Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w07 1/10 s. 20—23
  • Həyatda dəyərli məqsədə can atın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyatda dəyərli məqsədə can atın
  • Gözətçi qülləsi 2007
  • Başlıqlar
  • Oxşar material
  • Sənin həyatda məqsədin nədir?
  • ‘Həqiqi həyat’ nədir?
  • Düzgün qurbanlar gətirin
  • ‘Dünyadan tam istifadə etməyin’
  • Allahın iradəsini həyatınızda birinci yerə qoyun
  • Allahın bizimlə bağlı niyyəti nədir?
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allahın iradəsinə uyğun yaşayın
    Gözətçi qülləsi 2007
  • Həyatın mənası nədədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Həyatın mənası nədədir?
    Gözətçi qülləsi 2008
Əlavə
Gözətçi qülləsi 2007
w07 1/10 s. 20—23

Həyatda dəyərli məqsədə can atın

«Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!» (MƏZMUR 150:6).

1. Bir gəncin həyatın həqiqi mə’nasını necə axtardığını təsvir edin.

«HƏYATIMI insanlara kömək etməklə keçirmək istədiyim üçün tibbi təhsil alırdım. Həm də fikirləşirdim ki, nüfuzlu və gəlirli həkim işi mənə xoşbəxtlik gətirəcək», — deyə Koreyada böyüyüb-başa çatan Sənq Jin xatırlayıra. «Əslində həkimin köməyinin nə qədər cüz’i olduğunu anlayanda, mə’yusluğa qapıldım. Sonra rəssamlığı öyrənməyə başladım, amma əl işlərimin başqalarına az xeyri dəyirdi, özümü lap eqoist kimi hiss edirdim. Müəllimliyə üz tutdum, tezliklə başa düşdüm ki, həqiqi xoşbəxtliyə aparan rəhbərliyi deyil, ancaq quru faktları çatdıra bilirəm». Bir çoxları kimi Sənq Jin də həyatın həqiqi mə’nasının axtarışında idi.

2. a) Həyatımızın həqiqətən mə’nalı olması üçün nə gərəkdir? b) Haradan bilirik ki, həyatın həqiqi mə’nası var?

2 Həyatımızın həqiqətən mə’nalı olması üçün yaşamaq səbəbinin, aydın məqsədin və bütün sə’ylərimizi yönəltdiyimiz əsas hədəfin olması gərəkdir. İnsanlar belə mə’nalı həyat sürə bilərlərmi? Bəli! Ağıl, şüur və dərrakə ilə yaradılmağımız göstərir ki, bizi burada yerləşdirməkdə Yaradanın mə’nalı niyyəti var. Buna görə də məntiqəuyğundur ki, ancaq Yaradanın niyyətinə uyğun yaşamaqla həyatın həqiqi mə’nasını tapa bilərik.

3. Allahın insanlar üçün niyyətinə nə daxildir?

3 Müqəddəs Kitab açıqlayır ki, Allahın bizim üçün olan niyyətinə çox şey daxildir. Məsələn, əsrarəngiz yolla yaradılmağımız doğrudan da Allahın təmənnasız məhəbbətinin təzahürüdür (Məzmur 40:5; 139:14). Beləliklə, Allahın niyyətinə uyğun yaşamaq insanları Allahın sevdiyi kimi, təmənnasız məhəbbətlə sevmək deməkdir (1 Yəhya 4:7-11). Bu həm də o deməkdir ki, Allahın məhəbbət dolu niyyətinə uyğun yaşamağa kömək edən rəhbərliyinə tabe olmalıyıq (Vaiz 12:13; 1 Yəhya 5:3).

4. a) Həqiqi mə’nalı həyat yaşamaq üçün nə lazımdır? b) İnsanın qarşısına qoya biləcəyi ən ali məqsəd hansıdır?

4 Allah həm də niyyət etmişdi ki, insanlar bir-birilə və başqa varlıqlarla xoşbəxtlik və əmin-amanlıq içində yaşasınlar (Yaradılış 1:26; 2:15). Belə isə, xoşbəxt, təhlükəsiz və rahat yaşamaq üçün bizə nə lazımdır? Özünü xoşbəxt və təhlükəsizlikdə hiss etmək üçün valideynlərinin yanında olmasına ehtiyac duyan uşaq kimi, biz də həyatda əsl məqsədi və həqiqi mə’nanı tapmaq üçün səmavi Atamızla yaxşı münasibətdə olmalıyıq (İbranilərə 12:9). Allah bizim Ona yaxınlaşmağımıza icazə verməklə və dualarımızı eşitməklə belə münasibətlərin yaranmasını mümkün edir (Yaqub 4:8; 1 Yəhya 5:14, 15). Əgər biz ‘Allahla yeriyir’ və Onun dostu oluruqsa, səmavi Atamıza sevinc bəxş edib, Onu izzətləndirə bilərik (Yaradılış 6:9, KM; Süleymanın məsəlləri 23:15, 16; Yaqub 2:23). Bu, insanın qarşısına qoya biləcəyi ən ali məqsəddir. Məzmurçu yazırdı: «Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!» (Məzmur 150:6).

Sənin həyatda məqsədin nədir?

5. Maddi maraqları birinci yerə qoymaq nə üçün müdriklik deyil?

5 Allahın bizim üçün olan iradəsi həm də ondan ibarətdir ki, biz özümüzün və ailəmizin qayğısına qalaq. Bura onların həm maddi, həm də ruhani ehtiyaclarını ödəmək daxildir. Ancaq bunu edərkən dünyəvi işlərin daha vacib olan ruhani işləri kölgədə qoymaması üçün tarazlığı qorumaq lazımdır (Matta 4:4; 6:33). Təəssüf ki, çoxları həyatını, demək olar, bütünlüklə maddi əşyalar əldə etməyə həsr edir. Ancaq bütün ehtiyaclarımızı yalnız maddi əşyalarla ödəməyə çalışmaq müdriklik olmazdı. Bu yaxınlarda Asiyada varlı insanlar arasında aparılan sorğu göstərmişdi ki, onların çoxu «cəmiyyətdə tutduqları mövqeyə və maddi firavanlıq içində yaşamalarına baxmayaraq, qorxu və narahatçılıq hissi keçirirlər» (Vaiz 5:11).

6. Var-dövlət arxasınca qaçanlara İsa hansı məsləhəti verdi?

6 İsa ‘zənginliyin aldadıcı’ olduğu haqqında danışırdı (Mark 4:19). Zənginlik hansı mə’nada aldadıcıdır? Məsələn, adama elə gəlir ki, o, xoşbəxtlik gətirir, əslində isə bu heç də belə deyildir. Müdrik padşah Süleyman demişdir: «Pul sevən puldan doymaz» (Vaiz 5:10). Var-dövlət dalınca qaçmaq, eyni zamanda Allaha tam ürəkdən xidmət etmək mümkündürmü? Xeyr. İsa izah etmişdi: «Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz Allaha və mammona qulluq edə bilməzsiniz». İsa öz şagirdlərini yerdə var-dövlət toplamağa deyil, «göydə xəzinələr» yığmağa, yə’ni ‘nələrə ehtiyacımız olduğunu Ondan diləməzdən əvvəl bilən’ Allahın yanında yaxşı ad qazanmağa təşviq edirdi (Matta 6:8, 19-25).

7. «Həqiqi həyata» nail olmaq üçün nə edə bilərik?

7 Əməkdaşı Timoteyə məktub yazarkən həvari Pavel bu barədə bə’zi ciddi məsləhətlər verdi. O, Timoteyə dedi: «İndiki zəmanədə varlı olanlara tapşır ki... güvənilə bilməyən var-dövlətə bel bağlamasınlar, lakin zövq üçün bizə hər şeyi firavanlıqla verən Allaha ümid bəsləsinlər... Əliaçıq və öz malını digərləri ilə bölüşdürməyə hazır olub, özlərinə gələcək üçün yaxşı təməl olacaq bir xəzinə toplasınlar ki, həqiqi həyata nail olsunlar» (1 Timoteyə 6:17-19, İ–93).

‘Həqiqi həyat’ nədir?

8. a) Nə üçün çoxları var-dövlətə və cəmiyyətdə mövqe tutmağa can atır? b) Belə adamlar nəyi başa düşmürlər?

