Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w09 15/5 s. 3—5
  • ‘Susmağın vaxtı’

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘Susmağın vaxtı’
  • Gözətçi qülləsi 2009
  • Başlıqlar
  • Oxşar material
  • Hörmət əlaməti
  • Ağlın və dərrakənin əlaməti
  • Düşünmək vaxtı
  • Qoy diliniz insanlara şəfa versin!
    Gözətçi qülləsi 2015
  • Nə vaxt danışmalıyıq?
    Gözətçi qülləsi 2020
  • Yadınızdadırmı?
    Gözətçi qülləsi 2009
  • İsa Məsih kimi cəsarətli və bəsirətli olun
    Gözətçi qülləsi 2015
Gözətçi qülləsi 2009
w09 15/5 s. 3—5

‘Susmağın vaxtı’

«DANIŞMAQ gümüşdür, susmaq isə qızıl». Ehtimala görə, bu, qədim Şərq atalar sözüdür. «Bruerin frazeologiya və əfsanələr lüğəti»nə əsasən, buna bənzər ibranicə atalar sözü belə səslənir: «Bir sözün qiyməti bir şekel olsaydı, onda susmaq iki şekel olardı» («Brewer’s Dictionary of Phrase and Fable»). Qədim İsrailin müdrik padşahı Süleyman isə yazmışdı: «Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var... Susmağın öz vaxtı, danışmağın öz vaxtı» (Vaiz 3:1, 7).

Bəs susmaq nə vaxt münasibdir? Müqəddəs Kitabın səhifələrində «susmaq» sözünə və onun müxtəlif formalarına dəfələrlə rast gəlinir. Bu sözlərin istifadə olunduğu kontekst göstərir ki, həyatın ən azı üç sahəsində susmaq münasibdir. Bu mövzunu araşdırdıqda görəcəyik ki, bəzən susmaq hörmət əlaməti, insanın ağıllı və dərrakəli olduğunu göstərən, eləcə də düşünməyə kömək edən bir amildir.

Hörmət əlaməti

Susmaq hörmət və ehtiram əlamətidir. Habaqquq peyğəmbər demişdi: «Rəbb müqəddəs məbədindədir. Qoy Onun önündə bütün dünya sussun!» (Hab. 2:20). Yehovanın həqiqi xidmətçiləri Ona ‘ümid bəsləyərək sakitcə onlara qurtuluş verməsini gözləməlidirlər’ (Mərs. 3:26). Məzmurçu oxuyurdu: «Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan hiyləgər insan üçün narahat olma» (Məz. 37:7).

Heç bir söz söyləmədən Yehovaya həmd etmək mümkündürmü? Allahın yaratdığı gözəllikləri seyr edəndə bəzən o qədər valeh oluruq ki, hisslərimizi ifadə etməyə söz belə tapmırıq. Bu möhtəşəm işlərin üzərində düşünəndə ürəyimizdə Yaradana həmd edirik. Məzmurçu Allahın yaratdıqları barədə yazmışdı: «Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin! Ey göylərin dərin qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin! Hamı Rəbbin isminə həmd etsin! Çünki Onun əmri ilə yaranıblar» (Məz. 148:3-5).

Yehova hörmətə layiq olduğu kimi, Onun sözləri də hörmətə layiqdir. Məsələn, Allahın peyğəmbəri Musa İsrail xalqına son müraciətində kahinlərlə birgə oraya toplaşan camaata nəsihət edərək dedilər: ‘Sakitcə qulaq asın! Allahınız Rəbbin sözlərinə qulaq asın’. İsrail oğulları Allahın Qanununu oxumaq üçün bir yerə toplaşanda hətta uşaqlardan belə diqqətlə dinləmək tələb olunurdu. Musa demişdi: «Xalqın kişi, qadın və uşaqlarını... toplayın. Qoy hamı eşidib öyrənsin» (Qanun. t. 27:9, 10; 31:11, 12).

Yehovanın müasir xidmətçilərinin məsihçi görüşlərində və konqreslərdə verilən nəsihətlərə hörmətlə qulaq asmaları necə də zəruridir! Səhnədən vacib Müqəddəs Kitab həqiqətləri səslənərkən bir-birimizlə yersiz söhbətlər etmək Allahın Kəlamına və təşkilatına hörmətsizlik sayılmırmı? Görüş zamanı susmaq və dinləmək vaxtıdır.

Hətta kiminləsə söhbət edəndə belə həmsöhbətini dinləmək hörmət əlamətidir. Məsələn, Əyyub öz ittihamçılarına demişdi: «Mən susum, siz mənə öyrədin». Əyyub dinməzcə onların dediklərinə qulaq asırdı. Danışmaq növbəsi çatanda o xahiş etdi: «Susun, qoyun danışım» (Əyy. 6:24; 13:13).

Ağlın və dərrakənin əlaməti

Müqəddəs Kitab deyir: «Dilini saxlayan ağıllıdır». «Dərrakəli insan dinc dayanar» (Sül. məs. 10:19; 11:12). Gəlin İsanın susmaqla necə mükəmməl şəkildə ağıl və dərrakə təzahür etdirdiyini nəzərdən keçirək. Ona ədavətlə yanaşan düşmənlərlə danışmağın faydasız olduğunu görəndə «İsa susdu» (Mat. 26:63). Bir qədər sonra İsa məhkəmədə Pilatın qarşısında durarkən ‘heç bir cavab vermədi’. O, müdrik davranaraq əməllərinin onun əvəzinə danışmasına imkan verdi (Mat. 27:11-14).

Dilimizi yüyənləmək, xüsusilə də qəzəbli olan zaman müdriklik sayılır. Bir məsəldə deyilir: «Gec qəzəblənənin böyük dərrakəsi var, hövsələsizlərdən səfehlik çıxar» (Sül. məs. 14:29). Qəzəbli anlarda ağzımızdan düşünülməmiş sözlər çıxara bilərik. Bu zaman dediyimiz sözlər başqalarına ağılsızlıq kimi görünə bilər. Nəticədə biz peşmançılıq çəkəcəyik, bu da qəlb rahatlığımızı əlimizdən alacaq.

Pis insanların yanında olarkən dediklərimizə fikir vermək ağıllı olduğumuzu göstərir. Xidmətdə bizə rişxənd edəndə ən yaxşısı susmaqdır. Bundan əlavə, sinif və ya iş yoldaşlarımız ədəbsiz zarafatlar, yaxud nalayiq sözlər deyəndə onlarla razı olduğumuzu düşünməsinlər deyə susmaq düzgün olmazdımı? (Efes. 5:3). Məzmurçu yazmışdı: «Hər addımıma diqqət edəcəyəm, dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən dilimi yüyənləyib dinməyəcəyəm» (Məz. 39:1).

«Dərrakəli insan» məxfi məlumatların üstünü açmır (Sül. məs. 11:12). Həqiqi məsihçi belə məlumatları aləmə yaymayacaq. Xüsusən də məsihçi ağsaqqallar yığıncaqda başqalarının etibarını itirməmək üçün bu sahədə ehtiyatlı olmalıdırlar.

Susmağın başqa müsbət nəticələri də ola bilər. XIX əsrin ingilis yazıçısı Sidni Smit öz müasirlərindən biri haqqında yazmışdı: «Söhbət zamanı onun lazımi anlarda susması söhbəti daha da xoş edirdi». İki dost arasında söhbət qarşılıqlı olmalıdır. Yaxşı həmsöhbət dinləməyi bacarmalıdır.

«Söz çoxluğunda xata əskik olmaz; fəqət dodaqlarını tutan ağıllı davranır» (Sül. məs. 10:19, KM). İnsan nə qədər az danışarsa, bir o qədər də düşünülməmiş sözlər söyləmək ehtimalı az olur. Həqiqətən də, «səfeh belə, sakit dayansa, hikmətli hesab edilər, ağzını yumsa, dərrakəli görünər» (Sül. məs. 17:28). Buna görə də gəlin Yehovadan xahiş edək ki, ‘ağzımıza nəzarətçi qoysun’ (Məz. 141:3).

Düşünmək vaxtı

Müqəddəs Yazılarda salehlik yolu ilə yeriyən adam haqqında deyilir ki, o, ‘gecə-gündüz [Allahın] təlimatını dərin düşünür’ (Məz. 1:2). Hansı şərait Allahın Kəlamı üzərində düşünmək üçün daha əlverişlidir?

İbrahimin oğlu İshaq ‘axşam düşəndə bir qədər düşünmək üçün çöllüyə gedirdi’ (Yar. 24:63). Bunun üçün o, sakit yer və vaxt axtarırdı. Padşah Davud gecənin sükutunda düşünürdü (Məz. 63:6). Kamil insan olan İsa təklikdə olmaq və düşünmək tələbatını təmin etmək üçün dağlara, səhralara və digər tənha yerlərə çəkilməyə çalışırdı (Mat. 14:23; Luka 4:42; 5:16).

Sakitliyin insan sağlamlığına fayda gətirməsi danılmazdır. Sakitlikdə biz özümüzü yoxlaya bilərik, bu da tərəqqi etməyimiz üçün vacibdir. Sakitlik qəlb rahatlığı gətirə bilər. Sakit şəraitdə düşünmək bizdə təvazökarlıq və həlimlik hasil edə, həmçinin həyatda əsil dəyərə malik olan şeylərə olan minnətdarlığımızı artıra bilər.

Susmaq yaxşıdır, amma «danışmağın [da] öz vaxtı» var (Vaiz 3:7). Həqiqi məsihçilər Allahın Padşahlığı haqqındakı xoş xəbəri «bütün dünyada» təbliğ etməklə məşğuldurlar (Mat. 24:14). Onlara yeni insanlar qoşulduqca sevinc sədaları get-gedə artır (Mik. 2:12). Buna görə də gəlin Padşahlıq haqqında xoş xəbəri səylə bəyan edən və Allahın möhtəşəm işləri barədə danışan insanlar arasında olmaq üçün əlimizdən gələni edək. Qoy bu vacib işdə iştirak edərkən həyat tərzimiz göstərsin ki, bəzən susmaq qızıldır.

[3-cü səhifədəki şəkil]

Məsihçi görüşləri zamanı biz qulaq asmalı və öyrənməliyik

[4-cü səhifədəki şəkil]

Xidmətdə bizə təhqiramiz sözlər deyildikdə ən yaxşısı susmaqdır

[5-ci səhifədəki şəkil]

Sakitlik düşünmək üçün ən münasib şəraitdir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş