Sadiq nökərbaşı və onun rəhbərlik şurası
«Vaxtlı-vaxtında onlara yemək paylarını vermək üçün ağasının nökərləri üzərinə qoyduğu sadiq və ağıllı nökərbaşı kimdir?» (LUKA 12:42).
1, 2. İsa son günlərin əlamətindən danışarkən hansı vacib sualı qaldırdı?
SON günlərin əlamətindən danışarkən İsa belə bir sual qaldırdı: «Vaxtlı-vaxtında onlara yemək vermək üçün, ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir?» Sonra İsa dedi ki, bu qul sadiqliyinə görə Ağasının bütün malikanəsi üzərinə təyin olunaraq mükafatlandırılacaq (Mat. 24:45-47).
2 İsa eyni sualı bir neçə ay əvvəl də qaldırmışdı. (Luka 12:42-44 ayələrini oxu.) O, bu qulu «nökərbaşı» adlandırdı, eyni zamanda başqa nökərlərdən də danışdı. Nökərbaşı nökərlər üzərində təyin olunan və ev təsərrüfatını idarə edən adamdır. Bununla belə, nökərbaşının özü də qulluqçudur. Bu qul, yəni nökərbaşı kimdir və o, ‘vaxtlı-vaxtında yeməyi’ necə verir? Ruhani qidanın hansı kanal vasitəsilə verildiyini bilmək hər birimiz üçün vacibdir.
3. a) Xristian dünyasının şərhçiləri İsanın «qul» haqqında dediklərini necə izah etməyə çalışırlar? b) «Nökərbaşı», yəni «qul» və ‘nökərlər’ kimlərdir?
3 Xristian dünyasının şərhçiləri çox vaxt deyirlər ki, İsanın bu sözləri xristianlar arasında məsul vəzifə daşıyanlara aiddir. Lakin məsəldə ‘ağa’ ilə təmsil olunan İsa demək istəmirdi ki, Xristian dünyasının müxtəlif təriqətlərinə mənsub çoxsaylı qullar olacaq. Əksinə, o, bütün malikanəsinin idarəsini tapşıracağı yalnız bir ‘nökərbaşının’, yəni ‘qulun’ olacağını aydın göstərdi. Bu jurnalda dəfələrlə izah olunduğu kimi, nökərbaşı məsh olunmuş şagirdlərdən ibarət ‘kiçik sürünü’ qrup şəklində təmsil edir. «Lukanın Müjdəsi»ndə İsa onlar barədə danışır (Luka 12:32). ‘Nökərlər’ deyildikdə eyni qrup nəzərdə tutulsa da, bu qrupda ayrı-ayrılıqda hər kəsin rolunun nədən ibarət olduğu vurğulanır. Maraqlı sual yaranır: «Bu qul sinfinin hər bir üzvü vaxtlı-vaxtında verilən ruhani qidanın paylanmasında iştirak edirmi?» Müqəddəs Yazıların bu məsələyə dair nə dediyini diqqətlə araşdırdıqda cavab bəlli olur.
Yehovanın qulu keçmişdə
4. Yehova qədim İsrail xalqını necə adlandırmışdı və bu xalq haqqında nəyi qeyd etmək vacibdir?
4 Yehova qədimdə Öz İsrail xalqına bütövlükdə qul deyə müraciət edirdi. «Rəbb bəyan edir: “Sizsiniz [cəmdə] Mənim şahidlərim [cəmdə], seçdiyim qullarım [‘qulum’, KM]”» (Yeşaya 43:10). Xalqın bütün üzvləri bir qul sinfinə daxil idi. Lakin qeyd etmək vacibdir ki, xalqa təlim vermək vəzifəsi yalnız kahinlərə və kahin sinfinə daxil olmayan levililərə həvalə olunmuşdu (2 Saln. 35:3; Mal. 2:7).
5. İsanın sözlərinə əsasən, hansı mühüm dəyişiklik baş verməli idi?
5 İsa qul haqqında danışarkən İsrail xalqınımı nəzərdə tuturdu? Yox. Bu, İsanın öz müasirləri olan yəhudilərə dediyi sözlərdən bəllidir: «Allahın Səltənəti sizdən alınıb, onun meyvələrini yetişdirəcək bir xalqa veriləcəkdir» (Mat. 21:43). Buradan aydın görünür ki, dəyişikliklər baş verməli idi. Yehova yeni xalqdan istifadə edəcəkdi. Lakin ruhani təlimə gəldikdə, İsanın məsəlindəki ‘qulun’ gördüyü iş qədim İsraildə ‘qulun’ gördüyü işlə eynidir.
Sadiq qul peyda olur
6. Eramızın 33-cü ilinin Pentikost günündə hansı xalq yarandı və bu xalqın üzvləri kimlər oldu?
6 Yeni xalq — «Allahın İsraili» ruhani israillilərdən təşkil olunub (Qalat. 6:16; Rom. 2:28, 29; 9:6). Bu xalq b. e. 33-cü ilinin Pentikost günündə Allahın ruhu Onun xidmətçilərinin üzərinə tökülən zaman yarandı. O vaxtdan etibarən bütün məsh olunmuş məsihçilər Ağanın, İsa Məsihin təyin etdiyi qul sinfi kimi xidmət edən xalqın bir hissəsi oldu. Bu xalqın hər bir üzvünə xoş xəbəri təbliğ etmək və şagirdlər hazırlamaq tapşırılmışdı (Mat. 28:19, 20). Bəs vaxtlı-vaxtında ruhani qida ilə təmin etmək işində bu qrupun hər bir üzvü iştirak etməli idimi? Gəlin Müqəddəs Yazıların bu suala necə cavab verdiyinə baxaq.
7. Əvvəlcə həvarilərin əsas işi nədən ibarət idi və sonradan onlar hansı əlavə məsuliyyətləri aldılar?
7 İsa 12 həvarisini təyin edəndə onların əsas işi xoş xəbəri başqalarına təbliğ etməkdən ibarət idi. (Mark 3:13-15 ayələrini oxu.) Bu təyinat «göndərmək» mənasını daşıyan yunan felindən əmələ gələn apostolos («həvari» kimi tərcümə olunur) sözünün əsas mənasına müvafiqdir. Lakin vaxt keçdikcə və məsihçi yığıncağı təsis olunmaq üzrə ikən həvarilərin üzərinə nəzarət etmək işi düşdü (Həv. iş. 1:20-26; 15:1-22).
8, 9. a) On iki həvarinin əsas işi nədən ibarət idi? b) Daha kimlərə rəhbərlik şurası tərəfindən təsdiqlənən əlavə məsuliyyətlər həvalə olundu?
8 Ruhani qida ilə təmin etmək işində əsas məsuliyyət kimin üzərinə düşürdü? Cavabı Pentikost günündən sonra baş verən hadisələrdən görmək olar. Dul qadınlara gündəlik yemək paylamaqla bağlı mübahisə düşəndə 12 həvari şagirdləri toplayıb onlara dedi: «Allahın kəlamını buraxıb maddi məsələlərlə məşğul olmağımız məqbul deyil». (Həvarilərin işləri 6:1-6 ayələrini oxu.) Həvarilər «bu iş üçün» ruhən yetkin və yararlı qardaşları təyin etdilər ki, özlərini «Allahın kəlamını yaymaq işinə» həsr etsinlər. Yehova bu qərara xeyir-dua verdiyi üçün Onun ‘kəlamı vüsət alır və Yerusəlimdə şagirdlərin sayı xeyli artırdı’ (Həv. iş. 6:7). Beləliklə, ruhani qida ilə təmin etmək işində əsas məsuliyyət həvarilərin üzərinə düşürdü (Həv. iş. 2:42).