8 ‘Həqiqi həyat’ dedikdə bir çox insanların düşüncəsində təm-təraqlı, kefdə-damaqda keçən həyat canlanır. Asiyada çıxan bir jurnalda qeyd edilir: «Televizor və ya filmlər tamaşaçılarda gördükləri yeni-yeni şeyləri əldə etmək arzusu oyadır». Çoxlarına elə gəlir ki, belə şeyləri əldə etmək doğrudan da yaşamaq deməkdir və onlar var-dövləti və cəmiyyətdə mövqe tutmağı həyatlarının məqsədi edirlər. Çoxları bunlara nail olmaq üçün gəncliyini, sağlamlığını, ailə həyatını və ruhani dəyərlərini qurban verirlər. Televizorda göstərilən belə şeylərin «dünyanın ruhunu», yə’ni milyardlarla insanı öz tə’siri altına alan və onları Allahın insanlar üçün olan niyyətinə zidd davranmağa təhrik edən düşüncə tərzini əks etdirdiyi haqqında ayaq saxlayıb düşünənlər çox azdır (1 Korinflilərə 2:12; Efeslilərə 2:2). Buna görə də bu gün dünyada bu qədər çox insanın bədbəxt olması təəccüblü deyil! (Süleymanın məsəlləri 18:11; 23:4, 5).

9. İnsanlar nəyə heç vaxt nail ola bilməyəcəklər və nə üçün?

9 Bəs aclıq, xəstəlik və ədalətsizliyi aradan qaldırmağa çalışaraq insanların rifahı naminə fədakarlıqla zəhmət çəkənlər haqqında nə demək olar? Onların nəcib və fədakar sə’yləri çoxlarına fayda gətirir. Ancaq əllərindən gələni etmələrinə baxmayaraq, onlar heç zaman bu dünyanı nə ədalətli edəcək, nə də yaxşılığa doğru dəyişə biləcəklər. Nə üçün? Çünki əslində bütün dünya şəririn, yə’ni Şeytanın hakimiyyəti altındadır, o isə bu dünyanın yaxşılığa doğru dəyişməsini istəmir (1 Yəhya 5:19).

10. Sadiq insanlar «həqiqi həyata» nə zaman nail olacaqlar?

10 Yazıq o kəsə ki, ümidini ancaq bu dünyaya bağlayır! «Əgər biz yalnız bu həyat üçün Məsihə ümid bəsləmişiksə, bizə bütün insanlardan çox acımaq lazımdır», — deyə Pavel yazırdı. Əgər hər şey bu həyatdadırsa, Pavel demişkən, «gəlin yeyək və içək, çünki sabah öləcəyik!» (1 Korinflilərə 15:19, 32). Amma «biz Onun [Allahın] və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 Peter 3:13). O zaman məsihçilər ‘həqiqi həyatdan’, göylərdə və ya Allahın Padşahlığının məhəbbət dolu rəhbərliyi altında kamil ‘əbədi həyatdan’ zövq alacaqlar (1 Timoteyə 6:12).

11. Allahın Padşahlığının maraqlarının irəliləməsi üçün çalışmaq nəyə görə məqsədəuyğundur?

11 Yalnız Allahın Padşahlığı insanların problemlərini tam müvəffəqiyyətlə həll edəcək. Buna görə, hər kəsin can ata biləcəyi ən dəyərli məqsəd Allahın Padşahlığının maraqlarının irəliləməsində əlindən gələni etməkdir (Yəhya 4:34). Nə qədər ki, bu işlə məşğuluq, səmavi Atamızla münasibətimiz sıx olacaq. Biz həm də həyatda eyni məqsədə can atan milyonlarla ruhani bacı-qardaşlarımızla çiyin-çiyinə xidmət etməkdən sevinc duyuruq.

Düzgün qurbanlar gətirin

12. İndiki həyatla ‘həqiqi həyat’ arasındakı fərqi göstərin.

12 Müqəddəs Kitab deyir ki, indiki «dünya və onun ehtirası keçib gedir». Şeytanın dünyasından heç nə, nə onun şöhrəti, nə də var-dövləti qalacaq, «amma Allahın iradəsini yerinə yetirən əbədi» yaşayacaq (1 Yəhya 2:15-17). İndiki dünyanın e’tibarsız var-dövlətinin, ötəri izzətinin və yalançı məmnunluğunun əksinə olaraq ‘həqiqi həyat’, yə’ni Allahın Padşahlığı altında əbədi həyat keçib getməyəcək. Və əgər düzgün qurbanlar gətiririksə, bu hər şeyə dəyər.

13. Bir ər-arvad hansı düzgün qərarı qəbul etdi?

13 Henri və Syuzanın nümunəsinə nəzər salaq. Onlar inanırdılar ki, Allahın Padşahlığını həyatlarında birinci yerə qoyan insanlar Onun köməyini alacaqlar (Matta 6:33). Onlar ucuz qiymətə ev tapmaq qərarına gəldilər ki, ikisi də dünyəvi işdə işləməkdənsə, iki qızları ilə birlikdə ruhani işlərə daha çox vaxt ayıra bilsinlər (İbranilərə 13:15, 16). Onların yaxşılığını istəyən bir dostları bu qərarı başa düşə bilmirdi. O, Syuzana demişdi: «Syuzan, əgər yaxşı evdə yaşamaq istəyirsənsə, gərək nəyisə qurban verəsən». Ancaq Henri və Syuzan bilirdi ki, Yehovanı birinci yerə qoymaq «indiki və gələcək həyat üçün ümid verir» (1 Timoteyə 4:8; Titusa 2:12). Onların qızları böyüyüb, tammüddətli xidmətə başladılar. Onlar ailəlikcə heç bir şey itirmədiklərini düşünürlər; əksinə, ‘həqiqi həyatı’ əldə etməyi qarşılarına məqsəd qoymaq onlara böyük fayda gətirib (Filipililərə 3:8; 1 Timoteyə 6:6-8).

‘Dünyadan tam istifadə etməyin’

14. Həyatın həqiqi mə’nasını nəzərdən qaçırmaq hansı fəlakətlərə səbəb ola bilər?

14 Həyatın həqiqi mə’nasını nəzərdən qaçırmaq və ‘həqiqi həyatı bərk tutmamaq’ çox təhlükəlidir. ‘Bizi həyatın qayğıları, zənginliyi, zövqləri boğa’ bilər (Luka 8:14). Qarşısıalınmaz arzular və «həyatın qayğıları» ona gətirib çıxara bilər ki, başımız həddindən artıq bu dünyanın işlərinə qarışar (Luka 21:34). Əfsuslar olsun ki, bə’ziləri varlanmaq arzusuna düşmüş və ‘iman yolundan uzaqlaşıb, özlərinə bir çox əzablar çəkdirmiş’, hətta Yehova ilə qiymətli münasibətlərini belə itirmişlər. ‘Əbədi həyatı bərk tutmamaq’ necə də baha başa gəlir! (1 Timoteyə 6:9, 10, 12; Süleymanın məsəlləri 28:20).

15. Dünyadan tam istifadə etməmək bir ailəyə hansı faydanı gətirdi?

15 Pavel ‘dünyadan istifadə edənlərə, tam istifadə etməyənlər kimi olmağı’ məsləhət görürdü (1 Korinflilərə 7:31). Kit və Boni bu məsləhətə qulaq asdılar. Kit xatırlayır: «Yehovanın Şahidi olanda stomotologiyanı təzəcə bitirmişdim. Seçim qarşısında idim. Çoxlu xəstə qəbul edib, pul qazana bilərdim, ancaq bu bizim Yehovaya ibadətimizə mane olacaqdı. Ailəmizin ruhani və emosional rifahına daha çox vaxt qalsın deyə, iş vaxtımı azaltdım. Sonralar bizim beş qızımız dünyaya gəldi. Çox az hallarda artıq pulumuz qalsa da, qənaətcil olmağı öyrəndiyimiz üçün heç nəyə ehtiyacımız olmurdu. Ailəmiz mehriban, möhkəm və sevinclə dolu idi. Vaxt keçdikcə hamımız tammüddətli xidmətə başladıq. İndi qızlarımız xoşbəxt ailə qurublar və onların üçünün uşaqları var. Onların ailəsi də xoşbəxtdir, çünki Yehovanın iradəsini birinci yerə qoyurlar».

Allahın iradəsini həyatınızda birinci yerə qoyun

16, 17. Müqəddəs Kitabda hansı iste’dadlı insanların nümunələri yazılıb və onlar yaddaşlarda necə qalıblar?

16 Müqəddəs Kitabda Allahın iradəsinə uyğun yaşayan və yaşamayan insanların nümunələri var. Bu nümunələrdən olan dərslər yaşından, mədəniyyətindən və harada yaşamasından asılı olmayaraq hamı üçündür (Romalılara 15:4; 1 Korinflilərə 10:6, 11). Nəmrud böyük şəhərlər tikirdi, o bununla Yehovaya qarşı çıxırdı (Yaradılış 10:8, 9). Amma bir çoxları isə yaxşı nümunə qoymuşlar. Məsələn, Musa Misir zadəganı mövqeyini qorumağa çalışmırdı. Əksinə, o, Allahın verdiyi tapşırıqları «Misirin xəzinələrindən daha böyük sərvət» kimi qiymətləndirdi (İbranilərə 11:26). Həkim Luka, görünür, Pavel və başqaları xəstələnəndə onlara kömək edirdi. Ancaq o, insanlara ən böyük yaxşılığı müjdəçi və Müqəddəs Kitab yazıçısı kimi edib. Pavelə gəldikdə isə o, qanunşünas kimi deyil, missioner, «qeyri-yəhudilərə həvari» kimi tanınır (Romalılara 11:13).

17 Davud əsasən ordu başçısı, musiqiçi və ya bəstəkar kimi deyil, Allahın ‘ürəyinə yatan bir adam’ kimi yadda qalıb (1 Şamuel 13:14). Biz Danieli Babilin saray mə’muru kimi gördüyü işlərə görə deyil, Yehovaya sadiq peyğəmbər kimi xidmət etdiyinə görə, Esteri Fars mələkəsi kimi deyil, iman və cəsarət nümunəsi kimi, Peter, Andrey, Yaqub və Yəhyanı yaxşı balıqçı kimi deyil, İsanın həvariləri kimi tanıyırıq. Ən nəhayət, İsa bizim xatirimizdə «dülgər» kimi deyil, ‘Məsih’ kimi qalıb (Mark 6:3; Matta 16:16). Onların hamısı yaxşı başa düşürdü ki, malik olduqları bacarıq, var-dövlət və ya mövqeləri dünyəvi işə deyil, Allaha xidmətə yönəldilməlidir. Onlar bilirdilər ki, qarşılarına qoya biləcəkləri ən dəyərli və ən çox sevinc gətirən məqsəd Allahdan qorxan insan olmaqdır.

18. Bir gənc məsihçi həyatını nəyə sərf etmək qərarına gəldi və o nəyi başa düşdü?

18 Məqalənin əvvəlində adı çəkilən Sənq Jin də bunu başa düşdü. «Mən qərara gəldim ki, bütün gücümü tibbə, rəssamlığa və ya müəllimliyə həsr etmək əvəzinə, həyatımı Allaha həsr olunmağıma uyğun qurum», — deyə o danışır. «İndi Müqəddəs Kitab müəllimlərinə daha çox ehtiyac olan yerdə xidmət edərək, insanlara əbədi həyata aparan yolu tapmağa kömək edirəm. Əvvəllər düşünürdüm ki, tammüddətli xidmət çox sə’y tələb etməyəcək. Ancaq indi həyatım əvvəlkindən daha dolğundur, çünki həm öz xasiyyətimi, həm də müxtəlif mədəniyyətlərdən olan insanları öyrətmək bacarığımı yaxşılaşdırmağa çalışıram. Başa düşürəm ki, Yehovanın iradəsinə uyğun yaşamaq yeganə mə’nalı həyat yoludur».

19. Həyatın əsl mə’nasını necə tapa bilərik?

19 Biz məsihçilər həyatı xilas edən biliyə və qurtuluş ümidinə malikik (Yəhya 17:3). Buna görə də, gəlin ‘Allahın lütfünü boş yerə qəbul etməyək’ (2 Korinflilərə 6:1). Əksinə, gəlin həyatımızın qiymətli illərini və günlərini Yehovaya izzət gətirməklə keçirək. Gəlin indi həqiqi xoşbəxtlik gətirən və əbədi həyata aparan biliyi hamıya çatdıraq. Belə etməklə biz İsanın sözlərinin həqiqiliyini öz üzərimizdə hiss edəcəyik: «Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir» (Həvarilərin işləri 20:35). Biz həm də həyatın əsl mə’nasını tapmış olacağıq.

[Haşiyə]

a Bə’zi adlar dəyişdirilib.

İzah edə bilərsinizmi?

• Həyatda qarşımıza qoya biləcəyimiz ən ali məqsəd nədir?

• Nəyə görə maddi əşyalar üçün yaşamaq müdriklik olmazdı?

• Allahın və’d etdiyi ‘həqiqi həyat’ nədir?

• Allahın iradəsinə uyğun necə yaşaya bilərik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş