Sizi səmimi-qəlbdən dəvət edirik
OLA BİLSİN, yaşadığınız ərazidə Yehovanın Şahidlərinin görüşlərinin keçirildiyi yerin, Padşahlıq Zalının yanından keçəndə içəridə nə baş verdiyi sizi maraqlandırıb. Bəs siz bilirdinizmi ki, onların həftəlik görüşlərinə hamı gələ bilər? Burada qonaqları görməyə həmişə şaddırlar.
Amma sizdə bəzi suallar yarana bilər. Nə üçün Yehovanın Şahidləri birlikdə yığışırlar? Həmin görüşlərdə nə baş verir? Yehovanın Şahidi olmayanlar görüşlər haqqında hansı fikirdədirlər?
‘Xalqı toplayın’
Qədim zamanlardan bəri insanlar Allah haqqında öyrənmək və Ona ibadət etmək üçün bir yerə yığılırlar. Təxminən 3 500 il bundan əvvəl israillilərə deyilmişdi: «Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub, qanunun bütün sözlərinə dəqiq əməl etsin» (Qanunun təkrarı 31:12). Beləliklə, İsraildə həm gənclərə, həm də yaşlılara Yehova Allaha ibadət edib, tabe olmağı öyrədirdilər.
Əsrlər sonra, məsihçi yığıncağı təşkil olunanda, görüşlər həqiqi ibadətin vacib səciyyəvi xüsusiyyəti olaraq qalmağa davam edirdi. Həvari Pavel yazmışdı: «Bir-birimizi məhəbbətə və xeyirli işlərə necə təşviq edəcəyimizin qayğısına qalaq. Bəzilərinin adət etdikləri kimi öz yığıncaqlarımızı tərk etməyək» (İbranilərə 10:24, 25). Ailə üzvləri birlikdə vaxt keçirəndə ailə necə möhkəmlənirsə, məsihçilər də ibadət etmək üçün yığılanda, Allaha ibadət etmək istəyənlər arasında məhəbbət telləri elə möhkəmlənir.
Müqəddəs Yazılarda olan bu nümunələrə uyğun olaraq, Yehovanın Şahidləri həftədə iki dəfə Padşahlıq Zalında görüşürlər. Görüşlər ora gələnlərə Müqəddəs Kitab prinsiplərini qiymətləndirməyə, başa düşməyə və tətbiq etməyə kömək edir. Bütün dünyada görüşlər mümkün qədər eyni proqram üzrə keçirilir və hər görüşün öz məqsədi var. Görüşlərdən əvvəl və sonra iştirak edənlər təravətləndirici ünsiyyətləri ilə bir-birini ruhlandırır (Romalılara 1:12). Bu görüşlər necə keçirilir?
Müqəddəs Kitaba əsaslanan məruzə
Əksəriyyətin gəldiyi ilk görüş, adətən həftə sonu keçirilən Müqəddəs Kitaba əsaslanan açıq məruzədir. İsa Məsih çox vaxt xalq qarşısında nitqlə çıxış edirdi, onların içində ən məşhuru Dağüstü təbliğdir (Matta 5:1; 7:28, 29). Həvari Pavel Afinada xalqa müraciət etmişdi (Həvarilərin işləri 17:22-34). Bu nümunələrə uyğun olaraq, Yehovanın Şahidlərinin görüşlərində, xüsusilə geniş kütlə üçün hazırlanan məruzə söylənilir. Bu insanlardan bəziləri görüşə ilk dəfə gəlirlər.
Görüş «Yehovaya həmd nəğmələri oxuyun» kitabından seçilmiş mahnı ilə başlayıra. Arzu edənlər ayağa qalxıb hamı ilə birlikdə mahnını oxuya bilər. Qısa duadan sonra təcrübəli natiq 30 dəqiqəlik məruzəni təqdim edir. («Aktual mövzulara dair məruzələr» çərçivəsinə baxın). Onun çıxışı tamamilə Müqəddəs Kitaba əsaslanır. Natiq tez-tez dinləyiciləri müvafiq ayələri açmağa və oxunarkən onları izləməyə dəvət edir. Buna görə də, istəsəniz özünüzlə Müqəddəs Kitab gətirə bilərsiniz və ya görüşdən əvvəl hər hansı Yehovanın Şahidindən Müqəddəs Kitab xahiş edə bilərsiniz.
«Gözətçi Qülləsi»nin öyrənilməsi
Yehovanın Şahidlərinin əksər yığıncaqlarında açıq məruzədən sonra «Gözətçi Qülləsi»nin öyrənilməsi, Müqəddəs Kitaba əsaslanan mövzunun sual-cavab şəklində bir saatlıq müzakirəsi keçirilir. Bu görüş, iştirakçıları Pavelin günlərindəki veriyalıları təqlid etməyə təşviq edir. Onlar «hər gün Müqəddəs Yazıları araşdıraraq Allah kəlamını böyük şövqlə» qəbul etmişdilər (Həvarilərin işləri 17:11).
«Gözətçi Qülləsi»nin öyrənilməsi mahnı ilə başlayır. Aparıcı bu jurnalın təlim nəşrindəki məqaləni müzakirə edir və orada gətirilən sualları verir. Jurnalın bir nüsxəsini Yehovanın Şahidlərinin birindən əldə edə bilərsiniz. Bu yaxınlarda müzakirə olunmuş mövzulardan bəziləri bunlardır: «Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin», «Heç kimə pislik əvəzinə pislik etməyin» və «Bütün iztirablara tezliklə son qoyulacaq». Görüş sual-cavab şəklində keçirilsə də, dinləyicilərin iştirak etməsi könüllüdür və adətən şərhləri mövzunu və ayələri əvvəlcədən oxuyub, üzərində düşünənlər verirlər. Görüşə mahnı və dua ilə yekun vurulur (Matta 26:30; Efeslilərə 5:19).
Yığıncağın Müqəddəs Kitab öyrənməsi
Hər həftə bir axşam Yehovanın Şahidləri Padşahlıq Zalında yenə də görüşüb, 1 saat 45 dəqiqə sürən üç hissəli görüş keçirirlər. Birinci hissə 25 dəqiqə davam edən Yığıncağın Müqəddəs Kitab öyrənməsidir. Bu, iştirakçılara Müqəddəs Kitabla daha yaxşı tanış olmağa, düşüncə tərzlərini və əhval-ruhiyyələrini düzəltməyə və Məsihin şagirdi kimi tərəqqi etməyə kömək edir (2 Timoteyə 3:16, 17). «Gözətçi Qülləsi»nin öyrənilməsində olduğu kimi, bu görüşdə də Müqəddəs Kitab mövzusu sual-cavab şəklində müzakirə olunur. Şərhlər könüllü verilir. Müqəddəs Kitab öyrənməsi üçün vəsait Yehovanın Şahidləri tərəfindən dərc olunan ya kitab, ya da broşüra olur.
Bəs görüşdə nə üçün Müqəddəs Kitaba əsaslanan nəşrlər istifadə olunur? Hələ qədimdə, Müqəddəs Kitabın yazıldığı dövrdə Allahın Kəlamını sadəcə oxumaqla kifayətlənmirdilər. ‘Allahın Qanun kitabından oxuyub aydınlaşdırır və mənasını camaata izah edirdilər ki, oxunan ayələr başa düşülsün’ (Nehemya 8:8). Son illər «Yeşaya», «Daniel» və «Vəhy» kitablarını araşdıran nəşrlər bu görüşdə iştirak edənlərə Müqəddəs Kitabın həmin hisslərini başa düşməyə kömək etmişdir.
Teokratik Xidmət Məktəbi
Yığıncağın Müqəddəs Kitab öyrənməsinin ardınca Teokratik Xidmət Məktəbi başlayır. Bu 30 dəqiqəlik görüş məsihçilərə ‘öyrətmək bacarığını’ inkişaf etdirməyə kömək edir (2 Timoteyə 4:2, YD). Məsələn, heç elə olubmu ki, uşağınız, yaxud dostunuz Allah və ya Müqəddəs Kitab haqqında sual versin və siz buna yaxşı cavab verməyə çətinlik çəkəsiniz? Teokratik Xidmət Məktəbində çətin suallara Müqəddəs Kitaba əsaslanan ruhlandırıcı cavab verməyi öyrənə bilərsiniz. Beləliklə, biz: «Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi» deyən Yeşaya peyğəmbərin sözlərini təkrarlaya bilərik (Yeşaya 50:4).
Teokratik Xidmət Məktəbi iştirak edənlərin ötən həftə ərzində Müqəddəs Kitabdan oxumalı olduğu parçaya əsaslanan nitqlə başlayır. Nitqindən sonra natiq dinləyiciləri oxunan parçadan tapdıqları faydalı fikirlər barədə qısa şərh verməyə dəvət edir. Bu müzakirədən sonra məktəbə yazılan şagirdlər öz tapşırıqları ilə çıxış edirlər.
Şagirdlərin tapşırığına kürsüdən Müqəddəs Kitabı oxumaq və ya başqasına Müqəddəs Kitab mövzusunu necə başa salmağı səhnələşdirmək daxil olur. Hər tapşırıqdan sonra təcrübəli məsləhətçi şərhlərini «Teokratik Xidmət Məktəbində təlim alırıq» kitabına əsaslandıraraq şagirdi öhdəsindən yaxşı gəldiyi şeylərə görə tərifləyir. Sonra təklikdə onun nədə yaxşılaşa biləcəyinə dair məsləhət verir.
Proqramın canlı keçən bu hissəsi nəinki yalnız şagirdlərə, həmçinin özünün oxumaq, danışmaq və öyrətmək qabiliyyətini inkişaf etdirmək istəyən hər bir dinləyiciyə fayda vermək üçün nəzərdə tutulub. Teokratik Xidmət Məktəbindən sonra Müqəddəs Kitab parçasına əsaslanan mahnı ilə Xidməti görüşə keçid alınır.
Xidməti görüş
Xidməti görüş proqramın sonuncu hissəsidir. Çıxışlar, səhnəciklər, müsahibələr və şərhlər sayəsində dinləyicilər Müqəddəs Kitab həqiqətini effektiv surətdə öyrətməyi mənimsəyirlər. İsa Məsih öz şagirdlərini təbliğə göndərməzdən əvvəl onları bir yerə toplayıb, ətraflı göstərişlər vermişdi (Luka 10:1-16). Müjdəçi işinə tam hazır olan şagirdlər maraqlı hadisələrlə qarşılaşmışdılar. Sonra isə onlar baş verənləri İsaya nəql edirdilər (Luka 10:17). Şagirdlər başlarına gələn hadisələri tez-tez bir-biri ilə də bölüşürdülər (Həvarilərin işləri 4:23; 15:4).
Xidməti görüşün 35 dəqiqəlik proqramı «Bizim Padşahlıq Xidmətimiz» adlanan aylıq bülletendə dərc edilir. Bu yaxınlarda müzakirə edilən bəndlərdən bəziləri bunlardır: «Yehovaya ailənizlə birgə xidmət edin», «Dönə-dönə gəlməyimizin səbəbi» və «Təbliğ xidmətində Məsihi təqlid et». Proqram mahnı ilə sona çatır və yığıncağın bir üzvünə yekun duanı etmək tapşırılır.
Qonaqların təəssüratları
Yığıncağın üzvləri çalışırlar ki, hər kəs özünü rahat hiss etsin. Məsələn, Endrü Yehovanın Şahidləri haqqında çoxlu pis əhvalatlar eşitmişdi. Amma ilk dəfə yığıncağa gələndə gördüyü xoş münasibətdən heyrətə gəldi. Endrü bölüşür: «Belə yerdə olmaq çox xoş idi. Adamların necə mehriban olmasını və mənimlə maraqlandıqlarını görəndə çox təəccübləndim». Kanadadan olan Aşel adlı yeniyetmə də bu fikirdədir: «Görüş çox maraqlı idi! Fikirləri izləmək asan idi».
Braziliyada yaşayan Jüze davakar insan kimi tanınırdı. Buna rəğmən, onu yaşadığı ərazidəki Padşahlıq Zalına dəvət etmişdilər. Görün o nə deyir: «Padşahlıq Zalında olanlar kim olduğumu bilsələr də, məni səmimi qarşıladılar». Yaponiyada yaşayan Atsuşi bölüşür: «Etiraf etməliyəm ki, ilk dəfə Yehovanın Şahidlərinin yığıncağına gedəndə özümü bir az yad mühitdə hiss edirdim. Bununla belə, başa düşürdüm ki, bu insanlarda qəribə bir şey yoxdur. Onlar səmimi olaraq çalışırdılar ki, özümü rahat hiss edim».
Sizi də dəvət edirik
Yuxarıdakı şərhlərdən göründüyü kimi, Padşahlıq Zalındakı görüşlərə gəlməyin faydası çoxdur. Siz Allah haqqında öyrənəcəksiniz və burada Müqəddəs Kitaba əsaslanaraq verilən təlim vasitəsilə Yehova Allah sizi öz xeyriniz üçün öyrədəcək (Yeşaya 48:17).
Yehovanın Şahidlərinin görüşləri pulsuzdur və heç kimdən ianə etmək tələb olunmur. Yaşadığınız ərazidəki Padşahlıq Zalında keçirilən görüşdə iştirak etmək istəyərdinizmi? Biz sizi səmimi qəlbdən görüşlərə dəvət edirik.
[Haşiyə]
a Bu məqalədə adları çəkilən bütün nəşrlər Yehovanın Şahidləri tərəfindən dərc edilmişdir.
[29-cu səhifədəki çərçivə]
Aktual mövzulara dair məruzələr
Aşağıdakılar da daxil olmaqla, Müqəddəs Kitaba əsaslanan 170 mövzuda məruzələr söylənilir:
◼ İnsanların mənşəyi ilə bağlı nəyə inanmağımız əhəmiyyət kəsb edirmi?
◼ Cinsi əlaqəyə və nikaha qarşı Allaha məqbul nöqteyi-nəzər
◼ Allah yeri tələf edənlərin cəzasını verəcək
◼ Həyat qayğılarının öhdəsindən necə gəlmək olar?
◼ Bugünkü həyat — hər şey bununla qurtarırmı?
[29-cu səhifədəki şəkil]
Müqəddəs Kitab əsaslanan məruzə
[29-cu səhifədəki şəkil]
«Gözətçi Qülləsi»nin öyrənilməsi
[30-cu səhifədəki şəkil]
Yığıncağın Müqəddəs Kitab öyrənməsi
[30-cu səhifədəki şəkil]
Teokratik Xidmət Məktəbi
[31-ci səhifədəki şəkil]
Xidməti görüş