Dominikan Respublikasından gələn məktub
«Mən indiyədək belə məhəbbət görməmişdim»
NYURKA bu həftə ilk dəfə məsihçi görüşlərindən biri olan Teokratik Xidmət Məktəbində çıxış etdi. O öz çıxışını Brayl şrifti ilə yazıb, sonra əzbərləmişdi. Ona verilən tapşırıqda mən köməkçi kimi çıxış edərək Müqəddəs Kitabı öyrənmək istəyən adam rolunu oynayırdım. Mən mikrofonla danışırdım, o da qulağındakı aparatın köməyilə məni eşidirdi. Biz qurtaranda çıxışımızı bəyənən dinləyicilər elə bərk əl çaldılar ki, hətta Nyurka da onların səsini eşitdi. Onun üzündəki təbəssüm ürəyindəki böyük sevinc və məmnunluğu əks etdirirdi. Mən də çox sevinirdim. Missioner xidməti necə də böyük xeyir-dualar gətirir!
Nyurka ilə ilk görüşüm hələ də yadımdadır. Bu, iki il əvvəl olmuşdu. Saat yarım tozlu kənd yolu ilə maşında getdikdən sonra birdən gözüm ona sataşdı. O, şlakbeton və ağacdan tikilmiş, damı paslanmış tənəkədən olan sadə kənd evinin eyvanında oturmuşdu. Keçilərin, itlərin və dovşanların səsi və iyi ətrafı bürümüşdü. Nyurka bükülüb başıaşağı oturmuşdu, görünüşü tənha və kədərli idi. 34 yaşı olsa da, çox yaşlı görünürdü.
Mən ehmalca onun çiyninə toxundum. O, 11 il idi ki, nurunu itirmiş gözlərini qaldırıb biz tərəfə baxdı. Qulağına tərəf əyilərək ucadan özümü və əməkdaşımı təqdim etdim. Sonra öyrəndik ki, Nyurka Marfan sindromundan — irsən keçən ağır xəstəlikdən əziyyət çəkir. Nyurka həm də şəkər xəstəliyinə tutulmuşdu, buna görə də qanında qəfildən qalxan şəkərin səviyyəsini müntəzəm olaraq yoxlamalı idi.
Müqəddəs Kitabı əlinə verəndə o bunun hansı kitab olduğunu bildi və kor olmazdan əvvəl Müqəddəs Yazıları oxumağı xoşladığını dedi. Mən Allahın Kəlamının ürəkaçan həqiqətlərini bu tək-tənha, təvazökar və kövrək məxluqa necə öyrədə bilərdim? O, əlifbanı bildiyi üçün əvvəlcə plastik hərfləri onun əlinə verirdim. O, qısa vaxt ərzində bu hərfləri bir-birindən ayırd etməyi öyrəndi. Sonra işarə ilə göstərdiyim hərfləri əlimə toxunaraq müəyyən etməyi və Amerika jest dilinin əlifbasındakı müvafiq hərflə əlaqələndirməyi öyrəndi. Tədricən o, başqa işarələri də öyrəndi. Jest dilini özüm yenicə öyrənməyə başladığım üçün hər məşğələyə saatlarla hazırlaşmalı olurdum. Ancaq hər ikimizin güclü istəyi olduğundan, qısa vaxt ərzində jest dilində böyük nailiyyətlər əldə etdik.
Bir xeyriyyə cəmiyyəti Nyurkaya eşitmə aparatları bağışlayanda o, daha tez inkişaf etdi. Bu aparatlar müasir olmasa da, ona böyük köməyi dəydi. On ildən artıq kor olan və demək olar ki, tam sükunət içində yaşayan Nyurka öz aləminə qərq olmuşdu. Amma Yehovanın ruhu onun əqlini və ürəyini bilik, ümid və məhəbbətlə dolduraraq onda həyat eşqi oyatdı. Tezliklə, çəliklə gəzərək Nyurka qonşuları ilə Müqəddəs Kitab həqiqətlərini bölüşməyə başladı.
Nyurka öz xalası, onun qızı və xalası oğlunun arvadı ilə Müqəddəs Kitab öyrənməsi keçirir. O, yaxşı hazırlaşır və hər dərsi əzbərləyir. Qohumları abzasları oxuyur, Nyurka isə Brayl şrifti ilə çap olunan kitabından sualları oxuyur. Əməkdaşı isə verilən cavabları ya ucadan onun qulağına deyir, ya da əllərinə toxunaraq işarələrlə çatdırır.
Nyurkaya bütün yığıncağımız kömək edir və ruhlandırır. Bir neçə məsihçi qardaş ona görüşlərə və konqreslərə getməyə kömək edir. Başqaları isə onunla xidmətə gedir. Bu yaxınlarda Nyurka mənə dedi: «Mən indiyədək belə məhəbbət görməmişdim». O, növbəti vilayət konqresində vəftiz olmağa hazırlaşır.
İndi biz Nyurkanun evinə yaxınlaşanda onu eyvanda, günəşin altında oturan, başı yuxarı və üzündə təbəssüm görürük. Nə üçün gülümsədiyini soruşanda, o deyir: «Yer üzünün Cənnətə çevriləcəyi vaxt haqqında fikirləşirdim, özümü də orada təsəvvür edirdim».
[23-cü səhifədəki şəkil]
Nyurka yığıncağımızın bəzi üzvləri ilə Padşahlıq Zalının qarşısında
[25-ci səhifədəki şəkil]
Nyurka öyrəndiklərini başqaları ilə bölüşür