Nuh və Ümumdünya daşqını uydurma deyil, faktdır
İNSANLARIN bir-birləri ilə əmin-amanlıq içində yaşadıqları, müharibə, cinayət və zülmkarlıq olmayan gözəl bir dünyada yaşamaq istərdinizmi? Elə isə, çox ehtimal ki, yaxşı bildiyiniz tarixi bir hadisə sizə təsəlli verə bilər. Bu, Nuh haqqında olan hekayədir. O, çox yaxşı insan idi və pis insanların məhv olunduğu Ümumdünya daşqınından özünün və ailəsinin xilas olması üçün gəmi tikdi.
Bu hekayə, demək olar ki, dünyanın hər yerində məlumdur. Nuhla baş verən hadisəni Müqəddəs Yazıların «Yaradılış» kitabının 6-9-cu fəsillərində oxumaq olar. Bu haqda Quranda və yer üzündə yaşayan saysız-hesabsız xalqların əfsanələrində də nəql edilir. Daşqın doğrudan da olubmu, yoxsa bu, sadəcə, insanları düz davranmağa təşviq etmək üçün uydurulan bir rəvayətdir? İlahiyyatçılar və alimlər əsrlər boyu bu sualın üzərində mübahisə edirlər. Amma Allahın Kəlamı olan Müqəddəs Kitab bütün şübhələri aradan qaldırır. Orada Daşqının uydurma deyil, fakt olduğu deyilir. Gəlin bəzi təfərrüatlara nəzər salaq.
«Yaradılış» kitabında Daşqının başlamasının ili, ayı və günü, gəminin nə vaxt və harada dayanması, həmçinin yer üzünün nə zaman quruması barədə konkret məlumat verilir. Gəmi haqqında yazılan təfsilatlar — planı, ölçüləri və tikintisində istifadə olunan materiallar barədə verilən məlumat da dəqiqdir. Əfsanələr isə adətən qeyri-müəyyən olur.
Müqəddəs Kitabdakı iki nəsil şəcərəsi Nuhun real şəxs olduğunu təsdiqləyir (1 Salnamələr 1:4; Luka 3:36). Onları tərtib edən Ezra və Luka son dərəcə dəqiq tədqiqatçı olmuşlar. Luka İsa Məsihin nəsil şəcərəsində Nuhun da adını çəkir.
Nuh və ya Ümumdünya daşqını haqqında Yeşaya və Yezekel peyğəmbərlərin, həmçinin həvari olan Pavel ilə Peterin yazılarında xatırlanır (Yeşaya 54:9; Yezekel 14:14, 20; 1 Peter 3:19, 20; 2 Peter 2:5; İbranilərə 11:7).
İsa Məsih Daşqına istinad edərək deyirdi: «Nuhun günlərində necə oldusa, İnsan Oğlunun günlərində də elə olacaqdır. Nuhun gəmiyə girdiyi günə qədər, insanlar yeyir, içir, evlənir, ərə gedirdilər. Sonra tufan gəlib hamısını məhv etdi» (Luka 17:26, 27). Daşqın tarixi fakt olmasaydı, İsanın ‘İnsan Oğlunun günləri’ barədə dedikləri mənasız olardı.
Həvari Peter peyğəmbərlik etmişdir ki, Müqəddəs Kitabda yazılanlara gülən «rişxəndçilər» olacaq. Peter yazır ki, ‘belə düşünənlər o zamankı [Nuhun günlərindəki] dünyanın sularla boğulub məhv edilməsi’ faktını nəzərdən qaçırırlar. Bəs bizim barəmizdə nə demək olar? Tarixdə baş vermiş bu hadisəyə laqeyd yanaşmalıyıqmı? Əlbəttə ki, yox! Peter davam edir: «İndiki göylər və yer isə oda verilmək üçün eyni kəlam ilə saxlanıb, allahsız adamların məhkəmə və həlak gününə qədər hifz olunurlar» (2 Peter 3:3-7).
Allah bir daha pisləri məhv edəcək, amma yenə də sağ qalanlar olacaq. Nuhun nümunəsini təqlid etməklə gözəl dünyada yaşamaq üçün xilas ediləcək saleh insanlar arasında ola bilərik.