9 Müəyyən müddət sonra başqalarına da ciddi məsuliyyətlər həvalə olundu. Pavel və Barnaba müqəddəs ruhun rəhbərliyi ilə Antakya yığıncağı tərəfindən missioner kimi göndərildilər. Onlar 12 həvarinin sırasına daxil olmasalar da, həvari kimi tanınırdılar (Həv. iş. 13:1-3; 14:14; Qalat. 1:19). Onların təyinatı Yerusəlimdəki rəhbərlik şurası tərəfindən təsdiqləndi (Qalat. 2:7-10). Qısa müddət sonra Pavel ruhani qidanın paylanması işində iştirak etməyə başladı. O, Allahdan ilham alaraq ilk məktubunu yazdı.
10. Birinci əsrdə ruhani qidanın hazırlanmasında ruhla məsh olunmuş məsihçilərin hamısı iştirak edirdimi? İzah edin.
10 Bəs bütün məsh olunmuş məsihçilər təbliğ işinə nəzarət etməkdə və ruhani qidanın hazırlanmasında iştirak edirdilərmi? Yox. Həvari Pavel deyir: «Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilərmi?» (1 Kor. 12:29). Ruhdan doğulan məsh olunmuş məsihçilərin hamısı təbliğ işində iştirak etsə də, Yunanca Müqəddəs Yazıların 27 kitabının yazılmasında çox məhdud sayda kişi — cəmi səkkiz nəfər iştirak etmişdir.
Sadiq qul bizim günlərdə
11. Qulun üzərinə təyin olunduğu ‘malikanəyə’ nə daxildir?
11 İsanın Matta 24:45 ayəsində yazılan sözləri aydın göstərir ki, sadiq və ağıllı qul sinfi son günlər ərzində də yer üzündə mövcud olmalı idi. Vəhy 12:17 ayəsində onlar qadının övladının «digər» üzvləri, yəni qalığı adlandırılır. Bu qalıq bir qrup kimi yer üzündə Məsihin bütün malikanəsi üzərinə təyin olunub. Sadiq nökərbaşının qeydinə qalmalı olduğu Ağanın yer üzündəki ‘malikanəsinin’ maraqlarına Padşahlığın yerüzü təbəələri və xoş xəbərin təbliğində istifadə olunan maddi əmlak daxildir.
12, 13. Məsihçi səmavi dəvətə malik olub-olmadığını haradan bilir?
12 Məsihçi göylər ümidinə malik olub-olmadığını və ruhani İsrailin qalığına daxil olub-olmadığını haradan bilir? Cavabı həvari Pavelin onunla birgə səmavi ümidə şərik olanlara yazdığı sözlərdən tapmaq olar: «Allahın Ruhu ilə idarə olunanların hamısı Allahın oğullarıdır. Çünki siz yenə də qorxu içində yaşamaq üçün köləlik ruhunu almadınız, oğulluq ruhunu aldınız. Bu ruhla, “Abba, Ata!”,— deyə səslənirik. Elə həmin Ruh bizdəki ruha şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, eyni zamanda varislərik, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik» (Rom. 8:14-17).
13 Sadə sözlərlə desək, onlar ayrı-ayrılıqda Allahın müqəddəs ruhu ilə məsh olunur və səmavi ‘dəvəti’ alırlar (İbr. 3:1). Bu dəvəti onların hər birinə ayrı-ayrılıqda Allahın Özü verir. Onlar da, öz növbəsində, sorğu-sualsız, şəkk-şübhəsiz və heç bir qorxu hiss etmədən Allahın oğulları kimi doğulmağa razı olurlar. (1 Yəhya 2:20, 21 ayələrini oxu.) Beləliklə, onlar hansı ümidə malik olacaqlarını özləri seçmir, lakin Yehova onların üzərinə möhürünü, yəni müqəddəs ruhunu qoyur (2 Kor. 1:21, 22; 1 Pet. 1:3, 4).
Düzgün nöqteyi-nəzər
14. Məsh olunmuşlar öz dəvətlərinə necə yanaşırlar?
14 Bu məsh olunmuşlar səmavi mükafatlarını gözlədikləri müddətdə özləri haqda hansı fikirdə olmalıdırlar? Onlar başa düşürlər ki, möhtəşəm dəvət almalarına baxmayaraq, bu sadəcə bir dəvətdir. Onlar bu mükafata nail olmaq üçün ölənədək sadiq qalmalıdırlar. Onlar təvazökarlıqla Pavelin sözlərilə razılaşırlar: «Qardaşlar, mən hesab etmirəm ki, onu əldə etmişəm. Yalnız bir şey edirəm, arxada qalan hər şeyi unudub, qarşıda olana çatmağa can ataraq, Allahın Məsih İsa vasitəsilə etdiyi yüksək dəvətə daxil olan mükafat üçün hədəfə doğru qaçıram» (Filip. 3:13, 14). Məsh olunmuş qalıq əlindən gələni etməlidir ki, tam təvazökarlıqla ‘aldığı dəvətə layiq bir həyat sürsün’ və bunu «qorxu və lərzə ilə» etsin (Efes. 4:1, 2; Filip. 2:12; 1 Salon. 2:12).
15. Məsihçilər Xatirə Gecəsində simvollardan qəbul edənlərə necə münasibət göstərməlidirlər və məsh olunmuşlar özləri barədə hansı fikirdədirlər?
15 Bəs digər məsihçilər məsh olunduğunu iddia edən və Xatirə Gecəsində simvollardan qəbul etməyə başlayan kəsə necə münasibət göstərməlidir? Heç kim onu mühakimə etməməlidir. Bu yalnız onunla Yehova arasında olan bir məsələdir (Rom. 14:12). Lakin həqiqətən də məsh olunmuş məsihçilər özlərinə qarşı xüsusi diqqət tələb etmirlər. Onlar məsh olunduqları üçün hətta ‘böyük izdihamın’ bəzi təcrübəli üzvlərindən daha dərin anlayışa malik olduqlarını düşünmürlər (Vəhy 7:9). Onlar fikirləşmirlər ki, mütləq ‘başqa qoyunlara’ mənsub olan həmkarlarından daha çox müqəddəs ruha malikdirlər (Yəh. 10:16). Onlar özlərinə xüsusi münasibət gözləmirlər; simvollardan qəbul etdikləri üçün özlərini yığıncağın təyin olunmuş ağsaqqallarından üstün tutmurlar.
16-18. a) Məsh olunmuşların hamısı yeni ruhani həqiqətlərin açıqlanmasında iştirak edirmi? Nümunə çəkin. b) Nəyə görə Rəhbərlik Şurası simvollardan qəbul edən hər bir kəslə məsləhətləşməyi lüzum bilmir?
16 Demək olarmı ki, Müqəddəs Kitabın yeni həqiqətlərini açıqlamaq üçün yer üzündə yaşayan bütün məsh olunmuşlar bir-birilə əlaqə qururlar? Xeyr. Qul sinfi bütövlükdə nökərləri ruhani qida ilə təmin etmək məsuliyyəti daşısa da, bu sinfə daxil olanların hamısına eyni məsuliyyət və ya iş həvalə olunmayıb. (1 Korinflilərə 12:14-18 ayələrini oxu.) Artıq qeyd olunduğu kimi, birinci əsrdə vacib əhəmiyyət daşıyan təbliğ işində hamı iştirak edirdi. Lakin Allahın Kəlamının yazılmasında və məsihçi yığıncağına nəzarət etmək işində yalnız çox məhdud sayda insan iştirak etmişdi.
17 Nümunə üçün: Müqəddəs Yazılarda bəzən deyilir ki, «cəmiyyət», yəni yığıncaq intizam məsələlərini həll etmək üçün müəyyən tədbirlər görür (Mat. 18:17). Əslində isə, burada yığıncağın təmsilçisi kimi bu tədbirləri görmək səlahiyyəti olan ağsaqqallar nəzərdə tutulur. Ağsaqqallar müəyyən qərar qəbul etməzdən öncə yığıncağın bütün üzvlərinin fikrini öyrənmirlər. Onlar təyin olunduqları vəzifələrini icra edirlər və bütün yığıncağın rifahı naminə çalışırlar.
18 Buna bənzər tərzdə, bu gün də məhdud sayda məsh olunmuşlar qul sinfini təmsil etmək məsuliyyəti daşıyır. Onlar Yehovanın Şahidlərinin Rəhbərlik Şurasını təşkil edirlər. Müqəddəs ruhla məsh olunmuş bu kişilər Padşahlıq işinə və ruhani qida proqramının həyata keçirilməsinə nəzarət edirlər. Birinci əsrdə olduğu kimi, bu gün də Rəhbərlik Şurası qərar qəbul etməzdən öncə qul sinfinin hər bir üzvü ilə məsləhətləşmir. (Həvarilərin işləri 16:4, 5 ayələrini oxu.) Lakin məsh olunmuş Şahidlərin hamısı hazırkı mühüm biçin işində fəal iştirak edir. Bir sinif kimi, «sadiq və ağıllı qul» bir bədəni təşkil edir, lakin ayrı-ayrılıqda onların hər birinə müxtəlif işlər həvalə olunub (1 Kor. 12:19-26).
19, 20. Böyük izdiham «sadiq və ağıllı qul»a və onun Rəhbərlik Şurasına hansı tarazlı nöqteyi-nəzərə malikdir?
19 Yuxarıda deyilənlər yer üzündə əbədi yaşamaq ümidinə malik olan və daim artmaqda olan böyük izdihamın üzvlərinə necə təsir etməlidir? Padşahın malikanəsinin bir hissəsi kimi, onlar «sadiq və ağıllı qul»u təmsil edən Rəhbərlik Şurasının bütün tədbirlərini böyük sevinclə dəstəkləyirlər. Böyük izdihamın üzvləri Rəhbərlik Şurasının nəzdində hazırlanan ruhani qidaya görə minnətdardırlar. Lakin eyni zamanda böyük izdihamın üzvləri qul sinfinə dərin hörmət göstərməklə yanaşı, diqqətli olmalıdırlar ki, qulun üzvü olduğunu iddia edən hər kəsi ucaltmasınlar. Həqiqətən də Allahın ruhu ilə məsh olunmuş heç bir məsihçi özünə belə bir münasibətin göstərilməsini ürəyindən belə keçirmir (Həv. iş. 10:25, 26; 14:14, 15).
20 Məsh olunmuş qalığın bir hissəsi olan ‘nökərlər’ və ya böyük izdihamın üzvləri olmağımızdan asılı olmayaraq, gəlin sadiq nökərbaşı və onun Rəhbərlik Şurası ilə tam əməkdaşlıq etməyə qəti qərarlı olaq. Gəlin hər birimiz ‘oyaq duraq’ və sadiqliyimizi sona qədər qoruyaq (Mat. 24:13, 42).
Yadınızdadırmı?
• «Sadiq və ağıllı qul» və ‘nökərlər’ kimlərdir?
• Məsihçi səmavi dəvətə malik olub-olmadığını haradan bilir?
• Yeni ruhani qidanın hazırlanmasında əsas məsuliyyəti kim daşıyır?
• Məsh olunmuş kəs özü haqda hansı fikirdə olmalıdır?
[23-cü səhifədəki şəkil]
Bizim günlərdə Rəhbərlik Şurası sadiq və ağıllı qul sinfini təmsil edir. Eyni quruluş I əsrdə də mövcud idi