Uzaq düşsələr də, unudulmayıblar
HƏVARİ Pavel məsihçilərə nəsihət verirdi: «Hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq edək» (Qalat. 6:10). Bu gün biz də Allahdan ilham almış bu məsləhətə əməl edir və həmimanlılarımıza əlimizdən gəldiyi qədər yaxşılıq etməyə çalışırıq. Məsihçi yığıncağının məhəbbət dolu diqqətinə ehtiyac duyan və buna layiq olanlar arasında qocalar evində yaşayan əziz yaşlı bacı-qardaşlarımız da var.
Düzdür, bəzi yerlərdə qoca valideynlərin qayğısına adətən evdə qalırlar. Ancaq başqa yerlərdə bir çox yaşlılar əksər hallarda qocalar evində yaşamağa məcbur olurlar. Bəs qocalar evində yaşayan yaşlı məsihçilərin vəziyyəti haqda nə demək olar? Onlar hansı çətinliklərlə üzləşirlər? Əgər ailə üzvləri qayğılarına qalmırsa, onlar bu vəziyyətin öhdəsindən necə gələ bilərlər? Məsihçi yığıncağı onlara necə kömək edə bilər? Bəs onlara müntəzəm olaraq baş çəkməyin bizə hansı faydası var?
Qocalar evindəki çətinliklər
Qocalar evinə köçən yaşlı məsihçilər, ola bilər, tanımadıqları başqa yığıncağın ərazisinə düşsünlər. Belə olan halda yeni yığıncağın üzvləri onlara tez-tez baş çəkməyi nəzərdən qaçıra bilərlər. Bundan başqa, çox ehtimal ki, onlar qocalar evində müxtəlif dini etiqadları olan insanların əhatəsinə düşəcəklər. Bu, yaşlı həmimanlılarımız üçün çətinlik yarada bilər.
Məsələn, bəzi yerlərdə qocalar evində dini görüşlər təşkil olunur. Bir sanitar işçisi deyir: «Aydın danışa bilməyən bəzi yaşlı Şahidləri özlərinin fikrini öyrənməmiş əlil arabasında dini mərasimlərə aparmışlar». Bundan əlavə, qocaların həyatını rəngarəng etmək üçün oranın işçiləri tez-tez ad günləri və başqa bayramlar keçirirlər. Həmçinin belə yerlərdə bəzən elə yeməklər verirlər ki, Şahidlərin vicdanı onu yeməyə yol vermir (Həv. iş. 15:29). Biz bu yaşlı bacı-qardaşlarımıza müntəzəm olaraq baş çəksək, onlara belə çətinliklərin öhdəsindən gəlməyə kömək edə biləcəyik.
Yığıncağın köməyi
Erkən məsihçilər ailəsi olmayan yaşlı adamın qayğısına qalmaq məsuliyyətinə ciddi yanaşırdılar (1 Tim. 5:9, 10). Buna bənzər tərzdə, bu gün də nəzarətçilər əmin olmalıdırlar ki, onların yığıncağının ərazisindəki qocalar evində yaşayan yaşlı məsihçi unudulmayıba. Ağsaqqal kimi xidmət edən Robert qeyd edir: «Yaxşı olardı ki, məsihçi ağsaqqal şəxsən özü qocalara baş çəkib onların şəraiti ilə yaxından maraqlansın və onlarla birlikdə dua etsin. Yığıncaq çox şeydə onların qayğısına qala bilər». Vaxt ayırıb qocalara baş çəkməklə biz ehtiyacı olanlara kömək etməyin Yehovanın gözündə nə dərəcədə vacib olduğunu başa düşdüyümüzü göstəririk (Yaq. 1:27).
Lazım gəldikdə, ağsaqqallar qocalar evindəki bacı-qardaşlara kömək göstərilməsi üçün tədbir görürlər. Robert yaşlı bacı-qardaşlarımıza hansı sahədə kömək edə biləcəyimiz haqda deyir: «Əgər gələ bilərlərsə, onları görüşlərə gəlməyə təşviq etməliyik». Ancaq Padşahlıq Zalına gəlməyə gücü çatmayanlar üçün ağsaqqallar başqa tədbirlər görə bilərlər. Osteoartrit xəstəliyindən əziyyət çəkən 80 yaşlarında olan Jaklin görüşlərə telefonla qulaq asır. O deyir: «Proqrama birbaşa qulaq asmaq mənə böyük fayda gətirir. Nə olursa-olsun, mən yığıncaq görüşlərini buraxmaq istəməzdim!»
Əgər yaşlı məsihçi proqrama telefon vasitəsilə qulaq asa bilmirsə, ağsaqqallar yığıncaq görüşlərini kasetə və ya diskə yazdıra bilərlər. Kaset və ya diski qocalar evindəki həmimanlıya çatdıran məsihçi fürsətdən istifadə edib onunla ruhlandırıcı söhbət edə bilər. Bir nəzarətçi deyir: «Onlara yığıncağın üzvləri haqqında danışanda, onlar özlərinin hələ də ruhani ailəmizin bir üzvü olduqlarını hiss edirlər».
Ünsiyyətdə olun
Aydındır ki, bir çoxları qocalar evinə köçəndə gərginlik keçirir və çaşqınlıq içində olurlar. Nəticədə bəziləri özlərinə qapılırlar. Ancaq yaşlı bacı-qardaşlarımız qocalar evinə köçəndən dərhal sonra onlara baş çəksək və qayğılarına qaldığımızı göstərsək, onlara qəlb rahatlığı və müəyyən qədər sevinc tapmağa kömək edəcəyik (Sül. məs. 17:22).
Yaşlı bacı və ya qardaşın əqli və eşitmə qabiliyyəti zəifləyəndə, yaxud ünsiyyətə mane olan başqa problemlər yarananda, bəziləri elə nəticəyə gələ bilərlər ki, onlara baş çəkməyin faydası yoxdur. Ancaq ünsiyyət etmək nə qədər çətin olursa olsun, onlara müntəzəm olaraq baş çəkməyimiz həmimanlılarımızı ‘hörmətdə qabaqladığımızı’ göstərir (Rom. 12:10). Əgər yaxın zamanlarda baş verən hadisələr qardaşın yadından çıxmağa başlayırsa, biz onu təşviq edə bilərik ki, əvvəllər, hətta uşaqlıq illərində baş verən hadisələri və ya həqiqətə necə gəldiyini danışsın. Əgər o, müvafiq sözlər tapmağa çətinlik çəkərsə, nə etmək olar? Səbirlə qulaq asın, münasib olarsa, axtardığı sözlərdən bir-ikisini yadına salın və ya fikirlərini qısaca təkrar edib onu söhbətinə davam etməyə təşviq edin. Əgər fikri qarışdığı, yaxud dili dolaşdığı üçün onu başa düşmək çətindirsə, səsinin tonundan nə demək istədiyini başa düşmək olar.
Danışmaq mümkün olmayanda, başqa üsullardan istifadə etmək olar. Pioner kimi xidmət edən Lorens artıq danışa bilməyən Madlen adlı 80 yaşlı bacımıza müntəzəm olaraq baş çəkir. Lorens onunla necə ünsiyyət etdiyini izah edir: «Madlenlə birlikdə dua edəndə əlindən tuturam. O isə əlimi yüngülcə sıxır və bu xoş dəqiqələrə görə gözləri ilə minnətdarlığını bildirir». Yaşlı dostumuzun əlindən tutmaq və ya səmimi qucaqlamaq onun üçün böyük təsəlli ola bilər.
Baş çəkməyiniz vacibdir
Sizin yaşlı adama müntəzəm baş çəkməyiniz ona daha yaxşı qulluq edilməsinə təsir göstərə bilər. Təxminən 20 ildir ki, qocalar evindəki həmimanlılarına baş çəkən Danyel deyir: «Qocalar evinin işçiləri kiməsə müntəzəm olaraq baş çəkildiyini görəndə ona daha yaxşı qulluq edirlər». Yuxarıda adı çəkilən Robert deyir: «İşçilər müntəzəm olaraq baş çəkən adamın sözünü daha çox eşidirlər. Hərdənbir baş çəkənlərə isə eyni hörməti göstərmirlər». Çox vaxt qocaların ailə üzvləri işçilərə qarşı həddən artıq tələbkar olduqları üçün, onlar minnətdarlıq sözlərini çox qiymətləndirirlər. Bundan başqa, işçilərlə yaxşı münasibət yaratmağa çalışsaq, onlar yaşlı Şahidlərin etiqadlarına daha hörmətlə yanaşacaqlar.
Asan işlərdə köməyimizi təklif etməklə də işçilərlə yaxşı münasibət qura bilərik. Bəzi yerlərdə peşəkar işçilər çatışmadığından yaşlılara kifayət qədər yaxşı qulluq göstərilmir. Sanitar işçisi Rebeka məsləhət verir: «Yemək vaxtı günün ən qızğın çağıdır. Buna görə də dostlarınıza baş çəkib onlara yemək yeməyə kömək etmək üçün ən əlverişli vaxtdır». Biz işçilərdən onlara nədə kömək edə biləcəyimizi soruşmağa çəkinməməliyik.
Biz eyni qocalar evinə müntəzəm olaraq gələndə, qoca bacı və ya qardaşımızın nəyə ehtiyac duyduğunu görəcək və işçilərin icazəsi ilə onun ehtiyaclarını ödəmək üçün təşəbbüsü öz üzərimizə götürə biləcəyik. Məsələn, onun otağını doğmalarının şəkilləri və yaxud uşaqların çəkdikləri rəsmlərlə bəzəmək olar. Biz həmimanlımız üçün isti xalat, yaxud bəzi şəxsi gigiyena əşyaları gətirə bilərik. Oranın bağçası varsa, onu təmiz havaya çıxarmaq olar. Yuxarıda xatırlatdığımız Lorens deyir: «Madlen hər həftə mənim gəlişimi gözləyir. Özümlə uşaqları da gətirəndə onun üzü gülür və sevincdən gözləri parıldayır». Bu cür təşəbbüs qocalar evində yaşayanlar üçün böyük əhəmiyyət kəsb edir (Sül. məs. 3:27).
Qarşılıqlı fayda
Qocalara müntəzəm olaraq baş çəkmək ‘məhəbbətimizin həqiqiliyini’ imtahana çəkə bilər (2 Kor. 8:8). Hansı mənada? Həmimanlımızın get-gedə taqətdən düşdüyünü görmək ürəyimizi ağrıda bilər. Lorens etiraf edir: «İlk vaxtlar Madlenin vəziyyəti mənə elə pis təsir edirdi ki, hər dəfə ona baş çəkəndən sonra ağlayırdım. Ancaq başa düşdüm ki, Allaha ürəkdən dua etmək qorxuya üstün gəlməyə və baş çəkdiyim adamı daha çox ruhlandırmağa kömək edər». Robert artıq illərdir ki, Parkinson xəstəliyindən (titrəyən iflic) əziyyət çəkən Lari adlı qardaşa baş çəkir. Robert deyir: «Larinin xəstəliyi elə şiddətlənib ki, artıq onun nə dediyini başa düşə bilmirəm. Ancaq bir yerdə dua edəndə hiss edirəm ki, imanı var».
Yaşlı həmimanlılarımıza baş çəkəndə təkcə onlar deyil, biz özümüz də fayda əldə edirik. Onların müxtəlif dini etiqadı olan adamların arasında yaşamalarına baxmayaraq, Yehovaya bağlı qalmaq qətiyyətləri bizə imanda möhkəm qalmağı və cəsarətli olmağı öyrədir. Eşitmə və görmə qabiliyyətlərinin zəifləməsinə baxmayaraq, onların ruhani qidanı həvəslə qəbul etmələri bir daha göstərir ki, «insan yalnız çörəklə yaşamaz, lakin Allahın ağzından çıxan hər bir sözlə yaşar» (Mat. 4:4). Uşaqların gülüşü və ya birgə nahar etmək kimi sadə şeylərdən sevinc duyan yaşlılar bizə özümüzdə olan şeylərlə kifayətlənməyi öyrədir. Onların ruhani dəyərlərə olan məhəbbəti özümüz üçün həyatda vacib olan şeyləri müəyyən etməyə kömək edir.
Həqiqətən də, yaşlılara göstərdiyimiz qayğı sayəsində yığıncağın bütün üzvləri fayda əldə edir. Bu nə üçün belədir? Fiziki cəhətdən zəif olanlar qardaşlıq məhəbbətindən daha çox asılı olduqları üçün yığıncağın daha çox mərhəmət göstərməsinə imkan yaradırlar. Buna görə hər birimiz, hətta uzun çəksə belə, yaşlıların qayğısına qalmağa bir-birimizə xidmət etmək imkanı kimi baxmalıyıq (1 Pet. 4:10, 11). Ağsaqqallar bu işdə rəhbərliyi öz üzərlərinə götürsələr, yığıncağın digər üzvləri başa düşəcəklər ki, məsihçi fəaliyyətinin bu sahəsinə başdansovdu yanaşmaq olmaz (Yez. 34:15, 16). Həvəslə və sevərək yaşlı həmimanlılarımızın qayğısına qalmaqla onları unudulmadıqlarına əmin edirik!
[Haşiyə]
a Yığıncağın katibinin yığıncağındakı bacı və ya qardaşın başqa ərazidəki qocalar evinə köçdüyünü biləndə, dərhal həmin ərazidəki yığıncağın ağsaqqallarına məlumat verməsi həm faydalı, həm də məhəbbətin təzahürü olardı.
[26-cı səhifədəki şəkillər]
Səmimi dualarımız yaşlı həmimanlımızın qəlb rahatlığı tapmasına kömək edə bilər
Məhəbbətimizi ifadə etməyimiz yaşlı həmimanlılarımızı möhkəmləndirir
[28-ci səhifədəki yazı]
«Qocalar evinin işçiləri kiməsə müntəzəm olaraq baş çəkildiyini görəndə ona daha yaxşı qulluq edirlər»