Zəifliklərə baxmayaraq, qüvvətliyik
ZƏİFLİKLƏRİNİZ sizi üzə bilər. Onlar adama sanki zəli kimi yapışır. Ola bilsin, onlardan heç vaxt yaxa qurtara bilməyəcəyinizi düşünür, yaxud özünüzü başqaları ilə müqayisədə yararsız hiss edir və onların sizdən yaxşı olduğunu fikirləşirsiniz. Digər tərəfdən isə, bəlkə də, siz gücünüzü tükədən və həyata marağınızı öldürən üzücü xəstəlikdən əziyyət çəkirsiniz. Səbəb nə olursa olsun, sizə elə gələ bilər ki, vəziyyətiniz çıxılmazdır. Belə hallarda siz Allaha: «Kaş ki məni ölülər diyarında gizlədəydin, qəzəbin keçənədək saxlayaydın, mənə möhlət verəydin, sonra məni yada salaydın» deyən Əyyub kimi eyni hissləri keçirə bilərsiniz (Əyy. 14:13).
Belə ümidsizlikdən necə yaxa qurtarmaq olar? Çətin olsa da, problemləri bir müddət yaddan çıxarmaq lazımdır. Məsələn, Yehovanın Öz sadiq xidmətçisi Əyyuba verdiyi suallara diqqət yetirə bilərsiniz: «Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə. İndi ki bilirsən, de görüm, yerin ölçüsünü kim qoydu, yaxud yer üstündə ölçü xəttini kim çəkdi?» (Əyy. 38:4, 5). Bu sualların mahiyyəti üzərində düşünəndə biz, ehtimal ki, Yehovanın misilsiz müdrikliyini və qüdrətini etiraf etməyə təşviq olunacağıq. Allahın dünyanın indiki vəziyyətinə yol verməsinin tutarlı səbəbləri var.
«Bədənimə bir neştər»
Yehovanın başqa sadiq xidmətçisi Ondan ‘bədənindəki neştəri’, keçib-getməyən problemini uzaqlaşdırmağı xahiş etmişdi. Həvari Pavel üç dəfə Allaha yalvardı ki, onu bu əzabdan azad etsin. Tikan adamı göynətdiyi kimi, bu sınaq da, hər nə olsa da, Pavelin Yehovaya xidmətdə sevincini əlindən ala bilərdi. Pavel bunu daim ‘yumruqlanmağa’ (İ–93) bənzədirdi. Yehova isə ona dedi: «Lütfüm sənə yetər; çünki Mənim qüdrətim zəiflikdə kamilləşir». Yehova Paveli bədənindəki neştərdən azad etmədi. Pavel onunla çarpışmalı oldu, buna baxmayaraq dedi: «Mən zəif olduğum zaman qüvvətliyəm» (2 Kor. 12:7-10). O nəyi nəzərdə tuturdu?
Pavelin problemi möcüzəli şəkildə yox olmadı. Ancaq bu, Pavelin Yehovaya xidmətdə möhtəşəm işlər görməsinə mane olmadı. Pavel Yehovaya arxalanır və həmişə Ondan kömək diləyirdi (Filip. 4:6, 7). Yerdəki həyatının sonuna yaxın Pavel deyə bildi: «Mübarizədə yaxşı çarpışdım, qaçışı bitirdim, imanı hifz etdim» (2 Tim. 4:7).
Yehova Öz iradəsini yerinə yetirmək üçün, qüsurlarına və çətinliklərinə baxmayaraq, qeyri-kamil insanlardan istifadə edir və haqlı olaraq izzət Yehovaya çatır. O, insanlara çətinliklərinin öhdəsindən gəlmək və xidmətdə sevinclərini qorumaq üçün rəhbərlik və müdriklik təqdim edə bilər. Bəli, O, böyük işlər görmək üçün, zəifliklərinə baxmayaraq, qeyri-kamil insanlardan istifadə edə bilər.
Pavel bədənindəki neştəri Allahın nə üçün götürmədiyini belə izah edirdi: «Mən... qürrələnməyim deyə» (2 Kor. 12:7). Pavelin ‘neştəri’ ona imkanlarının məhdud olduğunu xatırladır və özü haqqında yüksək fikirdə olmamağa kömək edirdi. Elə İsa da bunu öyrədirdi: «Kim özünü yüksəldirsə, alçaldılacaq və kim özünü alçaldırsa, yüksəldiləcəkdir» (Mat. 23:12). Sınaqlar Allahın xidmətçilərinə təvazökar olmağı öyrədə və sədaqətlə təhəmmül etmək üçün Yehovaya güvənməli olduqlarını başa düşməyə kömək edə bilər. Beləliklə, Pavel kimi, onlar da ‘Rəbb ilə öyünə’ bilərlər (1 Kor. 1:31).
Gizli zəifliklər
Bəzilərinin özlərinin də xəbəri olmadığı və ya qəbul etmək istəmədikləri zəiflikləri ola bilər. Məsələn, kimsə özünə güvənərək, özü haqqında yüksək fikirdə ola bilər (1 Kor. 10:12). Qeyri-kamil insanlara xas olan zəifliklərdən biri də mövqe sahibi olmaq istəyidir.
Davud padşahın ordu başçısı Yoav şücaətli, əzmli və zirək adam idi. Bununla belə, o özündən çox razı və şöhrətpərəst olduğunu göstərən ciddi səhvlərə yol verdi. O, iki ordu başçısını qəddarcasına qətlə yetirir. Əvvəlcə qisas almaq üçün Avneri öldürür, sonra salamlamaq bəhanəsilə, xalası oğlu Amasanı öpmək üçün sağ əli ilə saqqalından tutur və sol əlindəki qılıncını qarnına soxur (2 Şam. 17:25; 20:8-10). Amasa Yoavın yerinə ordu başçısı keçdiyindən, Yoav, yəqin ki, yenidən ordu başçısı olmaq ümidilə, bu imkandan rəqibindən yaxa qurtarmaq üçün istifadə edir. Görürük ki, Yoav, xudbin istəkləri də daxil olmaqla, hisslərini cilovlamadı. O, amansızcasına davrandı və bir balaca da olsa, peşmançılıq hissi keçirmədi. Davud padşah həyatının sonuna yaxın oğlu Süleymana nəsihət etdi ki, etdiyi pisliklərə görə Yoavı cəzalandırsın (1 Pad. 2:5, 6, 29-35).
Biz heç bir vəchlə yanlış arzularımıza təslim olmamalıyıq; biz zəifliklərimizi cilovlaya bilərik. Bunun üçün birinci onları görməli və qəbul etməliyik. Sonra isə onlara üstün gəlmək üçün təşəbbüs göstərə bilərik. Həmin zəifliklərə qalib gəlməkdə bizə kömək etməsi üçün Yehovaya müntəzəm dua edə bilər və bu meyllərlə necə mübarizə aparacağımızı öyrənmək üçün Onun Kəlamını səylə araşdıra bilərik (İbr. 4:12). Ola bilər, qüsurlarımızın üzərində həmişə işləməli olaq, ancaq bu bizi ruhdan salmamalıdır. Nə qədər ki, qeyri-kamilik bu mübarizə davam edə bilər. Pavel özünün də bu vəziyyətdə olduğunu belə etiraf edirdi: «İstədiyim şeyi etmirəm, ancaq nifrət etdiyim işi görürəm». Ancaq bildiyiniz kimi, Pavel, zəiflikləri tamamilə öz ixtiyarında deyilmiş kimi, onlara təslim olmadı. Əksinə, Allahın İsa Məsih vasitəsilə köməyinə güvənərək onlarla mübarizəsinə davam etdi (Rom. 7:15-25). Başqa bir ayədə Pavel demişdi: «Bədənimə cəfa verib onu kölə edirəm ki, başqalarına vəz etdikdən sonra, özüm yarışda iştirak etməkdən məhrum olmayım» (1 Kor. 9:27).
İnsanlar adətən özlərinə haqq qazandırmağa meylli olurlar. Biz Yehovanın nöqteyi-nəzərinə yiyələnməklə buna qarşı mübarizə apara bilərik, bunun üçün də Pavelin məsihçilərə verdiyi: «Pislikdən ikrah edin, yaxşılığa sarılın» məsləhətinə əməl etməliyik (Rom. 12:9). Zəifliklərimizə qalib gəlmək üçün bizdən dürüst, qətiyyətli və nizam-intizamlı olmaq tələb olunur. Davud Yehovadan xahiş edirdi: «Qəlbimi, fikirlərimi saf et» (Məz. 26:2). O bilirdi ki, Allah ən dərin meyllərimizə düzgün qiymət verə bilər və ehtiyacımız olanda bizə kömək etməyə qadirdir. Əgər biz Yehovanın Kəlamı və müqəddəs ruhu vasitəsilə verdiyi rəhbərliyə riayət ediriksə, qüsurlarımız üzərində qələbəyə doğru irəliləyə bilərik.
Bəzilərinə elə gələ bilər ki, üzləşdikləri problemlərin öhdəsindən təkbaşına gələ bilmirlər. Sözsüz ki, belə vəziyyətdə yığıncağın ağsaqqalları məhəbbətlə kömək edib onları ruhlandıra bilərlər (Yeşaya 32:1, 2). Ancaq vəziyyətə real baxmaq müdriklik olardı. Bəzi problemlərin indiki sistemdə tam həlli yoxdur. Bununla belə, çoxları problemlərin öhdəsindən gəlməyi öyrənmişlər ki, bunun da sayəsində həyatlarından məmnunluq duyurlar.
Yehovanın köməyinə əmin olun
Bu çətin anlarda hansı problemlərlə qarşılaşmağımızdan asılı olmayaraq, əmin ola bilərik ki, Yehova bizə yol göstərəcək və qayğımıza qalacaq. Müqəddəs Kitab bizi təşviq edir: «Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın. Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur» (1 Pet. 5:6, 7).
Uzun illər Bet-Eldə xidmət etmiş Keti ərinin Alsheymer xəstəliyinə tutulduğunu biləndə bu dərdə dözə bilməyəcəyini düşünmüşdü. Yehovadan müdriklik və emosional güc istəmək gündəlik zərurətə çevrilmişdi. Ərinin vəziyyəti get-gedə pisləşdikcə, qayğıkeş ruhani qardaşlar xəstəyə necə qulluq etmək lazım olduğunu öyrənməyə çalışır, bacılar isə onlara mənəvi dayaq olurdular. Bu məsihçilər Yehovanın onları gücləndirmək üçün təqdim etdiyi bir vasitə oldular və əri təxminən 11 il sonra ölənə qədər Keti onun qayğısına qala bildi. O deyir: «Mən Yehovaya göz yaşları və hərarətlə minnətdarlığımı bildirirdim; məhz Onun köməyi sayəsində axıra kimi dözə bildim. Heç bilməzdim ki, bu qədər yorğun ola-ola, belə uzun vaxt ərzində üzərimə düşən məsuliyyətin öhdəsindən gələ bilərəm!»
Gizli zəifliklər üzərində qələbə
İnsanlar özlərini dəyərsiz hiss edəndə düşünə bilərlər ki, Yehova onların çətin anlarda etdikləri fəryadlara qulaq asmır. Bu zaman Davudun Bat-Şeva ilə ciddi günah edib peşmançılıq çəkərkən dediyi sözlərin üzərində düşünmək xüsusilə faydalıdır: «Sən [Allah] sınan və peşman olan ürəyə xor baxmazsan!» (Məz. 51:17). Davud səmimi-qəlbdən tövbə etmişdi və o bilirdi ki, Allaha dua edib, Onun mərhəmətinə sığına bilər. İsa da Yehovanın qayğıkeşliyini əks etdirirdi. Matta Öz Müjdəsində Yeşayanın sözlərini İsaya tətbiq etmişdi: «Əzilmiş qamışı qırmayacaq, və tüstülənən piltəni söndürməyəcəkdir» (Mat. 12:20; Yeşaya 42:3). İsa yer üzündə olarkən fəqirlərə və haqqı tapdalanan adamlara mərhəmət göstərirdi. O, sönmək üzrə olan yağ lampasının piltəsinə bənzəyən adamların son həyat qığılcımını söndürmürdü. Əksinə, məzlumların ürəyində həyat eşqini alovlandırmaq üçün onları canıyananlıqla öyrədirdi. Bəli, İsa məhz belə adam idi. Bəs siz İsanın hələ də belə şəxsiyyət olduğuna və zəifliklərinizdə sizə acıdığına inanırsınızmı? Diqqət yetirin ki, İbranilərə 4:15 ayəsində o, ‘zəifliklərimizdə bizə acıyan’ bir şəxs kimi təsvir olunur.
Pavel ‘bədənindəki neştərdən’ danışarkən Məsihin qüdrətinin üzərində «çadır kimi» (YD) olduğuna diqqət yetirir (2 Kor. 12:7-9). Necə ki, çadır adamı pis havadan qoruyur, eləcə də Pavel Allahın onu Məsih vasitəsilə qoruduğunu hiss edirdi. Pavel kimi, biz də zəifliklərə və problemlərə təslim olmamalıyıq. Ruhani cəhətdən möhkəm qalmaq üçün Yehovanın yığıncaq vasitəsilə təqdim etdiyi bütün imkanlardan istifadə edə bilərik. Gücümüz daxilində olan hər şeyi etdikdən sonra Yehovanın addımlarımızı istiqamətləndirəcəyinə tam əmin olaraq Ona bel bağlaya bilərik. Zəifliklər zamanı Allahın qüdrətinin necə kömək etdiyini öz üzərimizdə hiss etdikdə biz də Pavel kimi deyə biləcəyik: «Zəif olduğum zaman qüvvətliyəm» (2 Kor. 12:10).
[3-cü səhifədəki şəkil]
Pavel həmişə dua edirdi ki, Yehova ona xidmətini icra etməyə kömək etsin
[5-ci səhifədəki şəkil]
Davud padşah ordusunu Yoava etibar etmişdi
[5-ci səhifədəki şəkil]
Yoav rəqibi Amasanı aradan götürdü
[6-cı səhifədəki şəkil]
Problemlərimizin öhdəsindən gələ bilmək üçün ağsaqqallar məhəbbətlə Müqəddəs Kitab rəhbərliyini təqdim edirlər