Qonşunu sevmək nə deməkdir?
«Qonşunu özün kimi sev» (MATTA 22:39).
1. Allahı sevdiyimizi necə göstəririk?
YEHOVA Öz xidmətçilərindən nə istəyir? İsa bir neçə sözlə bu sualı hərtərəfli açıqladı. Onun sözlərinə görə, ən böyük əmr Yehovanı bütün ürəklə, bütün canla, bütün düşüncə və qüvvə ilə sevməkdir (Matta 22:37; Mark 12:30). Keçən məqalədən öyrəndiyimiz kimi, Allahı sevmək — bizə göstərdiyi məhəbbətə cavab olaraq Ona itaət edib, əmrlərini tutmaq deməkdir. Allahı sevənlər üçün Onun istəyinə əməl etmək yük deyil, əksinə onlar bundan məmnunluq duyurlar (Məzmur 40:8; 1 Yəhya 5:2, 3).
2, 3. Qonşunu sevmək əmri nə üçün diqqətəlayiqdir və bununla bağlı hansı suallar meydana çıxır?
2 İsa ikinci ən böyük əmrin birinci ilə əlaqəli olduğunu söylədi: «Qonşunu özün kimi sev» (Matta 22:39). Bu məqalədə həmin əmrin vacibliyini araşdıracağıq. İndiki zəmanədə məhəbbətin mə’nası təhrif edilmiş, o, eqoist xarakter almışdır. Həvari Pavel Allahdan ilham alaraq ‘axır günləri’ təsvir edəndə yazırdı ki, insanlar bir-birini deyil, özlərini, pulu və zövqü sevəcək, bir çoxları «şəfqətsiz» olacaq və ya Müqəddəs Kitabın başqa tərcüməsinə əsasən onlarda ‘ailələrinə qarşı məhəbbət hissi olmayacaq’ (2 Timoteyə 3:1-4). İsa Məsih qabaqcadan demişdi: «Çoxları... bir-birini ələ verəcək və bir-birinə nifrət edəcəklər... Bir çoxlarının sevgisi soyuyacaqdır» (Matta 24:10, 12).
3 Ancaq diqqət yetirdinizsə, İsa hamıda sevginin soyuyacağını deməmişdi. Tarix boyunca Yehovanı, Onun istədiyi kimi və layiq olduğu məhəbbətlə sevənlər olmuşdur və olacaqdır. Yehovanı həqiqətən sevənlər ‘qonşularına’ Onun gözü ilə baxmağa çalışır, onlara məhəbbətlə yanaşırlar. Bəs qonşu deyəndə kim nəzərdə tutulur? Qonşunu sevdiyimizi necə göstərə bilərik? Müqəddəs Yazıların köməyilə bu suallara cavab tapacağıq.
Mənim qonşum kimdir?
4. «Levililər» kitabının 19-cu fəslinə əsasən Allah israillilərdən kimə məhəbbət göstərməyi tələb edirdi?
4 İsa Allahın israillilərə verdiyi qanunlardan birinə istinad edərək, fəriseyə ikinci ən böyük əmrin «qonşunu özün kimi sev» olduğunu dedi. Bu qanunu Levililər 19:18 ayəsində tapmaq olar. Həmin fəslə əsasən, Allah israillilərə təkcə öz soydaşlarına deyil, həm də başqa xalqlardan olanlara qonşu kimi yanaşmağı tapşırmışdı. 33, 34-cü ayələrdə yazılıb: ‘Ölkənizdə yaşayan qəribi hamınız öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz’. Göründüyü kimi, hətta başqa xalqlardan olanlarla, xüsusilə də prozelitlərlə (başqa xalqdan olub Yehovaya ibadət edən insanlarla) məhəbbətlə davranmaq tələb olunurdu.
5. İsraillilər kimi qonşu hesab edirdilər?
5 İsanın günlərində isə din rəhbərləri tamamilə başqa fikirdə idilər. Bə’zilərinin fikrincə «dost», «qonşu» sözləri ancaq yəhudilərə aid edilə bilərdi, başqa xalqlar isə nifrətə layiq idilər. Onlar düşünürdülər ki, Allah adamı allahsızlara nifrət etməlidir. Bir kitabda bu haqda deyilir: «Belə ab-hava olan yerdə nifrətin sönməsi üçün yox, əksinə alovlanması üçün hər cür şərait var idi».
6. Qonşunu sevməkdən danışarkən İsa hansı iki şeyi vurğuladı?
6 Dağüstü təbliğində İsa bu məsələyə toxunaraq, kimi sevmək lazım olduğunu açıqladı: «Öz qonşunu sev və öz düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: Düşmənlərinizi sevin, sizə lə’nət oxuyanlara xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə əziyyət verib, tə’qib edənlər üçün dua edin ki, siz, göylərdə olan Atanızın oğulları olasınız; zira O, Öz günəşinə əmr edir ki, pis və yaxşı adamların üzərinə doğsun; və saleh olanlar ilə olmayanların üzərinə yağışlar göndərir» (Matta 5:43-45). Burada İsa iki şeyi vurğuladı. Birincisi, Yehova həm yaxşılara, həm də pislərə qarşı səxavətli və xeyirxahdır. İkincisi, biz Onun nümunəsini izləməliyik.
7. Qonşusuna məhəbbət göstərən samariyalı haqqındakı hekayədən hansı ibrət dərsini almaq olar?
7 Bir dəfə Qanundan yaxşı başı çıxan yəhudi İsadan soruşdu: «Axı mənim qonşum kimdir?» İsa cavabında bir ibrətamiz hekayə danışdı. Hekayədə nəql edilir ki, quldurlar bir yəhudinin var-yoxunu qarət edir, özünü də yarımcan hala salıb gedirlər. Bir samariyalı ona rast gəlir. Yəhudilər samariyalılara həqarətlə yanaşsalar da, bu samariyalı yəhudinin yaralarını sarıyır, sonra onu mehmanxanaya gətirir ki, sağalanacan orada qalsın. Buradan hansı ibrət dərsini almaq olar? Qonşuya olan məhəbbət təkcə bir irqdən, millətdən və ya dindən olan adamlarla məhdudlaşmamalıdır (Luka 10:25, 29, 30, 33-37).
Qonşunu sevmək nə deməkdir?
8. «Levililər» kitabının 19-cu fəslinə əsasən israillilər qonşuya məhəbbəti necə göstərməli idilər?
8 Allaha olan sevgi kimi, qonşuya olan sevgi də təkcə duyğulardan ibarət deyil, o həm də əməllərdən bəlli olmalıdır. «Levililər» kitabının 19-cu fəslində Allah Öz xalqına qonşusunu özü kimi sevməyi əmr edir. Bu fəsli araşdırmaqla biz də fayda əldə edərik. İsraillilər məhsullarını yığarkən yoxsullara və qəriblərə pay saxlamalı idilər. Oğurluq etmək, yalan danışmaq, adam aldatmaq, məhkəmədə tərəfkeşlik etmək olmazdı. Allah onlara günahkarı tənbeh etməyi tapşırsa da, eyni zamanda, «soydaşına qarşı ürəyində nifrət bəsləmə» əmrini vermişdi. Bütün əmrlərin mahiyyəti bu idi: «Qonşunu özün kimi sev» (Levililər 19:9-11, 15, 17, 18).
9. Yehova nə üçün israillilərə başqa xalqlara qaynayıb-qarışmamağı tapşırmışdı?
9 İsraillilər başqalarını sevməli idilər, ancaq bununla yanaşı, onlar yalançı allahlara sitayiş edən insanlarla qaynayıb-qarışmalı deyildilər. Yehova onları pis dostluğun təhlükəli olduğu və nəyə gətirib çıxaracağı barədə xəbərdar etmişdi. Məsələn, Kən’anda yaşayan xalqlarla əlaqədar Yehova israillilərə tapşırmışdı: «Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq» (Qanunun təkrarı 7:3, 4).
10. Biz özümüzü nədən qorumalıyıq?
10 Məsihçilər də, imanları üçün təhlükə yaradan adamlarla yaxın münasibətə girmirlər (1 Korinflilərə 15:33). Allah Müqəddəs Kitab vasitəsilə bizə nəsihət verir: «İmansızlarla [məsihçi yığıncağına aid olmayan adamlarla] eyni boyunduruğa girməyin» (2 Korinflilərə 6:14). Məsihçilərə ancaq «Rəbbə bağlı» adamla ailə qurmaq məsləhət görülür (1 Korinflilərə 7:39). Ancaq bu bizə Yehovanın yolunda yeriməyənlərə həqarətlə baxmağa əsas vermir. Məsih günahkarlar uğrunda ölmüşdür, bundan başqa çoxları vaxtilə pis işlərlə məşğul olsalar da, sonralar öz həyat tərzlərini dəyişmiş və Allahla barışmışlar (Romalılara 5:8; 1 Korinflilərə 6:9-11).
11. Yehovaya xidmət etməyənləri sevdiyimizi göstərməyin ən yaxşı yolu hansıdır və nə üçün?
11 Allaha xidmət etməyən insanları sevdiyimizi göstərmək üçün Yehovadan nümunə götürməliyik. Bu, ən yaxşı üsuldur. Allah pisliyə nifrət edir, ancaq bununla belə, bütün insanlara məhəbbətlə yanaşır, yə’ni onlara pis yollarından dönüb, əbədi həyatı almağa imkan yaradır (Yezekel 18:23). Yehova ‘hamının tövbəyə gəlməsini’ arzu edir (2 Peter 3:9). «O istəyir ki, bütün insanlar xilas olub, həqiqəti dərk etsinlər» (1 Timoteyə 2:4). Elə bu səbəbdən də, İsa öz davamçılarına təbliğ etmək, insanları öyrətmək və ‘bütün xalqları şagirdi etmək’ tapşırığını vermışdı (Matta 28:19, 20). Bu işdə iştirak etməklə biz Allahı, qonşumuzu və hətta düşmənlərimizi də sevdiyimizi göstəririk!
Həmimanlılarımıza məhəbbət
12. Həvari Yəhya qardaşlara məhəbbət haqqında nə söyləmişdi?
12 Həvari Pavel Qalatiyalılara 6:10 ayəsində məsihçiləri ‘hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq etməyə’ çağırırdı. Deməli, bir məsihçi kimi həmimanlılarımızı sevmək bizim borcumuzdur. Bu nə dərəcədə vacibdir? Həvari Yəhya izah edir: «Qardaşına nifrət edən hər kəs qatildir... Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəhya 3:15; 4:20). Bunlar çox güclü sözlərdir. İsa Məsih Şeytan İblisi «qatil» və «yalançı» adlandırmışdı (Yəhya 8:44). Gəlin var gücümüzlə çalışaq ki, bu sözlər heç vaxt bizə aid olmasın!
13. Həmimanlılarımızı sevdiyimizi necə göstərə bilərik?
13 Allah həqiqi məsihçilərə bir-birini sevməyi öyrədir (1 Saloniklilərə 4:9). Biz ‘sözlə və dillə deyil, əməllə və həqiqətlə sevməliyik’ (1 Yəhya 3:18). Məhəbbətimiz «riyasız» olmalıdır (Romalılara 12:9). Əgər həmimanlılarımıza məhəbbətimiz varsa, biz xeyirxah, şəfqətli, səbirli olacaq, başqalarını bağışlayacaq, paxıllığa, lovğalığa, təkəbbürə və ya xudbinliyə yol verməyəcəyik (1 Korinflilərə 13:4, 5; Efeslilərə 4:32). Məhəbbət bizi ‘bir-birimizə qulluq etməyə’ təşviq edəcək (Qalatiyalılara 5:13). İsa şagirdlərinə: «Sizi sevdiyim kimi siz də bir-birinizi sevin» deyə tapşırdı (Yəhya 13:34). Buna görə də məsihçi həmimanlıları uğrunda, lazım gəlsə, canından belə keçməyə hazır olmalıdır.
14. Ailə üzvlərimizi sevdiyimizi necə göstərə bilərik?
14 Məsihçi ailəsində məhəbbət hökm sürməlidir. Bu, xüsusilə ərlə arvad arasındakı münasibətdən aydın görünməlidir. Nikah telləri qadınla kişini bir-birinə o dərəcədə doğmalaşdırır ki, Pavel ərlərə arvadlarını, öz bədənləri qədər sevməyi məsləhət görmüşdü. O deyirdi: «Öz arvadını sevən özünü sevir» (Efeslilərə 5:28). Efeslilərə 5:33 ayəsində Pavel bu məsləhəti təkrar edir. Arvadını sevən məsihçi, Malaki peyğəmbərin günlərindəki israillilərdən fərqli olaraq, ona xəyanət etməyəcək (Malaki 2:14). Əksinə, Məsih yığıncağı sevdiyi kimi, o da arvadını nəvazişlə sevəcək. Ərini sevən qadın da, öz növbəsində, ona hörmət edəcək (Efeslilərə 5:25, 29-33).
15. Məsihçilər arasındakı məhəbbət bə’zi adamları nəyə təşviq edir?
15 Məhəbbət həqiqi məsihçilərin əsas nişanəsidir. İsa demişdi: «Əgər bir-birinizə qarşı məhəbbətiniz olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək» (Yəhya 13:35). Bizim bir-birimizə olan məhəbbətimiz insanları Yehova Allaha cəlb edir. Məsələn, Mozambikdə yaşayan bir məsihçi ailəsi danışır: «Birinci dəfə idi ki, belə şey görürdük. Günorta güclü külək əsdi, ardınca leysan yağış və dolu yağmağa başladı. Külək qamış evimizi, onun dəmir damını uçurtdu. Qonşu yığıncaqdan olan qardaşlar evimizi tə’mir edəndə qonşularımız heyrətə gəlib dedilər: “Sizin dininiz çox yaxşı dindir. Bizim kilsəmiz heç vaxt bizə belə kömək etməyib”. Biz Müqəddəs Kitabı açıb, onlara Yəhya 13:34, 35 ayələrini oxuduq. İndi qonşularımızdan bir çoxu Müqəddəs Kitabı öyrənir».
Ayrı-ayrı adamlara məhəbbət
16. Ümumilikdə qonşuları sevmək ayrı-ayrı adamları sevməkdən nə ilə fərqlənir?
16 Ümumilikdə qonşuları sevmək asandır. Ayrı-ayrı adamlara gəldikdə isə iş mürəkkəbləşir. Məsələn, bə’zilərinin qonşuya olan məhəbbəti ancaq xeyriyyə təşkilatlarına maddi yardım təqdim etməkdən ibarətdir. Əlbəttə, qonşunu sevdiyimizi söyləmək, bizə məhəl qoymayan iş yoldaşını, pis xasiyyətli qapı qonşusunu və ya ümidlərimizi doğrultmayan dostu sevməkdən daha asandır.
17, 18. İsa ayrı-ayrı insanları sevdiyini necə göstərmişdi və o hansı məqsədlə bunu edirdi?
17 Ayrı-ayrı şəxsləri sevməkdə də İsadan çox şey öyrənə bilərik. O, Allahın keyfiyyətlərini mükəmməl surətdə əks etdirirdi. Yer üzünə gəlməkdə məqsədi dünyanın günahını yumaq olsa da, İsa ayrı-ayrı şəxslərlə də, məsələn, xəstə qadınla, cüzamlı ilə, uşaqla məhəbbətlə davranırdı (Matta 9:20-22; Mark 1:40-42; 7:26, 29, 30; Yəhya 1:29). Biz də qonşumuzu sevdiyimizi hər gün ünsiyyətdə olduğumuz adamlara qarşı münasibətimizlə göstərə bilərik.
18 Biz heç vaxt qonşuya olan məhəbbətin Allah sevgisi ilə bağlı olduğunu unutmamalıyıq. İsanın kasıblara kömək etməkdə, acları doydurmaqda, xalqa tə’lim verməkdə bir məqsədi var idi: o, insanları Yehova ilə barışdırmaq istəyirdi (2 Korinflilərə 5:19). İsa hər şeyi Allahı izzətləndirmək üçün edir, Yehovanı təmsil etdiyini və Onun keyfiyyətlərini əks etdirdiyini heç vaxt yaddan çıxarmırdı (1 Korinflilərə 10:31). İsanın izi ilə getmək qonşumuzu səmimi qəlbdən sevməyə və allahsız dünyaya qarışmamağa bizə kömək edəcək.
«Qonşunu özün kimi sev» nə deməkdir?
19, 20. Qonşunu özün kimi sevmək nə deməkdir?
19 İsa demişdir: «Qonşunu özün kimi sev». İnsanın öz qeydinə qalması, o cümlədən özünə hörmət etməsi təbiidir. Əks təqdirdə, bu əmr əhəmiyyətini itirərdi. Məsihin nəzərdə tutduğu məhəbbəti həvari Pavelin 2 Timoteyə 3:2 ayəsində xatırlatdığı xudbin məhəbbətlə qarışdırmaq olmaz. Əksinə burada insanın özünə hörmət qoyması nəzərdə tutulur. Bir Müqəddəs Kitab aliminin fikrincə ‘özünü düşüncəli tərzdə sevən insan özünü heç kimdən nə üstün, nə də alçaq saymır’.
20 Başqalarını özümüz kimi sevmək o deməkdir ki, insanlarla özümüzə qarşı gözlədiyimiz münasibətə uyğun rəftar edəcəyik. Məsih demişdi: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Matta 7:12). Göründüyü kimi İsa başqalarının bizə münasibətini saf-çürük edib, sonra onlarla eyni cür rəftar etməyi deməmişdi. Əksinə, biz özümüzə qarşı hansı münasibəti gözləyiriksə, başqaları ilə də eyni tərzdə rəftar etməliyik. Diqqət yetirin ki, İsa bu sözləri təkcə dostlara, qardaşlara aid etməmişdi. O, ‘insan’ sözünü işlətməklə göstərdi ki, qarşımıza çıxan hər kəslə belə rəftar etməliyik.
21. Başqalarını sevməklə biz nəyi nümayiş etdiririk?
21 Qonşuya qarşı sevgi bizi pis işlərdən saxlayacaq. Həvari Pavel yazırdı: «“Zina etmə”, “Qatillik etmə”, “Oğurluq etmə”, “Yalan şahidlik etmə”, “Tamahkarlıq etmə” kimi əmrlər və bündan başqa nə əmr varsa, bu söz ilə xülasə edilir: “Qonşunu özün kimi sev”. Məhəbbət qonşuya zərər gətirməz» (Romalılara 13:9, 10). Biz məhəbbətdən irəli gələrək, var gücümüzlə çalışıb başqalarına yaxşılıq edəcəyik. İnsanları sevməklə, onları Öz surətində yaradan Yehova Allahı sevdiyimizi nümayiş etdiririk (Yaradılış 1:26).
Necə cavab verərdiniz?
• Biz kimi sevməliyik və nə üçün?
• Yehovaya xidmət etməyən insanları sevdiyimizi necə göstərə bilərik?
• Müqəddəs Kitaba əsasən qardaşlarımızı necə sevməliyik?
• Qonşumuzu özümüz kimi sevmək nə deməkdir?
[26-cı səhifədəki şəkil]
«Mənim qonşum kimdir?»
[27-ci səhifədəki şəkil]
İsa ayrı-ayrı şəxsləri də sevirdi.