim ki, tövbə edib Allaha tərəf dönsünlər və tövbəyə layiq işlər görsünlər» (Həvarilərin işləri 26:20). Pavel yəhudilərə və digər xalqlardan olan insanları İsanın Məsih olduğuna inandırır, sonra isə onlara həsr və vəftiz olunmağa kömək edirdi (Həvarilərin işləri 16:14, 15, 31-33; 17:3, 4; 18:8). ‘Allaha tərəf dönməklə’ yeni şagirdlər ruhani İsrailin üzvləri olurdular.
17. a) Hansı möhürlənmənin sonu yaxınlaşır və hal-hazırda hansı iş sür’ətlə yerinə yetirilir? b) Gələn məqalədə nə araşdırılacaq?
17 Ruhani İsrailin qalığının qəti möhürlənməsinin sonu yaxınlaşır. Bundan sonra ‘böyük məşəqqətin’ dağıdıcı küləklərini tutub saxlayan ‘dörd mələyə’ bu küləkləri buraxmağa icazə veriləcəkdir. Hal-hazırda isə ‘böyük izdihamın’ üzvlərinin yığımı sür’ətlənir. ‘Digər qoyunlardan’ olan bu insanlar ‘Quzunun qanına’ iman gətirməyi qərara almış və Yehovaya həsr olunduqlarını vəftiz olmaqla göstərmişlər (Vəhy 7:1-4, 9-15; 22:17; Yəhya 10:16; Matta 28:19, 20). Onların arasında məsihçi ailələrində böyüyən bir çox gənclər də var. Əgər sən də belə bir ailədə yaşayırsansa, onda növbəti məqalə sənin üçün maraqlı olacaqdır.
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2003-cü il 15 may sayının 30, 31-ci səhifələrinə (rus.) baxın.
Təkrar üçün suallar
• Nəyə görə gənc israillilərə özlərini Allaha şəxsən həsr etmək lazım deyildi?
• İsraillilər həsr olunmalarına müvafiq yaşadıqlarını necə göstərə bilərdilər?
• Yehova İsrail xalqını nəyə görə rədd etdi və o digər xalqla necə əvəz edildi?
• Eramızın 33-cü ilindən e’tibarən yəhudilər və digər xalqlardan olan insanlar ruhani İsrailin üzvü olmaq üçün nə etməli idilər?
[22-ci səhifədəki şəkil]
Gənc israillilər doğulduğu gündən Allahın seçilmiş xalqının üzvü olurdular.
[23vü səhifədəki şəkil]
Allaha ibadət edib-etməyəcəyini hər bir israilli özü qərara almalı idi.
[23-cü səhifədəki şəkil]
Könüllü təqdimlər israillilərə Yehovaya məhəbbətlərini təzahür etdirmək imkanı verirdi.
[25-ci səhifədəki şəkil]
Eramızın 33-cü ilinin Pentikost günündən sonra Məsihin hər davamçısı Allaha şəxsən həsr olunmalı və bunu suda vəftizlə simvolizə etməlidir.