Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/2 s. 4—7
  • Kişi və qadın. Hər birinin ləyaqətli rolu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kişi və qadın. Hər birinin ləyaqətli rolu
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Qadınlara verilən gözəl imtiyazlar
  • Kişilərə həvalə olunan tapşırıqlar
  • Xoşbəxt kişi və qadın
  • Qadınlar nəyə görə başçılıq prinsipinə riayət etməlidirlər?
    Gözətçi qülləsi 2010
  • Ər-arvadlar üçün müdrik nəsihətlər
    Gözətçi qülləsi 2005
  • Qadınlar, ərlərinizə ehtiram edin
    Gözətçi qülləsi 2007
  • Allah qadınların ləyaqətinə hörmətlə yanaşır
    «Gözətçi qülləsi»nin 2012-ci il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/2 s. 4—7

Kişi və qadın. Hər birinin ləyaqətli rolu

YEHOVA ALLAH əvvəlcə Adəmi, sonra isə Həvvanı yaratdı. Həvva yarandığı vaxta qədər Adəm həyat təcrübəsi toplayırdı. Bu vaxt ərzində Yehova ona müəyyən göstərişlər verirdi (Yaradılış 2:15-20). Adəm Allahın təmsilçisi kimi öyrəndiklərini Həvvaya ötürməli idi. Buna görə də, məntiqəuyğundur ki, Allaha ibadətdə rəhbərlik onun üzərinə düşürdü.

Buna bənzər quruluş məsihçi yığıncağında da mövcuddur və biz onu nəzərdən keçirməklə fayda əldə edə bilərik. Həvari Pavel yazırdı: «Qadına... ərinə hakim kəsilməyə icazə vermirəm, qadın sükunət içində dinləsin; çünki ilk yaradılan Adəm olmuşdur, Həvva isə sonra yaradılmışdır» (1 Timoteyə 2:12, 13). Bu o demək deyil ki, qadın yığıncaq görüşlərində dinməz-söyləməz oturmalıdır. Sadəcə olaraq o, kişinin mövqeyini alçaltmamalı, onunla mübahisəyə girməməli və ya yığıncağı öyrətməyə cəhd etməməlidir. Yığıncağa rəhbərlik etmək və tə’lim vermək işini Yehova kişilərin üzərinə qoyub. Lakin qadınlar da proqramın müxtəlif hissələrində iştirak etməklə məsihçi görüşlərində az rol oynamırlar.

Allahın quruluşunda kişilə qadının rolunu izah edərək həvari Pavel yazırdı: «Kişi qadından deyil, qadın kişidən yarandı... Buna rəğmən, Rəbbdə nə qadın kişidən müstəqildir, nə də kişi qadından. Zira, qadın kişidən yarandığı kimi, kişi də qadın vasitəsilə yaranır; və hər şey Allahdan törənir» (1 Korinflilərə 11:8-12).

Qadınlara verilən gözəl imtiyazlar

Allahın İsrailə verdiyi Qanunda qadınlara bir çox imtiyazlar verilmişdi və onlar öz bacarıqlarından sərbəst istifadə edə bilərdilər. Məsələn, Süleymanın məsəlləri 31:10-31 ayələrində haqqında danışılan «xeyirxah arvad» yüksək keyfiyyətli parçalar alıb, ailəsi üçün yaxşı paltarlar tikir. O, hətta «tacirlərə... toxuduğu kətan paltarları satır» (13, 21-24-cü ayələr). Bu fərasətli qadın ‘ticarət gəmiləri’ kimi, uzaq yerlərdən tapmaq lazım gəlsə belə, ailəsi üçün keyfiyyətli qida əldə edir (14-cü ayə). O, «tarlaya baxandan sonra satın alır» və «bağ salır» (16-cı ayə). Məşğuliyyəti yaxşı olduğundan ona gəlir gətirir (18-ci ayə). Yehovadan qorxan bu çalışqan qadın ‘ailəsinin işini idarə etməkdən’ savayı, təmənnasız olaraq başqalarına da kömək əlini uzadır (20, 27-ci ayələr). Onun tə’rifə layiq olması təəccüblü deyil (31-ci ayə).

Yehovanın Musa vasitəsilə verdiyi Qanunda ruhən inkişaf etmələri üçün qadınların qarşısında bir çox imkanlar açılırdı. Məsələn, Yeşua 8:35 ayəsində biz oxuyuruq: «Bütün İsrail camaatının, qadınların, uşaqların və aralarında olan qəriblərin qarşısında Musanın bütün buyurduqlarından Yeşuanın oxumadığı bir söz belə, qalmadı». Həmçinin Müqəddəs Kitabda deyilir ki, kahin Ezra «Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan bütün camaatın qabağına gətirdi. Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı» (Nehemya 8:2, 3). Qadınlar Qanunun oxumasından fayda əldə edirdilər. Onlar, həmçinin Yehovanın tə’yin etdiyi bayramlarda da iştirak edirdilər (Qanunun təkrarı 12:12, 18; 16:11, 14). Ən vacibi isə qədim İsraildə qadınlar Yehova Allahla şəxsi münasibətlər qura və duada Ona müraciət edə bilərdilər (1 Şamuel 1:10).

Eramızın birinci əsrində ürəyində Allah qorxusu olan qadınlar İsaya xidmət etmək şərəfinə layiq görülmüşdülər (Luka 8:1-3). Beytanyada şam yeməyi zamanı bir qadın İsanın başına və ayaqlarına qiymətli yağ sürtdü (Matta 26:6-13; Yəhya 12:1-7). Dirilən İsanın göründüyü adamların arasında qadınlar da vardı (Matta 28:1-10; Yəhya 20:1-18). O, göyə qalxdıqdan sonra bir yerə toplaşan 120 nəfərə «qadınlar, habelə İsanın anası Məryəm» də daxil idi (Həvarilərin işləri 1:3-15). Eramızın 33-cü ilinin Pentikost günündə İsanın şagirdləri üzərinə müqəddəs ruh töküləndə və onlar mö’cüzəvi şəkildə müxtəlif dillərdə danışmağa başlayanda, şübhə yoxdur ki, bu qadınların əksəriyyəti, bəlkə də hamısı Yerusəlimdə yuxarı otaqda idi (Həvarilərin işləri 2:1-12).

Eramızın 33-cü ilinin Pentikost günündə Yoel 2:28, 29 ayələri həm kişilərin, həm də qadınların üzərində yerinə yetdi. Həmin gün həvari Peter bu ayələrdən sitat gətirərək dedi: «Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm; oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcəklər... O günlərdə qullarım və qarabaşlarım üzərinə də Ruhumdan tökəcəyəm» (Həvarilərin işləri 2:13-18). Bu bayramdan sonra bir müddət ərzində qadınlara ruhun ən’amları verildi. Onlar müxtəlif dillərdə danışır, həmçinin peyğəmbərlik edirdilər. Bu, mütləq gələcəkdən xəbər vermək demək deyildi, onlar insanlara Müqəddəs Kitab həqiqətlərini danışırdılar.

Həvari Pavel Romadakı məsihçilərə yazdığı məktubda haqqında mehribanlıqla danışdığı Fibi adlı bacını onlara tövsiyə etdi. O, həmçinin «Rəbb üçün çox zəhmət çəkmiş» Trifena və Trifosanı xatırlatdı (Romalılara 16:1, 2, 12). Bu qadınların erkən məsihçi yığıncağında rəhbərlik etmək səlahiyyəti olmasa da, Allah onları, o cümlədən bir çox başqa qadınları Oğlu İsa Məsihlə birlikdə göydə padşahlıq etmək üçün seçmişdir (Romalılara 8:16, 17; Qalatiyalılara 3:28, 29).

Allahdan qorxan qadınlar bu gün necə də şərəfli imtiyaza malikdirlər! Məzmur 68:11 ayəsində deyilir: «Xudavənd əmr edir, bir alay qadınlar belə müjdə paylayırlar». Belə qadınlar tə’rifə layiqdirlər. Məsələn, onların Müqəddəs Kitabı məharətlə öyrətmələri sayəsində bir çoxları həqiqi tə’limləri qəbul edirlər. Övladlarına həqiqəti aşılayan və yığıncaqda müxtəlif məs’uliyyətləri olan ərlərinə kömək edən məsihçi qadınlar da tə’rifə layiqdirlər (Süleymanın məsəlləri 31:10-12, 28). Subay qadınların da Allahın quruluşunda ləyaqətli yerləri vardır. Məsihçi kişilərə məsləhət görülür ki, «ağbirçəklərə ana kimi, gənc qadınlara tam bir paklıqla, bir bacı kimi yalvar»sınlar (1 Timoteyə 5:2).

Kişilərə həvalə olunan tapşırıqlar

Allah məsihçi kişilərin üzərinə xüsusi məs’uliyyət qoyub və onlardan vəzifələrini layiqincə yerinə yetirəcəklərini gözləyir. Həvari Pavel deyirdi: «Bunu da bilmənizi istəyirəm ki, hər ərin başı Məsih, arvadın başı ər, Məsihin başı isə Allahdır» (1 Korinflilərə 11:3). Kişinin də üzərində rəhbər var. Bu Məsihdir. Kişi Məsihin, nəticə e’tibarilə Allahın qarşısında cavabdehdir. Allah kişidən gözləyir ki, o, məhəbbətlə başçılıq edəcəkdir (Efeslilərə 5:25). İnsanın yarandığı ilk gündən bəri kişinin vəzifəsi dəyişilməyib.

Müqəddəs Kitab göstərir ki, Allah kişilərə onların başçılıq mövqeyinə müvafiq tapşırıqlar verirdi. Məsələn, Daşqın zamanı sağ qalmaq üçün Yehova Nuha gəmi tikməyi tapşırmışdı (Yaradılış 6:9–7:24). İbrahimə və’d edilmişdi ki, onun Zürriyyəti vasitəsilə Yer kürəsinin bütün ailələri və xalqları xeyir-dua alacaqlar. Bu Zürriyyətin əsas hissəsi İsa Məsihdir (Yaradılış 12:3; 22:18; Qalatiyalılara 3:8-16). Allah israilliləri Misirdən çıxartmağı Musaya tapşırmışdı (Çıxış 3:9, 10, 12, 18). Qanun əhdi və ya Musanın qanunu kimi tanınan qanunlar külliyyatını Yehova məhz Musanın vasitəsi ilə vermişdi (Çıxış 24:1-18). Müqəddəs Kitabı ancaq kişilər yazmışdır.

Məsihçi yığıncağının Başçısı İsa «insanlara hədiyyələr [«insanlar timsalında hədiyyələr», YD] verdi» (Efeslilərə 1:22; 4:7-13). Ağsaqqallar üçün tələbləri sadalayarkən, Pavel kişilərə müraciət edirdi (1 Timoteyə 3:1-7; Titusa 1:5-9). Buna görə də, Yehovanın Şahidlərinin yığıncaqlarında nəzarətçi, yə’ni ağsaqqal və xidməti köməkçi kimi yalnız kişilər tə’yin edilir (Filipililərə 1:1, 2; 1 Timoteyə 3:8-10, 12; 1 Peter 5:1-4). Ancaq qeyd etdiyimiz kimi Allah qadınlara da şərəfli imtiyazlar verir.

Xoşbəxt kişi və qadın

Kişi və qadın Allahın onların hər birinin üzərinə qoyduğu vəzifəni yerinə yetirəndə xoşbəxtlik əldə edirlər. Məsihin və onun yığıncağının nümunəsini təqlid etmək ərlə-arvada səadət gətirir. «Ərlər», — deyə Pavel xitab edirdi, — «arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi... Qoy hər kəs öz arvadını özü kimi sevsin» (Efeslilərə 5:25-33). Beləliklə, ərlərdən xudbinliklə deyil, məhəbbətlə başçılıq etmək tələb olunur. Məsihçi yığıncağı kamil insanlardan ibarət olmasa da, İsa onu sevir və qayğısına qalır. Buna bənzər tərzdə, məsihçi ər də məhəbbətlə arvadının qayğısına qalmalıdır.

Məsihçi qadın ‘ərinə ehtiram etməlidir’ (Efeslilərə 5:33). Bu işdə yığıncaq ona nümunədir. Efeslilərə 5:21-24 ayələrində deyilir: «Allah qorxusu ilə bir-birinizə tabe olun. Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi, ər də arvadın başıdır. Amma cəmiyyət Məsihə tabe olduğu kimi, arvadlar da hər şeydə öz ərlərinə tabe olsunlar». Ərinə tabe olmaq hərdən qadın üçün çətin olsa da, bu, ‘Rəbbə layiqdir’ (Koloslulara 3:18). Qadın ərə tabe olmağın Rəbb İsa Məsihə məqbul olduğunu yadda saxlasa, bunu etmək onun üçün daha asan olacaq.

Məsihçi qadın əri imanına şərik olmasa belə, onun başçılığına tabe olmalıdır. Həvari Peter deyir: «Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər» (1 Peter 3:1, 2). Ərinə dərin ehtiram bəsləyən Saraya İshaqı dünyaya gətirmək və bununla da İsa Məsihin ulu nənəsi olmaq şərəfi nəsib oldu (İbranilərə 11:11, 12; 1 Peter 3:5, 6). Allah Saranın nümunəsini təqlid edən ailəli qadınları mütləq mükafatlandıracaq.

Kişi və qadın Allahın onlar üçün nəzərdə tutduğu rollara müvafiq yaşayanda aralarında sülh və əmin-amanlıq hökm sürür. Bunun sayəsində onlar xoşbəxtlik və məmnunluq əldə edirlər. Üstəlik, Müqəddəs Yazıların tələblərinə müvafiq davranmaqla onlar Allahın gözündə hörmət qazanır və Onun quruluşunda şərəfli yer tuturlar.

[7-ci səhifədəki çərçivə]

Onlar Allahın həvalə etdiyi rol barədə nə fikirləşirlər?

Syuzan adlı bir qadın deyir: «Mənim yoldaşım ailəyə məhəbbətlə və mülayimliklə başçılıq edir. Bir qərara gəlməzdən əvvəl adətən məsələni birgə müzakirə edirik. Mən arxayınam ki, yoldaşımın çıxardığı qərarlar ailəmizin xeyri üçündür. Yehovanın məsihçi qadınların üzərinə qoyduğu məs’uliyyəti yerinə yetirməklə əsl xoşbəxtliyi əldə edirəm və nikahımız möhkəmlənir. Yoldaşımla münasibətlərim sıxdır və ruhani məqsədlərə nail olmaq üçün biz çiyin-çiyinə çalışırıq».

Bu isə Mindinin sözləridir: «Yehovanın bizə ayırdığı rol Onun Öz qadın xidmətçilərinə olan sevgisindən xəbər verir. Mən anlayıram ki, yoldaşıma ehtiramla yanaşmaqla və yığıncaq işlərində ona dayaq olmaqla Yehovaya minnətdarlığımı bildirirəm».

[5-ci səhifədəki şəkillər]

Kişinin başçılıq mövqeyinə müvafiq olaraq Allah Nuha, İbrahimə və Musaya müxtəlif tapşırıqlar vermişdi.

[7-ci səhifədəki şəkil]

«Bir alay qadınlar belə müjdə paylayırlar».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş