Yehova nəvazişlə yaşlı xidmətçilərinin qayğısına qalır
«Allah haqsız deyildir ki, sizin işinizi,.. Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İBR. 6:10).
1, 2. a) Ağsaçlı adam sizə nəyi xatırlada bilər? b) Yehova qoca məsihçilərə necə yanaşır?
YIĞINCAQDA ağsaçlı qoca görəndə Müqəddəs Yazıların «Daniel» kitabından bir parça yadına düşmürmü? Danielə verdiyi görüntüdə Yehova Allah Özünü ağsaçlı təsvir edir. Daniel yazırdı: «Nəhayət, mən gördüm ki, taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi və saçları yun kimi ağappaq idi» (Dan. 7:9).
2 Adətən təbii yun tutqun ağ rəngdə olur. Ağ saçlar, həmçinin «Əzəldən Var Olan» titulu Allahın yaşının və müdrikliyinin böyüklüyünə diqqəti yönəldir ki, onların da hər biri dərin ehtirama layiqdir. Bəs belə isə, Əzəldən Var Olan Yehova sadiq yaşlı xidmətçilərinə necə yanaşır? Allahın Kəlamı deyir ki, «ağaran saçlar şərəf tacıdır, salehlik yolunun qazancıdır» (Sül. məs. 16:31). Bəli, əgər sadiq məsihçinin saçları ağarırsa, belə yetkin görkəm Allahın gözündə gözəldir. Siz də qoca bacı-qardaşlarımıza Yehovanın gözü ilə baxırsınızmı?
Nə üçün belə dəyərlidirlər?
3. Nəyə görə qoca həmimanlılar bizim üçün belə dəyərlidirlər?
3 Yehovanın sevimli qoca xidmətçiləri arasında yığıncaqlarımızda sədaqətlə xidmət edən bacı-qardaşlarımız — Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvləri, indiki və keçmiş səyyar nəzarətçilər, çalışqan pionerlər və Padşahlığın yetkin təbliğçiləri vardır. Ola bilsin, sən uzun illər ərzində xoş xəbəri səylə təbliğ edən və yaxşı nümunələri ilə gəncləri həvəsləndirib onlara düzgün həyat yolu tutmağa kömək edən məsihçiləri tanıyırsan. Bəzi yaşlı həmimanlılar ağır məsuliyyət yükünü daşımış və xoş xəbər naminə təqiblərə tab gətirmişlər. Yehova və «sadiq və ağıllı qul» onların Padşahlıq üçün keçmişdə və indi etdikləri hər bir işi yüksək qiymətləndirir (Mat. 24:45)
4. Biz qoca məsihçilərə nəyə görə hörmətlə yanaşmalı və onlar üçün dua etməliyik?
4 Belə sadiq qocalar Yehova Allahın digər xidmətçilərinin minnətdarlığına və hörmətinə layiqdirlər. Yehovanın Musa vasitəsilə verdiyi Qanununda qocalara hörmət və diqqətin Allah qorxusu ilə əlaqəli olduğu göstərilir (Lev. 19:32). Biz bu sadiq həmimanlılarımız üçün müntəzəm olaraq dua etməli və məhəbbətdən irəli gələrək çəkdikləri əməyə görə Allaha minnətdarlığımızı bildirməliyik. Həvari Pavel həm cavan, həm də qoca əməkdaşları üçün dua edirdi. (1 Salonikililərə 1:2, 3 ayələrini oxu.)
5. Yehovanın qoca xidmətçiləri ilə ünsiyyətdən necə faydalana bilərik?
5 Bundan başqa, yığıncaqdakıların hamısı yaşlı məsihçilərlə ünsiyyətdən fayda əldə edə bilərlər. Öyrənmə, müşahidə və təcrübə sayəsində Yehovanın sadiq qoca xidmətçiləri zəngin bilik toplamışlar. Onlar səbirli olmağı, şəfqət göstərməyi öyrənmişlər, bildiklərini gələcək nəsillərə ötürmək isə onlara sevinc və məmnunluq gətirir (Məz. 71:18). Cavanlar, müdrik olun və dərin quyudan su çəkirmiş kimi, bu bilik mənbəyindən faydalanın (Sül. məs. 20:5).
6. Yaşlıları doğrudan da qiymətləndirdiyini necə göstərə bilərsən?
6 Qocalara onları Yehovanın qiymətləndirdiyi qədər qiymətləndirdiyini göstərirsənmi? Bunu etməyin üsullarından biri sadiqliklərinə görə onları nə qədər çox sevdiyini və fikirlərini nə qədər qiymətləndirdiyini deməkdir. Bundan başqa, onlardan öyrəndiklərinə uyğun hərəkət etməklə hörmətinin səmimi olduğunu göstərəcəksən. Bir çox yaşlı məsihçilər vaxtilə özlərindən böyük sadiq həmimanlılarından aldıqları müdrik məsləhətləri və həmin məsləhətlərə uyğun hərəkət etməyin bütün həyatları boyu onlara necə fayda gətirdiyini yada sala bilərləra.
Zərif hisslərini əməldə göstər
7. Yehova qocaların qayğısına qalmaq məsuliyyətini əsas etibarilə kimlərə həvalə edib?
7 Allah qocaların qayğısına qalmaq məsuliyyətini əsas etibarilə ailələrinin üzərinə qoyur. (1 Timoteyə 5:4, 8 ayələrini oxu.) Ailələrin qoca qohumları ilə bağlı öhdəçiliklərini yerinə yetirməsi və bununla da, Yehova kimi, qocaların qayğısına qaldıqlarını göstərməsi Yehovanın xoşuna gəlir. Allah bu ailələrə dayaq durur, bütün cəhdlərinə və verdikləri qurbanlara görə onlara xeyir-dua verirb.
8. Nə üçün yığıncaqlar yaşlı məsihçilərin qayğısına qalmalıdırlar?
8 Eynilə, yerli yığıncaqlar köməyə ehtiyacı olan, lakin ailə üzvləri imanına şərik olmayan, yaxud qayğılarına qalmaq istəməyən qocalara əl tutanda Yehova bundan razı qalır (1 Tim. 5:3, 5, 9, 10). Bununla yığıncaqlar qocaların «dərdlərinə şərik», onlara qarşı «qardaş sevən, şəfqətli, mehriban» olduqlarını göstərirlər (1 Pet. 3:8). Yığıncaqların öz qoca üzvlərinin qayğısına qalması Pavelin insan bədəninin bir üzvünün əzab çəkirsə, «digərləri də onunla bərabər əzab çəkir» sözləri ilə yaxşı təsvir olunur (1 Kor. 12:26). Qocalar üçün şəfqətlə nə isə etmək Pavelin məsləhətindəki prinsipi əks etdirir: «Bir-birinizin yüklərini daşıyın və Məsihin Qanununu bu yolla icra edin» (Qalat. 6:2).
9. Qocalıq insanın üzərinə hansı yükü qoya bilər?
9 Qocalar üçün yük nə ola bilər? Çoxları tez yorulur. Adi işlər — həkimə getmək, kağız-kuğuz işləri, ev yığışdırmaq, yemək bişirmək onlara güclərindən artıq görünə bilər. Çox vaxt yaş ötdükcə suya tələbat və iştaha azaldığından onlara elə gələ bilər ki, lazım olan qədər yeyib-içməsələr də olar. Ruhani qidaya gəldikdə də belə ola bilər. Zəif gördüklərindən və ağır eşitdiklərindən onlar üçün oxumaq və yığıncaq görüşlərinə qulaq asmaq çətin, həmçinin görüşlərə getməyə hazırlaşmaq yorucu ola bilər. Belə halda başqaları qocalar üçün nə edə bilər?
Sən necə kömək edə bilərsən?
10. Ağsaqqallar qocalara lazımi köməklik göstərilməsi üçün nə edə bilərlər?
10 Bir çox yığıncaqlar qocaların qayğısına qalmaqda gözəl nümunə verirlər. Məhəbbətli bacı-qardaşlar onlara bazarlıq etməkdə, yemək hazırlamaqda və təmizlik işində əl tuturlar. Bununla yanaşı, öyrənməkdə, görüşlərə hazırlaşmaqda və xidmətdə müntəzəm iştirak etməkdə də öz köməkliklərini əsirgəmirlər. Cavan Şahidlər onları müşayiət edir və nəqliyyat sarıdan yardım göstərirlər. Əgər qoca həmimanlılar evdən çıxa bilmirlərsə, telefon və ya lent yazıları vasitəsilə görüşlərə qulaq asırlar. Ağsaqqallar imkan daxilində yığıncaqdakı qocaların ehtiyaclarının ödənilməsi üçün lazımi tədbirlər görürlərc.
11. Bir ailənin qoca qardaşa necə kömək etdiyini danışın.
11 Həmçinin hər bir məsihçi şəxsən qonaqpərvərlik və səxavət göstərə bilər. Bir yaşlı qardaş arvadı öləndən sonra, onun təqaüdü olmadan kirayə haqqını ödəyə bilmirdi. O, arvadı ilə birlikdə ata, ana və iki yeniyetmə qızdan ibarət bir ailə ilə Müqəddəs Kitabı öyrənirdi. Onların evləri böyük olduğundan, otağın ikisini həmin qardaşa verdilər. 15 il ərzində onlar bir süfrədə yeyib-içir, deyib-gülür və mehriban yaşayırdılar. Cavanlar onun imanından və zəngin təcrübəsindən çox şey öyrənir, qardaş isə xoş münasibətdən sevinc tapırdı. Bu qardaş 89 yaşında vəfat edənə kimi onlarla yaşadı. Həmin ailə qardaşla ünsiyyətdən aldığı xeyir-dualara görə indiyədək Allaha minnətdarlığını bildirir. Onlar İsa Məsihin şagirdinə yardım etdikləri üçün ‘mükafatsız qalmadılar’ (Mat. 10:42)d.
12. Yaşlı bacı-qardaşlara nəvazişlə yanaşdığını necə göstərə bilərsən?
12 Bəlkə də, sənin qoca bacı-qardaşlara bu ailə kimi kömək etmək imkanın yoxdur, ancaq yəqin ki, görüşlərə gəlməkdə və xidmətə çıxmaqda onlara kömək edə bilərsən. Onları həm də evinə qonaq dəvət edə, yaxud onlarla birlikdə gəzməyə çıxa bilərsən. Xüsusilə də xəstə olanda, yaxud evdən çıxa bilməyəndə onlara baş çəkmək olar. Bundan başqa, sən həmişə onlarla yetkin insanlar kimi rəftar edə bilərsən, belə etmək həm də vacibdir. Nə qədər ki, əqli qabiliyyətlərini itirməyiblər, onlara aidiyyəti olan bütün qərarların verilməsində qoca məsihçilərin özləri də iştirak etməlidirlər. Hətta əqli qabiliyyətini itirənlər də, öz ləyaqətlərinə hörmət edilib-edilmədiyini hiss edirlər.
Yehova işinizi unutmayacaq
13. Yaşa dolmuş məsihçilərin hisslərini nəzərə almaq nəyə görə vacibdir?
13 Qocaların hisslərini nəzərə almaq xüsusilə vacibdir. Çox vaxt qocalar cavan və sağlam olarkən bacardıqları işi indi görə bilmədikləri üçün kədərlənirlər. Məsələn, Yehovaya təxminən 50 il fəal xidmət etmiş və daimi pioner olmuş bir bacı ağır xəstəliyə tutulmuşdu və görüşlərə çətinliklə gedirdi. O, əvvəlki xidmətini indiki məhdud imkanları ilə müqayisə edəndə, başını aşağı salıb ağlaya-ağlaya dedi: «Mənim indi etdiklərim heç nədir».
14. Məzmurlar Yehovanın yaşlı xidmətçilərini necə ruhlandıra bilər?
14 Əgər sən də yaşa dolmusansa, belə acı hisslər səni də çulğayırmı? Yaxud elə anlar olurmu ki, Yehovanın səni tərk etdiyini düşünəsən? Yəqin məzmurçu da ahıl yaşlarında eyni hissləri keçirmişdi, çünki o yalvarırdı: «Yaşa dolanda da məni rədd etmə, taqətdən düşəndə də məni tərk etmə... Yaşa dolub saçıma dən düşənə qədər... ey Allah, məni tərk etmə» (Məz. 71:9, 18). Sözsüz ki, Yehova bu məzmuru yazanı tərk etməyə hazırlaşmırdı, O səni də tərk etməyəcək. Başqa bir məzmurda Davud Yehovanın dəstəyinə arxayın olduğunu demişdi. (Məzmur 68:19 ayəsini oxu.) Əgər ahıl çağında Yehovaya sadiq qalırsansa, əmin ol ki, O səninlədir və hər gün sənə kömək edəcək.
15. Qocalara nikbin əhval-ruhiyyəni qorumağa nə kömək edə bilər?
15 Yehova yaşlı Şahidlərinin Onu izzətləndirmək üçün əvvəllər və indi etdiklərini heç vaxt yadından çıxarmır. Müqəddəs Kitabda deyilir: «Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun» (İbr. 6:10). Buna görə də, mənfi fikirlərlə mübarizə aparın, yanlış olaraq, qocalıq ucbatından artıq Yehova üçün faydalı olmadığınızı düşünməyin. Bədbin və məyusedici fikirləri nikbin fikirlərlə əvəz etməyə çalışın. Xeyir-dualarınıza və gələcəyə olan ümidinizə görə sevinin! Biz ən yaxşı şeyə, ‘ümidli bir gələcəyə’ malikik ki, buna da Yaradanımız Özü zəmanət verir (Yer. 29:11, 12; Həv. iş. 17:31; 1 Tim. 6:19). Ümidiniz üzərində düşünün, ruhən və əqlən gümrah qalmağa çalışın və heç vaxt görüşlərdə iştirak etməyinizi dəyərsiz sanmayın!e
16. Nəyə görə bir yaşlı qardaş ağsaqqal kimi xidmətini dayandırmalı olduğunu düşünürdü, ancaq ağsaqqallar şurası onu necə ruhlandırdı?
16 Səksənyaşlı Yohan indi əlil olan sədaqətli arvadı Saninin bütün günü qayğısına qalırf. Onun görüşlərə və xidmətə gedə bilməsi üçün bacılar növbə ilə Saninin yanında qalırlar. Ancaq bu yaxınlarda Yohan qardaş emosional cəhətdən taqətdən düşərək fikirləşməyə başladı ki, artıq yığıncaqda ağsaqqal kimi xidmət etməməlidir. Gözləri yaşla dolmuş bu qardaş soruşdu: «Mənim ağsaqqal olmağımın nə mənası var? Artıq yığıncağa heç bir faydam dəymir». Ağsaqqallar qardaşı əmin etdilər ki, onun təcrübəsi və fikirləri çox dəyərlidir. Hətta yığıncağın işlərində məhdud iştirak etsə də, onu ağsaqqal kimi xidmətini davam etdirməyə təşviq etdilər. Bundan çox ruhlanan Yohan ağsaqqal kimi xidmətini davam etdirir, bu da yığıncaq üçün böyük xeyir-duadır.
Yehova həqiqətən də qayğıkeşdir
17. Müqəddəs Kitab qoca məsihçiləri nəyə əmin edir?
17 Müqəddəs Kitab açıqlayır ki, yaşlılar qocalığın problemlərinə baxmayaraq, ruhani inkişaflarını davam etdirə bilərlər. Məzmurçu deyirdi ki, Yehovanın ‘evində əkilənlər qocalanda da bar verəcəklər, təravətli, yamyaşıl qalacaqlar’ (Məz. 92:13, 14). Ehtimal ki, sağlamlığı ilə bağlı problemləri olan həvari Pavel ‘zahiri varlığı pozulsa da, ruhdan düşmədi’. (2 Korinflilərə 4:16-18 ayələrini oxu.)
18. Qoca həmimanlılar və onların qayğısına qalanlar nə üçün başqalarının köməyinə ehtiyac duyurlar?
18 Bir çox müasir nümunələr qocaların ‘bar verə’ bildiklərini sübut edir. Lakin xəstəliyin və qocalığın gətirdiyi problemlər, hətta qayğıkeş və vəfalı ailə üzvləri olan qocaları da qorxuya sala bilər. Xəstəyə baxanlar da taqətdən düşə bilərlər. Yığıncağın qocalara və onlara baxanlara əməldə məhəbbət göstərmək imkanı var, bu həm də onların üzərinə qoyulan məsuliyyətdir (Qalat. 6:10). Belə kömək etməklə göstəririk ki, biz bu cür insanlara əl tutmadan, sadəcə gedin, «isinin və doyun» demirik (Yaq. 2:15-17).
19. Nə üçün sadiq qoca məsihçilər gələcəyə əminliklə baxa bilərlər?
19 Qocalıq məsihçinin fəaliyyətini bir qədər dəyişdirə bilər, lakin ötüb-keçən illər Yehovanın Öz sadiq qoca xidmətçilərinə olan sevgisini azaltmır. Əksinə, Allah bütün bu sadiq məsihçiləri yüksək qiymətləndirir və onları heç vaxt tərk etməyəcək (Məz. 37:28; Yeşaya 46:4). Yehova qocalıq illərində onlara sipər olub, yol göstərəcək (Məz. 48:14).
[Haşiyələr]
a «Gözətçi Qülləsi»nin 2007-ci il 1 iyun sayındakı «Gənclər üçün xeyir-dua olan qocalar» adlı məqaləyə baxın.
b «Oyanın!» jurnalının 1994-cü il 8 fevral sayının 3-10-cu səhifələrinə (ing.) baxın.
c Bəzi ölkələrdə bura qocalara dövlətdən yardım almağa kömək etmək daxil ola bilər. «Gözətçi Qülləsi»nin 2006-cı il 1 iyun sayındakı «Allah yaşlıların qeydinə qalır» adlı məqaləyə baxın.
d «Gözətçi Qülləsi»nin 2003-cü il 1 sentyabr sayındakı «Yehova həmişə qayğımıza qalır» (rus.) adlı məqaləyə baxın.
e «Gözətçi Qülləsi»nin 1993-cü il 15 mart sayındakı «Ağ saçlar zinət verər» (rus.) adlı məqaləyə baxın.
f Adlar dəyişdirilib.
Necə cavab verərdiniz?
• Nəyə görə sadiq qoca məsihçilər sənin üçün dəyərlidir?
• Qoca həmimanlılarımıza zərif hisslərimizi necə göstərə bilərik?
• Yehovanın yaşlı xidmətçilərinə nikbin olmağa nə kömək edə bilər?
[18-ci səhifədəki şəkillər]
Yığıncağın üzvləri qocalara dərin hörmətlə yanaşırlar