Allah kimdir?
BU SUALA siz necə cavab verərdiniz? Bəziləri düşünürlər ki, Allahı yaxşı tanıyırlar. Onlar Allahı yaxın dost hesab edirlər. Başqaları isə Ona uzaq qohumları kimi münasibət bəsləyir. Belələri Allahın mövcudluğuna şübhə etməsə də, Onun haqqında çox az şey bilirlər. Əgər siz də Allaha inanırsınızsa, növbəti suallara necə cavab verərdiniz?
1. Allah real şəxsiyyətdirmi?
2. Allahın adı varmı?
3. İsa Məsih Külli-İxtiyar Allahdırmı?
4. Allah mənim qayğıma qalırmı?
5. Dinlərin hamısımı Allaha məqbuldur?
Bu sualları başqalarına versəniz, ehtimal ki, çoxlu fərqli fikirlər eşidəcəksiniz. Buna görə də dünyada Allah haqda bu qədər əfsanələrin və yanlış fikirlərin mövcud olması heç də təəccüblü deyil.
Cavabları bilmək nə üçün vacibdir?
Allaha inanan samariyalı qadınla quyu başında söhbət edərkən İsa Məsih Allah haqqında həqiqəti bilməyin vacibliyini vurğuladı. Qadın İsanın peyğəmbər olduğunu etiraf etdi. Lakin onu bir şey narahat edirdi: İsanın dini onunkundan fərqli idi. Qadın narahatlığını bildirəndə İsa açıq şəkildə ona dedi: «Siz bilmədiyinizə ibadət edirsiniz» (Yəhya 4:19-22). Bu sözlərdən görünür ki, İsanın zənnincə, Allaha inananların hamısı əslində Onu tanımır.
Bəs onda İsanın sözlərindən elə çıxmırmı ki, heç kəs Allahı tanıya bilməz? Xeyr. Sözünə davam edərək İsa dedi: «Həqiqi ibadət edənlərin Ataya ruhən və həqiqətən ibadət edəcəkləri saat gəlir və gəldi də. Çünki Ata Özünə bu cür ibadət edənlər axtarır» (Yəhya 4:23). Siz də Allaha «ruhən və həqiqətən» ibadət edənlərin sırasındasınızmı?
Bu sualın cavabını bilmək son dərəcə vacibdir. Nə üçün? Bir dəfə dua edərkən İsa dəqiq biliyin nə dərəcədə vacib olduğunu qeyd etmişdi: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» (Yəhya 17:3). Bəli, sizin gələcək həyatınız bilavasitə Allah haqqında həqiqəti bilməyinizdən asılıdır!
Bəs Allah haqqında həqiqəti bilmək mümkündürmü? Əlbəttə! Belə isə onu haradan tapa bilərik? İsa özü haqda bunları demişdi: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəhya 14:6). O, həmçinin qeyd etmişdi: «Atanın kim olduğunu Oğuldan və Oğulun ona açmaq istədiyi şəxsdən başqa heç kim bilməz» (Luka 10:22).
Beləliklə, Allahı tanımaq üçün Onun Oğlu İsa Məsihin təlimləri ilə yaxından tanış olmalıyıq. İsa vəd etmişdi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən Mənim şagirdlərimsiniz. Siz həqiqəti dərk edəcəksiniz; və həqiqət sizi azad edəcəkdir» (Yəhya 8:31, 32).
Bəs yuxarıda gətirilən beş suala İsa necə cavab verərdi?
[4-cü səhifədəki şəkil]
İbadət etdiyiniz Allahı həqiqətən də tanıyırsınızmı?