Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/7 s. 4—6
  • Etnik dözülməzliyin həlli nədədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Etnik dözülməzliyin həlli nədədir?
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Zülm və nifrət
  • Problemin kökü nədədir?
  • Allah haqqında bilik etnik nifrəti aradan qaldırır
  • Allah bütün millətlərin qayğısına qalır
  • İsa Məsih xeyirxah olmağı öyrədir
  • Allah haqqında bilik insanları dəyişirmi?
  • İnsanlara Yehovanın gözü ilə baxırsınızmı?
    Gözətçi qülləsi 2008
  • Ayrı-seçkilik etməyən Allahımız Yehovanı təqlid edin
    Gözətçi qülləsi 2003
Gözətçi qülləsi 2007
w07 1/7 s. 4—6

Etnik dözülməzliyin həlli nədədir?

İSPANİYADA keçirilən futbol matçını hakim dayandırır. Nəyə görə? Kamerundan olan oyunçuya tamaşaçılar o qədər təhqirlər yağdırır ki, futbolçu meydançanı tərk etmək istəyir. Rusiyada afrikalılara, asiyalılara və Latın Amerikasından olanlara qarşı amansız hücumlar adi hala çevrilmişdir; 2004-cü ildə millətçilik zəminində törədilən cinayət hadisələrinin sayı 55 faiz artaraq, 2005-ci ildə 394-ə çatmışdır. Britaniyada keçirilən sorğuda iştirak edən asiyalıların və qara dərili insanların üçdə biri düşünür ki, işdən çıxarılmalarının səbəbi irqi ayrı-seçkilik olmuşdur. Çəkdiyimiz bu nümunələr dünyadakı durumu əks etdirir.

Etnik dözülməzlik təhqiramiz, düşünülməmiş sözlərdən tutmuş, etnik qrupların məhv edilməsi siyasətinə kimi, özünü müxtəlif cür büruzə verira. Bu problemin kökü nədədir? Özümüzü ona yoluxmaqdan necə qoruya bilərik? Bütün insanların bir-biri ilə sülh içində yaşayacağına ümid etmək məntiqəuyğundurmu? Müqəddəs Kitab bu suallara necə cavab verir?

Zülm və nifrət

Müqəddəs Kitabda deyilir ki, ‘cavanlığından bəri insan ürəyinin fikirləri həmişə pis olub’ (Yaradılış 8:21). Buna görə də bə’ziləri başqalarına zülm verməkdən həzz alırlar. Müqəddəs Kitabın digər ayəsində isə yazılıb: «Məzlumların göz yaşlarını gördüm, onlara təsəlli verən yox idi, qüdrət zalımların əlində idi» (Vaiz 4:1).

Müqəddəs Kitab həm də göstərir ki, etnik nifrətin kökü tarixin dərinliklərinə gedir. Məsələn, eramızdan əvvəl 18-ci əsrdə Misir padşahı ibrani Yaqubu böyük ailəsi ilə birlikdə Misirdə məskən salmağa də’vət etdi. Ancaq sonralar onların sayca artması başqa fir’ona təhlükəli göründüyü üçün «o, xalqına dedi: “Baxın, İsrail övladları sayca bizdən çox və daha qüvvətlidirlər. Gəlin onlarla ağılla rəftar edək, yoxsa [onlar] çoxalar”... Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular» (Çıxış 1:9-11). Misirlilər hətta ibranilərin yeni doğulan oğlan uşaqlarının öldürülməsinə də əmr vermişdilər (Çıxış 1:15, 16).

Problemin kökü nədədir?

Etnik dözülməzliyin aradan qaldırılmasında dünya dinlərinin çox nadir hallarda köməyi dəyib. Düzdür, ayrı-ayrı insanlar cəsarətlə zülmkarlığa qarşı çıxmışlar, lakin ümumilikdə götürəndə, çox vaxt din zülmkarların tərəfində olmuşdur. Birləşmiş Ştatlarda da verilən qanunlar, özbaşına divan tutma, həmçinin 1967-ci ilədək qüvvədə olan, qarışıq nikahları qadağan edən nizamnamə zəncilərin hüquqlarını tapdalayırdı. Aparteid adlı irqçilik siyasəti yürüdülən Cənubi Afrika da istisna deyildi. Azlıqlar, irqlərarası nikahları qadağan edən qanun da daxil olmaqla, çıxardığı qanunlarla öz hakim mövqelərini qoruyurdular. Hər bir halda, dözülməzliyə səbəb olan etnik qrupun nümayəndələri arasında kifayət qədər qatı dindarlar var idi.

Müqəddəs Kitab isə etnik dözülməzliyin əsas səbəbini açıqlayır, bə’zi etnik qrupların nə üçün digərlərinə zülm verdiyini izah edir: «Sevməyən, Allahı tanımamışdır, çünki Allah məhəbbətdir. Kim desə ki, mən Allahı sevirəm, amma öz qardaşına nifrət edirsə, o yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı necə sevə bilir?» (1 Yəhya 4:8, 20). Bu ayələrdən etnik dözülməzliyin səbəbi aydın görünür. İstər dindarlar, istərsə də qeyriləri Allahı tanımadıqları və ya sevmədikləri üçün ayrı-seçkilik edirlər.

Allah haqqında bilik etnik nifrəti aradan qaldırır

Allahı tanımaq və sevmək etnik nifrəti necə aradan qaldırır? Allahın Kəlamı hansı biliyi verir ki, bu, insanları öz etnik qrupundan olmayanlara pislik etməkdən çəkindirir? Müqəddəs Kitab Yehova Allahın bütün insanların Atası olduğunu açıqlayır: «Bizim tək bir Ata Allahımız vardır. Hər şey Ondandır» (1 Korinflilərə 8:6). Başqa bir ayədə deyilir: «O, bütün xalqlardan olan insanları bir qandan yaratdı» (Həvarilərin işləri 17:26). Deməli, əslinə baxanda, bütün insanlar qardaşdırlar.

Bütün millətlər fəxr edə bilərlər ki, həyatı onlara Allah verib, bununla yanaşı, əcdadımızla bağlı elə şey var ki, hamımıza xəcalət gətirir. Müqəddəs Kitabın yazıçılarından biri olan Pavel demişdi: «Günah tək bir adam vasitəsilə... dünyaya girdi». Deməli, «hamı günah işlətmiş və Allahın izzətindən məhrum qalmışlar» (Romalılara 3:23; 5:12). Yehova Allah rəngarəngliyi sevir, bu səbəbdən də bir-birinə tam bənzəyən iki varlıq yoxdur. Buna baxmayaraq, O, heç bir millətə özünü digərindən üstün saymağa əsas verməyib. Bu gün geniş yayılmış millətçilik ruhu Müqəddəs Kitaba ziddir. Bəli, Allahın verdiyi bilik etnik nifrəti aradan qaldırır.

Allah bütün millətlərin qayğısına qalır

Bə’zilərində sual yaranır: görəsən, israillilərə xüsusi rəğbət bəsləməklə və onlara başqa xalqlardan ayrı qalmağı tapşırmaqla Allah milli ayrı-seçkiliyə şərait yaratdımı? (Çıxış 34:12). Ulu babası İbrahimin möhkəm imanına görə Allah o vaxtı İsrail xalqını Özünün xüsusi mülkü etmişdi. Hakimlər seçərək, qanunlar verərək qədim İsrail xalqını Allah Özü idarə edirdi. Nə qədər ki İsrail Allahın bu quruluşunu qəbul edirdi, başqa xalqlar insan hakimiyyəti ilə Allahın hakimiyyəti arasındakı fərqi görə bilərdilər. Yehova o vaxt yaşayan israillilərə başa salmışdı ki, bəşəriyyətin Onunla münasibətini bərpa etmək üçün qurbana ehtiyac var. Beləliklə, Yehovanın İsrail xalqı ilə münasibəti bütün xalqlara fayda gətirdi. Bu, Allahın İbrahimə dediyi sözlərə uyğun gəlirdi: «Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18).

Üstəlik, yəhudilərə Allahın müqəddəs sözləri verilmiş və Məsih məhz bu xalqdan gəlmişdi. Amma bu da bütün xalqların xeyir-dua alması üçün edilmişdi. Yəhudilərə verilən İbranicə Müqəddəs Yazılarda qəlb oxşayan sözlərlə bütün millətlərin böyük xeyir-dualar alacağı vaxt təsvir edilir: «Çox millətlər gəlib deyəcək: “Gəlin Rəbbin dağına, Yaqubun Allahının evinə qalxaq, qoy Rəbb bizə Öz yolunu öyrətsin”... Millət millətə qarşı qılınc qaldırmayacaq, artıq dava etməyi öyrənməyəcək. Hər kəs öz meynəsinin, əncir ağacının altında əyləşəcək, onları qorxudan olmayacaq» (Mikeya 4:2-4).

İsa Məsih özü yəhudilərə təbliğ etsə də, ‘Səmavi Səltənət haqqında olan Müjdənin xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacağını’ demişdi (Matta 24:14). Xoş xəbəri eşitməyən xalq qalmayacaqdı. Bu da Yehovanın bütün millətlərə qarşı qərəzsiz olduğunun bariz nümunəsidir. «Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur» (Həvarilərin işləri 10:34, 35).

Allahın qədim İsrail xalqına verdiyi qanunlar həm də Onun bütün millətlərin qayğısına qaldığını göstərir. Diqqət yetirin ki, orada İsraildə yaşayan qeyri-yəhudilərə sadəcə olaraq dözmək tələb olunmurdu: «Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin. Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz» (Levililər 19:33, 34). Allahın bir çox qanunları israillilərə qəriblərə qarşı xeyirxah olmağı öyrədirdi. Buna görə də İsanın ulu babası Boaz kasıb əcnəbi qadının başaq yığdığını görəndə Allahın öyrətdiyi kimi davranaraq biçinçilərə əmr etdi ki, onun üçün çoxlu taxıl saxlasınlar (Rut 2:1, 10, 16).

İsa Məsih xeyirxah olmağı öyrədir

Allahı insanlara ən yaxşı tanıdan İsa oldu. O, başqa xalqdan olan insanlara qarşı xeyirxah olmağı davamçılarına öyrətdi. İsa bir dəfə samariyalı qadınla söhbətə başlamışdı. Yəhudilərin çoxu samariyalılara həqarətlə yanaşdığı üçün qadın buna təəccübləndi. Söhbət əsnasında İsa əbədi həyatı necə qazanmağı ona izah etdi (Yəhya 4:7-14).

İsa Məsih, həmçinin xeyirxah samariyalı barədə məsəl çəkərək, başqa millətlərdən olan insanlarla necə davranmalı olduğumuzu göstərdi. Samariyalı bir yəhudiyə rast gəlmişdi. Soyğunçular onu ağır yaralayıb, yolun kənarına atmışdılar. Samariyalı belə fikirləşə bilərdi: «Nəyə görə yəhudiyə kömək etməliyəm? Yəhudilər mənim xalqıma nifrət edirlər». Lakin İsanın məsəlindəki samariyalı başqa millətə belə yanaşmırdı. O biriləri yaralıdan yan keçsələr də, samariyalının ona «yazığı gəldi» və çox kömək etdi. İsa Allahın lütfünü qazanmaq istəyən hər kəsin belə davranmalı olduğunu söyləyərək məsəlini bitirdi (Luka 10:30-37).

Həvari Pavel öyrədirdi ki, Allahı razı salmaq istəyən adam xasiyyətini dəyişməli və insanlarla rəftarında Allahdan nümunə götürməlidir. Pavel həmimanlılarını köhnə mənliyi əməlləri ilə birlikdə soyunub, yeni mənliyi geyinməyə təşviq edərək deyirdi: «Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər tərzdə təzələnir ki, dərrakəniz tam olsun. Bu yeni həyatda yunan və yəhudi, sünnət və sünnətsizlik, barbar, skif... yoxdur... Bütün bunlarla yanaşı, kamil birliyin bağı olan məhəbbəti geyin» (Koloslulara 3:9-14).

Allah haqqında bilik insanları dəyişirmi?

Həqiqətənmi Yehova Allahı tanımaq insanların başqa millətlərə münasibətini dəyişə bilər? Kanadada yaşayan bir asiyalı mühacir ayrı-seçkiliklə üzləşəndə çox mə’yus olmuşdu. Bu qadın Yehovanın Şahidlərinə rast gəldi və Müqəddəs Kitabı öyrənməyə başladı. Sonralar yazdığı minnətdarlıq məktubunda o deyirdi: «Siz çox mehriban və xeyirxah ağ adamlarsınız. Sizin digər ağlardan yerlə göy qədər fərqləndiyinizi görəndə çaş-baş qaldım. Çox fikirləşəndən sonra belə nəticəyə gəldim ki, siz Allahın Şahidlərisiniz. Müqəddəs Kitabda nə isə var. Sizin görüşlərdə ağlar, qaralar, mulatlar, sarılar var idi. Dəriləri müxtəlif rəngdə olsa da, ürəkləri bir rəngdə — şəffaf idi, çünki onlar bacı-qardaş idilər. İndi mən kimin sayəsində onların belə olduqlarını bilirəm. Bu, Allahınızın sayəsindədir».

Allahın Kəlamı ‘dünyanın Rəbbin biliyi ilə dolacağı’ vaxtdan xəbər verir (Yeşaya 11:9). Müqəddəs Kitabın peyğəmbərliyi elə indidən yerinə yetir: «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» milyonlarla insan həqiqi ibadətdə birləşir (Vəhy 7:9). Onlar yer üzündə nifrətin məhəbbətlə əvəz olunacağını və Allahın İbrahimə: «Yerin bütün xalqları sənin nəslin sayəsində mübarək olacaqlar!»  — deyə açıqladığı niyyətinin tezliklə həyata keçəcəyini səbirsizliklə gözləyirlər (Həvarilərin işləri 3:25).

[Haşiyə]

a «Etnik» sözü başqalarından irqinə, millətinə, dininə, dilinə və mədəniyyətinə görə fərqlənən insan qrupuna aiddir.

[4-cü səhifədəki şəkil]

Allahın Qanunu israillilərə qəribləri sevməyi öyrədirdi.

[5-ci səhifədəki şəkil]

Xeyirxah samariyalı haqqında məsəldən nə öyrənirik?

[6-cı səhifədəki şəkil]

Allah heç bir millətə özünü başqasından üstün saymağa əsas verməyib.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş