Sabahı düşünərək yaşayın
İSA MƏSİH Qalileyada söylədiyi məşhur Dağüstü təbliğində demişdi: «Sabah üçün qayğı çəkməyin». Sonra o davam edir: «Sabahkı gün özü üçün qayğı çəkəcəkdir» (Matta 6:34).
Sizcə, «sabahkı gün özü üçün qayğı çəkəcəkdir» sözlərinin mə’nası nədir? Bu o deməkdirmi ki, insan yalnız bu gün üçün yaşamalı, sabahkı günü isə heç düşünməməlidir? Doğrudanmı, bu, İsanın və onun şagirdlərinin inandığı şeylərə uyğun gəlir?
«Qayğı çəkməyin»
Zəhmət olmasa, İsanın Matta 6:25-32 ayələrində yazılmış sözlərini əvvəldən axıradək oxuyun. Gəlin oradan bə’zi fikirlərə diqqət yetirək: «Nə yeyəcəksiniz, yaxud nə içəcəksiniz deyə canınızın, nə geyəcəksiniz deyə bədəninizin qayğısına qalmayın... Göyün quşlarına baxın, onlar nə əkir, nə biçir, nə də ambarlarda toplayırlar; və səmavi Atanız onları yedizdirir... Sizlərdən kim qayğı çəkməklə boyunu bir arşın artıra bilər? Və nə üçün paltardan ötrü qayğı çəkirsiniz? Tarla zanbaqlarının necə böyüdüklərinə baxın; nə zəhmət çəkirlər, nə də iplik əyirirlər... Beləliklə: “Nə yeyəcəyik?”, “Nə içəcəyik?”, “Nə geyəcəyik?” — deyə qayğı çəkməyin. Çünki bütün bu şeyləri bütpərəstlər axtarırlar; səmavi Atanız da bütün bu şeylərə ehtiyac duyduğunuzu bilir».
İsa nitqinin bu hissəsini iki məsləhətlə bitirir. Birincisi, «əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarın; və bunların hamısı sizə əlavə olaraq veriləcəkdir». İkincisi, «sabah üçün qayğı çəkməyin; ona görə ki, sabahkı gün özü üçün qayğı çəkəcəkdir. Hər günün öz hökmü var» (Matta 6:33, 34).
Səmavi Atanız nəyə ehtiyac duyduğunuzu bilir
Necə düşünürsünüz, İsanın məqsədi öz şagirdlərinin, o cümlədən, əkinçilərin əlini ‘əkib, biçməkdən və ambarlarda məhsul toplamaqdan’, yaxud ehtiyacları olan paltar üçün zəhmət çəkib, iplik əyirməkdən soyutmaq idimi? (Süleymanın məsəlləri 21:5; 24:30-34; Vaiz 11:4). Əlbəttə ki yox. Əgər onlar işləməsəydilər, «biçin vaxtı» nə yeməyə, nə də geyməyə heç nə tapmazdılar (Süleymanın məsəlləri 20:4).
Bəs narahatçılıq haqqında nə demək olar? İsa dinləyicilərinin narahatçılıqdan tamamilə azad ola biləcəklərinimi nəzərdə tuturdu? Bu, qeyri-mümkün bir şey olardı. İsanın özü tutulan gecə gün dərin kədər və narahatçılıq keçirirdi (Luka 22:44).
İsa sadəcə olaraq çox vacib bir həqiqəti açıqlayırdı. Həddindən artıq narahat olmaq problemləri həll etməyə heç vaxt kömək etməyəcək. Məsələn, narahat olmaqla ömrü uzatmaq olmaz. İsa demişdi ki, narahatçılıq ömrü bir arşın da artıra bilməz (Matta 6:27). Əksinə, şiddətli və uzun sürən narahatlıq ömrü qısalda bilər.
İsanın məsləhəti son dərəcə faydalıdır. Haqqında narahat olduğumuz şeylərin çoxu heç vaxt baş vermir. Britaniya dövlət xadimi Uinston Çörçill İkinci Dünya müharibəsinin dəhşətli günləri haqqında düşünəndə bunu başa düşmüşdü. Həmin dövrdə çəkdiyi bə’zi qayğılar haqqında o yazırdı: «O vaxt keçirdiyim narahatçılıqlar haqqında düşünəndə yadıma bir qoca kişinin əhvalatı düşür. Ölüm yatağında olanda o demişdi ki, həyatında çox şeyə görə narahatçılıq keçirib, ancaq onların çoxu heç vaxt baş verməyib». Əgər problem və sıxıntılar bizdə asanlıqla narahatçılıq yaradırsa, ancaq yaşadığımız gün haqqında düşünmək müdriklik olardı.
‘Əvvəlcə Allahın Səltənətini axtarın’
Əslində İsa dinləyicilərinin təkcə fiziki və emosional rifahı haqqında düşünmürdü. O bilirdi ki, gündəlik tələbatlar üçün çəkilən qayğılar, habelə var-dövlətə və əyləncələrə həddindən artıq can atmaq vacib şeyləri sıxışdırıb çıxara bilər (Filipililərə 1:10). Bəlkə də siz düşünürsünüz: «Həyatda lazımlı şeyləri əldə etməkdən vacib nə ola bilər?» Allaha ibadətlə bağlı olan ruhani şeylər. İsa vurğulayırdı ki, həyatımızda ən vacib şey ‘əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarmaq’ olmalıdır (Matta 6:33).
İsanın günlərində çoxları maddi ne’mətlərin dalınca qaçırdı. Onların əsas işi var-dövlət yığmaq idi. Ancaq İsa dinləyicilərini baxışlarını dəyişməyə səsləyirdi. Allaha həsr olunmuş bir xalq kimi onların «əsas vəzifəsi» ‘Allahdan qorxub, Onun əmrlərini yerinə yetirmək’ olmalı idi (Vaiz 12:13).
Həddindən artıq maddi şeylərə aludə olmaq — «dünyanın qayğısı və zənginliyin aldadıcılığı» — İsanın dinləyicilərini Allaha ibadət etməkdən yayındıra bilərdi (Matta 13:22). Həvari Pavel yazmışdı: «Varlanmaq istəyənlər isə yoldan çıxır və tora düşürlər və insanları fəlakətə və həlaka aparan bir çox mə’nasız və ziyanverici ehtiraslara qapılırlar» (1 Timoteyə 6:9). Həmin tora düşməsinlər deyə, İsa davamçılarının yadına saldı ki, səmavi Ataları onların bütün bu şeylərə ehtiyacları olduğunu bilir. Allah ‘göyün quşlarının’ qayğısına qaldığı kimi, onların da qayğısına qalacaqdı (Matta 6:26, 32). Qayğılara qapılmaqdansa, onlar özlərini tə’min etmək üçün bacardıqlarını etməli, sonra isə hər şeyi arxayınlıqla Yehovanın öhdəsinə buraxmalı idilər (Filipililərə 4:6, 7).
‘Sabahkı günün özü üçün qayğı çəkəcəyini’ deyəndə, İsa sadəcə demək istəyirdi ki, sabah nə baş verə biləcəyi haqda narahatçılıq çəkərək bugünkü problemlərimizi artırmamalıyıq. Müqəddəs Kitabın başqa tərcüməsində deyilir: «Sabah üçün narahat olmayın; onun özünün kifayət qədər qayğıları olacaq. Hər günün gətirdiyi narahatçılığın üzərinə narahatlıq gətirmək lazım deyil» (Matta 6:34, «Today’s English Version»).
«Səltənətin gəlsin»
Ancaq sabahkı gün haqqında həddindən artıq narahat olmamaqla, bu haqda heç düşünməmək arasında böyük fərq var. İsa heç vaxt şagirdlərini sabahı düşünməməyə təşviq etməmişdi. Əksinə, onları təşviq edirdi ki, gələcəklə yaxından maraqlansınlar. Onlar yerində olaraq hərgünkü ehtiyacları — gündəlik ruziləri üçün dua etməli idilər. Amma onlar birinci növbədə gələcəkdə olacaq şeylər üçün, Allahın Padşahlığının gəlməsi və göydə olduğu kimi, yerdə də Onun iradəsinin olması üçün dua etməli idilər (Matta 6:9-11).
Biz Nuhun günlərindəki insanlara oxşamalı deyilik. Onların başı ‘yeyib, içib, evlənib, ərə getməyə’ o qədər qarışmışdı ki, tezliklə baş verəcək hadisə haqqında heç düşünmürdülər. Axırı nə oldu? ‘Tufan gəlib hamısını apardı’ (Matta 24:36-42). Həvari Peter sabahı düşünərək yaşamağın vacibliyini yadımıza salmaq üçün həmin tarixi hadisəni misal çəkdi. O yazırdı: «Əgər bütün bunlar bu cür məhv ediləcəksə, siz necə insanlar olmalısınız? Allahın Gününün zühurunu gözləyib, onu sür’ətləndirərək müqəddəs və Allaha ixlaskar bir həyat yaşamalısınız» (2 Peter 3:5-7, 11, 12).
Göydə xəzinələr yığın
Bəli, gəlin Yehovanın gününü ‘sür’ətləndirək ’. Bu bizim vaxtımızı, gücümüzü, qabiliyyət və bacarığımızı, var-dövlətimizi nəyə sərf etdiyimizə güclü tə’sir göstərəcək. Bizim başımız maddi şeylərə, istər gündəlik tələbatlarımıza, istərsə də həyatın zövqləri arxasınca qaçmağa o qədər qarışmalı deyil ki, Allaha sədaqətimizi göstərən işlər üçün vaxtımız az qalsın. Bəlkə də elə görünə bilər ki, yalnız bu günü düşünmək dərhal bəhrə gətirir, amma ən yaxşı halda belə bu bəhrələrin faydası müvəqqətidir. İsa demişdir ki, xəzinəni yerdə toplamaqdansa, göydə yığmaq daha müdrik hərəkət olardı (Matta 6:19, 20).
İsa bu məqamı gələcəyə dair möhtəşəm planlar quran bir adam haqqında məsəlində vurğuladı. Həmin adamın planlarında Allah üçün yer yox idi. Kişinin torpağı bol məhsul vermişdi. O, anbarlarını söküb, böyüklərini tikməyi qərara aldı ki, sonra rahat yeyib, içib, kef çəksin. Bəs burada düzgün olmayan nə idi? O, əməyinin bəhrəsindən istifadə etməmiş öldü. Ən pisi isə o, Allahla münasibət yaratmamışdı. İsa sonda dedi: «Allah qarşısında zəngin olmaq əvəzinə, özü üçün dövlət toplayan hər bir adamın aqibəti belə olur» (Luka 12:15-21; Süleymanın məsəlləri 19:21).
Siz nə edə bilərsiniz?
Heç vaxt İsanın haqqında danışdığı kişinin səhvi kimi səhvə yol verməyin. Allahın sabah üçün olan niyyətinin nə olduğunu öyrənin və həyatınızı ona uyğun qurun. Allah görəcəyi işləri insanlardan gizli saxlamır. Qədimdə yaşayan Amos peyğəmbər yazmışdır: «Xudavənd Rəbb qulu olan peyğəmbərlərə Öz niyyətini açmadan heç nə etmir» (Amos 3:7). Yehovanın Öz peyğəmbərləri vasitəsilə açdığı şeyləri Allahdan ilham almış Müqəddəs Kitabın səhifələrindən oxuya bilərsiniz (2 Timoteyə 3:16, 17).
Müqəddəs Kitabın açdığı şeylərdən biri odur ki, yaxın gələcəkdə bütün dünyaya görünməmiş miqyasda tə’sir edəcək bir hadisə baş verəcək. İsa demişdir: «O zaman elə böyük məşəqqət olacaqdır ki, beləsi dünyanın başlanğıcından indiyədək olmamışdır» (Matta 24:21). Heç bir insan onun qarşısını ala bilməz. Əslində Allahın həqiqi xidmətçilərinin onun qarşısını almaq istəməsi üçün heç səbəb də yoxdur. Çünki o zaman Allah yer üzünü bütün pisliklərdən təmizləyəcək, sonra «yeni bir səma və yeni bir yer», yə’ni yeni səmavi hökumət və yerdə yaşayan yeni insan cəmiyyəti quracaq. Həmin yeni dünyada Allah insanların «gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır» (Vəhy 21:1-4).
Bəs belə olduqda, məntiqəuyğun deyilmi ki, gələcək hadisələr haqqında Müqəddəs Kitabın nə dediyini öyrənmək üçün indi vaxt ayıraq? Bu işdə köməyə ehtiyacınız varmı? Yehovanın Şahidlərindən sizə kömək etməyi xahiş edin. Yaxud da bu jurnalı nəşr edənlərə yazın. Təkcə bu gün üçün deyil, həm də möhtəşəm gələcək üçün yaşamağa qəti qərarlı olun.
[3-cü səhifədəki şəkil]
«Qayğı çəkməyin... Sabahkı gün özü üçün qayğı çəkəcəkdir».