Oxucularımız soruşur
Adəm kamil olduğu halda necə günah işlədə bilərdi?
Adəmin günah işlətməsi mümkün idi, çünki Allah onu iradə azadlığı ilə yaratmışdı. Bu ənam Adəmin kamil olmasına heç də zidd deyildi. Əslində, yalnız Allah mütləq mənada kamildir (Qanunun təkrarı 32:3, 4; Məzmur 18:30; Mark 10:18). Kiminsə və ya nəyinsə kamilliyi nisbidir. Məsələn, bıçaq əti doğramaq üçün mükəmməl alətdir, ancaq onunla şorba içmək olarmı? Hər şey yalnız öz məqsədi üçün istifadə olunduqda mükəmməldir.
Bəs Allah Adəmi hansı məqsədlə yaratmışdı? Allahın niyyəti o idi ki, Adəmdən iradə azadlığına malik olan şüurlu insanlar törəsin. İnsanlar Allaha və Onun yollarına məhəbbətlərini artırmaq istədiklərini Onun qanunlarına tabe olmaqla göstərməli idilər. Beləliklə, itaətkarlıq insanın düşüncəsinə yerləşdirilməmişdi, insanı buna ürəyi təşviq etməli idi (Qanunun təkrarı 10:12, 13; 30:19, 20). Deməli, Adəmdə itaətsizliyi seçmək qabiliyyəti olmasaydı, o, iradə azadlığına malik insan kimi, natamam — qeyri-kamil olardı. Adəmin iradə azadlığından necə istifadə etməsi barədə Müqəddəs Kitabda qeyd edilir ki, o, arvadına qoşularaq Allahın ‘xeyirlə şəri bilmə ağacı’ ilə bağlı qanununa itaət etmədi (Yaradılış 2:17; 3:1-6).
Bəs onda elə çıxmırmı ki, Allah Adəmi əxlaqi cəhətdən zəif yaratmışdı, buna görə də, o, müdrik qərarlar qəbul etməyi və şirnikdirici təsirlərə qarşı durmağı bacarmırdı? Adəm itaətsizlik göstərməmişdən qabaq Yehova Allah yer üzündə yaratdıqlarının hamısına, eləcə də ilk insan cütünə baxıb belə nəticəyə gəldi ki, hər şey «çox yaxşıdır» (Yaradılış 1:31). Buna görə də, Adəmin günah işlətməsi onun yaradılmasında hər hansı qüsura yol verildiyini göstərmir, günahın bütün məsuliyyətini Adəm özü daşıyırdı (Yaradılış 3:17-19). Adəm Allaha və Onun saleh normalarına məhəbbət təzahür etdirmədi, bununla da ilk növbədə itaət etməli olduğu Allahın itaətindən çıxdı.
Həmçinin diqqət yetirin ki, yer üzündə yaşayanda İsa da, Adəm kimi, kamil insan idi. Ancaq Adəmin digər övladlarından fərqli olaraq, İsa müqəddəs ruh vasitəsilə anasının bətninə düşdü və beləliklə də şirnikdirici təsirlər qarşısında zəifliyi miras almadı (Luka 1:30, 31; 2:21; 3:23, 38). Son dərəcə güclü təsirlərə baxmayaraq, İsa öz iradəsi ilə Atasına sadiq qaldı. Adəm iradə azadlığından istifadə edərək Yehovanın əmrindən çıxdığı üçün özü məsuliyyət daşıyırdı.
Bəs onda nəyə görə Adəm Allaha itaətsizlik etdi? O, vəziyyətini necəsə yaxşılaşdıra biləcəyinimi düşünürdü? Xeyr, çünki həvari Pavel yazır ki, Adəm aldanmamışdır (1 Timoteyə 2:14). Lakin Adəm qadağan olunmuş ağacın meyvəsindən yeyən arvadının arzusuna təslim oldu. Onun arvadını razı salmaq arzusu, Yaradana tabe olmaq arzusundan güclü idi. Əlbəttə, qadağan olunmuş meyvədən yemək təklif olunanda, Adəm dayanıb, bu itaətsizliyin Allahla münasibətinə necə təsir göstərəcəyi barədə düşünməli idi. Allaha dərin və sönməz məhəbbəti olmayan Adəm istənilən təsir, o cümlədən arvadının təsiri qarşısında zəif idi.
Adəm günah işlədəndə hələ övladları olmamışdı, buna görə də onun bütün nəsli qeyri-kamil doğuldu. Lakin Adəm kimi, biz də iradə azadlığına malikik. Gəlin Yehovanın xeyirxahlığı üzərində minnətdarlıqla düşünək və bizim Ona itaət və ibadət etməyimizə layiq olan Allaha məhəbbətimizi alovlandıraq (Məzmur 63:6; Matta 22:36, 37).