Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/8 s. 21—25
  • ‘Pak dildə’ səlismi danışırsan?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Pak dildə’ səlismi danışırsan?
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Yeni pak dil
  • Pak dilin öyrənilməsi
  • Pak dildə səlis danışmaq
  • Yehovaya həmd etmək üçün hamı ilə vəhdətdə pak dildə danış
  • Bütün yer üzündə bir dildə danışırdılar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Əcnəbilərə təbliğ etməliyik
    Müqəddəs ibadətimiz 2009
  • Nəyə görə yeni dil öyrənmək lazımdır?
    Gənclərin sualları
Gözətçi qülləsi 2008
w08 15/8 s. 21—25

‘Pak dildə’ səlismi danışırsan?

«Mən xalqların nitqini dəyişib, onlara pak dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın» (SEF. 3:9).

1. Yehova bizə hansı gözəl ənamı verib?

DİL ənamının mənbəyi insanlar deyil, insanı Yaradan Yehova Allahdır (Çıx. 4:11, 12). O, ilk insan Adəmə təkcə danışmaq yox, həm də yeni sözlər yaratmaq, bununla da öz söz ehtiyatını artırmaq qabiliyyəti vermişdi (Yar. 2:19, 20, 23). Bu necə də gözəl ənamdır! Onun sayəsində insanlar öz səmavi Ataları ilə ünsiyyət edə və izzətli adına həmd edə bilirlər.

2. Nəyə görə insanlar artıq bir dildə danışmırlar?

2 Bəşər tarixinin ilk 17 əsrində bütün dünyada yalnız bir dil, «bir danışıq» var idi (Yar. 11:1). Sonra Nəmrudun günlərində üsyan baş qaldırdı. Yehovanın tapşırığına zidd gedərək itaətsiz insanlar bir yerdə qalmağı qərara alaraq, sonralar Babil adlanan yerə toplaşdılar. Onlar Yehovaya izzət gətirmək üçün yox, özlərinə ‘ad çıxarmaq’ üçün böyük qüllə tikməyə başladılar. Buna görə də, Yehova üsyankarların dillərini qarışdırdı və onlar müxtəlif dillərdə danışmağa başladılar. Beləliklə, onlar dünyanın müxtəlif guşələrinə səpələndilər. (Yaradılış 11:4-8 ayələrini oxu.)

3. Yehova Babildəki üsyankarların dilini qarışdıranda nə baş verdi?

3 Bu gün dünyada minlərlə dildə, bəzilərinin dediyinə görə 6 800-dən çox dildə danışılır. Bu dillərin hər biri müxtəlif cür düşünmə tərzini tələb edir. Məlum olur ki, Yehova Allah həmin üsyankarların sadəcə nitqini qarışdırmadı, əvvəlki dili onların yaddaşından tamamilə sildi. O onların beyninə yeni söz ehtiyatını yerləşdirməklə yanaşı, onların düşünmə tərzini də dəyişdi və yeni qrammatikalar yaratdı. Buna görə də təəccüblü deyil ki, həmin qüllənin yerləşdiyi ərazi «qarışıqlıq» mənasını verən Babil adlandı (Yar. 11:9). Maraqlıdır ki, yalnız Müqəddəs Kitab bu gün dillərin müxtəlifliyinin səbəbini qaneedici şəkildə izah edir.

Yeni pak dil

4. Yehova bizim günlərdə nəyin baş verəcəyini əvvəlcədən demişdi?

4 Allahın Babildə müdaxilə etməsi haqda Müqəddəs Kitabın verdiyi məlumat nə qədər qeyri-adi olsa da, bizim dövrdə daha maraqlı və vacib hadisə baş verir. Yehova qabaqcadan peyğəmbəri Sefanya vasitəsilə demişdi: «O zaman Mən xalqların nitqini dəyişib, onlara pak dil verəcəyəm ki, hamı Rəbbin adını çağırsın, Mənə çiyin-çiyinə xidmət etsinlər» (Sef. 3:9). «Pak dil» nədir və biz bu dildə səlis danışmağı necə öyrənə bilərik?

5. Pak dil nədir və dilin belə dəyişməsi nəticəsində nə əldə edilmişdir?

5 Pak dil Yehova Allah və Onun niyyətləri haqqında Müqəddəs Kitabda yazılan həqiqətlərdir. Bu ‘dilə’ Allahın Padşahlığı haqqında həqiqəti və onun Yehovanın adını necə təqdis edəcəyini, hakimiyyətinə bəraət qazandıracağını və sadiq bəşəriyyətə əbədi xeyir-dualar gətirəcəyini düzgün başa düşmək daxildir. Dilin belə dəyişilməsi nəticəsində nə əldə edilmişdir? Peyğəmbərlikdə deyilir ki, insanlar Yehovanın ‘adını çağıracaq’ və Ona ‘çiyin-çiyinə xidmət edəcəklər’. Babildəki hadisədən fərqli olaraq, pak dilin verilməsi sayəsində Yehovanın adına həmd edilir və Onun xalqı arasında birlik yaranır.

Pak dilin öyrənilməsi

6, 7. a) Yeni dil öyrənmək özünə nəyi daxil edir və bunu pak dili öyrənməyə necə şamil etmək olar? b) Bu məqalədə nəyi nəzərdən keçirəcəyik?

6 Başqa dili öyrənəndə sadəcə yeni sözləri əzbərləmək kifayət etmir. Yeni dil öyrənmək özünə başqa cür düşünməyi, yeni düşüncə tərzini öyrənməyi daxil edir. Başqa dildə məntiq və yumor hissi də fərqli ola bilər. Yeni səsləri tələffüz etmək üçün nitq orqanlarını, məsələn, dili fərqli tərzdə istifadə etmək lazım gəlir. Müqəddəs Kitab həqiqətlərinin pak dilini öyrənmək üçün də bu tələb olunur. Bu zaman Müqəddəs Kitabın bəzi əsas təlimlərini sadəcə öyrənmək kifayət deyil. Bu yeni dili mənimsəməyə düşüncəmizi yeniləşdirmək və əqlimizi kökündən dəyişmək daxildir. (Romalılara 12:2; Efeslilərə 4:23 ayələrini oxu.)

7 Pak dili təkcə başa düşməyə yox, həm də bu dildə səlis danışmağa bizə nə kömək edəcək? İstənilən dili öyrənəndə olduğu kimi, Müqəddəs Kitab həqiqətləri dilində də yaxşı danışmağa kömək edən bəzi əsas metodlar vardır. Gəlin başqa dili öyrənəndə atılan bəzi əsas addımları və yeni məcazi dili öyrənməkdə bu addımların bizə necə kömək etdiyini nəzərdən keçirək.

Pak dildə səlis danışmaq

8, 9. Pak dili öyrənmək istəyiriksə, nə etməliyik və bu nə üçün vacibdir?

8 Diqqətlə qulaq as. Əvvəlcə yeni dil qulağa tamamilə yad səslənə bilər (Yeşaya 33:19). İnsan diqqətini eşitdiyinə cəmləməyi öyrəndikcə, ayrı-ayrı sözləri ayırd etməyə və ifadələri seçməyə başlayacaq. Buna bənzər tərzdə Müqəddəs Kitab bizə nəsihət edir: «Biz eşitdiklərimizə daha çox diqqətlə qulaq asmalıyıq ki, axın bizi onlardan ayırmasın» (İbr. 2:1). İsa da dəfələrlə şagirdlərinə nəsihət etmişdi: «Qulaqları olan eşitsin!» (Mat. 11:15; 13:43; Mark 4:23; Luka 14:35). Bəli, pak dili tədricən daha yaxşı başa düşmək üçün eşitdiklərimizi ‘dinləyib, anlamaq’ lazımdır (Mat. 15:10; Mark 7:14).

9 Dinləmək diqqəti cəmləşdirməyi tələb etsə də, səy göstərməyə dəyər (Luka 8:18). Biz yığıncaq görüşlərində diqqətimizi danışılan mövzuya cəmləyirik, yoxsa yayınırıq? Səslənən fikirlərə diqqətimizi cəmləmək üçün əlimizdən gələni etmək son dərəcə vacibdir. Əks təqdirdə, getdikcə ağır eşidəcəyik (İbr. 5:11).

10, 11. a) Diqqətlə dinləməkdən əlavə daha nə etməliyik? b) Pak dildə danışmağa başqa nə daxildir?

10 Səlis danışanları təqlid et. Yeni dili öyrənənlər sadəcə diqqətlə qulaq asmağa yox, həm də səlis danışanların tələffüzünü və danışıq tərzini təqlid və ya təkrar etməyə təşviq olunurlar. Bu, öyrənənlərə kömək edəcək ki, sonralar başqalarının başa düşməsini çətinləşdirən güclü aksentlə danışmasınlar. Eynilə, biz də yeni dili «öyrətmək bacarığı» (YD) olanlardan öyrənməliyik (2 Tim. 4:2). Kömək istəməyə çəkinmə. Səhvlərinə düzəliş ediləndə həvəslə qəbul et. (İbranilərə 12:5, 6, 11 ayələrini oxu.)

11 Pak dildə danışmaq üçün təkcə həqiqətə inanmaq və onu başqalarına öyrətmək kifayət deyil, həm də öz davranışımızı Allahın qanun və prinsiplərinə uyğunlaşdırmalıyıq. Bu işdə bizə başqalarını təqlid etmək kömək edər. Bura onların imanını və səyini, həmçinin İsanın bütün həyat tərzini təqlid etmək daxildir (1 Kor. 11:1; İbr. 12:2; 13:7). Əgər biz bunu israrla edəriksə, bu, Allahın xalqına, necə deyərlər, bir aksentlə danışmağa imkan verərək, onların arasında birlik yaradacaq (1 Kor. 4:16, 17).

12. Əzbərləmək yeni dil öyrənməklə necə əlaqəlidir?

12 Əzbərlə. Dil öyrənənlərə çoxlu yeni şeylər yadda saxlamaq, yeni sözlər və ifadələr əzbərləmək lazımdır. Əzbərləmək məsihçilərə pak dilə yiyələnməkdə böyük kömək ola bilər. Sözsüz ki, Müqəddəs Yazıların kitablarının adlarını sıra ilə əzbərləmək yaxşı olardı. Bəziləri qarşılarına məqsəd qoymuşlar ki, Müqəddəs Kitabın müəyyən qədər ayələrini və ya onların yerini əzbərləsinlər. Digərləri Padşahlıq nəğmələrini, İsrailin qəbilələrinin, 12 həvarinin adını və ruhun səmərəsini təşkil edən keyfiyyətləri əzbərləməyin faydalı olduğunu görmüşlər. Qədim zamanlarda bir çox israillilər məzmurları əzbərləyirdilər. Bizim günlərdə isə bir balaca oğlan altı yaşına qədər Müqəddəs Kitabın 80-dən çox ayəsini sözbəsöz əzbərləmişdi. Bu dəyərli bacarığımızdan daha yaxşı istifadə edə bilərikmi?

13. Təkrarlamaq nəyə görə vacibdir?

13 Təkrarlamaq yaddaşı itiləyir, eyni zamanda da xatırlatmaların təkrarlanması məsihçi təliminin ayrılmaz hissəsidir. Həvari Peter deyirdi: «Mən bunları həmişə sizə xatırlatmağı ehmal etməyəcəyəm, baxmayaraq ki, siz bunları bilirsiniz və sahib olduğunuz həqiqətdə sabitləşmişsiniz» (2 Pet. 1:12). Xatırlatmalara nəyə görə ehtiyacımız var? Çünki onlar anlayışımızı dərinləşdirir, dünyagörüşümüzü genişləndirir və ruhani yolda qalmaq qətiyyətimizi möhkəmləndirir (Məz. 119:129). Allahın norma və prinsiplərini daima nəzərdən keçirmək bizə özümüzü diqqətlə yoxlamağa və «unutqan dinləyici» olmaq meyli ilə mübarizə aparmağa kömək edir (Yaq. 1:22-25). Əgər biz həqiqəti həmişə özümüzə xatırlatmırıqsa, başqa şeylər ürəyimizə təsir edəcək və artıq pak dildə səlis danışa bilməyəcəyik.

14. Pak dili öyrənməyimizə nə kömək edər?

14 Səslə oxu. Bəziləri yeni dili öyrənərkən hər şeyi ürəklərində oxuyurlar. Bu, yaxşı səmərə gətirmir. Pak dili öyrənərkən bizə hərdən fikrimizi cəmləşdirmək üçün «alçaqdan oxumaq» lazım gələ bilər. (Məzmur 1:1, 2 ayələrini oxua.) Bu, oxuduğumuz məlumatın yaddaşımızda həkk olunmasına kömək edəcək. İbrani dilində «alçaqdan oxumaq» ifadəsi düşünməklə sıx bağlıdır. Yeməyin bizə tam faydası olsun deyə onu həzm etmək lazım olduğu kimi, oxuduğumuzu da yaxşı qavramaq üçün üzərində düşünmək lazımdır. Öyrəndiklərimizin üzərində dərindən düşünməyə kifayət qədər vaxt ayırırıqmı? Müqəddəs Kitabı oxuduqdan sonra oxuduqlarımızın üzərində dərindən düşünməliyik.

15. Pak dilin qrammatikasını necə mənimsəyə bilərik?

15 Qrammatikanı öyrən. Adətən yeni dilin qrammatikasını, yəni cümlə quruluşunu və qaydalarını öyrənmək faydalı olur. Bu bizə dilin quruluşunu başa düşməyə kömək edir ki, bunun da sayəsində düzgün danışa bilirik. Hər bir dil sözlərdən təşkil olunduğu kimi, Müqəddəs Yazıların həqiqətinin pak dilinin də «səhih sözləri» var (2 Tim. 1:13). Biz bu «səhih sözləri» mənimsəməliyik.

16. Hansı meylə qalib gəlməliyik və bunu necə edə bilərik?

16 Tərəqqi et. İnsan dilə danışıq səviyyəsinə qədər yiyələnəndən sonra tərəqqi etməyi dayandıra bilər. Eyni problem pak dildə danışan insanla da baş verə bilər. (İbranilərə 5:11-14 ayələri oxu.) Bu meylə qalib gəlməyə bizə nə kömək edə bilər? Söz ehtiyatını durmadan artır. «Ölüm gətirən işlərdən tövbənin və Allaha olan imanın, vəftizlər, əllə təqdis, ölülərin dirilməsi və əbədi hökm barəsindəki təlimin təməlini yenidən qoymadan, Məsih haqqındakı ibtidai elmi geridə buraxıb, kamilliyə doğru tərəqqi edək» (İbr. 6:1, 2).

17. Müntəzəm öyrənmək vərdişi nə üçün vacibdir? Nümunə çəkin.

17 Öyrənməyə konkret vaxt təyin et. Az-az, amma müntəzəm öyrənmək, uzun vaxt ərzində ara-sıra öyrənməkdən yaxşıdır. Öyrənməni gümrah olduğun və yayınmadığın vaxtlara sal. Yeni dil öyrənmək cəngəllikdə cığır salmağa bənzəyir. Həmin cığırdan nə qədər tez-tez istifadə edilərsə, gedib-gəlmək bir o qədər asan olar. Uzun müddət ərzində cığırla get-gəl olmasa, tezliklə onu kol-kos basacaq. Beləliklə, qətiyyətlilik və müntəzəmlik vacibdir! (Dan. 6:16, 20). Müqəddəs Kitab həqiqətinin pak dilində danışmağa gəldikdə, dua edərək ‘mətanət göstər və ayıq ol’ (Efes. 6:18).

18. Nəyə görə hər fürsət düşəndə pak dildə danışmalıyıq?

18 Danış! Danış! Danış! Yeni dili öyrənənlərin bəziləri utandıqları və səhv etməkdən qorxduqları üçün danışmağa tərəddüd edirlər. Bu onlara tərəqqi etməyə mane olacaq. Bu yerdə bir atalar sözü necə də yerinə düşür: «Dəmir sürtüldükcə parıldar». Yeni dildə nə qədər çox danışırıqsa, o dildə danışmaq bir o qədər asanlaşır. Bizə də hər fürsət yarananda pak dildə danışmaq lazımdır. «İnsan ürəkdən iman edərək bəraət qazanır, imanını ağzı ilə iqrar edərək də xilas olunur» (Rom. 10:10). Biz yalnız vəftizimiz zamanı ‘iqrar etmirik’, bunu həm də hər fürsət düşəndə və xidmət zamanı Yehova haqqında danışanda edirik (Mat. 28:19, 20; İbr. 13:15). Yığıncaq görüşlərimiz pak dildə fikrimizi aydın və dəqiq ifadə etməyə imkan yaradır. (İbranilərə 10:23-25 ayələrini oxu.)

Yehovaya həmd etmək üçün hamı ilə vəhdətdə pak dildə danış

19, 20. a) Yehovanın Şahidləri bizim günlərimizdə hansı heyrətamiz işi yerinə yetirirlər? b) Sən nə etməyə qəti qərarlısan?

19 Eramızın 33-cü ilinin sivan ayının 6-da, bazar günü səhər Yerusəlimdə qeyri-adi hadisə baş vermişdi! Həmin gün səhər tezdən, saat doqquz olmamış yuxarı otaqda yığışanlar möcüzəli şəkildə «başqa-başqa dillərdə danışmağa başladılar» (Həv. iş. 2:4). Bu gün Allahın xidmətçiləri artıq dil ənamı almırlar (1 Kor. 13:8). Ancaq Yehovanın Şahidləri Padşahlıq haqqında xoş xəbəri 430-dan çox dildə təbliğ edirlər.

20 Doğma dilimiz bir-birindən fərqlənsə də, hamı ilə vəhdətdə Müqəddəs Kitab həqiqətinin pak dilində danışdığımıza görə necə də minnətdarıq! Müəyyən mənada, bu, Babildə baş vermiş hadisənin tam əksidir. Yehovanın xalqı bir dildə danışırmış kimi, Onun adına həmd edir (1 Kor. 1:10). Gəlin səmavi Atamız Yehovanın izzəti üçün bu dildə daha səlis danışmağı öyrənərək bütün dünyadan olan bacı-qardaşlarımızla «çiyin-çiyinə» xidmətimizi davam etdirməyə qəti qərarlı olaq. (Məzmur 150:1-6 ayələrini oxu.)

[Haşiyə]

a Məzmur 1:1, 2 (YD): «Pislərin məsləhəti ilə getməyən, günahkarların yolunda dayanmayan, rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır! Ancaq o Yehovanın qanunundan zövq alar, gecə-gündüz bu qanunu alçaqdan oxuyar!»

• Pak dil nədir?

• Pak dildə danışmaq özünə nəyi daxil edir?

• Pak dildə səlis danışmağa bizə nə kömək edəcək?

[Öyrənilmə üçün olan suallar]

[23-cü səhifədəki çərçivə]

Pak dildə daha səlis danışmaq üçün

◆ diqqətlə qulaq as

(Luka 8:18; İbr. 2:1).

◆ səlis danışanları təqlid et

(1 Kor. 11:1; İbr. 13:7).

◆ əzbərlə və təkrar et

(Yaq. 1:22-25; 2 Pet. 1:12).

◆ səslə oxu

(Məz. 1:1, 2, YD).

◆ «qrammatikanı» öyrən

(2 Tim. 1:13).

◆ tərəqqi et

(İbr. 5:11-14; 6:1, 2).

◆ öyrənməyə konkret vaxt təyin et

(Dan. 6:16, 20; Efes. 6:18).

◆ danış

(Rom. 10:10; İbr. 10:23-25).

[24-cü səhifədəki şəkillər]

Yehovanın xalqı vəhdət içində pak dildə danışır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş